Elektron biliklərsiz İKT olmaz

 

   İnformasiya kommunikasiya texnologiyalarının inkişafı üçün elektron biliklər artırılmalıdır

 

   İnformasiyakommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Azərbaycanda informasiya kommunikasiya texnologiyaları (İKT) qədər ildən-ilə sürətlə inkişaf edən, xidmətlərindən kütləvi şəkildə istifadə edilən ikinci bir sahə yoxdur. İstehsal və xidmət sektorunun bütün bölmələrində, xüsusən əhaliyə göstərilən sosial xidmətlərdə İKT-nin tətbiqindəki dəyişikliklər aydın hiss edilir.

   Təhsildə, səhiyyədə, nəqliyyatda, rabitədə, kommunal sistemdə, rəsmi dövlət qurumlarının xidmətlərində informasiya texnologiyalarından istifadə səviyyəsində hər il dəyişiklik özünü göstərir. Bunun bir səbəbi dünyada İKT-nin inkişafıdırsa, digər səbəbi Azərbaycanda müasir elektron sistemin tətbiqinin genişləndirilməsidir.

   Belə bir şəraitdə, yəni ölkədə İKT-nin, o cümlədən elektron xidmətlərin (e-xidmət) tətbiqinin genişlənməsi fonunda əhalinin bu xidmətlərdən tam yararlana bilməsi üçün əhalinin İKT bilik və vərdişlərinin olması zərurəti ortaya çıxır. Azərbaycanda informasiya cəmiyyəti quruculuğunun vacib şərtlərindən biri əhalinin bütün təbəqələrinin İKT vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi, cəmiyyətin İKT savadlılığının artırılmasıdır. Elektron bilikləri artırmadan yeni texnologiyalara əsaslanan sistemin qurulmasının heç bir faydası olmayacaq. Bu vacib məsələni nəzərə alaraq "Elektron Azərbaycan" (2010-2012) Dövlət Proqramının Tədbirlər Planında əhalinin elektron biliklərinin artırılması öz əksini tapıb.

   Bəs, insanların elektron biliklərinin artırılması üçün işlər necə qurulmalıdır? Dövlət Statistika Komitəsinin elektron biliklərlə bağlı 2011-ci ilə dair açıqladığı məlumata görə, əhali elektron bilik və bacarıqları daha çox elektron vasitələrdən istifadə etmək yolu ilə mənimsəyir. Elektron bilikləri mənimsəyənlərin 34,5 faizi bu yolu keçib. Daha 25,8 faizi elektron biliklərə təhsil ocaqlarında (kollec, instituts.) yiyələnib. Elektron bilik və vərdişləri olanların 15,4 faizi təlim kurslarında, 10,3 faizi kitab, CD və s. vasitələr ilə fərdi qaydada, 9 faizi yoldaşları, qohumları, dostlarının köməyi ilə, 5 faizi peşə təlim kurslarında mənimsəyib.

   2006-cı illə müqayisə etdikdə görürük ki, hazırda təhsil və təlimin imkanlarından istifadə etməklə İKT-yə dair biliklərə yiyələnənlərin sayı artır. Altı il əvvəl elektron bilikləri mənimsəyənlərin 38,9 faizi elektron vasitələrdən istifadə etmək yolu ilə bu bilikləri əldə edib. 2011-ci ildə həmin göstərici azalıb. İş yoldaşları, qohumları, dostlarının köməyi ilə 23,9 faizi elektron bilik qazanıb. 2011-ci ildə bu amilin rolu 2,5 dəfə azalıb. Fərdi qaydada mənimsəyənlər 11,6 faiz (2011-ci ildə 10,3 faiz) olub. Elektron biliklərə təhsil ocaqlarında (kollec, instituts.), təlim kurslarında və peşə təlim kurslarında mənimsəyənlərin payı isə cəmi 25,6 faiz olub. 2011-ci ildə adıçəkilən 3 sahənin payı 46,2 faizə yüksəlib.

   Deməli, əhalinin elektron biliklərinin və vərdişlərinin mənimsənilməsində təhsilin və təlimin rolu böyükdür. Eyni zamanda, informasiya texnologiyalarına aid vasitələrin (kompüter və s.) və İKT infrastrukturunun (internet) yaxşılaşdırılması da elektron biliklərin mənimsənilməsi imkanlarını gücləndirir.

   Buna görə də son illərdə dövlət əsas diqqəti iki istiqamətdə: təhsil və təlimi gücləndirmək, eyni zamanda kompüter, internet istifadəçilərinin sayını artırmaqla İKT savadlılığını artırmağı hədəfləyir. Bu istiqamətdə görülən əsas ölkə məktəblərinin kompüterləşdirilməsidir. Hökumət hesab edir ki, kompüterləşmə insanların məktəb yaşlarından ilkin İKT bilik və vərdişlərinə yiyələnməsini təmin edir. Şagirdlərlə bərabər müəllimlərin də kompüter vərdişlərini mənimsəmələri üçün pulsuz kurslar təşkil edilir. Pulsuz kompüter kursları artıq 3 ildir ki, müxtəlif təhsil ocaqlarında təşkil olunur.

   2011-ci ilin məlumatına əsasən, məktəblərin 87 faizi kompüterləşdirilib. Şəhər məktəblərində kompüterləşmə 94,2 faiz, kənd məktəblərində 84 faizdir. Bakı, Abşeron və Naxçıvan Muxtar Respublikasında məktəblərində kompüterləşmə 2009-cu ildən kompüterlə tam təmin edilib.

   Kompüterləşmə sürətlə yayılsa da 2011-ci ilin sonunda məktəblərin 47,4 faizi internetdən istifadə edə bilib. Şəhər məktəblərində bu göstərici 74,1 faiz, kənd məktəblərində 29,4 faizdir. Yalnız Naxçıvan MR-da 2009-cu ildən məktəblərin 100 faizinin internetə çıxışı təmin edilib. Bakı şəhərində bu göstərici 86 faizdir.

   Kompüterləşmə bütün dövlət müəssisələrində də sürətlə aparılır. Dövlət idarəetməsi və müdafiə sistemində kompüterləşmə 2011-ci ildə 50 faizə çatıb. Halbuki 2006-cı ildə bu göstərici 16,5 faiz təşkil edirdi. Mütləq mənada dövlət idarəetməsi və müdafiə sistemində 6 il əvvəl 9 min ədəd kompüter olduğu halda 2011-ci ildə 20 minə yüksəlib.

   İKT biliklərinin artırılması təlim formasında ayrı-ayrı təşkilatların fəaliyyətində də müşahidə edilir. Buna misal kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə ötən il yaradılan Elektron Hökumət Təlim Mərkəzinin adını çəkmək olar. Mərkəz dövlət qulluqçularının, müdavim və tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, İKT-nin tətbiqi sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə imkan yaradır. İstifadəyə verilən təlim mərkəzi həm dövlət qulluqçuları, həm də gənc idarəçi kadrlar üçün yeni praktik biliklər əldə edilməsinə və elektron idarəetmə vasitəsindən istifadə edərək inkişafın davamlı xarakterli olmasına kömək edir.

   Qeyd edək ki, mərkəz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bütün lazımi texniki avadanlıqla, o cümlədən yüksəksürətli internet çıxışı ilə təchiz edilən 25 nəfərlik müasir tədris sinfi yaradılıb. Auditoriya vasitəsilə dinləyicilər informasiya-kommunikasiya texnologiyalarına aid bilikləri, ələlxüsus elektron hökumət həllərini daha dərindən və səmərəli şəkildə yiyələnə bilmək imkanı əldə edir.

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Elektron Hökumət üzrə Təlim Mərkəzinin yaradılması layihəsini də həyata keçirir. Layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında bağlanan razılaşma əsasında baş tutub.

   Razılaşmaya əsasən, Bakı şəhərində, həmçinin ayrı-ayrı regionlarda elektron hökumət üzrə təlim siniflərinin yaradılması və vahid sistemdə birləşdirilməsi nəzərdə tutulur. Mərkəz vasitəsilə dövlət qulluqçularının informasiya-kommunikasiya texnologiyaları, elektron hökumət sahəsində biliklərinin artırılması üçün təlim kurslarının təşkil olunması, həmçinin distant təhsil xidmətlərinin verilməsi planlaşdırlır. Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəlməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu (İTİ) da İKT biliklərinin artırılması üçün təlim və kurslar keçirir

   Ümumiyyətlə bu institut İKT biliklərinin formalaşdırılması üçün müxtəlif innovativ layihələrin hazırlanması, intellektual yarışların təşkilində yüksək fəallıq nümayiş etdirir. İnstitutun məlumatına görə, İTİ informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin tədqiqi, bu sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində işlər aparır. Yüksək ixtisaslı mütəxəssislər tərəfindən İKT sahəsində biliklərin aşılanması, ölkə vətəndaşlarının bu sahədə keyfiyyətli təhsil almasının təmini və s. məqsədilə orta ümumtəhsil məktəblərinin "İnformatika" müəllimlərinə İKT-bilikləri tədris edilir. Həmçinin Azərbaycanın müxtəlif rayonlarında informasiya texnologiyalarının rolu və əhəmiyyəti, proqram təminatı, internet, elektron poçt, Microsoft Office proqramları haqqında nəzəri və praktiki dərslərin keçirilməsi, tədris və peşəkar fəaliyyətdə kompyuterdən istifadənin aşılanması, kompüter texnikası və proqram təminatının inkişaf mərhələləri ilə tanışlıq xarakteri daşıyan müxtəlif kurslar təşkil olunur.

   İTİ həm də informatika üzrə ümumrespublika olimpiadalarının təşkilatçılarından biridir.

   İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinə həsr olunmuş curnallar, ekspress-informasiyalar da hazırlanaraq nəşr olunur. Bundan əlavə, ali məktəblərin magistratura pilləsində təhsil almaq istəyənlərin informatika üzrə yüksək səviyyədə hazırlaşması, bu sahədə lazımi biliklərin aşılanması üçün İTİ-nin mütəxəssisləri tərəfindən "İnformatika fənni üzrə magistraturaya hazırlıq testləri" hazırlanır.

   Beləliklə, son illərin inkişafı göstərir ki, artıq hamı İKT biliklərini mənimsəməli, müasir texnologiyalardan istifadə bacarığına malik olmalı, bu sahədə mütəmadi olaraq maariflənməli, əldə etdiyi bilikləri tətbiq etməyi və eyni zamanda da aşılamağı bacarmalıdır. İnformasiya texnologiyalarının xüsusiyyətləri insanlardan daim yeni informasiyaları, yenilikləri mənimsəməyi tələb edir. Buna bacaran insanlar daim inkişaf edəcək, bacarmayanlar isə geridə qalacaq. İnsanların inkişafı nəticə etibarilə ölkənin inkişafdan qalması demək olduğundan, biliklərin artırılması fərdi məsələ kimi qalmamalıdır. İKT-nin inkişafı tətbiqi, yüksək ixtisaslı kadrların hazırlanması məsələləri hər bir ölkə kimi Azərbaycan dövlətinin daxili siyasətinin prioritet istiqamətləri kimi qalmalıdır.

 

  

  Vasif CƏFƏROV

 

  Ekspress.-2013.-6 mart.-S.9.