İnformasiya müharibəsi; uduruq, uduzuruq?!

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

  Tarixdən də məlumdur ki, informasiya müharibəsi düşmən mövqedə olan dövlətlərin bir-birilərinə qarşı atdığı kəskin, təhlükəli addımlarından biri olub. Bəllidir ki, hər bir ölkə digər ölkələrlə bağlantılar yaratmağa can atır və bu yolla özünü beynəlxalq sistemdə tanıtmağa çalışır. Əgər düşməni olan ölkəyə qarşı informasiya atəşi açılarsa, bu, onun beynəlxalq siyasi aləmdə nüfuzunun təhlükəyə girməsinə səbəb ola bilər.

   Əslində informasiya müharibəsi SSRİ dövründə sınanmış bir metod idi. Hələ 1960-1970 və 1980-ci illərdə Amerika və SSRİ bir-birləri ilə informasiya müharibəsi ediblər.

   Hazırda Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi kəskin vəziyyətdədir. Biz düşmən ölkə ilə 25 ildir ki, müharibə şəraitindəyik. Atəşkəs elan edilsə də Ermənistan bütün dünyaya haqqımızda yalan informasiyalar yaymağa davam edir. Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında başlayan informasiya müharibəsinin tarixi Qarabağ müharibəsindən çox-çox əvvələ təsadüf edir. SSRİ dönəmində Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsinə əl ataraq tarixi saxtalaşdırıb, tarixi yerlərimizin adını dəyişdirib. 1988-ci ildə isə artıq Ermənistan bəhs etdiyimiz müharibəyə başladı. SSRİ parçalandıqdan sonra isə Ermənistan həm silahlı, həm də informasiya müharibəsinə paralel olaraq davam etdi.

   "Google" şirkətinin məhsulu olan "Google Earth"ın Azərbaycan ərazisini təhrif etməsi barədə dəfələrlə bildirilib. Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün dediyinə görə, ümumiyyətlə, son dövrlərdə "Google" Azərbaycanla bağlı bir sıra yanlışlıqlara yol verir. "Bu, iki istiqamətdə baş verir. Birinci ondan ibarətdir ki, "Google"nin özünün standart xəritələri var. Hansı ki, bu xəritələrdə müəyyən coğrafi ərazilər və adlar qeyd olunur və sonradan onu başqa bir istifadəçi dəyişə bilməz. Əgər bu sahədə yanlışlıq olsa, burada birmənalı şəkildə günah "Google"dadır, istər Naxçıvanla, istərsə də Qarabağla bağlı məsələlərdə. Gah bu əraziyə erməni adı verirlər, gah Azərbaycan" deyən O.Gündüz bildirib ki, bundan başqa, Azərbaycanın xəritəsində də müxtəlif səhvlər olur və biz hesab edirik ki, bu, "Google"un günahıdır və onlar bunu aradan qaldırmalıdırlar. Dediyinə görə, Azərbaycan hökuməti, internet istifadəçiləri və digər qurumlar mütləq "Google"yə müraciət etməlidir. AİF olaraq bir nəçə dəfə "Google"a müraciət etdiklərini xatırladan Gündüzün sözlərinə görə, amma xəritə məsələsi rəsmi bir iş olduğundan bununla daha çox Xarici İşlər Nazirliyi, Torpaq Komitəsi məşğul olmalıdır. Belə ki, onun sözlərinə görə, adıçəkilən qurumlarr "Google"a rəsmi müraciət etməli, həmçinin link, mənbə göstərməlidilər ki, Azərbaycanın real xəritəsi budur və zəhmət olmasa bu xəritədən istifadə edin.

   Yeri gəlmişkən, "Google"da elə xidmətlər təklif olunur ki, burada edit-redaktə funksiyası var və orada istifadəçilər xəritənin üzərində dəyişiklik edə bilər, eyni zamanda müəyyən təsvirlər yerləşdirə bilərlər. O.Gündüzün fikrincə, "Google"da təhrif iki istiqamətdə olur və bu ikinciyə aidir: ""Google"da elə xidmətlər var ki, orada xəritə var və xəritənin üzərində istifadəçilər redaktə edə bilərlər. Məsələn, orada yazılıb Bakı, ora rahatca Ermənistanın xəritəsini qoymaq olar və ya əksinə. Burada artıq vəziyyət başqadır, buna görə biz "Google"u günahlandıra bilmərik. Çünki bu edit funksiyasından təkcə ermənilər yox, bizimkilər də yararlana bilərlər. Təəssüf ki, bizim istifadəçilərin əksəri bu tip resurslara o qədər də əhəmiyyət vermirlər".

   Azərbaycanın tarixinin, ərazisinin hər zaman Ermənistan tərəfindən təhrif olunması bir daha sübut edir ki, biz düşmən ölkəyə informasiya müharibəsində hələ də məğlub oluruq. O.Gündüzə görə, bizim cəmiyyətdə belə bir fikir var ki, "onsuz da bu işi kimsə görəcək də, mən etməsəm də olar". "Amma bu, yanlış yanaşmadır. İnternetdən istifadə edən şəxsin əlində çox böyük imkanlar var və o bundan maksimum yararlanmalıdır. Yadımdadır ki, dövlət başçısı Azərbaycanın diplomatik korpus nümayəndələri ilə bir neçə il bundan əvvəl görüş keçirəndə Ermənistana qarşı informasiya müharibəsinin gücləndirilməsi zərurətini xüsusilə qeyd etmişdi. Bu yöndə hər bir internet istifadəçisi də əməli işlə məşğul olmalıdır".

   Son zamanlar bir çox dövlətlər öz vətəndaşları və iqtisadi maraqlarının təhlükəsizliyi ilə yanaşı mədəniyyətlərini, ənənələrini və mənəvi dəyərlərini qorumaq üçün xüsusi tədbirlər görmək məcburiyyətindədirlər. Bu baxımdan dövlətlər konseptual səviyyədə məqsədlərini həyata keçirmək, siyasi, iqtisadi və hərbi sahələrdə müvəffəqiyyət əldə etmək üçün vacib olan informasiyanı əldə etməyə çalışırlar. Hazırda cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır. İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının tətbiqi və qlobal informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider ölkə olmaq ideyasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi, kompüter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücümu təhlükələrinin çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olub. "İnformasiya müharibəsi" termini və bu sahədə tətbiq edilən texnologiyalarla bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İradə Ələkbərovanın fikrincə, tətbiqi texnologiyaların kökü qədim dövrlərə təsadüf edir: "İnsanlar yaşadıqca informasiya təcavüzü bu və ya digər formada hər zaman olub. Belə ki, insanların informasiyasız yaşamaları mümkün deyil. Fiziki müharibə etmədən informasiya müharibəsi aparmaq olur, amma informasiya müharibəsi olmadan fiziki müharibə aparılmır. Yəni fiziki müharibə aparılarkən, eyni zamanda, onun tərkib hissəsi kimi informasiya müharibəsi aparılması zəruridir. Ən qədim tarixi və dini kitablarda belə hadisələr insanlar arasında informasiya müharibəsi üzərində qurulub. Məsələn, Çingiz xanın yürüşləri zamanı ordunun önündə xüsusi informasiya hazırlığı görmüş müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın opdusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından digər məşhur sərkərdələr (Makedoniyalı İsgəndər, Teymur Ləng və s.) tərəfindən də istifadə edilib. Hətta II dünya müharibəsi zamanı Adolf Hitler və Stalin də informasiya-psixoloji təsirin əhəmiyyətini yaxşı anlayırdılar. Ozamankı informasiya əməliyyatlarının indiki əməliyyatlardan yeganə fərqi o idi ki, onlara hərbi əməliyyatlar kimi baxılmırdı. Çünki həmin dövrlərdə informasiyanın ötürülməsində texniki vasitələrdən istifadə edilmirdi. Müasir dövrdə informasiyanın emalı və ötürülməsində istifadə edilən maddi-texniki bazanın inkişafı ilə informasiya müharibəsinin tətbiqi və texnologiyaları köklü şəkildə dəyişmiş, informasiya şəbəkəsinin yaranması və geniş yayılması informasiya müharibəsinin əhəmiyyətini artırıb. Belə bir şəraitdə "şüuru varlıq təyin edir" ifadəsi tam yerinə düşmüş olur. Bu gün informasiya müharibəsi problemləri informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdiyi bir çox ölkələrdə (ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və s.) araşdırılmaqdadır. Bu ölkələrdə dövlətin informasiya infrastrukturunun kompleks müdafiəsi konsepsiyasının realizə olunması aktiv yerinə yetirilir".

   Yeri gəlmişkən, ilk dəfə "informasiya müharibəsi" terminini, 1976-cı ildə amerikalı mütəxəssis Tomas Rona "Boeing" kompaniyası üçün hazırladığı "Silah sistemləri və informasiya müharibəsi" adlandırdığı hesabatında istifadə edib. Rona hesabatında sübut edib ki, son illərdə informasiya infrastrukturu ABŞ iqtisadiyyatının əsas komponentinə çevrilib.

   İnformasiya müharibəsinin ilk tədqiqatçılarından biri, ABŞ-ın Milli Müdafiə Universitetinin əməkdaşı Martin Libiki (Martin Libicki) informasiya müharibəsi haqqında deyib: "İnformasiya müharibəsini bütün incəliyi ilə anlamaq təşəbbüsü kor adamların fili tanımaq üçün göstərdikləri cəhdləri xatırladır: filin ayağına toxunan onu ağac, quyruğuna toxunan adam onu kəndir adlandırır və s. Bu üsulla tam təsəvvür almaq mümkündür? Ola bilsin ki, fil yoxdur, həqiqətən də ağac və kəndir var. Bir qrup mütəxəssis bu anlayış altında bir çox istiqamətləri birləşdirmək istədikləri halda, digərləri informasiya müharibəsinin hər hansı bir aspektini ümumi anlayış kimi qəbul edirlər..."

   M.Libiki bu fikri ilə bir daha sübut etdi ki, "informasiya müharibəsi" çox geniş anlayışdır və informasiya müharibəsi texnologiyalarının cəmiyyətə təsiri tam aydınlaşdırılmasa da, son illər bu proses sürətlə davam etməkdədir.

   Onu da qeyd edək ki, Libiki 1995-ci ildə, ABŞ-ın Milli Müdafiə Universiteti tərəfindən nəşr edilmiş "İnformasiya müharibəsi nədir?" məqaləsində ilk dəfə informasiya müharibəsi texnologiyalarının təsnifatını verib. Bu konsepsiyada ilk dəfə olaraq göstərilib ki, son dövrlərdə İKT-nin inkişafı nəticəsində artıq informasiya müharibəsində psixoloji deyil, əsasən iqtisadi və hərbi aspektlərə üstünlük verilir. Onun fikrincə, izləyici kosmik peyk şəbəkəsindən, yerüstü, dəniz və havada baş verən dəyişiklikləri qeyd edən sistemlərdən ibarət əlaqəli informasiya sistemləri dünyada baş verən istənilən hərbi aktivliyi nəzarətdə saxlamaq imkanına malik olacaq. Bu isə sistemə həmin aktivliyi iflic etmək və onun iqtisadi və informasiya sistemlərini dünyadakı digər sistemlərdən ayırmaq imkanı verəcək. Bu konsepsiya informasiya silahından aktiv istifadənin kosmik vasitələrdən istifadə ilə sıx əlaqəli olduğunu bir daha sübut etmiş oldu.

   Son olaraq onu da qeyd edək ki, informasiya müharibəsində əməliyyatlar əsasən iki istiqamətdə - informasiya hücumu və informasiya mühafizəsi - aparılır. İnformasiya hücumu (Information Attack) - qarşı tərəfin informasiya infrastruktrunun tam məhv edilməsi və ona öz qüvvəsindən istifadə imkanı verməməkdir. İnformasiyanın müdafiəsi (Information Protection) - obyektin öz məlumatlarınıın və inforamasiya strukturlarının əks tərəfin təsirlərindən mühafizəsi nəzərdə tutulur. Buraya informasiyanın strateji maskalanması, informasiya infrastruktrunun fiziki qorunması, İM-in müdafiə hissəsi təhlükəsizliyin təminatı metodları ilə realizə olunur.

 

  

   Ulduzə QARAQIZI

 

   Ekspress.-2013.-7 mart.-S.9.