Bu gün internet söz azadlığı günüdür

 

  Azərbaycanda internet azadlığı nə yerdədir?

 

  İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

  İnternet - bir neçə kompüterlər sisteminin bir-birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir. İnternetdə vahid idarəetmə mərkəzi yoxdur.

   Şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ-ın Təhlükəsizlik Nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və onminlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilib. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət əsas rol oynayır. Hazırda internet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.

   "Sərhədsiz reportyorlar"ın hesabatına əsasən, hazırda dünyada 63 adam internetdə söz dediyinə görə həbsdə yatır. Hələ ötən illərdə dünyada 2700 saytı bağlayıblar. 21 internetçi döyülüb. İnternet yazarların həbsinin sayına görə, dünya lideri Çindir. Çin hətta internet firmalarından xahiş edir ki, bəzi sözlər olan e-mailləri, elektron məktubları avtomatik blok etsin. Məsələn, çinli öz dostu ilə internetdə Dalay Lamanı və yaxud Tayvanın müstəqiliyini müzakirə edə bilməsin. Hətta təşkilat deyir ki, internet telefon əlaqəsi yaratmağı ilə məşhur olan "Skype" şirkəti ilə Çinin müqaviləsi var ki, bəzi sözlərə blok qoysun.

   Çin bunun üçün böyük pullar xərcləyir, ən azından müasir avadanlıqlar alma gücünü ortaya qoyur.

   "Sərhədsiz reportyorlar" "ONİ" - Açıq Net Təşəbbüsü beynəlxalq təşkilatın apardığı araşdırmaya istinadən Azərbaycanda internetin əsasən açıq və azad olduğunu bildirir. Ekspert Osman Gündüzə görə, qanunla internetə nəzarət olmaz. Bununla belə, onun sözlərinə görə, internetə nəzarət imkanları olsa da, saytları bağlamağa qanun imkan vermir.

   "Freedom House" qeyri-kommersiya təşkilatının dərc etdiyi məruzəyə əsasən, internetdə azadlığın səviyyəsinə görə tərtib edilmiş reytinqdə Estoniya, ABŞ və Almaniya lider mövqedə qərarlaşıblar. Reytinqin lideri olan Estoniya hazırda dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş ölkələri arasında yerləşir. Orada əhaliyə müxtəlif elektron xidmətlər, məsələn "elektron hökumət" əlçatandır. Son 20 il ərzində istifadəçilərin sayı sürətlə artıb. Məruzə müəlliflərinin fikrincə, şəbəkədə söz azadlığı pozulmur, lakin Estoniyada şəxsi informasiyanın mühafizəsi üzrə ciddi qanunlar qəbul edilib.

   Reytinqdə ikinci yerdə qərarlaşmış ABŞ-da informasiya azadlığı pozulmur, hər hansı filtr yoxdur. Eyni zamanda, uşaq pornoqrafiyası qanunla ciddi qadağan edilib, şəxsi informasiyanın dərc edilməsi ilə bağlı qaydalar var, müəllif hüquqları qorunur.

   Almaniyada telekommunikasiya texnologiyaları yüksək səviyyədədir, mobil internetə çıxış imkanı inkişaf edib. Məruzədə o da qeyd edilib ki, dövlət son illər ərzində ziyanverici məzmunu bloklayır, polis və xüsusi xidmət orqanlarının nəzarəti güclənib.

   Məruzə müəlliflərinin qiymətləndirməsinə görə, ən pis vəziyyət Özbəkistan, Suriya, Çin, Kuba və İranda qeydə alınıb. Belə ki, İranda ölkə əhalisinin 15-39 faizi internetə çıxış imkanına malikdir.

   Azərbaycandakı vəziyyətə gəlincə isə burada artıq internet azadlığı kampaniyasına start verilib. Kampaniya çərçivəsində internetdə ifadə azadlığı, hamı üçün internet, provayderlərin dövlət nəzarətindən çıxarılması və başqa mövzularda tədbirlər nəzərdə tutulub.

   Kampaniya BMT-nin internet idarəçiliyi ilə bağlı növbəti dünya konfransının Azərbaycanda keçirilməsi ilə bağlıdır.

   Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı "Amerikanın səsi" radiosuna bildirib ki, Azərbaycanda virtual informasiyaya qadağa yoxdur: "Eyni zamanda siyasi idarəetmə metodundan şikayətlənən sosial şəbəkələrin fəal iştirakçıları həbs olunur. Bundan başqa, ölkə regionlarında fiberoptik kabelin istismara verilməsi yubadılır, internet provayderlərinin xidmət haqqı paytaxtda olduğundan bahadır. Biz hakimiyyətin diqqətini bu sektordakı ədalətsizliyə yönəltmək istəyirık və ümid edirik ki, beynəlxalq qurumların vasitəçiliyi ilə səsimiz eşidiləcək".

   ATƏT-in media azadlığı üzrə xususi numayəndəsi Dunya Miyatoviçin fikrincə, insan haqları və internet azadlığını bir-birindən ayrı təsəvvür etmək olmaz. Miyatoviç 2012-ci il iyulun 6-da BMT İnsan Huquqları Şurasının İnternetdə söz azadlığı ilə bağlı qəbul etdiyi xususi qətnaməni internetdə azadlığın müdafiəsi üzrə beynəlxalq səylərdə mühüm addım adlandırıb: "Bəzi dövlətlər internetin filtrasiyasını, ictimai maraqların, milli təhlükəsizliyin qorunması, terrorizmə qarşı mübarizə məqsədilə saytların bloklanmasını həyata keçirir. Ancaq çox vaxt bu tədbirlərdən tənqidi səslərin boğulması üçün istifadə olunur. İnternet virtual məkan deyil. Bu, həyatımızın mühüm hissəsidir. Ona görə də insan hüquq və azadlığını off-line və on-line rejimə bölmək olmaz. Hökumətlərin saytları blok etmək cəhdləri hər zaman uğursuzluqla nəticələnib. Təcrübə gostərir ki, heç bir məhdudiyyət adamların azadlıq istəyinin qarsışını ala bilmir".

   Bəs Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun fikrincə, Azərbaycanda internet azadlığı Avropa səviyyəsindədir. Onun sözlərinə görə, Bakıda ötən il keçirilən internet idarəçilik forumuna 1600-dən çox xarici iştirakçının 3800-dən çox insanın qatılması və buradakı nəticələrin yüksək olması onu deməyə əsas verir ki, Azərbaycanda internet azadlığı Avropada olan azadlıq səviyyəsindədir. Azərbaycanda internetdə heç bir resursa limit qoyulmur, internetə çıxış, ondan istifadə sərbəstdir. Nazir bildirib ki, Facebookda qeydiyyatdan keçən istifadəçilərin sayı 1 milyona yaxınlaşıb, 10 minlərlə bloger var. Siyasi partiyaların internet mediası, radio, televiziyası var. Normal qiymət vermək istəyən təşkilat üçün Azərbaycanda internet tam azaddır.

   Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, bizim anlamda internetə giriş azadlığı, senzuranın olmaması təmin edilibsə internet azaddır. Amma onun sözlərinə görə, Azərbaycan internet bazarında hər şeyi bazarın həll etməsi barədə düşünmək hələ tezdir, çünki müstəqil tənzimləyici qurum yoxdur. Ekspert domenlərlə bağlı azadlıq olmadığını deyib: "Bəlkə də internet sahəsində ən ciddi problemlərdən biri budur. Bu sahədə həm beynəlxalq normalar, həm də Azərbaycan qanunvericiliyinin normaları pozulur. Qanunda nəzərdə tutulmuş müstəqil qurum hələ də yoxdur. Hazırda bu sahədə tənzimləməni, qiyməti bir qurum həyata keçirir. Bu qurum isə nazirliyin internet ictimaiyyəti adından verdiyi bir məktub əsasında fəaliyyət göstərir. Bunun nəticəsində hələ də Azərbaycanda on-layn qeydiyyat sistemi yoxdur".

   Azərbaycanda internetin birbaşa dövlətin nəzarətində olması fikri ilə razılaşmayan ekspert bildirib ki, internet tam dövlətin nəzarətində deyil. "30 provayder fəaliyyət göstərir. Amma bazarda xüsusi çəki dövlət provayderlərinin əlindədir".

   O.Gündüz internet istifadəçilri ilə bağlı hökuməti tənqiddən sonra bəzi problemlərin yarandığını deyib. "Bloqçulara təzyiqlər kütləvi deyil və hökumət tərəfindən məqsədli edilmir. Ayrı-ayrı hallarda təzyiqlər olur. Məsələn, Quba Rayon İcra Hakimiyyəti başçısının çıxışını internetdə yayan bloqçu həbs edilib".

   Ölkədəki internetin qiymətinə gəlincə, AİF prezidentinin dediyinə görə, Azərbaycanda internetin qiymət problemi çox aktual deyil və müəyyən bir normal keyfiytəli iş üçün gərəkli internet 1-12 1Mbit/saniyədirsə onun qiyməti 10 manat ətrafındadır. Həttə mobil operatorlar belə bu qiymətə normal internet təklif edirlər. "Düzdür, qonşu ölkələrlə müqayisədə qiymət yuxarıdır, nəinki bərabər və aşağı. Məsələn, qonşu ölkələrimizdə biz 10 manata 4-8 Mbit internet ala bilərik. Bizdə isə hələ sürət aşağıdır. Əyalətlərdə, regionlara, xüsusilə kəndlərdə əsas problem keyfiyyətli internetə girişin olmamasıdır. Məncə, Azərbayacan interneti üçün bu dəqiqə bir nömrəli problem bu hesab edilə bilər. Statistikaya görə, əhalinin yarıdan çoxu kəndlərdə yaşayır. Deməli, əhalinin yarıdan çoxu yaşayan yerlər keyfiyyətli internetdən məhrumdurlar", - deyə Osman Gündüz bildirib. Onun sözlərinə görə, buna əsas səbəb kimi isə ölkədə fəaliyyət göstərən özəl provayeder kəndlərə buraxılmadıqlarını göstərilir. "Aztelekom" İstehsalat Birliyinin bunu nəzərə alaraq provayderlərlə görüşüb, 10 özəl provayderin seçilərək regionlara göndərildiyini xatğırladan ekspertə görə, bu müqaviləyə əsasən təqribən 20 rayonun kəndlərində fiberoptik xətt qurulacaq. Bununla belə o, mövcud imkanlardan yetərincə istifadə edilmədiyini və bunun kifayət olmadığını deyir: "Bu, kəndlərin 1/3 deməkdir. Dövlət digər özəl provayderlərdə bir proqram ortaya qoymalı və kəndlərində insanların internetə çatımlılığı təmin edilməlidir. Vətəndaşın keyfiyyətli internetə əli çatmalıdır. Mən düşünürəm ki, kəndlərə keyfiyyətli internet adı altında aksiyalar, proqramlar, yatırımlar olmalıdır"

   Son olaraq onu da qeyd edək ki, BMT qlobal şəbəkəni - interneti insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Azərbaycanda da illər keçdikcə internetlə bağlı problemlər azalmaqdadır. Bu gün Azərbaycan əhalisinin 60 faizi internet istifadəçisi olması ilə bağlı göstərici zaman keçdikcə artacaq. Ən əsası isə zaman keçdikcə insanlar yüksək keyfiyyətli internetdən istifadə edəcəklər.

   Yeri gəlmişkən, hər il martın 12-si dünyada internet söz azadlığı günü olaraq qeyd edilir.

 

 

   Ulduzə QARAQIZI

 

   Ekspress.-2013.-12 mart.-S.9.