Elektron ödəniş
sistemləri
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Son
illərdə Mərkəzi Bank elektron ödəniş sistemlərinin
yaradılması və inkişaf etdirilməsi istiqamətində
bir sıra işlər görüb. Bunlardan biri də Milli
Ödəniş Sistemidir (MÖS).
Banklararası Milli Hesablaşmalar
Sistemi (AZİPS) 16 fevral 2001-ci il tarixində, Xırda Ödənişlər
üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci
ilin sonlarında istifadəyə verilib. Bu sistemlərin
istismara verilməsi nəticəsində kommunal xidməti
müəssisə və təşkilatlarının,
böyük sayda xırda ödəniş əməliyyatları
aparan hökumət qurumlarının MÖS-ün
infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin
yaradılıb.
Mərkəzi Bankın ödəniş
sistemləri və hesablaşmalar departamentinin direktor
müavini Vahid Qurbanlının fikrincə, nağdsız
ödənişlər hər bir ölkənin dinamik iqtisadi
inkişafının əsas göstəricilərindəndir:
"Son illər Azərbaycanda ümumi daxili məhsulun
artımı ölkədə nağdsız pul dövriyyəsinin
həcminin artmasını təmin etmiş, elektron ticarətin
genişlənməsini stimullaşdırıb. Ölkə
başçısının imzaladığı fərman və
sərəncamların icrası nəticəsində bir
sıra yeni ödəniş sistemləri yaradılmış,
Mərkəzi Bank və Vergilər Nazirliyi bu istiqamətdə
mühüm layihələr həyata keçirib", - deyən
Qurbanlı bildirib ki, nağdsız ödənişlərin həcminin
artırılması sahəsində mühüm tədbirlərdən
biri də bu sahədə müasir infrastrukturun
yaradılmasıdır. Onun sözlərinə görə,
artıq Azərbaycanda nağdsız ödənişlərin
həyata keçirilməsi üçün modern sistemlər
fəaliyyət göstərir və onların təhlükəsizliyi
yüksək səviyyədə qorunur. "Mərkəzi Bank
və Vergilər Nazirliyinin həyata keçirdikləri birgə
tədbirlər nəticəsində vətəndaşların
həm POS-terminallar vasitəsilə, həm də internet
üzərindən nağdsız ödənişlərə
marağı artır. Son illər milli ödəniş sistemləri
ilə həyata keçirilən əməliyyatların həcminin
artım dinamikası da bu tədbirlərin əməli nəticələr
verdiyini söyləməyə ciddi əsaslar verir".
"Qolden Pay" şirkətinin
təsisçisi, ekspert Fərid İsmayılzadə
müasir dövrdə informasiya, məlumat və biliklərin
mübadiləsini iqtisadi sahədə çalışan hər
bir şəxs üçün son dərəcə vacib
sayır. Onun dediyinə görə, bu baxımdan,
nağdsız ödənişlərin həcminin
artırılması mövzusunda seminarların keçirilməsi,
əsasən, yeni informasiyaların mübadiləsi
üçün vacibdir.
Ekspert son vaxtlar ölkədə həyata
keçirilən təşkilati tədbirlər nəticəsində
ölkə vətəndaşlarının internet üzərindən
ödəmələrə marağının
artdığını, elektron ticarətə imkan yaradan
çoxsaylı internet portallarının
yaradıldığını da xüsusilə
vurğulayıb. Qeyd edib ki, nağdsız ödənişlərin
həcminin genişləndirilməsi tədbirləri təsərrüfat
subyektlərində maliyyə intizamının gücləndirilməsinə,
korporativ sektorda şəffaflığın
artırılmasına, vergidən yayınma hallarının
aradan qaldırılmasına, dövlət müəssisə
və təşkilatları tərəfindən pul vəsaitlərinin
daha səmərəli istifadəsinə xidmət edir.
Rəhbərlik etdiyi şirkətin
internet üzərindən nağdsız ödənişlərin
genişləndirilməsi istiqamətində həyata
keçirdiyi tədbirlərdən söz açan
F.İsmayılzadə bildirib ki, bu məqsədlə
yaradılmış "www.hesab.az" portalının
yaxın perspektivdə daha da təkmilləşdirilməsi nəzərdə
tutulur: "Hesab edirik ki, həyata keçirilən tədbirlər
nəticəsində nağdsız dövriyyənin həcmi
sürətlə artır. Şəxsən mən özüm də nağdsız ödənişlərdən
geniş istifadə edirəm".
Dövlət Proqramının əsas
tədbirlərindən biri kommunal xidməti müəssisələrinin
daxili informasiya sistemlərinin inkşaf etdirilərək
MÖS-ü infrastrukturuna texnoloji inteqrasiyanın həyata
keçirilməsi və bu sahədə maliyyə dövriyyəsinin
bank sisteminə cəlb edilməsi olub. Bu tədbirin icrası
məqsədilə Mərkəzi Bank tərəfindən uzun
müddət araşdırmalar aparılmış, kommunal xidməti
haqlarının yığılması istiqamətində
xarici təcrübə öyrənilmiş, bu sahədə
mövcud olan informasiya sistemlərinin funksional imkanları
analiz edilib. Bütün bu araşdırmaların nəticəsində
MÖS-ün yeni bir komponentinin - Kütləvi Ödənişlər
üzrə Mərkəzləşdirilmiş İnformasiya
Sisteminin (KÖMİS) konsepsiyası hazırlanmış və
təsdiq edilib.
"Milli kart" MMC-nin əməliyyat
şöbəsinin rəisi İlqar İbrahimov da respublika əhəmiyyətli
iqtisadi mövzulara həsr olunmuş konfrans və
seminarların təşkilini, fəal müzakirələrin
aparılmasını təqdir edir. Onun fikrincə, bu cür tədbirlərin
təşkili müxtəlif dövlət qurumları,
kommersiya strukturları və vətəndaş cəmiyyəti
institutlarının nümayəndələri arasında əlaqələrin
genişləndirilməsinə ciddi dəstəkdir. Ölkənin
kart bazarının sürətlə inkişafı,
nağdsız dövriyyənin həcminin genişlənməsini
müsbət tendensiya kimi dəyərləndirən
İ.İbrahimov bildirib ki, hazırda 11 kommersiya bankı və
1 sığorta şirkətinə xidmət göstərən
çalışdığı şirkət nağdsız
ödənişlərin inkişafı ilə bağlı
xüsusi fəaliyyət strategiyasına malikdir: "Biz
müştərilərimiz üçün xüsusi bonus
proqramları həyata keçiririk. Alış-veriş zamanı
nağdsız ödənişlərdən istifadə edən
müştərilər topladıqları bonuslara görə
müxtəlif hədiyyələr qazanırlar. Təbii ki, məqsəd
ölkənin kart bazarının ildən-ilə daha sürətli
inkişaf etdirilməsidir. Vergilər Nazirliyinin və Mərkəzi
Bankın dəstəyi ilə inkişaf edən nağdsız
ödəniş sistemləri bankların da
marağındadır. Müxtəlif ödəniş
kartlarına malik vətəndaşların sayının
çoxalması bankların işgüzar fəallığına
müsbət təsir göstərir. Bununla yanaşı,
elektron ticarətin genişləndirilməsi üçün
də müəyyən layihələr həyata
keçiririk".
İbrahimov hesab edir ki, vətəndaşların
nağdsız ödəniş sisteminə etimadının
gücləndirilməsi plastik kartlardan istifadə vərdişlərinin
yaranması baxımından vacib şərtlərdəndir:
""Milli kart" bu addımlardan biri kimi müştərilərinə
"SMS-bankinq" xidmətini təklif edir. Yəni kartla
aparılan istənilən əməliyyat barədə onun
sahibinin mobil telefonuna qısa mesaj göndərilir. Beləliklə,
kart sahibi öz iradəsindən kənar əməliyyatlar barədə
dərhal xəbər tuta bilir ki, bu da təhlükəsizlik
baxımından vacib addımdır. Şirkət elektron ticarət
zamanı kart əməliyyatlarının məxfiliyinin təmin
ediməsi üçün beynəlxalq səviyyədə tətbiq
olunan üçüncü nəsil təhlükəsizlik
sistemlərindən istifadə edir".
İqtisadçılarsa hesab edirlər
ki, bütün hallarda vergi dərəcələrinin
artırılmasından daha çox sosial ödənişlərə
nəzarətin gücləndirilməsi məqsədə
uyğundur. Ekspert Vüqar Bayramov bildirib ki, eyni zamanda sosial
ödənişlərlə bağlı elektron ödəniş
sistemi tətbiq edilməli, elektron hökumətin elementlərindən
istifadə olunmalı, ödəmə prinsipləri təkmilləşdirilməlidir.
Onun fikrincə, nəinki inkişaf etmiş, hətta qonşu
ölkələrdə də sosial ödənişlərin dərəcələrinin
azaldılması tendensiyası həyata keçirilir: "Məsələn,
Estoniyada sosial vergilərin azaldılması tətbiq edilir. Bu,
həm işçilərin sosial vəziyyətinin müdafiə
olunması, həm də biznesin stimullaşdırılması
baxımından əhəmiyyətlidir".
Digər dövlətlərdəki
sosial ödənişlərlə bağlı müqayisələr
aparan V.Bayramov bildirir ki, ABŞ-da sosial ödənişlər
19,51%, Qazaxıstanda 11%, Türkiyədə 21,5% təşkil
edir. Eyni zamanda Rusiyada vergi dərəcələri başqa
ölkələrlə müqayisədə daha yüksək
hesab olunsa da Azərbaycanda tətbiq etmək istədikləri
faiz dərəcəsindən aşağıdır. Yəni
26%-dir.
Ekspert hesab edir ki, sosial vergilərin
artırılması deyil, azaldılması daha məqsədəuyğundur:
"Bütün hallarda vergilərin azaldılması vergidən
yayınma hallarının azalmasına, o cümlədən
fonda və büdcəyə vəsait cəlbinə imkan verir.
Həmçinin biznesin kölgə iqtisadiyyatından leqal
iqtisadiyyata keçməsi üçün zəmin
yaradır. Digər tərəfdən indiki halda tətbiq edilən
pensiya islahatları sosial vergilərin dərəcələrinin
işəgötürənlər və işçilər
üçün məqbul olmasını zəruri edir. Nəzərə
almaq lazımdır ki, bu gün sosial vergilərin ödənilməsi
ilə bağlı bir sıra problemlər var. Əksər iri
şirkətlərədə ikilimühasibat sistemi fəaliyyət
göstərir. O cümlədən Azərbaycana gələn əcnəbi
işçilər biznes müqaviləsi əsasında
işləsələr də onların çox az hissəsi
vergilərə cəlb olunlar. Buna görə, indiki halda sosial
vergilərdən yayınan əcnəbi və yerli şirkətlərin
sosial ödənişlərə cəlb olunması istiqasmətində
işlər intensivləşdirilməlidir".
Qeyd edildiyi kimi, Dövlət
Proqramı çərçivəsində həyata
keçirilən məqsədyönlü fəaliyyət nəticəsində,
dünyanın bir çox ölkəsində geniş istifadə
olunan CheckFree i-Series informasiya sisteminin bazasında yerli tələblərə
tam uyğunlaşdırılmış bir sistem
yaradılmış və 11 iyul 2008-ci il tarixində istifadəyə
verilib.
Ən müasir texnologiya və
proqram təminatına əsaslanan bu sistemin istifadəyə
verilməsi nəticəsində abonentlərə sistemə
qoşulmuş maliyyə qurumlarının istənilən
ödəniş xidməti nöqtəsində kommunal xidməti
borcları haqqında tam informasiya almaq və istənilən
ödəniş mexanizmləri (nağd yolla, plastik kartlar, bank
köçürmələri, "Internet Banking") vasitəsilə
ilə ödəniş aparmaq imkanı yaradılıb. Sistemə
qoşulmuş kütləvi xidmət müəssisələrinin
xeyrinə qəbul edilən ödənişlər haqqında
məlumatlar 30 saniyə ərzində həmin təşkilatlara
çatdırılır. Eyni zamanda iştirakçı təşkilatların
daxili informasiya sistemi ilə yaradılmış yüksək
səviyyəli məlumat mübadiləsi interfeysi vasitəsilə
bu təşkilatların elektron abonent bazasında baş verən
dəyişikliklər real rejimdə mərkəzi informasiya
bazasına ötürülür.
Ölkəmizdə kommunal xidməti
sektorunda fəaliyyət göstərən
"Bakıelektrikşəbəkə" ASC, ARDNŞ-nin
"Azəriqaz" İB, "Azərsu" ASC və "Azərenerji"
ASC kimi əsas təşkilatlar sistemə inteqrasiya olunmuş,
toplam olaraq 4 mln-a yaxın abonent haqqında məlumat sistemə
yüklənib. Artıq "Bakıelektrikşəbəkə"
ASC, ARDNŞ-nin "Azəriqaz" İB və "Azərenerji"
ASC üzrə bütün xidmət zonaları əhatə
edilmişdir, "Azərsu" ASC ilə bu istiqamətdə
işlər davam etdirilir. Sistemə qoşulmuş 35 bank və
Azərpoçt MMC-nin 700-ə yaxın ödəniş məntəqəsində
bu təşkilatların abonentlərinə borclar haqqında məlumatlar
çatdırılır və xidmət haqları qəbul
edilir. Hal-hazırda sistemdə gündəlik emal olunan sənəd
sayı 35-50 min arasında dəyişir. Həmçinin
ölkəmizdə fəaliyyət göstərən
"MilliKart" MMC və "AzəriCard "MMC kimi kart
prosessinq mərkəzləri sistemə inteqrasiya olunmuş və
bu mərkəzlərdə xidmət olunan bankların
müştəriləri bankomat şəbəkəsindən
və KÖMİS-in www.apus.az internet servis xidmətindən
istifadə etməklə borcları haqqında məlumatları
ala bilər, ödəniş kartları vasitəsilə
ödənişlərini apara bilirlər.
Kommunal xidməti müəssisələri
tərəfindən SMART tipli elektron sayğaclardan istifadə
edilməsinin geniş yayılmasını nəzərə
alaraq, KÖMİS-də bu tipli sayğaclarla xidmət olunan
abonentlərdən ödənişlərin qəbul edilməsi
üçün sistemin imkanlarının təkmilləşdirilməsi
üzrə işlər aparılıb. Layihə bu tipli
sayğacların geniş tətbiqi ilə məşğul
olan sistemə yeni qoşulmuş "Azərenerji" ASC-nin
timsalında həyata keçirilib. "Azərenerji" ASC,
həmçinin digər kütləvi xidmət müəssisələrində
bu istiqamətdə hazırlıq işləri başa
çatdırılan kimi yeni yaradılmış
funksionalın real istismarına başlayacaq.
Son olaraq qeyd edək ki, elektron
ödəmələrin təkmilləşməsi prosesi nəğd
pullardan çeklərə, çeklərdən kredit və
debit kartları kimi ödəmə kartlarına doğru
sürən uzun bir tarixi yol keçmişdir. Hər bir ödəmə
metodu öz vəzifələrini çox yaxşı həyata
keçirmiş, lakin elektron cinayətkarlığın səviyyəsi
artmağa davam etdikcə, daha mükəmməl texnologiyaya və
radikal dəyişikliklərə ehtiyac duyulmağa
başlayıb.
Ulduzə QARAQIZI
Ekspress.-2013.-13
mart.-S.10.