“Sarı gəlin –
qızılı saçlı gəlin...”
Berlində
alman rejissorun Azərbaycan musiqisinə həsr etdiyi filmin təqdimatı
olub
Almaniyanın
paytaxtı Berlindəki “Astor Film Lounge” kinoteatrında “Sarı
gəlin – qızılı saçlı gəlin. Azərbaycanda
caz-muğam” adlı sənədli filmin təqdimatı
keçirilib.
Diasporla İş üzrə Dövlət
Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata
görə, müasir caz musiqisinin klassik muğam
mahnıları ilə sintezinə həsr edilmiş film
Alman-Azərbaycan Forumu, E-ON, SOCAR və Azərbaycanın
Almaniyadakı səfirliyinin dəstəyi ilə çəkilib.
“Das apartment” TV-nin, Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə
də “Salnamə” studiyasının birgə istehsalı olan
filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixi
haqqında məlumat, hər iki musiqi növünün
tanınmış ifaçıları ilə müsahibələr
verilib. Filmdə Azərbaycanın tarixi və mədəniyyəti,
görməli yerləri, eləcə də Dağlıq
Qarabağ münaqişəsi haqqında da məlumatlar öz
əksini tapıb. Filmin rejissoru Klaus Bernhard filmin nümayişindən
əvvəl onun yaranması ideyası haqqında
danışıb. Sonra musiqiçi Şirzad Fətəliyevin
rəhbərlik etdiyi Balaban qrupu “Sarı gəlin” xalq
mahnısını ifa edib. Filmin nümayişindən sonra
tamaşaçılar Azərbaycanda caz və muğam sənəti,
eləcə də film haqqında təəssüratlarını
bölüşüb. Filmin təqdimatında Azərbaycanın
Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin digər
məsul əməkdaşları, alman ictimaiyyətinin
çox sayda nümayəndələri və Azərbaycan
diasporunun təmsilçiləri iştirak edib.
Filmin çəkilişində və ərsəyə
gəlməsində Almaniyada yaşayan Azərbaycan diaspor nümayəndələri Parviz
Yazdani, Naiba Şirinova, Samira Patzer-İsmailova və
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin
əməkdaşları iştirak ediblər.
Ekspress.-2013.-28
mart.-S.23.