Gənclərin
İKT bilikləri artır
Bakıda Mobil Texnologiyaları üzrə
Dünya Gənclər Forumu keçirildi
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
Bakıda
Mobil Texnologiyaları üzrə Dünya Gənclər Forumu
keçirilib. İki
gün davam edən tədbirdə Gənclər və
İdman nazirinin müavini İntiqam Babayev, İnformasiya və
Kommunikasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov,
"KnowledgeFox Gmbh" şirkətinin təsisçisi Peter A.Bruk,
Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən
Musayev, Dünya Bankının infoDev proqramının nümayəndəsi
Haydi Humala, 20-dən çox ölkənin nümayəndəsi
və gənclər iştirak ediblər.
Gənclər və
İdman nazirinin müavini İntiqam Babayevin sözlərinə
görə, gənclər bu gün müasir texnologiyaya daha
çox yanaşmalıdır. Nazir
müavini bildirib ki, gənclər bu texnologiyadan daha səmərəli
və öz biliklərinin artırılması
üçün istifadə etməlidir. "Bildiyiniz
kimi cənab prezident bu ili "İKT ili" elan edib. "İKT ili" üçün bu tədbirin əhəmiyyətli
olduğunu düşünürəm. Bu gün elə gənclər
yetişir ki, onlar nəinki Azərbaycanda, dünyanın
bütün ölkələrində öz sözlərini deyəcəklər"
deyən İ.Babayev bundan başqa, bu il ərzində
Azərbaycanda çoxlu tədbirlərin keçiriləcəyini
vurğulayıb. Dediyinə görə, burda hədəf gəncləri
yeni texnologiya ilə daha ətraflı tanış
etməkdir.
Bu il Azərbaycanın
ilk milli peykinin orbitə qalxdığını da
xatırladan Babayev hesab edir ki, Azərbaycan gəncləri bu
sahə üzrə daha da çox uğurlar əldə etməlidirlər.
Rabitə və informasiya
texnologiyaları nazirinin müavini İltimas Məmmədov
2013-cü ilin ölkədə "İKT ili" elan
olunduğunu xatırladaraq, bu il ərzində
sözügedən sahədə bir sıra yeniliklərin
gözlənildiyini deyib. Son illər ərzində
bütün dünyada, o cümlədən Azərbaycanda mobil
rabitə sahəsinin sürətlə inkişaf etdiyini bildirən
nazir müavini onu da deyib ki, mobil rabitə xidmətlərindən
istifadə edənlərin sayı da dəfələrlə
artıb. Bu il Azərbaycanda mobil
telefonların işlədilməsinin 20 ilinin tamam olduğunu
deyən Məmmədovun sözlərinə görə, bu illər
ərzində mobil telefonlar daha çox inkişaf edib:
"İndi bu dəyişmə prosesi davam edir. Mobil telefonların inkişafı çox sürətlə
gedir. Bu baxımdan gənclərimizin bu sahə
üzrə daha ətraflı bilik öyrənməsi ölkəmizə
öz səmərəsini verəcək".
İ.Məmmədov
ölkədə bu sahənin inkişafı üçün
dövlət tərəfindən lazımi şərait
yaradıldığını və dəstək verildiyini
vurğulayıb. Onun sözlərinə
görə, artıq Azərbaycanda fəaliyyət göstərən
mobil rabitə operatorları 3G və 4G xidmətlərinin
göstərilməsinə başlayıb.
Nazir müavini
Bakıda keçirilən bu forumu yüksək qiymətləndirərək
bildirib ki, bu cür forumlar mobil rabitə şəbəkəsində
yeni xidmətlərin yaradılmasına imkan yaradır və gənclər
tərəfindən bu sahədə yeni ideyaların üzə
çıxmasına təkan verir.
Tezliklə mobil telefonlarda nömrələrin
daşınmasının işə salınacağını
da deyən rabitə və informasiya texnologiyaları nazirinin
müavini insanların bu il yeni xidmətlərdən
istifadə edəcəklərini bildirib. Dediyinə
görə, bununla bağlı işlər artıq
yekunlaşıb. "Kiçik bir texniki işlər
qalıb ki, onlarda tezliklə həll olunacaq", - deyə
İ.Məmmədov vurğulayıb.
Bu il Azərbaycanın
ilk dəfə olaraq öz peykini orbitə göndərdiyini
deyən İ.Məmmədova görə, bu o deməkdir ki,
insanlar bu il yeni xidmətlərdən istifadə edəcəklər.
"İnternet və mobil rabitə xidmətində
yeniliklər olur və bu davam edəcək".
O, orbitə buraxılan Azərbaycan
peykinin normal qaydada işlədiyini deyərək, milli peykimiz
artıq azərbaycanlı mütəxəssislərin istifadəsində
olduğunu da vurğulayıb: "Peyklə bağlı hər
hansı bir yenilik yoxdur. Peyklə bağlı
bütün işlər öz qaydasında davam edir".
Tədbirdə iştirak edən
Dünya Bankının inkubator və texnoparklar şəbəkəsini
yaradan "infoDev" layihəsinin rəhbəri Haydi
Humalanın sözlərinə görə, layihə çərçivəsində
dünyanın 8 ölkəsində mobil texnologiyalar mərkəzi
(Mobile Technology Hub) yaradılıb ki, mərkəzin biri Azərbaycandadır:
"Məqsədimiz Azərbaycan gənclərini bu sahəyə
cəlb etmək və onlara layihə çərçivəsində
dəstək verib, təcrübə mübadiləsi
aparmaqdır".
Qeyd edək ki, forumda 20 ölkədən
(ABŞ, Finlandiya, Belçika, Almaniya, Avstriya, Rumıniya,
Bolqarıstan, Serbiya, Makedoniya, Yunanıstan, Türkiyə,
Estoniya, Rusiya, Belarus, Ukrayna, Moldova, Tunis, İordaniya, Hindistan və
Sinqapur) İKT sahəsində çalışan 30-a yaxın
mütəxəssis iştirak edib. Forumun keçirilməsində
məqsəd mobil texnologiyaların son nailiyyətləri ilə
tanış olmaq, mobil əlavələrin
hazırlanması və istifadə olunması sahəsində
beynəlxalq təcrübəni öyrənmək, eyni zamanda
gənclərin yeni texnologiyalara marağını
artırmaqdır.
Tədbir çərçivəsində
"Mobil texnologiyalar sahəsində innovasiyalar və onlara
yatırılan sərmayələr", "Mobil
texnologiyaları: Gənclərin virtual sahibkarlığı
üçün yeni məkan", "Tələbələr
üçün texnoloji yeniliklər", "Texnoloji
inkişafda "Lego robotlarının" rolu" kimi
mövzularda sessiyalar təşkil olunub, "Mobile Monday"
şəbəkəsinin təqdimatı keçirilib.
İnformasiya
Texnologiyaları Universiteti sentyabrın 15-dən fəaliyyətə
başlayacaq
Azərbaycan
prezidentinin sərəncamı ilə yaradılan İnformasiya
Texnologiyaları Universiteti sentyabrın 15-dən fəaliyyətə
başlayacaq. Bu barədə jurnalistlərə
Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov
məlumat verib.
Onun sözlərinə görə,
universitetin Əsasnaməsi və hansı ixtisaslar üzrə
kadrların hazırlanacağına dair sənədlər Təhsil
Nazirliyinə göndərilib: "Bu yaxınlarda Təhsil
Nazirliyi bununla bağlı öz rəyini bildirəcək. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası isə qəbul planına əsasən tələbələrin
qəbulunu aparacaq".
Mobil
telefonların qeydiyyat sistemi işə salınır
1 may 2013-cü il
tarixindən mobil cihazların qeydiyyat sistemi (MCQS) tam işə
salınacaq. Sistem Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq
edilmiş "Mobil cihazların qeydiyyatının
aparılması Qaydası"na uyğun yaradılıb.
Xatırladaq ki,
2013-cü ilin 1 mart tarixindən etibarən Azərbaycanda
istifadə olunan mobil cihazların İMEİ nömrələri
barədə məlumatlar mobil operatorlar tərəfindən
gündəlik olaraq mərkəzi baza sisteminə təqdim
olunur. Qeydiyyat sistemi istismara
başladığı tarixədək şəbəkədə
istifadə edilən bütün mobil cihazların İMEİ
nömrələri qeydiyyata alınmış hesab ediləcək
və onların şəbəkədə maneəsiz işləməsində
heç bir problem yaşanmayacaq.
Qeydiyyat sistemi
istismara verildikdən sonra şəxsi istifadə məqsədi
ilə ölkə ərazisinə gətirilərək istifadə
olunan (respublikamızın mobil operatorlarının SİM
kartları vasitəsi ilə) hər bir mobil cihazın
İMEİ nömrəsi həmin cihazın şəbəkədən
xidmət almağa başladığı tarixdən ən
geci 30 (otuz) gün müddətində qeydiyyata
alınmalıdır.
Bu qayda
respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən
xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən
istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının
SİM kartları ilə işləyən cihazlardan maneəsiz
olaraq istifadə edə bilərlər.
Həmçinin
istehlakçılar qurğuların İMEİ nömrələrini
bu yaxınlarda istifadəyə verilən www.imei.az saytına
daxil olmaqla da yoxlaya bilərlər. Burada
onlar həmçinin mobil cihazların qeydiyyat sistemi barədə
ətraflı məlumat əldə edə bilərlər.
Sistemin
yaradılması "İnformasiya-komminikasiya ili" çərçivəsində
həyata keçirilən tədbirlər
sırasındadır.
Mobil cihazların
qeydiyyatının aparılmasında məqsəd abunəçilərin
mobil cihazlarından rahatlıqla istifadə edilməsinə
şərait yaradılmasından, mənşəyi bilinməyən,
texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları
aşağı olan və insan orqanizmi üçün zərərli
elektromaqnit şüalanmaları yayan (xalq arasında
"pirat" kimi tanınan) mobil cihazların ölkəyə
idxalının qarşısının alınmasından, həmçinin
istehsalçı şirkətlərin tanınma dərəcəsinin
və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin
edilməsindən ibarətdir. Eyni zamanda,
qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə
istifadəsini mümkünsüz edir. İtirilən
mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında
həmin cihazdan respublika ərazisində istifadə
dayandırılır və oğurlanmış mobil cihaz
qısa müddətdə lazımsız əşyaya
çevrilir.
Bununla yanaşı,
qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə
idxal olunan mobil cihazlardan istifadənin qarşısının
alınmasını təmin edir.
Qənirə MƏMMƏDLİ
Ekspress.-2013.-1
may.-S.9.