Universitet dünən və bu
gün
Təhsil
həyatımızın elə bir ayrılmaz hissəsidi ki,
onsuz varolmamız mümkün deyil. Bəli, söhbət insan
həyatının normal, qaydasında olan düzənindən
gedirsə, təhsilin gərəkliyini xüsusi
vurğulamağa ehtiyac var.
Bu mənada
həyati vacib sahənin yükünü məmnunluqla
çiynində daşıyanları görəndə,
sevinirsən. Eləcə Azərbaycan təhsilində
özünəməxsus yeri olan Bakı Dövlət
Universitetinin (BDU) ölkəmiz və həyatında
oynadığı rolunu düşünəndə.
Hər
bir ölkənin, xalqın, mədəni, intellektual, iqtisadi səviyyəsinin
göstəricisi sayılan milli universitetlərdi. Bu vacib məqamı
hazırda fəaliyyətində uğurla həyata keçirən
Bakı Dövlət Universitetinin 16 fakültəsində
müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində
55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma
üzrə 18000 nəfərdən çox tələbə təhsil
alır. Onların təlim-tərbiyəsi ilə məşğul
olmaq üçün 1500 nəfərə yaxın
professor-müəllim heyəti səfərbərdi.
Universitetin 2,5 milyondan artıq ədəbiyyat fonduna
malik, 12 qiraət zalı, 5 abonement şöbəsi olan elmi
kitabxanası müntəzəm surətdə 15 mindən
çox müəllim və tələbənin hər gün
istifadəsindədi.
Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər,
həm təbiət, həm də humanitar elm sahələrini əhatə
edən 123 kafedranı, 200-dən çox elmi əməkdaşı
olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi
Riyaziyyat Elmi-Tədqiqat İnstitutunu və
Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunu özündə birləşdirən, Azərbaycan
dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən
tutmuş genetika, nanotexnologiya, nanomaterialların
alınmasınadək çox geniş spektrdə
mövzuların araşdırmalarını həyata
keçirən böyük elmi mərkəzdi.
Haqqında bəhs etdiyimiz bu böyük elm-təhsil
ocağının yaranışı və keçdiyi
şanlı yol çox maraqlıdı. Azərbaycan Demokratik
Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli
iclasında Bakıda universitetin təsis edilməsi qərarı
qəbul edildi və onun nizamnaməsi təsdiq olundu - Avropa və
Asiyanın qovşağında yeni bir ali təhsil
ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültədə
- tarix-filologiya, və tibb fakültələrində təhsil
alan 1094 tələbə ilə başladı. İlk rektor Qazan Universitetinin professoru, məşhur cərrah
V.İ.Razumovski oldu.
Universitetin
1920-1930-cu illərdə aparıcı müəllimləri
yazıçı Əbdürrəhim bəy Haqverdiyev,
tanınmış şərqşünaslar - professor
P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər
alimlər böyük nüfuz sahibiydilər. Həmin
dövrlərdə məşhur alimlər N.Y.Marr, V.V.Bartold,
Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy
Köprülüzadə dəvətlə Bakıya gələrək,
öz ixtisasları üzrə universitetdə mühazirələr
oxuyublar. Məşhur həmyerlimiz, Nobel
mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə
bu universitetdə təhsil alıb.
Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar
Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya)
adı ilə universitet ləğv edildi və onun bazasında
Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq
1934-cü ildə Dövlət Universiteti yenidən işə
başladı və o, yenə də respublikada elmi-pedaqoji
fikrin mərkəzinə çevrildi. II
Dünya müharibəsi illərində professor-müəllimlərin
müharibəyə getmələri ilə bağlı kəskin
çatışmazlıqlara baxmayaraq, universitet ölkədə
öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər
Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri
olub. Respublikada fəaliyyət göstərən ali təhsil
ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan
Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri
məhz Bakı Dövlət Universitetinin bazasında
yaradılıb.
Bakı Dövlət Universitetinin bugünkü səviyyəsi,
beynəlxalq nüfuzu, qazandığı uğurları,
dünya şöhrətli məzunları və yüksək
elmi potensialına görə fərqlənməsində Heydər
Əliyevin böyük rolu olub. Bu ali təhsil
ocağına yüksək qiymət verən, onu
xalqımızın milli sərvəti adlandıran dahi şəxsiyyət
Bakı Dövlət Universitetinin məzunu olmasını dəfələrlə
fəxrlə bildirib, onun fəaliyyətini, Azərbaycanda
elmin, təhsilin və mədəniyyətin inkişafında
böyük rolunu hər zaman ayrıca qeyd edib.
Hələ
1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi
zamanı Azərbaycan xalqının tarixində mühüm
hadisələr baş verdi. Milli
oyanış siyasəti sahəsində təhsil, elm, mədəniyyətin
tərəqqisi üçün geniş imkanlar
açıldı. Xalqın milli mənlik
şüurunun formalaşması, Azərbaycan dilinin, tarixinin
öyrənilməsi, ali təhsil sisteminin
daha da demokratikləşməsi sahəsində ciddi irəliləyişlərlə
müşayiət olunan dövrdə ali məktəblərin
bayraqdarı sayılan Bakı Dövlət Universitetinin həyatında
da böyük dönüş yarandı. Ölkənin ali məktəbləri içərisində
BDU-nun tutduğu aparıcı mövqe, Azərbaycan təhsil
sisteminə, onun inkişaf istiqamətlərinə göstərdiyi
təsir daha da gücləndi. 1970-80-cii illər
Bakı Dövlət Universitetinin tədris və elmi həyatında
qələbəliklə yadda qaldı. Heydər
Əliyevin daimi nəzarəti və qayğısı sayəsində
universitetin maddi-texniki bazası möhkəmləndi, yeni tədris
korpusu istifadəyə verildi, hesablama mərkəzi
yaradıldı, yeni müasir ixtisaslar üzrə fakültələr,
kafedralar açıldı, 30-a yaxın elmi-tədqiqat
laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək
inkişafı üçün möhkəm zəmin
yaradıldı.
Bəli, 1969-cu ildən sonrakı illər universitet həyatında
bilik və elmin yüksək zirvələrə doğru
yüksəliş dövrü sayıla bilər. Bu, qeyd etdiyimiz kimi, universitetin məzunu Heydər Əliyevin
Azərbaycana rəhbərliyə gəlməsiylə
bağlıdı. Geniş tarixi
dövrü əhatə edən həmin illərdə yeni
müasir ixtisaslar üzrə fakültələr, kafedralar, Azərbaycanda
tədris müəssisələrinin flaqmanı olan, zəngin
tarixi keçmişə malik universitet hazırda
tanınmış elm və təhsil mərkəzidi.
Universitet hər zaman Azərbaycanda mütərəqqi
fikrin, milli düşüncənin mərkəzi olub. Burada Azərbaycanın yüzlərlə
tanınmış alimləri, görkəmli mütəxəssisləri
təhsil alıb.
Prezident
Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı
üzrə özünüidarə (muxtariyyət) statusuyla
yeni fəaliyyət mərhələsinə qədəm qoyub.
Artıq həmin vaxtdan etibarən təhsil
ocağı fəaliyyətini öz nizamnaməsinə əsasən
müstəqil şəkildə həyata keçirir.
Universitetin beynəlxalq əlaqələri gündən-günə
genişlənir. Hazırda BDU
keçmiş SSRİ-nin bir çox universitetlərini
özündə birləşdirən Avroasiya Universitetlər
Assosiasiyasının, Xəzəryanı Ölkələr
Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri
(QDU) Assosiasiyasının, Avropa Universitetləri
Assosiasiyasının üzvüdü. Universitet
2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla
rəhbərlik edib. Bundan əlavə, təhsil
ocağı M.V.Lomonosov adına Moskva Dövlət Universiteti,
Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti,
İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və
digər universitetlərlə ikitərəfli müqavilələr
əsasında elmi-texniki, müəllim-tələbə
mübadiləsi sahəsində uğurla əməkdaşlıq
edir.
Bakı Dövlət Universitetində 12 ölkədən
1400-dən artıq xarici tələbə, magistrant, aspirant,
doktorant, stajor təhsil alır.
Universitetdə
bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı
üçün 2 il, fəlsəfə və elmlər doktoru
hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə
tutulub. Təhsil ödənişli və ödənişsiz
əsaslarladı. Burada əyani və
qiyabi şöbələr fəaliyyət göstərir.
Artıq 94 yaşı olan bu təhsil ocağı
1919-1920-ci illərdə Bakı Dövlət Universiteti, sonrasa
uzun müddət - 1920-1991-ci illərdə S.M. Kirovun
adını daşıyaraq Azərbaycan Dövlət
Universiteti kimi tanınıb. Bundan sonra səkkiz il M.Ə.Rəsulzadənin adını
daşıyan təhsil müəssisəsi 1999-cu ildən eləcə
Bakı Dövlət Universiteti adlanır.
Bakı
Dövlət Universitetinin adlı-sanlı məzunları
sırasında Heydər Əliyev, Yusif Məmmədəliyev,
Həsən Əliyev, Zahid Xəlilov, Bəxtiyar Vahabzadə,
Azad Mirzəcanzadə, Qasım Gül, Nəsir İmanquliyev,
Məcid Rəsulov, Feyzulla Qasımzadə, Tofiq Köçərli,
Mir Cəlal Paşayev, Məmməd Cəfər Cəfərov,
Fərəməz Maqsudov, Abdulla Qarayev, Aida İmanquliyeva, Həsən
Abdullayev, Xudu Məmmədov, Əlisöhbət Sumbatzadə, Əşrəf
Hüseynov, Musa Əliyev, Rəhim Sultanov, Soltan Mehdiyev, Əli
Quliyev, Bəkir Çobanzadə, Vahid Qəhrəmanov, Heydər
Hüseynov, Murtuza Nağıyev, Məmməd Arif Dadaşzadə,
Şəfaət Meydiyev, Ələsgər Məmmədov, Həmid
Araslı, Məmməd Xələfov, İbrahim İbrahimov,
İqrar Əliyev, Mirəli Qaşqay və
başqalarının adını çəkmək olar.
1990-2011-ci
illərdə Bakı Dövlət Universitetinin fəxri doktoru
adını qazananların arasında Azərbaycan, Türkiyə,
Rusiya, Gürcüstan, Özbəkistan,
Qırğızıstan və başqa ölkələrin rəhbərləri
- Heydər Əliyev, İlham Əliyev, Turqut Özal,
Süleyman Dəmirəl, Dmitri Medvedyev, Eduard Şevarnadze
İslam Kərimov, Əskər Akayev, BMT-nin sabiq baş katibi
Butros Butros Qali, YUNESKO-nun sabiq baş katibi Koiçiro Matsuura,
kardioloq alim Ağayi Cavad Heyət, "Qeyri-səlis məntiq"
nəzəriyyənin banisi Lütfi Zadə, qazax şairi Oljas
Süleymenov, Türkiyənin Bilkənd Universitetinin təsisçisi
İhsan Doğramacı və daha neçə belə
tanınmış simalar var.
Müxtəlif
illərdə BDU-da rektor vəzifəsində Vasili Razumovski
(ilk rektor, 1919-1920), Tağı Şahbazi Simurq (1926-1929), Əziz
Məmmədkərim oğlu Əliyev (1937), akademiklər
Şamil Əliyev (1941-1944), Abdulla Qarayev (1944-1950), Yusif Məmmədəliyev
(1954-1958), Şəfayət Mehdiyev (1958-1965), Mirabbas Qasımov
(1990-1992) və başqaları çalışıblar.
1999-cu ildənsə ölkənin ən böyük ali məktəbinə akademik Abel Məhərrəmov
rəhbərlik edir.
Qloballaşan dünyada elm və təhsil sahəsində
müşahidə edilən prosesləri izləyən Bakı
Dövlət Universiteti bu proseslərdə iştirak
etmək üçün mənəvi haqqa və hüquqi
imkanlara malikdi və həmin sahədə müəyyən
edilmiş strategiyası mövcuddu.
Bu gün
qısa zamanda həyata, dünyadakı proseslərə
uyğunlaşmağa meylli çox maraqlı nəsil
yetişir: əvvəlkindən daha çevik düşünən,
geniş informasiya bazası olan nəsil. Həmin
nəslin formalaşması, tam kamil yetişməsi təhsillə
birbaşa bağlı məsələdi. Bakı
Dövlət Universiteti gələcəyin layiqli şəxsiyyətinin
yetişdirilməsi istiqamətində ciddiyyətlə
çalışır. Axı, artıq həyatı bədii
əsərlərdən yox, real şəkildə öyrənməyə
can atan, cəmiyyətə rahatca uyğunlaşa bilən fərdlərə,
şəxsiyyətlərə ehtiyac var.
Bunun üçün BDU dünyadakı mütərəqqi təhsil
metodlarına söykənir və Azərbaycanın uğurlu
gələcəyinə nikbin nəzərlərlə
yanaşır.
Seymur Elsevər
Ekspress.-2013.-2
may.-S.15.