Azərbaycan elektron hökumətdən mobil hökumətə keçir

 

Vergilər Nazirliyi elektron imza sertifikat xidmətləri mərkəzi yaratdı

 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Dünən Vergilər Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkilatçılığı ilə "ASAN imza-mobil hökumətin açarıdır" mövzusunda konfrans keçirildi. Konfrans Azərbaycan prezidentinin 2012-ci il sentyabrın 5-də təsdiq etdiyi "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı"na uyğun olaraq Vergilər Nazirliyi tərəfindən həyata keçirilən yeni layihənin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatına həsr olunmuşdu.

    Tədbirdə vergilər naziri Fazil Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, "ASAN xidmət"in sədri İnam Kərimov, Milli Məclisin sədr müavini Bahar Muradova, Avropa Şurası Parlamentinin üzvü Kristina Oyland, nazir müavinləri, yerli və xarici sahibkarlar, beynəlxalq təşkilatların, dövlət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edirdi.

   Vergilər naziri Fazil Məmmədov bildirdi ki, son illərdə əldə olunan yüksək sosial-iqtisadi nəticələrə idarəetmə və xidmət sektorlarında mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə nail olunub. Ölkə başçısının müvafiq sərəncamı ilə 2013-cü ilin "İKT ili" elan olunduğunu xatırladan nazir, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı"na uyğun olaraq dövlət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyünü vurğuladı. Onun sözlərinə görə, Vergilər Nazirliyində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), "Elektron bəyannamə", "İnternet Vergi İdarəsi", e-Dövlət portalı, "Bir pəncərə", "ƏDV depozit hesabı", "Elektron vergi hesab fakturası", "Dövlət qurumları və banklarla inteqrasiya məlumat mübadiləsi sistemi" kimi iri dövlət layihələri tətbiq edilir. Son illər elektron hökumətin qurulması istiqamətində görülən işlər çərçivəsində Vergilər Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin geniş tətbiqinə başlanılıb, elektron məlumat bazaları yaradılıb. Nazir dedi ki, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin daim genişləndirilməsi, vergi ödəyiciləri ilə canlı əlaqə formalarının məhdudlaşdırılması vergi orqanları ilə ödəyicilər arasında münasibətlərin daha da sadələşdirilməsi digər dövlət qurumları ilə inteqrasiya və bu yolla şəffaflığın artırılmasına nail olunması Vergilər Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir və bu sahədə daim yeni layihələr həyata keçirilir.

   Məmmədov qeyd etdi ki, ölkəmizdə informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişaf etməsi əhali tərəfindən elektron xidmətlərdən istifadə tələbatını artırır və elektron imzaya ehtiyacı ön plana çəkir. Vergilər Nazirliyi tərəfindən digər elektron xidmətlərin elektron audentifikasiya və elektron imzadan istifadə etməklə həyata keçirilməsi və həmçinin mobil qurğular vasitəsilə təqdim olunması da nəzərdə tutulur. Bəzi xidmətlərdən istifadə isə yalnız elektron formada mümkündür və onların icra prosesində göndərilən və qəbul olunan sənədlərin onlayn rejimində məhdud zaman ərzində elektron imzalanması tələb olunur. Bu sahədə mövcud və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompüter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron imza Sertifikat Xidmətləri Mərkəzi yaradılıb. Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaq ki, bu da Azərbaycan vətəndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzərindən imzalanmasına şərait yaradacaq. Sistem mobil imza mərkəzi ilə inteqrasiya olunduğundan bütün növ qurğularda audentifikasiya imkanı verəcək. Bu isə ölkəmizdə internet/mobil bankçılığın inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaq.

   Nazirin fikrincə, yeni xidmətin işə salınmasını və onun mobil imza mərkəzi (ASAN-imza) ilə inteqrasiya olunmasını elektron hökumətdən mobil hökumətə keçid kimi qiymətləndirmək lazımdır.

   F.Məmmədov onu da bildirdi ki, Mobil imza (Asan imza) mərkəzi Fransa, İsveç, Finlandiya, Estoniya, Azərbaycan şirkətlərinin iştirak etdiyi beynəlxalq konsorsium tərəfindən yaradılıb.

   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda mobil imzanın tətbiqi ilə ölkədə elektron xidmətlərdən istifadənin artıracağını söylədi. Azərbaycanda internet istifadəçilərinin sayının sürətlə artdığını bildirən Ə.Abbasov ölkəmizin internet texnologiyalarının inkişafı və internetin əlçatanlığına görə MDB-də birinci, dünya ölkələri arasında isə 20-ci yeri tutduğunu qeyd etdi.

   Bununla yanaşı, nazir əlavə etdi ki, elektron xidmətlərdən istifadə aşağı səviyyədədir. "İndiyədək ölkədə cəmi 12 min elektron imza alınıb. Əhalinin sayının 9 milyondan artıq olduğunu, fiziki və hüquqi şəxslərin sayının sürətlə artdığını nəzərə alanda, elektron xidmətlərdən istifadə aşağı səviyyədədir".

   Abbasovun sözlərinə görə, Azərbaycanda Elektron İmza Sertifikat Xidmətləri Mərkəzinin işə salınması və onun yeni xidmətlər göstərməsi elektron xidmətlərin genişlənməsinə və onların təhlükəsizliyinə inamı artıracaq.

   Konfransda "Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi - yeni mobil xidmət imkanları" layihəsinin təqdimatı da oldu. Təqdimatı Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samirə Musayeva etdi. O bildirdi ki, yeni mərkəz ənənəvi elektron imzadan daha geniş imkanlara malik olan elektron imza və mobil imza təqdim edəcək. Mərkəzin göstərdiyi rəqəmsal kart gücləndirilmiş elektron xidmətə keçidi təmin edəcək. ASAN imza indiyədək verilənlərdən fərqli olaraq, bütün əməliyyat sistemlərində işləyə biləcək. Bu imzanı gələn ildən etibarən tətbiq olunacaq yeni şəxsiyyət vəsiqələrindəki elektron çipə də yükləmək olar. Bununla da vətəndaşın şəxsi və elektron imza məlumatları bir yerdə olacaq.

   Mərkəzin tətbiq etdiyi ən maraqlı yenilik isə mobil imzanın tətbiqi ilə bağlıdır. Mobil imzanın istifadəsi üçün əlavə kart oxuyan cihaza ehtiyac qalmayacaq. Bu xidməti əldə etmək üçün istifadəçilər telefonlarındakı sim-kartı yeni sim-kartla əvəz etməli olacaqlar. Yeni sim-karta mobil imza proqramı yüklənib və bu kartları bütün mobil operatorlardan, eləcə də ASAN xidmət mərkəzlərindən almaq mümkündür.

   S.Musayeva bildirdi ki, mobil imzada tətbiq edilən təhlükəsizlik sistemləri ən son tələblərə, o cümlədən Avropa direktivlərinin tələblərinə cavab verir. Ona görə də yeni imzanın köməyi ilə vətəndaşlar və sahibkarlar beynəlxalq maliyyə bank əməliyyatlarını da həyata keçirə, o cümlədən birgə müəssisə təsis edə, mühüm sənədləri imzalaya biləcək. Mobil imza mobil telefon, smartfon, planşet və digər qurğularda istifadə oluna bilər. Bunun üçün proqramları android-market və İQS-dan pulsuz yükləmək olar. Mobil imzadan təkcə mobil qurğularda deyil, istənilən kompüterdə də istifadə etmək olar.

   Qeyd edək ki, Azərbaycanda "ASAN imza" yeni mobil rəqəmli imza texnologiyasının tətbiqinə 2013-cü ilin əvvəlindən başlanılıb. Bu imza mobil telefon istifadəçiləri üçün nəzərdə tutulmuş ən asan və təhlükəsiz həllərdən biridir. Tələb olunan əsas vəsaitlər mobil telefon və yeni "ASAN imza" PİN kodudur. Bununla istifadəçi istənilən yerdə, hətta "iPad" kimi kartdan istifadə etmək mümkün olmayan qurğularda belə mobil imzadan istifadə edə bilər. "ASAN imza" üçün müxtəlif əlavə proqramların yaradılması planlaşdırılır, bu mobil telefon, kompüter və planşet vasitəsi ilə banklarda ödənişlərin həyata keçirilməsi, dövlət elektron istifadəsi, sənədlərin imzalanması üzrə proqramlardır. "ASAN imza" ən sərt təhlükəsizlik tələblərinə cavab verir.

   "Azercell Telekom" MMC-nin prezidenti Kiri Qaburiç mobil imzanın üstünlüklərini qeyd etməklə yanaşı, Azercell-in bu sahədə təklif etdiyi xidmətlər, həmçinin əldə olunan nailiyyətlər barəsində söz açdı. Konfransda Azercell-in də aid olduğu TeliaSonera Eurasia şirkətinin vitse-prezidenti Tonu Grunberg də məruzəsini iştirakçıların diqqətinə çatdırdı. "Asan İmzanın inkişafı - şimaldan cənuba qədər" mövzusundakı çıxışında vitse-prezident təklif olunan unikal xidmət olduğunu bildirdi.

 

"Asan xidmət" genişlənir

 

Mayın sonunadək Bakıda daha bir mərkəz açılacaq

 

    Azərbaycanın rayonlarında iyunun əvvəlindən etibarən "ASAN xidmət" mərkəzinin səyyar xidmətləri təşkil ediləcək. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "Asan xidmət"-in sədri İnam Kərimov məlumat verib.

   Onun sözlərinə görə, xidmətlər yeni avtobuslardan istifadə olunmaqla göstəriləcək. Vətəndaşlar doqquz dövlət qurumunun 25 növ xidmətindən, həmçinin 22 növ funksional xidmətdən istifadə edə biləcəklər. Kərimov bildirib ki, "ASAN xidmət" mərkəzi fəaliyyətə başladığı müddətdən etibarən 70 mindən artıq insan xidmətdən yararlanıb.

   Yeri gəlmişkən, İ.Kərimov onu da deyib ki, bu ayın sonunadək Bakıda "ASAN xidmət"in daha bir mərkəzi açılacaq. Dövlət Agentliyinin rəhbərinin bildirdiyinə görə, hazırda "ASAN xidmət"in birinci mərkəzi Bakının Nərimanov, Nəsimi və Binəqədi rayonlarında xidmət göstərir.

   Yay ərzində paytaxtın bütün sakinləri "ASAN xidmət" mərkəzlərinin xidmətlərindən istifadə etmək imkanları əldə edəcəklər. Kərimov bu ay "ASAN xidmət"in yeni mərkəzinin Sumqayıtda açılacağını vurğulayıb. "Gəncədə isə avqust ayında yeni mərkəz açılacaq", - deyə İ.Kərimov bildirib.

   Xatırladaq ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.

   "ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

   Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

 

 

Vasif Cəfərov

 

Ekspress.-2013.-3 may.-S.9.