Cənubi Qafqazın taleyi Bakıda həll edilir

 

I Cənubi Qafqaz Forumu

 

Prezident İlham Əliyev: "Cəmiyyətimizin demokratikləşməsi bizim üçün prioritet məsələdir"

 

Mayın 7-də Bakıda ikigünlük   I Cənubi Qafqaz Forumu öz işinə başlayıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.

   Foruma həmçinin Gürcüstan prezidenti Mixail Saakaşvili, İordaniya kraliçası Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, İordaniya Senatının rəhbəri Tair əl-Məsri, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, İsrailin keçmiş baş naziri Ehud Barak, Yunanıstanın keçmiş XİN rəhbəri Dora Bakoyannis, iranlı hüquq müdafiəçisi, Nobel mükafatçısı Şirin Ebadi, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberq, Finlandiyanın keçmiş prezidenti Tarya Halonen, YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor və bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb. Forumun gündəliyinə qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyətin müzakirəsi daxildir.

   "Biz siyasi islahatlar həyata keçiririk, cəmiyyətimizin demokratikləşməsi bizim üçün prioritet məsələdir", - deyə prezident İlham Əliyev Cənubi Qafqaz Forumundakı çıxışında bəyan edib. Dövlət başçısının sözlərinə görə, siyasi və iqtisadi islahatlar paralel həyata keçirilməlidir ki, bir-birini dəstəkləsin, qarşıya qoyulan məqsədlərə nail olunsun: "Biz müstəqillik dövründə, xüsusilə son 10 il ərzində böyük irəliləyişə nail olmuşuq. Ümumi daxili məhsulun (ÜDM) artımı 300 faiz təşkil edib ki, bu da dünyada rekord rəqəmdir. Eyni zamanda, yoxsulluğu azaldaraq, 50 faizdən 6 faizə endirmişik. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nəticələr beynəlxalq təsisatların diqqətindən yayınmır. Əsas beynəlxalq maliyyə təsisatlarının bununla bağlı rəyi müsbətdir. Davos Forumunun göstəricilərinə görə, Azərbaycanın rəqabətlilik baxımından reytinqi artıb. Biz ölkədə əsas iqtisadi islahatları həyata keçirə bildik. İqtisadi inkişaf baxımından keçid dövrü artıq başa çatıb. 83 faiz iqtisadi yatırımımız hazırda özəl sektor tərəfindən təmin edilir. Bizim özəl sektor kifayət qədər güclüdür. İqtisadi baxımından Azərbaycanın gələcək inkişafı da cəlbedicidir. Hazırda əsas diqqətimiz qeyri-enerji sektoruna yönəlir. 2013-cü ilin ilk üç ayında qeyri-enerji sektorunda böyük nailiyyətlər əldə edilib, 11 faizdən çox artım qeydə alınıb. Bu, bir daha göstərir ki, bizim iqtisadiyyatımız daha cəlbedicidir. İqtisadiyyatımızı şaxələndirmək istəyirik, bu istiqamətdə səy göstəririk. Çünki şaxələndirmə baş vermədikcə, daha böyük uğurlara nail ola bilmərik".

   Prezident İlham Əliyev bildirib ki, Azərbaycan müasir texnologiyalara daha çox sərmayə yatırır: "Bu il çox mühüm hadisəni yaşadıq. İlk dəfə olaraq Azərbaycanın süni peyki olan "Azerispace-1"-i fəzaya buraxdıq. Bu deməkdir ki Azərbaycanda kosmos sənayesi var. Bundan sonra "Azerispace-2" və "Azerispace-3" peykləri buraxılacaq. Biz beynəlxalq tərəfdaşlarımızla birgə Azərbaycanda çox güclü kosmos sənayesi yaratmaq fikrindəyik".

    Dövlət başçısı enerji sahəsinin Azərbaycan iqtisadiyyatı üçün əsas hissə olduğunu deyib: "Çünki uzun əsrlər boyu Azərbaycan neft ölkəsi olaraq tanınıb. Biz indi qaz hasil edən ölkə kimi də tanınırıq. Enerji sektoruna yatırılan sərmayələr bizə çox müsbət investisiya iqlimi yaratmaq imkanı verdi. Birbaşa xarici sərmayələrə görə biz regionda ilk yerdəyik. Bu da xarici şirkətlərin ölkəmizə gəlməsini şərtləndirir. Ağır fəsadları, bəzi ölkələrin üzləşdiyi problemləri təkrarlamamaq məqsədilə Dövlət Neft Fondu kimi mexanizm yaratdıq. Dövlət Neft Fondu dünyada ən şəffaf fondlardan biri kimi tanınıb. Biz bununla çətin vəziyyətə düşməkdən özümüzü sığortaladıq. Biz kasıbların daha da kasıblaşması, varlıların daha da varlanması kimi haldan yan keçdik"

   Prezident deyib ki, insan kapitalına, xüsusilə təhsil sahəsinə sərmayələr qoyulur: "Təhsil ümumiyyətlə uğuru şərtləndirən meyardır. Müxtəlif ölkələrin tarixi və təcrübəsi göstərir ki, nəinki iqtisadi inkişaf, o cümlədən intellektual potensial da vacib məsələdir. Biz 10 il öncə bəyan etdik ki "qara qızıl"ı insan kapitalına çevirmək fikrindəyik. İqtisadiyyatın şaxələndirilməsi, sosial layihələrin həyata keçirilməsi, infrastruktur layihələr və Azərbaycanda görünən dəyişikliklər onu göstərir ki, keçid sahəsində - yəni totalitar cəmiyyətdən demokratik cəmiyyətə, dövlət iqtisadiyyatından özəl iqtisadiyyata keçiddə yaxşı təcrübəmiz var".

   Dövlət başçısı bu gün Azərbaycanın tam olaraq öz resurslarına, güclü maliyyə imkanlarına malik ölkə olduğunu qeyd edib: "Bu da o deməkdir ki, iqtisadi böhran bizə təsir göstərmədi. Təbii ki, bütün bunlar ölkənin gələcək inkişafında öz rolunu oynayacaq. Biz bu gün öz dostlarımızla, tərəfdaşlarımızla enerji təhlükəsizliyi sahəsində fəal çalışırıq. Avropa ölkələri ilə, qonşularımızla bunu ona görə edirik ki, öz enerji potensialımızdan yaxşı yararlanaq".

   Ölkə rəhbəri Azərbaycanın enerji resurslarının bundan sonra daha 100 il ölkəyə kifayət edəcəyini də vurğulayıb.

   Prezident çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bəyan edib ki, "bu gün Ermənistan və Azərbaycan arasında davam edən münaqişə regionda sülhə, sabitliyə ciddi təhlükədir".

    İlham Əliyev bildirib ki, Azərbaycan təbii olaraq bu münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində təmin etmək istəyir: "Beynəlxalq hüquqa uyğun olaraq ərazilərimizin işğaldan azad olunmasını istəyirik".

   Dövlət başçısı xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onu əhatə edən 7 rayon işğal altındadır: "Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Həmin qətnamələr erməni silahlılarının həmin ərazilərdən çıxmasını tələb edir. Təəssüf ki, həmin qətnamələr 20 ildən çoxdur, yerinə yetirilmir".

   Prezident bildirib ki, buna baxmayaraq, Azərbaycan öz siyasətinə sadiq qalacaq və dövlətin daha da güclənməsi davam edəcək: "Biz iqtisadi siyasi islahatlarımızı davam etdirəcəyik. Çünki nə qədər güclü olarıqsa, münaqişəni bir o qədər tez aradan qaldıra bilərik".

   Dövlət başçısı Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında münasibətləri regional əməkdaşlığın ən yaxşı nümunəsi kimi xarakterizə edib: "Təəssüf ki, Cənubi Qafqazda üçüncü dövlət olan Ermənistanla münasibətlər gərgin vəziyyətdədir. Bu münasibətlərin normal səviyyəyə gəlməsi üçün Ermənistan regionda işğalçılıq siyasətinə son qoymalıdır".

   Prezident İlham Əliyev dövlətimizin fəal xarici siyasət yürütdüyünü vurğulayıb. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməsi respublikamızın müstəqillik illərində apardığı məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi və ölkəmizin qlobal arenada oynadığı rolun konkret nümunəsidir. Azərbaycanda daim multikulturalizmin hökm sürdüyünü və bu baxımdan ölkəmizin təcrübəsinin nümunə olduğunu deyən prezident İlham Əliyev beynəlxalq səviyyədə qarşılıqlı anlaşma və dözümlülüyə nail olunmasının vacibliyini bildirib.

   Cənubi Qafqaz Forumuna qatılan müxtəlif ölkələrdən gəlmiş siyasi xadimlər öz çıxışlarında Dağlıq Qarabağ münaqişəsindən narahatlıqlarını bildiriblər.

   İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən forumda İordaniya kraliçası Nur bildirib ki, qısa müddət ərzində Azərbaycan regionda sürətli inkişaf dövrü keçib. O deyib ki, İordaniya və Azərbaycan əhalisi və ərazisinin cəlbedici mövqeyi baxımından oxşar ölkələrdir, amma Azərbaycanda olan təbii zənginlik, təəssüf ki, İordaniyada yoxdur: "Biz buna həsəd aparırıq".

   İçərişəhərin nadir memarlıq nümunələrinə və Bakının müasir simasına valeh olduğunu deyən xanım Nur Azərbaycan paytaxtını Şərqin Parisi adlandırıb. O, Azərbaycanı həm də müxtəlif mədəniyyətlərin qovuşduğu mühüm məkan kimi dəyərləndirib. Nizami Gəncəvinin əsərləri ilə yaxından tanış olduğunu bildirən qonaq dahi şairin "Xəmsə"sinin müasir dövrdə də aktuallığını itirmədiyini söyləyib. Xüsusilə Nizaminin poemalarında qadının cəmiyyətdə rolu, ədalətli hökmdar, müharibələrə nifrət, insanpərvərliyin tərənnümü kimi mövzular bu gün də öz dəyərini saxlayır.

   Kraliça çıxışında Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycan üçün fəsadlarından danışaraq buna təəssüfləndiyini və münaqişənin tezliklə həllini arzuladıqlarını söyləyib: "Bu münaqişənin həlli nəinki tərəflər üçün, bütün Cənubi Qafqaz regionu ölkələri üçün uğurlar vəd edir".

   Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Sovet İttifaqının tərkibində olmuş respublikaların müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yolunda qarşılaşdıqları çətinliklərdən danışıb. Onun sözlərinə görə, həmin ölkələrin keçmişin stereotiplərindən azad olmaları üçün dövlət başçıları səylərini artırmalıdırlar. "Hər bir ölkənin, hər bir xalqın azad olmağa mənəvi haqqı var", - deyən Freyberqa ölkələrin ərazi bütövlüyünün müasir dünyada əsas məsələlərdən olduğunu vurğuladı. Bəzi ölkələrin işğal siyasəti ilə üzləşdiyini deyən qonaq deyib ki, BMT bu məsələdə daha həssas olmalı və yalnız sanksiyalarla kifayətlənməməlidir.

   Çıxışında forumun olduqca əhəmiyyətli bir hadisə olduğunu vurğulayan sabiq dövlət başçısının sözlərinə görə, Cənubi Qafqaz regionu olduqca həssas və dünya üçün strateji regiondur: "Burada Dağlıq Qarabağ münaqişəsi kimi problemin yaşanması yolverilməzdir. Regionda işğala son qoyulmalıdır və xalqların bərabərliyi, sərhədlərin toxunulmazlığı bərpa edilməlidir".

   Xanım Freyberqa bu mühüm və qlobal məsələlərin Bakıda müzakirəsi üçün yaradılan şəraitə və səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

   Niderlandın keçmiş baş naziri, Madrid Klubunun prezidenti Vim Kok bildirib ki, sabiq liderlərin üzv olduğu klubun əsas məqsədi demokratik ideyaları təbliğ etməkdir. O, forumun region üçün əhəmiyyətini vurğulayaraq, Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb: "Azərbaycan Cənubi Qafqazda ən önəmli ölkədir. Ölkədə və ümumiyyətlə, regionda müxtəlif dildə danışan çoxsaylı xalqlar var ki, bu da diqqəti cəlb edən amillərdəndir".

   Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə əminliyini bildirən Vim Kok gələcəkdə hansı ideyaların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyinə diqqəti yönəltdi. Belə bir forumun keçirilməsini aktual təşəbbüs kimi qiymətləndirən qonaq bir daha Azərbaycan tərəfinə bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığını bildirib.

   Daha sonra forum öz işini sessiyalarda davam etdirib. Gürcüstan prezidenti Mixail Saakaşvili çıxışında diqqəti buna cəlb edib ki, minlərlə Gürcüstan və Azərbaycan vətəndaşı öz evlərinə qayıda bilmir: "Çünki bu evlər hansısa siyasi səbəblərə görə daha onlara məxsus deyil. Nəticədə insanlar doğmalarının qəbirləri olduğu yerlərə gedə bilmirlər. Bütün bunlar böyük qüvvələrin oyunlarıdır".

   Saakaşvili ümid etdiyini bildirib ki, vaxt ötdükcə Cənubi Qafqaz perspektivdə Ermənistanın da daxil ola biləcəyi birləşmiş region olacaq: "Ümid edirəm ki, Cənubi Qafqaz uzunmüddətli perspektivdə birləşmiş region olacaq. Çünki Ermənistana qonşularla əlaqələr lazımdır və bu ölkə təcrid edilmiş dövlət kimi qala bilməz. Əminəm ki, Ermənistanı bu ümumi sabitlik zonasına inteqrasiya etdirə biləcəyik. Lakin bu, sadəcə Gürcüstana dəmiryolun açılması və bizim üçün strateji layihə olan Qars-Axalkalakiyə qoşulma hesabına deyil, siyasi liberallaşmanın bir hissəsi kimi baş verməlidir".

   Onun sözlərinə görə, regiondakı vəziyyət iki yolayrıcındadır. Son illər siyasi istiqamət baxımından bir çox hadisələr baş verib. Saakaşvili Azərbaycanın zəngin enerji resurslarına malik ölkə kimi əhəmiyyətini qeyd edib:

   "Azərbaycan Xəzər regionunda sabitlik, iqtisadi güc və müstəqil siyasətin uğurlu nümunəsidir". Prezidentin sözlərinə görə, Azərbaycanın xarici siyasəti indiki kimi qalmalıdır: "Dünya bu ölkədə qeyri-sabitliyə yol verməməlidir. Müstəqil kursun nəyə gətirib çıxardığını ölkənin nümunəsində gördük. Heç kəs gözləmirdi ki, belə proseslər Gürcüstanda olacaq, lakin bu baş verdi. Lakin Azərbaycan möhkəm, uğur qazanmış dövlətdir və biz ümid edirik ki, Azərbaycan olduğu kimi qalacaq. Biz bunu özümüz üçün də istəyirik, çünki öz səhvlərimiz sayəsində öyrənirik".

   Saakaşvili bildirib ki, Gürcüstandakı Azərbaycan diasporu cəmiyyətə tam inteqrasiya olunub: "Gürcüstanda yaşayan azərbaycanlılar - mən azlıq ifadəsini işlətməyi xoşlamıram - cəmiyyətə inteqrasiya olunublar. Biz cəmiyyətimizin bu cür müxtəlifliyindən qürur duyuruq".

   Prezident bildirib ki, Azərbaycan diasporu gürcü dilini öyrənir və cəmiyyətə daha çox inteqrasiya olunub: "Etnik azərbaycanlılara, xüsusilə kənd yerlərində yaşayanlara gürcü dilini öyrənməkdə kömək edən xüsusi proqramlarımız var. Onların öz mədəniyyəti və dili var, lakin onlar hamısı Gürcüstan vətəndaşıdır və dövlət dilini bilməlidir".

   Qeyd edək ki, forum ərəfəsində jurnalistlərə açıqlamasında Saakaşvili bəyan edib ki, Cənubi Qafqaz regionunun taleyi Azərbaycanda həll edilir: "Mübaliğəsiz, bizim regionumuzun gələcəyi burada Bakıda, Azərbaycanda həll edilir. Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstan, Ukrayna, Moldova, ümumiyyətlə, postsovet ölkələrinin müstəqilliyidir. Avropanın təhlükəsizliyi və dünyada azadlığın taleyi bu regionda, Azərbaycanda həll olunur".

   İsrailin sabiq baş naziri və müdafiə naziri Ehud Barak isə forumdakı çıxışında bəyan edib ki, İsrailə bütün qonşu ölkələrlə sülh lazımdır: "İsrail Dövləti yarandığı vaxtdan etibarən bir neçə müharibədə, bir çox hərbi əməliyyatlarda iştirak edib. Bu, kifayət qədər çətin vəziyyətdir, çünki bir tərəfdən ölkəmizdə 1,5 milyon qeyri-yəhudi, çox yaxşı vətəndaşlar yaşayır, digər tərəfdən isə bizim ölkəmiz bizə düşmənçilik münasibətləri bəsləyən dövlətlərlə əhatə olunub".

   Onun sözlərinə görə, İsraildə yaşayan müsəlmanların bu və ya digər dərəcədə Fələstinlə hər hansı münasibəti var. "İsraildə vəziyyət ölkədən kənarda baş verən hadisələrin təsiri altındadır. Biz Ənvər Sadatın uzaqgörən siyasəti nəticəsində Misirlə sülhə nail olduq. İordaniyanın mərhum kralı Hüseyn çox əhəmiyyətli addımlar atdı ki, bunun da nəticəsində İordaniya və İsrail arasında sülh əldə olundu, - deyə Barak bildirib və bununla yanaşı, təəssüflə vurğulayıb ki, İsrail Fələstinlə sülhə nail ola bilməyib. - ABŞ-ın sabiq dövlət katibi Hilari Klintonun iştirakı ilə görüşlər keçirilsə də, təəssüf ki, biz nəticə əldə edə bilmədik. Əbu Mazenin (Mahmud Abbas) başçılığı ilə Fələstinin son hökuməti ilə də eyni vəziyyətdəyik. Mən problemin tezliklə həll olunacağına dair xəyallar qurmaq istəmirəm, lakin inanıram ki, qonşularla sülhə nail olmaq üçün cəsarətli olmaq, riskə getmək lazımdır".

   Cənubi Qafqaz Forumu çərçivəsində bir sıra ölkələrin liderlərinin iştirakı ilə Qlobal Lider Alyansı təşkilatı yaradılıb.

   Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə bildirib ki, dünyanın 4 şəhərində alyansın mərkəzlərinin yaradılması planlaşdırılır: "Güman edirəm ki, Bakı şəhərində əsası qoyulan bu alyans dünyadakı digər siyasi klublar kimi, qlobal siyasətdə öz sözünü deyəcək".

   İbrahimov alyansın yaranması barədə forumun gedişində rəsmi açıqlamanın veriləcəyini bildirib.

   Komitə sədri həmçinin məlumat verib ki, I Cənubi Qafqaz Forumunun Bakı bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin düzgün həll olunması istiqamətində növbəti çağırış olacaq. Onun sözlərinə görə, yekun bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT qətnamələrinin həyata keçirilməsi, Minsk qrupunun fəaliyyətinin daha da gücləndirilməsinə dair çağırışların yer alacağı da gözlənilir.

 

 

A.Xəlil

 

Ekspress.-2013.-8 may.-S.3;11.