"Jurnalistlərin dostluğunu
qazanmaq çətindir"
Pərvanə
İbrahimova: "Mətbuat xidmətinin rəhbəri
jurnalistlərlə onun öz dilində
danışmağı bacarmalıdır"
Hər bir qurumun siması onun mətbuat
xidmətinin rəhbəri, mətbuat
sözçüsüdür. Məhz bu sözçülərin
köməkliyi ilə biz sorğularımıza cavab alır,
müəyyən fikirlərə münasibətlər öyrənir,
aidiyyəti insanlarla əlaqə qurmaq üçün
yardım istəyirik. Amma təəssüf ki, heç də
bütün idarə və qurumların mətbuat xidmətləri
jurnalistlərin üzünə açıq olmur. Bununla belə,
işinin öhdəsindən layiqincə gələn, media əhlinin
bütün suallarını cavablandıran mətbuat xidməti
rəhbərləri də az deyil. Elə biz də
"Sözçü" rubrikamızda sizləri onlarla
tanış edəcəyik.
"Sözçü"nün budəfəki
qonağı Bakı Dövlət Universitetinin mətbuat xidmətinin
rəhbəri Pərvanə İbrahimovadır.
- Düzü məktəbi bitirəndə
jurnalist olmaq barədə düşünmürdüm. Həyatımda
müstəsna rolu olan qardaşım Bəybalanın arzusu ilə
ixtisas seçimini etmişdim. İş elə gətirdi ki,
Bakı Dövlət Universitetinin "Beynəlxalq
jurnalistika" ixtisasına yiyələnməli oldum. Tələbəlik
dövründə başqa sahələrə meyllənmək
istəsəm də alınmadı və universitetin sonuncu
kursunda jurnalist kimi fəaliyyət göstərməyə
başladım. Bu işdə mənə tələbə
yoldaşım, o vaxtlar "Avrasiya" qəzetinin "Hər
gün" adlı əlavəsində işləyən
Gülgün Quliyeva kömək etdi. Mən də həmin qəzetlə
əməkdaşlığa başladım. Bizi universitetdən
təcrübəyə də göndərdikləri
üçün bir az həvəslənmişdim. Amma utancaq
olmağım istər-istəməz məni bu sahədən
uzaqlaşdırırdı. Həm
düşünürdüm ki, bu sahədə özümü
təsdiq edə bilmərəm, həm də köklü istəyim
yox idi. Qrupumuzda isə köklü həvəsi olan, öz istəyi
ilə daxil olan uşaqlar çox idi. Məndə isə bu
istək çox gec - 4-cü kursda oxuyanda yarandı. Bir
müddət "Hər gün"də
çalışdıqdan sonra ara verdim. Yenidən jurnalistikaya
qayıtmağım isə magistraturada oxuyan dövrlərə
təsadüf etdi. Qrup yoldaşım Zaur Əliyevin təklifi
ilə 1998-1999-cu illərdə onun
çalışdığı "Elçi" qəzetində
işə başladım. Buna qədər "Hər
gün", "Retro," "Gəncənin səsi",
"Yeni Era" qəzetlərində yazılarım çıxsa
da, ilk iş yerim "Elçi" qəzeti oldu. Kollektivin
mehribanlığı, səmimi münasibət mənə
burada çalışmağa təkan verdi, jurnalistikanı
sevdirdi. Bəzən deyirlər ki, "jurnalist olmaq
üçün gərək qapıdan qovsalar, pəncərədən
girəsən". Amma burada bütün qapılar mənim
üzümə açıq idi. Səmimi münasibət
öz üzərimdə işləmək üçün mənə
təkan verdi. Qısa bir vaxtda bu redaksiya sanki doğma evimə,
ocağıma çevrildi. 2000-ci ildə magistraturanı bitirəndən
sonra universitetdə qalıb, mətbuat xidmətində
çalışmağa başladım. Qəzetdə də
yazılar verirdim. 2007-ci ildən "Jurnalistika" fakültəsində
dərs deməyə başladım. 2010-cu ildən isə
artıq 10 ildir işlədiyim şöbənin rəhbəri
vəzifəsinə təyin edildim. Universitetdə mətbuat
xidməti yaranandan çalışıram. Yəni mətbuat
xidmətinin yaşı qədər iş təcrübəm
var. Mətbuat xidmətinin formalaşmasında,
uğurlarında birbaşa iştirakçı olmuşam, ona
görə də bura ikinci evim kimidir. Mənə qədər
mətbuat xidmətinin rəhbərləri, tanınmış
jurnalistlər Aynur Bəşirli, Qafar Çaxmaqlı və
Şərəf Cəlilli olublar.
- Necə oldu ki, universitetdə
qaldınız, mətbuat xidmətində işə
başladınız?
- 2000-ci ilin yanvar ayı idi. Universitet 80 illik yubileyinə
hazırlaşdırdı. "Elçi" qəzetinin baş redaktoru Əli
Həziquliyevin tapşırığı əsasında
yubileylə bağlı BDU-nun rektoru Abel Məhərrəmovdan
müsahibə hazırlamaq tapşırığı
almışdım. Həmin vaxt mətbuat
xidmətinin rəhbəri Aynur xanım idi. Ona müraciət etdim. Dedi ki, 80 illik yubileyə
hazırlaşdıqları üçün vaxtı məhduddur.
Yaxşı olar ki, yubileyilə bağlı
müəllif yazısı hazırlayım. Mən də "Universitet 80 illik yubileyinə
hazırlaşır" adlı məqalə yazdım. Aynur xanım yazını Abel müəllimə
göstərmişdi. Yazını bəyəndiyi
üçün rektor mənimlə görüşmək istəmişdi.
Bir müddət sonra Aynur xanım Abel müəllimlə
müsahibə götürmək istəyən jurnalistləri
bir araya toplamışdı. Həmin vaxt
Abel müəllimə bəyəndiyi yazının müəllifi
kimi təqdim edildim. Bəlkə də o
yazının hörmətli rektorumuz tərəfindən bəyənilməsi,
bəlkə də həm bakalavr, həm də magistratura pilləsini
fərqlənmə diplomu ilə başa vurmağım universitet
qapılarını üzümə açdı. Bu elə bir məqama təsadüf etmişdi ki, Gəncədə
yaşayan valideynlərim Bakıda qalıb, jurnalist kimi fəaliyyət
göstərməyimin əleyhinə
çıxmışdılar. Özüm
mübariz insan olsam da, onların təkidi məni həvəsdən
salırdı. Gəncəyə
qayıtmaq fikrim vardı, amma Abel müəllimin bu təklifi
məni Bakıda saxladı. Və mətbuat
xidmətində qalıb, çalışmağa
başladım. O yazının mənim həyatımda
böyük əhəmiyyəti oldu. Surətini
hələ də saxlayıram.
-
Jurnalist olmaq arzunuz olmasa da, iş elə gətirib ki, indi
jurnalistlərlə çalışırsınız. Jurnalistikada isə müxtəlif xarakterli insanlar var. Sizə
çətin olmur ki?
- Qətiyyən çətinliyi yoxdur. Özüm praktik jurnalist kimi işlədiyimdən
bu sahənin nə qədər çətin olduğunu bilirəm.
Ona görə də hər zaman jurnalistləri
başa düşməyə çalışıram. Bəzən verdikləri suallar yerində olmasa da,
cavablandırmağa çalışıram.
Çünki onların aldığı maaş
bizim verdiyimiz məlumatlardan çıxır, başqa
sözlə, o, həmin informasiya ilə evinə
birgünlük çörək apara bilər. Bəzi
hallarda jurnalistlərdə tələskənliyi müşahidə
edirəm. Dəstəyi götürən
kimi "salam Pərvanə xanım, bu məsələyə
münasibət bildirin" deyir və diktafonu qoşurlar.
Bilirsiniz, mən mətbuat xidmətinin rəhbəriyəm,
nə mühasibəm, nə tədris işçisi və s.
Buna görə də hər şeyi bilmək məcburiyyətində
deyiləm. Müraciət edilən sualla
bağlı məsələni öyrənmək
üçün hörmətli jurnalistlərimiz heç
olmasa 15-20 dəqiqəlik vaxt verməlidirlər. Bəzən qeyri-ciddi KİV nümayəndələri
ilə də üz-üzə qalırıq, onları belə
narazı salmamağı çalışırıq. Mətbuat xidmətinin rəhbəri jurnalistlərlə
öz dilində danışmağı bacarmalıdır.
- Sizcə, reket jurnalistikasının
yaranmasına səbəb nə oldu?
- Bilirsiniz, bu gün istənilən şəxs
qəzet qeydiyyatdan keçirə bilər. Hər
bir insan öz-özünə hörmət qoymalıdır.
İnsan özünə hörmət qoymasa, ona heç kim hörmət etməyəcək. Bir dəfə
xanım bir qız özünü belə təqdim
etmişdi: "Mən filan qəzetin şöbə
müdirinin bölmə müdiriyəm". Bu
kimi o qədər sözlərdən istifadə edirlər ki,
onların əvəzinə utanıram. Bu
insan özünə hörmət qoymursa, biz nə deyə bilərik?
Jurnalistika cəmiyyətin
güzgüsüdür. Burada hər bir insan,
ciddi jurnalist də, qeydi-ciddi jurnalist də aydın
görünür. Son zamanlar reket jurnalistlər
kütləvi hal alıb. Düzdür, Mətbuat
Şurası bununla mübarizə aparır, onları "qara
siyahı"ya salır. Amma
görünür bu yetərli deyil. Onların
sayı artır. Fikrimcə, zamanla
bunların sayı azalacaq. Artıq
çap mediası elektron media ilə əvəzlənmək
mərhələsindədir. Kimə
lazımdır elə qəzetlər?
- Bəzi mətbuat xidməti rəhbərləri
özlərini çox uca tuturlar. Jurnalistlərlə
danışmaq istəmir, onlarla yuxarıdan aşağı
davranırlar. Sizcə, bu nədən irəli
gəlir?
- İstənilən bir müəssisədə
ictimaiyyətlə əlaqələr şöbəsi qurumla cəmiyyət
arasında körpü yaratmaq məqsədilə
yaradılıb. Hər bir mətbuat
xidmətinin rəhbəri başa düşməlidir ki, onu
yaraşıq üçün həmin vəzifəyə
oturtmayıblar. Onu oturdublar ki, təmsil
etdiyi müəssisə ilə ictimaiyyət arasında
uğurlu münasibətlər yaratsın. Əgər bir mətbuat xidmətinin rəhbəri
bunu bacarmırsa, niyə oturub o vəzifədə? Mətbuat xidmətinin rəhbəri operativ
olmalıdır. Digər tərəfdən,
mətbuat xidmətinin yaxşı işləməsi
üçün müəssisənin rəhbəri
özü mətbuata açıq olmalı, mətbuat xidmətinə
də bu şansı yaratmalıdır. Bu baxmıdan biz şanslı mətbuat xidmətiyik.
Bizim rektorumuz jurnalistlərə çox
açıqdır. Bizə jurnalistləri
incitməməyi, suallarına vaxtlı-vaxtında cavab verməyi
xüsusilə tapşırıb. Telefonum
hər zaman açıqdır və jurnalistlərə
özüm cavab verirəm. Və mənim
üçün çox xoşdur ki, onlar zəng edir,
maraqlanır, araşdırırlar. Hər
bir halda siz dediyiniz məqamlar varsa, bu həmin mətbuat xidməti
rəhbərinin zəifliyindən və insani keyfiyyətlərindən
irəli gəlir. Pis imic qazanmamaq
üçün mətbuat xidmətləri jurnalistlə normal
davranmalıdır. Qurumlar mətbuat xidməti
seçərkən, sadə danışıq dili olan, mətbuatla
danışmağı bacaran insanlara üstünlük verməlidirlər.
Bəzi həmkarlarım var ki, gördükləri
işi yeri gəldi-gəlmədi reklam edirlər. Əslində isə mətbuat xidməti işi
görüb, onu qiymətləndirmək üçün mətbuatın
ixtiyarına verməlidir. Jurnalistlərin
dostluğunu qazanmaq çətindir. Bunun
üçün çox çalışmaq lazımdır.
Yaxşı ki, jurnalistlər var.
- Bəzən deyirlər ki, mətbuat xidmətinin
işinin başlanma saatı var, bitmə saatı yoxdur...
- Bizim işimizin nə başlama saatı
var, nə bitmə saatı. Bəzən o qədər iş
olur ki, vaxtında əvvəl gəlib, vaxtından
sonra gedəsi oluruq. Düşünürəm
ki, görəsən internet olmasaydı, necə
çatdırardıq və yaxud vaxtilə necə
çatdırmışıq. Şöbənin
əməkdaşlarına da deyirəm ki, işin bitmə
saatını gözləmək lazım deyil. İşin bitməsinə çalışmaq
lazımdır. İki övladım var, ailə, ev qayğıları. Bəzən
özüm də təəccüb edirəm ki, bütün
bunları necə çatdırıram. Mən
işi bitirib, sonra evə gedirəm. Məndə
işə sevgi var, məhəbbət var.
- Səhv etmirəmsə, arada köşələr
yazırsınız?
- Bəli. Hər bir
yazını yeni doğulmuş uşağa bənzədirəm.
Bəzən elə olur ki, yazmaq istəyirəm,
amma vaxt qıtlığından edə bilmirəm.
Yazanda özümü çox rahat hiss edirəm. Jurnalistika gözəl peşədir. İnsan yazıyla danışır. Oraya sevgisini, kinini, nifrətini, bütün hisslərini
qoyur və daxilən çox rahat olur. Son
zamanlar ərəb dilini təkmilləşdirməyə
çalışıram. Bu səbəbdən
davamlı yaza bilmirəm. Bir vaxtlar istəməsəm
də, nə yaxşı ki, jurnalist oldum.
- Özünüzü necə xarakterizə
edərdiniz?
- Mübariz insanam. Ailədə
8 uşağıq, mən sonuncuyam. Həmişə
fərqlənən insan olmuşam. Anam
mühafizəkar insandır, 5 bacıyıq, onun diliylə desək,
hamımızı yerbəyer edib. Haqsızlığa
boyun əyməmişəm, hər zaman dərinliyinə
gedib, haqlı olduğumu sübut etmişəm.
İşgüzaram...
- Dostlarınızı necə
seçirsiniz?
- Demək olar ki, son zamanlar dost qazanmamışam.
İnsanlar dəyişib. Nə
qalıbsa köhnədən qalıb. İnsanın
ən böyük dostu öz daxilidir. Bəzən
ürəyinin sirrini bölüşdüyün insan sonradan sənin
ən böyük düşməninə çevrilə
bilir. Bu ən
böyük problemdir.
İradə CƏLİL
Ekspress.- 2013.-
11-13 may.- S. 7.