"E-hökumət"
portalında xidmətlərin sayı artır
İnformasiya və
kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
"Elektron hökumət"
portalında (www.e-gov.az) dövlət təşkilatları tərəfindən
göstərilən elektron xidmətlərin sayında
artım müşahidə edilir. Artıq portalda 35 dövlət
qurumu tərəfindən 207 elektron xidmət istifadəçilərə
təqdim edilir.
Hər bir dövlət qurumu elektron xidmətlərini
"bir pəncərə" prinsipi əsasında istifadəçilərə
portal vasitəsilə təqdim edir, məlumatların keyfiyyətinə,
tamlığına və düzgünlüyünə
qurumların özü cavabdehdirlər. Qeyd edək ki, bu portal
müasir informasiya texnologiyalarından istifadə etməklə
dövlət qurumları tərəfindən Azərbaycan ərazisində
yaşayan bütün vətəndaşlara, hüquqi və
fiziki şəxslərə, xarici vətəndaşlara və
vətəndaşlığı olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə
şərait yaradır.
Yaradılan yeni imkanların əsas məqsədi
xidmətlərin göstərilməsi üçün
dövlət qulluqçuları və vətəndaşlar
arasında olan "məsafəni" maksimum azaltmaq, bu
münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.
Bu məqsədə çatmağın
əsas vasitələri isə dövlət orqanları tərəfindən
elektron xidmətlərin geniş tətbiqi, onların
sayının və keyfiyyətin artırılması, vətəndaşların
xidmətlərdən məmnunluğunun yüksəldilməsidir.
Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların
dövlət orqanları ilə təmaslarının daha
münasib şəkildə təşkili üçün
"bir pəncərə" prinsipi əsasında təşkil
olunan və dövlət orqanlarının göstərdiyi
elektron xidmətlərin cəmləşdirildiyi "Elektron
hökumət" portalı fəaliyyət göstərir.
Vətəndaşlara bu cür xidmətlərin
göstərilməsi dünya təcrübəsində
dövlət idarəçiliyində bir innovasiya kimi qəbul
edilir. Vətəndaş istənilən dövlət qurumuna
müraciət edib, ona aid olan lazımi məlumatı qanun
çərçivəsində əldə edə bilər.
Portal vasitəsilə dövlət idarəçiliyində
keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların
həmin xidmətlərdən aktiv istifadəsinə imkan
yaradır.
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin məlumatına
görə, may ayında dövlət təşkilatları tərəfindən
daha bir neçə elektron xidmət "Elektron hökumət"
portalı vasitəsilə göstərilməsinə
başlanılıb.
Son istifadəyə verilən elektron xidmətlərdən
bir neçəsini qeyd etmək olar. Prezident yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya "Elektron
hökumət" portalı vasitəsilə 4-cü elektron
xidmətini istifadəyə təqdim edib. "Dövlət
qulluqçularının Reyestrindən məlumatların
verilməsi" adlanan bu xidmət vasitəsilə qurumda
çalışan dövlət qulluqçuları
haqqında ətraflı məlumat əldə etmək
mümkündür. Məlumat axtarışı dövlət
qulluqçularının Fərdi İdentifikasiya Nömrəsi
(PIN) əsasında aparılır. Burada dövlət
qulluqçusunun soyadı, adı, doğulduğu tarix,
yaşadığı məntəqə, əlaqə vasitələri,
iş yeri və vəzifəsi haqqında ətraflı məlumat
verilir.
Səhiyyə Nazirliyinin növbəti
elektron xidməti "Tibbi kadrların vahid registrindən məlumatların
verilməsi" adlanır. Axtarış tibbi kadrların
şəxsiyyət vəsiqəsindəki Fərdi
İdentifikasiya Nömrəsi (PİN) əsasında
aparılır. Burada tibbi kadrlar haqqında ətraflı məlumat
əldə etmək mümkündür. Məsələn,
tibbi kadrların doğum tarixi, ailə vəziyyəti,
telefonu, elektron poçt ünvanı, işlədiyi rayon,
şəhər, müəssisə, işə qəbul olunma
tarixi, işlədiyi ixtisas, vəzifəsi, ştat vahidi,
hazırki ixtisas üzrə stacı, elmi vəzifəsi, dərəcəsi,
təhsili, keçdiyi kurslar, aldığı sertifikatlar və
s. haqqında məlumat əldə etmək imkanı var.
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin növbəti yeni elektron xidməti
"Telefon nömrəsi üzrə axtarış"
adlanır. Telefon nömrəsini daxil etdikdən sonra istifadəçilər
bir sıra məlumatları əldə etmək imkanına
malik olurlar. Bu məlumatlar içərisində nömrə
sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin
növü, vətəndaşın şəhərlərarası
və beynəlxalq danışıqlar üzrə borcları,
ADSL internet borcları və s. qeyd etmək olar. Bu xidmət həmçinin
istifadəçilərə borclarını online şəkildə
ödəməyə də imkan verir.
Nazirliyin digər yeni xidməti
"Radiorabitə vasitələrinin qeydiyyatı
üçün e-müraciətin və sənədlərin
göndərilməsi" adlanır. Bu xidmət vasitəsilə
vətəndaşlar nazirliyin Dövlət Radiotezliklər
İdarəsi tərəfindən təqdim olunan ərizə
formasını doldurmaqla öz müraciətlərini göndərmək
imkanına malik olurlar.
Tələb olunan məlumatlar içərisində
REV-lərin siyahısı, tipi, markası, sayı, rəhbər
şəxsin adı və soyadı, vəzifəsi, müraciət
edən təşkilatın tam adı, elektron poçt
ünvanı və s. qeyd etmək olar. Eyni zamanda müraciət
edən şəxslərdən uyğunluq sertifikatı və
xüsusi icazə ilə bağlı faylların da yüklənilməsi
tələb edilir.
Ədliyyə Nazirliyi "Elektron
hökumət" portalında sayca beşinci elektron xidmətin
göstərilməsinə başlayıb. "İcra
qurumları və onlar tərəfindən hərraca
çıxarılan əmlaklar, eləcə də dəyəri
500 manatdan artıq olmayan daşınar əmlakın
satışı üzrə ticarət şəbəkələri
haqqında məlumatın verilməsi" adlanan və
informativ xarakter daşıyan bu xidmət vasitəsilə
bütün vətəndaşlar dəyəri 500 manatdan
artıq olmayan daşınar əmlakın satışı
üzrə ticarət şəbəkələri haqqında ətraflı
məlumat əldə etmək imkanına malikdirlər. Burada
orqanın adı, məsul şəxs, telefonlar, ünvan,
iş günləri, iş vaxtları, fasilə və istirahət
günləri ilə bağlı informasiya əksini tapıb.
Gənclər və İdman Nazirliyi tərəfindən
gənclər təşkilatlarının layihələrinin
maliyyələşdirilməsi ilə bağlı elan olunan
müsabiqə çərçivəsində "Demokratik Gənclər
İctimai Birliyi tərəfindən "Peşələri məsafədən
seçək!" distant məlumat məsləhət xidmətinin
yaradılması layihəsi həyata keçirilir. Layihə
çərçivəsində "www.karyeram.az" internet
portal hazırlanıb. Gənclər portal vasitəsi ilə
özlərinin bacarıqlarının hansı istiqamətə
daha uyğun olduqlarının müəyyən edilməsi,
müxtəlif iş və peşə seçimi imkanları,
distant təhsil vasitəsi ilə müxtəlif kurslardan
keçmə imkanlarına, eyni zamanda interaktiv məlumat-məsləhət
xidmətlərinin alması kimi imkanlara malik olacaq.
Dövlət Statistika Komitəsi də
sayca 4-cü elektron xidmətini "Elektron hökumət"
portalı vasitəsilə təqdim edir. Bu xidmət
"Protokol nömrəsinə görə məlumatların
(Protokol və Akt) əldə edilməsi və cərimənin
ödənilməsi" adlanır. Lazımı
informasiyanı əldə etmək və cəriməni ödəmək
üçün vətəndaşlardan komitə tərəfindən
təqdim olunan ərizə formasını doldurmaq tələb
olunur. Ərizənin ümumi detallarına protokolun nömrəsi,
vətəndaşın adı və soyadı, iş yeri, vəzifəsi,
ünvanı, telefon nömrəsi, elektron poçt
ünvanı, poçt indeksinin yazılması daxildir. Burada həmçinin
ödənişin növü və məbləğın
göstərilməsi də tələb olunur. Ödənişin növü VISA Electron, VISA,
MasterCard və Maestro plastik
kartları ilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin daha iki yeni xidməti "Elektron hökumət" portalında
göstərməyə başlayıb. Bu xidmətlər
"Meşə fondu torpaqlarından istifadə edilməsi
üçün razılığın verilməsi" və
"Ətraf mühit və təbii sərvətlərlə
bağlı məlumatın verilməsi" adlanır.
"Meşə fondu torpaqlarından
istifadə edilməsi üçün razılığın
verilməsi" xidmətinin istifadəsi vətəndaşların
şəxsiyyət vəsiqəsindəki PİN məlumatları
əsasında mümkün olur. Vətəndaşlar nazirlik tərəfindən
onlara təqdim olunan ərizə formasını doldurmaqla bu
sahədə razılıq əldə edə bilərlər. Ərizə
formasındakı şəxsiyyət vəsiqəsindəki məlumatlar
sistem tərəfindən avtomatik olaraq qeyd edilir. Növbəti
hissələrdə vətəndaşlar fəaliyyət
növünü, ünvan, telefon, elektron poçt
ünvanını yazaraq, vergi orqanları tərəfindən
uçota alınması haqqında müvafiq sənədin
surətini, meşə fondu torpaqlarından istifadə edilməsi
məqsədilə ərizəni, razılığın
verilməsindən imtina edilmədiyi halda dövlət
rüsumunun ödənilməsi haqqında təsdiq edici sənədi,
meşə fondu torpaqlarından istifadə ilə bağlı
müqaviləni fayl şəklində əlavə etməlidirlər.
Burada həmçinin ərizəçinin müəyyən
mətn daxil etmək imkanı da vardır.
"Ətraf
mühit və təbii sərvətlərlə bağlı məlumatın
verilməsi" xidmətindən istifadə də birinci xidmətdə
olduğu kimi aparılır və müvafiq ərizə
forması doldurulur. Bu ərizə formasında isə məlumatın
verilməsindən imtina edilmədiyi halda dövlət
rüsumunun ödənilməsi haqqında təsdiqedici sənədin,
vergi orqanları tərəfindən uçota alınması
haqqında müvafiq sənədin surətinin, həmçinin
müqavilənin fayl şəklində əlavə
olunması tələb olunur.
İqtisadi İnkişaf Nazirliyi də
"Elektron hökumət" portalında 2 yeni xidmətin təqdim
etməyə başlayıb. Bu xidmətlər "Avropa
İttifaqı ölkələrinə yeyinti məhsullarının
ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə
təsdiqedici kod nömrəsinin verilməsi üçün
müraciətin və sənədlərin qəbulu" və
"İnzibati cərimələrin və maliyyə
sanksiyalarının internet vasitəsilə ödənilməsi"
xidmətləridir.
Avropa İttifaqı ölkələrinə
yeyinti məhsullarının
ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinin
sahibləri nazirlik tərəfindən tələb
olunan anket formasını dolduraraq sorğularını göndərmək
imkanına sahibdirlər. Qeyd edək ki, həmin
anket formasında vergi orqanları tərəfindən sahibkarların
uçota alınmasını
təsdiq edən müvafiq sənədin surəti də tələb olunur. "İnzibati cərimələrin
və maliyyə sanksiyalarının internet vasitəsilə
ödənilməsi" xidməti
vasitəsilə isə
sahibkarlar ödənişi
yerinə yetirə bilərlər.
Onu da
əlavə edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərəfindən
"2013-2015-ci illərdə "Elektron hökumət"in
inkişafı Dövlət
Proqramı" layihəsi
hazırlanır. Təxminən bu ayın sonuna
qədər layihə
Prezident Administrasiyasına
təqdim olunacaq.
Bu proqram "Azərbaycan
Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramı"nın davamıdır. Yeni proqram respublikada
"Elektron hökumət"in
formalaşdırılması və bunun üçün
dövlət orqanlarında
müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi
yolu ilə idarəetmənin metod və mexanizmlərinin təkmilləşdirilməsi, elektron
xidmətlərin göstərilməsi,
həmçinin əhali
və təşkilatların
bu xidmətlərə
asan və sərbəst çıxışı
üçün kompleks
tədbirlərin görülməsini
nəzərdə tutur.
Vasif CƏFƏROV
Ekspress.- 2013.-
11-12 may.- S. 10.