Zamana sığmayan böyük azərbaycanlı

 

  Heydər Əliyev-90

 

  Mayın 10-da zəmanəmizin görkəmli siyasətçisi, dövlət xadimi və böyük öndəri, çağdaş Azərbaycanın memarı Heydər Əliyevin 90 illik yubileyi qeyd ediləcək. Milli hafizəmizdə siyasi-mənəvi heykəli əbədi ucaldılmış bu parlaq şəxsiyyətin yubiley tədbirləri ölkə boyu və beynəlxalq miqyasda artıq çoxdan keçirilməyə başlayıb.

Təbii ki, tarixi şəxsiyyətlər, öndərlər, dahilər yalnız və sadəcə yubileydən-yubileyə anılacaq kəslər deyil. Onları hər zaman anmaq, xatirəsini əziz tutmaq hər bir həmvətəninin minnətdarlıq borcudur. Digər tərəfdən, onlar elə örnəklərdir ki, fərdi və ümumi (milli) yaddaşa əbədi həkk olunurlar. Heydər Əliyev məhz Azərbaycan üçün doğulmuşdu, gördüyü nəhəng işlər doğma Vətəni naminə idi, həyatını xalqının siyasi, iqtisadi, mənəvi-mədəni tərəqqisinə və çiçəklənməsinə, müstəqil Azərbaycanın güclənməsinə, dünyada tanınmasına və söz sahibi olmasına həsr etmişdi. Və o, həyatını həsr etdiyi bu nəhəng missiyanı müdrik siyasəti ilə dönmədən, yorulmadan öz zirvəsinə çatdıra bildi və tariximizə əbədi həkk olunmuş nailiyyətlərə imza atdı...

Vaxt keçdikcə Heydər Əliyevin əzəməti göz önündə daha qabarıq canlanır və onu sanki əfsanəvi, fövqəl simaya çevirir. O anlamda ki, bir-iki ömürə yetməyəcək böyük bir missiya 30 illik bir müddətdə necə yerinə yetirilə bilinmişdi?!. Üstəlik, əfsunlayıcı xarizma, güclü məntiq, natiqlik məharəti, fenomenal yaddaş, heyranedici intuisiya, düzgün olanı anında fərqləndirmək bacarığı, səmimiyyət və diplomatiya, həlimlik və qətiyyət, mərdlik və ədalət, mülayimlik və zəhm! Bütün bunları dahi, fövqəl iradəyə malik siyasətçi özündə birləşdirə bilərdi! Məhz belə müdrik öndər taleyinə yazılmış böyük tarixi missiyanı - Vətənin və millətin YÜKünü çəkməyi bacara bilərdi!

Məhz Heydər Əliyev xalqının taleyüklü məqamlarında xilaskar rolu oynadı - uzun illər yorulmadan, dinclik bilmədən çalışdı, ölkənin üzləşdiyi bəlaları dəf etdi, dövlətini qurdu, əsaslarını möhkəmlətdi və uğurlu perspektivi üçün yeni üfüqlər açdı...

Bu günlərdə Moskvada Heydər Əliyevin 90 illiyinə həsr edilmiş tədbirdə çıxış edən ümummilli liderin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qeyd etdi ki, Heydər Əliyevin əzəməti və böyüklüyü zaman keçdikcə daha çox başa düşülür: "Heydər Əliyevsiz yaşadığımız bu 10 il bizə göstərmişdir ki, Ulu Öndərlə Azərbaycanın taleyi əbədi olaraq sıx çulğalaşmış, vəhdət təşkil etmişdir. Çiçəklənən, müstəqil və güclü müasir Azərbaycan elə onun ömrünün davam etməsi deməkdir. Heydər Əliyev hamını heyran qoyan, qəfil dönüşlər və cəsarətli çağırışlarla dolu parlaq bir ömür yaşamışdır. Özündən sonra Yer üzündə qoyduğu misilsiz və möhtəşəm iz onun adını dünyanın sərvətinə çevirmişdir. Onun səyləri ilə ölkəmiz əsl müstəqillik qazanmış və məhv olmaqdan qurtulmuşdur. Heydər Əliyev bu gün dünyanı özünün iqtisadi, siyasi və mədəni nailiyyətləri ilə heyrətləndirən bir Azərbaycan yaratmışdır. O, ölkəmizi dünya siyasi arenasına çıxarmış və onun nüfuzu sayəsində Azərbaycanın səsi ən yüksək kürsülərdən eşidilmişdir. Onun üçün ölkəsinin və xalqının rifahı həmişə ən başlıca məsələ olmuş və o, bütün ömrünü bu amala həsr etmişdir".

Heydər Əliyev erası - 30 ildən artıq bir dövr Azərbaycan tarixinin çağdaş mərhələsini özündə ehtiva edir. Bu, Azərbaycan tarixinin çətin, mürəkkəb, təhlükələrlə dolu, amma şərəfli bir dövrdür. Çünki müstəqil Azərbaycan dövlətinin özü bu dövrün məhsuludur...

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub. 1940-1969-cu illərdə Azərbaycan dövlət təhlükəsizlik orqanlarında işləyib. 1967-69-cu illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub. 1945-ci ildə Sov.İKP üzvlüyünə qəbul olunub. 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi olub. 1982-87-ci illərdə Sov.İKP MK Siyasi bürosunun üzvü olub, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini işləyib. 1987-ci ilin noyabrında Qorbaçovla fikir ayrılığına görə vəzifəsindən istefa verib.

1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev yenidən siyasətə qayıtdı. 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Milli Məclisinin sədri, oktyabrın 3-də isə ölkə prezidenti seçildi. 1998-ci ilin oktyabrında ikinci dəfə Azərbaycan prezidenti seçilib. 2003-cü ilin dekabrında fani dünyaya gözünü yumdu...

Ötən əsrin 70-ci, 80-ci və 90-cı illərində nəinki onilliklər, hətta illər belə bir-birinə bənzəmirdi: siyasi proseslər ağlagəlməz sürətlə inkişaf edir, qlobal miqyasda sərt dəyişikliklər dünyanın siyasi xəritəsinə ciddi və köklü korrektələr etməkdə idi.

Belə bir mürəkkəb zamanda - istər keçmiş sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dönəmində Heydər Əliyev xalqımızın taleyüklü problemlərinin həllinə açar tapdı və Azərbaycanın inkişafı, xüsusilə müstəqil dövlətçiliyimizin formalaşması önündəki əngəlləri aşa-aşa tariximizin epoxal bir dövrünə öz möhürünü əbədi vurdu. Mürəkkəb, risklər və təhlükələrlə dolu coğrafi məkanda yerləşən Azərbaycanı xaosdan çıxardı, dövlət müstəqilliyini gücləndirdi, ölkə daxilində sabitlik yaratdı, iqtisadi inkişafın yolunu müəyyənləşdirdi. Zira ulu öndər ən çətin və böhranlı vəziyyətlərdə bütün variantları təhlil edib yeganə düzgün qərarı çıxarmaq və həyata keçirmək gücündə olan bir lider idi.

İkinci dəfə ölkə rəhbərliyinə gələn Heydər Əliyev Vətən, dövlət və millət naminə başqa bir kimsənin öhdəsindən gələ bilməyəcəyi mühüm və misilsiz tarixi uğurları gerçəkləşdirdi. Məhz bu uğurlar zəminində Azərbaycan bu günlərinə, müstəqilliyinin 22-ci ilinə - İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə ulu öndərin qurduğu təməl üzərində ölkəmizin daha da güclənməsinə, iqtisadi sıçrayışına, beynəlxalq arenada söz sahibi olmasına, regionda nəhəng layihələrin həyata keçirilməsinə, regionun ən güclü ordusuna sahib olmağa, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olmasına, mədəni sahədəki uğurlarına, "Eurovision" mahnı yarışmasının Bakıda keçirilməsinə, sadaladıqca bir qəzet səhifəsinə sığmayacaq digər nailiyyətlərinə gəlib çıxıb...

1993-cü ilin yayında Bakıya qayıdan Heydər Əliyev ilk növbədə alovlanmaqda olan vətəndaş savaşının qarşısını aldı, ölkədə daxili siyasi sabitliyi bərqərar etdi. Bununla, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün zəmin və imkanlar yaradıldı. 1994-1995-ci illərdə qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, onların əksər lider və tərəfdarları siyasi səhnədən silindi - bununla da Azərbaycanda gizli və ya hərbi müxalifət adlanan qüvvələr faktiki olaraq darmadağın edildi. Bu qüvvələrin hansısa formada ölkənin müstəqilliyinə, daxili sabitliyə təhlükə törətmək faktoru olmaları tamamilə neytrallaşdırıldı. Siyasi səhnənin avantüristləri, iddiaları ilə imkanlarından gödək olan siyasətbazları böyük siyasət strateqiyanın incə taktiki gedişləri ilə zərərsizləşdirildi, siyasi səhnənin bir küncünə atıldı.

Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olundu. Bununla, Azərbaycanın hərc-mərclik bataqlığından çıxması, sosial-iqtisadi problemlərini həll etməsi, bazar iqtisadiyyatı münasibətlərini və demokratik prosesləri inkişaf etdirməsi üçün imkanlar açdı. Bu zəmin Azərbaycana həm də güclü ordu yaratmaq üçün lazım idi. Həmçinin məhz bu zəmin əsasında müstəqil Azərbaycanda 1995-ci ilin 12 noyabrında ilk parlament seçkisi keçirildi və ölkənin Konstitusiyası qəbul olundu.

90-cı illər boyu müstəqil siyasət yeridən Azərbaycan Cənubi Qafqaz geosiyasi məkanında öz milli təhlükəsizliyinə açıq və gizli təhdidlərlə üzləşirdi. Heydər Əliyev böyük təcrübəsi ilə xarici siyasətin prioritetlərini düzgün müəyyənləşdirməklə təhlükələri neytrallaşdırır, regionda mənafeyi olan aparıcı dövlətlərin maraqlarını mümkün qədər balanslaşdırmaqla təhdidləri dəf edirdi. Və belə bir çətin dövrdə - Xəzərin sərvətləri ətrafında gedən böyük oyunlarda Azərbaycan öz mənafelərini qoruya bildi: ölkənin müstəqil neft siyasəti gerçəkləşdirilərək beynəlxalq arenada Azərbaycanın söz sahibi olmasına nail olundu. Ölkənin sosial-iqtisadi baxımdan çiçəklənməsi demək olan uğurlu neft siyasəti "qara qızıl"ı Azərbaycanın həm də siyasi sərvətinə çevirirdi: Bakının beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, siyasi dividendlər qazanmasına imkanlar açırdı.

Azərbaycanın 1994-cü ilin 20 sentyabrında Xəzərin neft yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə "Əsrin müqaviləsi" adlanan sənədin imzalaması qarşısında müxtəlif, aşılması inanılmaz görünən əngəllər dursa da, ölkəmizin uğurlarına qısqanclıqla yanaşılsa da, hətta belə bir çətin şəraitdə ölkənin perspektivləri çoxları üçün qeyri-müəyyənlik dumanına bürünsə də, sonda Heydər Əliyev qalib gəldi - Azərbaycan üçün mühüm önəmə malik, geosiyasi baxımdan inqilabi sayıla biləcək "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu.

Məhz həmin günlərdə və sonralar ulu öndərin ortaya qoyduğu siyasi iradə ikiqat (həm iqtisadi, həm də siyasi) nəticələr verirdi: bacarıqlı "neft diplomatiyası" ilə regionda Azərbaycanın maraqlarına uyğun strateji dəyişikliklərin əsası qoyulur və ölkə bölgənin liderinə çevrilirdi.

Həmçinin Azərbaycanın digər mühüm strateji məsələləri həllini tapırdı: milli dövlətçilik günbəgün möhkəmlənir, cəmiyyətdə sabitlik dərinləşir, sosial, iqtisadi, siyasi və hüquqi islahatlar keçirilirdi. Hüquqi, demokratik, dünyəvi dövlətin gələcək inkişafı üçün proqram hazırlanır, yollar müəyyənləşdirilirdi.

Zamanın fövqündə duran Heydər Əliyev memarı olduğu dövlətin inkişafı üçün daha uzaq perspektivi hədəf alan addımlar atırdı. Azərbaycanın tarixi, elmi, mədəniyyəti, ictimai-siyasi və fəlsəfi fikri ilə bağlı hərtərəfli biliyə malik olması, həyat yolu, böyük əzmi, öndərliyi bu unikal şəxsiyyətə mədəni-mənəvi həyatımızın bütün sahələrini də diqqət mərkəzində saxalmağa imkan yaradırdı.

Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmlənməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmırdı. Azərbaycançılıq ideyasının güclənməsi, tarixi dəyərlərimizin milli-mənəvi sərvət kimi qorunması, dövlətçilik ənənələrimizin qədim köklərinin üzə çıxarılması, mediaya qayğı, mədəniyyətimizin inkişafı daim onun diqqətində idi.

Ulu öndərin imza atdığı böyük layihələr və dövlət xadimi kimi fəaliyyəti Azərbaycanın sərhədlərini aşırdı. Zira Heydər Əliyev qlobal miqyaslı siyasətçi idi, onun həyat yolu və siyasi irsi yalnız Azərbaycan üçün deyil, digər ölkələr üçün də böyük dəyərə malikdir.

 

  

Zeynal Ziya

 

Ekspress.-2013.-9-10 may.-S.3.