İKT elm tutumlu sənayeni inkişaf etdirir

 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf strategiyasında müəyyənləşdirilən əsas hədəflər arasında yüksək elm tutumlu sənayenin inkişaf etdirilməsi, yeni innovasiyaların yaradılması da var. Yüksək texnologiyalar müasir dövrümüzün daha çox mütərəqqi və elm tutumlu texnologiyalarıdır, eləcə də onlardan və onlara əsaslanan texniki vasitələrdən istifadəyə keçid indiki mərhələdə elmi-texniki inqilabın mühüm amili sayılır.

Buna görə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) qarşısına qoyulan məqsədə uyğun olaraq qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, Azərbaycanda elm tutumlu sənayenin inkişafına köməklik etmək üçün müxtəlif layihələr həyata keçirir. Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi də bu cür layihələrdəndir. Mərkəz Azərbaycanda elm tutumlu sənayenin inkişafına xidmət məqsədilə təsis edilib.

RİTN nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi Nazirlər Kabinetinin 2008-ci il 23 sentyabr tarixli qərarı ilə təsis olunub. 2009-cu il mayın 15-də isə mərkəzin əsasnaməsi təsdiq edilib.

Əsasnamədə mərkəzin əsas məqsədləri ilə bağlı qeyd edilir ki, mərkəz Azərbaycanın elmi-texniki və texnoloji potensialının inkişafına istiqamətlənən elmi, elmi-texniki, innovasiya fəaliyyəti və müvafiq sınaq təcrübələrinin həyata keçirilməsi, ölkədə elm, texnika və texnologiyaların inkişafı üçün prioritet olan istiqamətlər üzrə işlər aparmalıdır. Mərkəzdə aparılan tədqiqatların nəticəsi əsasında məhsulların prototipi yaradılmalı, yüksək texnologiyalar üzrə insan resurslarının inkişafı üçün yerli və xarici ekspertlər cəlb olunmaqla müvafiq təlimlər təşkil edilməlidir.

Mərkəz nanotexnologiyalar sahəsində elmi tədqiqat və elmi-təcrübi işlərin aparılmasını təmin edir. Respublikada yerli təbii ehtiyatlar bazasında nano-karbonat materialların yaradılması texnologiyalarının işlənilməsi və bunun əsasında yeni yüksək texnoloji məhsullar bazarında nanotexnologiyalar və nanomaterialların tətbiqi əsasında innovasiya fəaliyyəti həyata keçirir.

RİTN-nin məlumatına görə, mərkəzdə sonuncu nəsil zəngin laboratoriyalar qurulub. Laboratoriyalar Almaniya, ABŞ istehsalı olan avadanlıqlarla təchiz edilib. Onlardan Fotometrik laboratoriya, Bio-kimya nanotexnoloji laboratoriya, A-CVD karbon nanotexnologiyalar laboratoriyası, Optik spektrometriya laboratoriyası, Elektron mikroskop laboratoriyası (AFM-Atom Qüvvət Mikroskopu, SEM - Skanedici Elektron Mikroskopu) var. Həmçinin Avropa standartlarına uyğun müasir "Clean room" yaradılıb ki, burada yüksək texnoloji məhsullar alınır.

Nazirlik bildirir ki, avadanlıqların müasirliyi, eyni məkanda toplanması qarşıya qoyulan məqsədə nail olmağa zəmin yaradır. Hətta mərkəz imkanları nəzərə alınarsa MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan bir təsisat sayıla bilər.

Mərkəzdə hazırda bir neçə layihə həyata keçirilir. Layihələrdən biri az enerji sərf edən, ekoloji təmiz və iqtisadi səmərəliyə malik LED işıqların (xüsusən küçə işıqları) istehsalı ilə bağlıdır. İstehsal olunan LED işıqları mərkəzin innovativ kəşfləri əsasında yaradılır və mərkəzdə qurulan Fotometrik laboratoriyada sınaqdan keçirilir. LED işıqları üçün çox önəmli olan çeviricilər (Driver-İntelligent and isolated power supply) də mərkəzin texnologiyaları əsasında yığılır.

Karbon nanoborularının alınması digər bir layihədir. Bu boruların alınması üçün mərkəzdə Ayresol-CVD texnologiyası yaradılıb. Burada bir və ya çox divarlı karbon nanoborular alınır. Alınan nanoborular informasiya texnologiyalarında və sənayenin müxtəlif sahələrində (ekologiya, hərbi sənaye, tikinti sektoru, maşınqayırma) tətbiq üçün nəzərdə tutulub.

Başqa bir layihə bionanotexnologiya üzrə porfirin nanoboruları (dərman preparatlarının orqanizmdə nişangah-hüceyrələrə istiqamətli çatdırılmasını təmin etmək məqsədi ilə) və DNK (informasiya daşıyıcı biomolekul) sintezi ilə bağlıdır. Bu layihə tibbdə müasir diaqnostikada tətbiq olunmasına imkan verəcək.

Mərkəzdə mövcud laboratoriya avadanlıqlarından istifadə etməklə az enerji tələb edən və ekoloji təmiz işıq 100 vatlıq 30-36 voltla işləyən, optik və elektrik parametrləri bu gün dünyada və Azərbaycanda istifadə olunan küçə işıqlarını, magistral yolları, park və bağçaları ağ-LED işıqları (aylıq istehsal gücümüz 1000 ədəd olan LED işıqlar alınır) alınıb.

Bu LED işıqlanma sistemi biznes sahəsi hesab edilir. Bunun formalaşması ölkəmizdə yaxın gələcəkdə "Bərk Cisim İşıqlanma Sənayesi" (Solid State Laithing İndustruy) layihəsinin yaranmasını zəruri edir.

   RİTN-nin tabeliyində olacaq Yüksək Texnologiyalar Parkının yaradılması Bərk Cisim İşıqlanma Layihəsinə xidmət edəcək. Bu layihənin həyata keçirilməsi Azərbaycanda yaradılan alüminium və yaradılası vacib olan polukarbonat istehsalını vacib edəcəkdir, mövcud alüminium zavodlarının rentabelliyinə və rəqabətə davamlı alüminium istehsalına marağı artıracaq.

Bu layihəyə uyğun olaraq mərkəzdə nanoborular alınıb, eləcə də bir sıra sahələr üzrə uğurlu tədqiqat nəticələrinə və inkişafa nail olunub. Karbon nanoborularının tətbiqi sahələri çox yenidir və xüsusən də ölkəmizdə hazırda dövlətin maraq dairəsində olan polimer borularda, ümumiyyətlə, kimya sənayesinin inkişafına əsil və zamanında töhfəsini verə bilər.

Bu sahədə aparılan işlərin keyfiyyətinin artırılması və ən son texnologiyalar əsasında daha yüksək nəticələrin alınması üçün layihənin növbəti mərhələsi olaraq, mərkəzdə çip texnologiyasının qurulması nəzərdə tutulub.

Qeyd edək ki, ÇİP texnologiyasi (metal orqanik kimyəvi qaz faza çökdürməsi) texnologiyası bu günün Hi-Tek məhsullarının alınmasında əvəzolunmaz texnologiyadır. Hi-Tek əsaslı texnologiya, yüksək texnologiyalar parkının qurulması və elm tutumlu iqtisadiyyatın yaradılması bu texnologiyadan bəhrələnir. ÇİP texnologiyası yaradılması fundamental elm tutumlu iqtisadiyyatın inkişafına xidmət edir. ÇİP texnologiyası nəinki LED işıqlanma layihəsinə, həmçinin Hi-Tek məhsullarının əsas hissəsidir.

Mütəxəssis fikrinə görə, ÇİP texnologiyasını inkişaf etdirmədən heç bir ölkədə geniş mənada yüksək texnologiya sənayesini inkişaf etdirmək olmaz. Layihənin tətbiq sahələri genişdir. O cümlədən, LED-lərdə, Lazerdiodlarda, informasiya-kommunikasiya sistemlərində, hərbi sənayedə, sensorlarda, təhlükəsizlikdə, tibbdə və s.

ÇİP texnologiyası proses olaraq elmi-texnoloji mərhələlərə bölünür. Bu texnologiyanın köməyi ilə İn, Ga, N qaz atomlarının seçilmiş altlıq üzərində 3-7 mm qalınlığında çökdürülməsi ilə çox qatkvant çuxurlu aktiv təbəqədən ibarət nanostruktur alınır. Bu nanostrukturdan xüsusi olaraq çiplər hazırlanır. Seçilmiş altlığın diametrindən asılı olaraq çiplərin sayı dəyişir. Ona görə də MOCVD texnoloji maşını R&D (elm və inkişaf-istehsal) kütləvi istehsala uyğunlaşdırılıb. MOCVD texnologiyası inkişafda olan bir sahədir və universaldır. Çipin ölçüsündən asılı olaraq 4 olçülü təbəqədən 4000 və ya 12000 çip istehsal etmək olur. Eyni zamanda çipin ölçüsü LED-əsaslı işıqlanmada tətbiqinə görə seçilir və bu sahədə yaranacaq bazarın tələbatına uyğun olaraq dəyişir. MOCVD texnologiyası bahalı texnologiya olmaqla yanaşı, onu işlədib inkişaf etdirə bilən kadr potensialı tələb edir və bu potensial hazırda mərkəzimizdə yetişir. Bu texnologiyanın yerləşmə məkanı xüsusi təmiz otaq tələb edir.

Öncə də bildirdik ki, Yüksək Texnologiyalar Parkı mərkəzin elmi təcrübə yolu ilə əldə etdiyi innovasiyaların tətbiqi, yeniliklərdən biznes məqsədilə istifadə etmək üçün əlverişli məkan olacaq. Bu park üçün ərazi ayrılsa da hələlik istehsal müəssisələri qurulmayıb. Park informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi olacaq.

Yüksək Texnologiyalar Parkının əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. Həmçinin, Yüksək Texnologiyalar Parkı innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşfiq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verəcək.

Texnoparkların dünya üzrə təcrübəsini təhlil edərkən müxtəlif növ inkişaf yollarını görmək olar. Onlar arasında ən mükəmməl ABŞ təcrübəsi kimi qəbul olunan "Silikon Vadisi"ni, təhsil ocaqları ilə birgə fəaliyyət göstərən Türkiyənin "Arı Texno" kəndini, müstəqil elmi və biznes məkanı kimi formalaşmış Rusiyanın "Skolkova" mərkəzini, İKT sektoru üzrə xüsusi iqtisadi zona olan Dubay internet şəhərini nümunə kimi göstərmək olar.

Onu da bildirək ki, Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi sadəcə yeni məhsullar yaratmır. Həmçinin biznes məqsədilə həmin məhsulların satışında da maraqlıdır. Buna görə də öz məhsullarını indidən müxtəlif sərgilərdə dünyaya nümayiş etdirilir.

Həm Azərbaycanda, həm də xarici ölkələrdə telekommunikasiya, rabitə, təhlükəsizlik, informasiya texnologiyaları üzrə ixtisaslaşdırılmış sərgilərdi LED işıq sistemləri və karbon nanoborular nümayiş etdirilib. Gələcəkdə onların kütləvi istehsalı satış bazarlarının da genişlənməsinə şərait yaradacaq.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.-17 may.-S.9.