Mir Cəfər Bağırov və Mirteymur Yaqubov

 

   Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

   YAKOVLEV - Əlbəttə, başa düşürəm ki, amansız həqiqəti adamın gözünün içinə demək olduqca ağırdır. Ancaq materiallarla tanış olandan sonra görürsən ki, Yaqubov kimilər günahsız adamları öldürməklə mənsəb sahibi olmuşlar, yüksək vəzifələr tutmuşlar. Axı Yaqubov hansı qabiliyyət və istedada malikdi? Sənaye və kənd təsərrüfatı sahəsində naşı idi, digər sahələrə də nabələd idi. Mən bir çox kommunist və rəhbər işçilərlə bu barədə söhbət etmişəm. Hamı demişdir ki, Yaqubov həlak etdiyi günahsız insanların cəsədləri üzərindən addımlayaraq Bağırovun yaxın silahdaşı olmuşdur. İndi isə Yaqubov partiyada qalmağı xahiş edir. Yaqubov, biz sizinlə bir partiyada ola bilmərik!

   RƏHİMOV - Mərkəzi Komitə Yaqubova etibar edərək, Xaçmaz konserv zavodunun direktoru vəzifəsinə işləməyə göndərmişdi. Siz, yoldaş Yaqubov bu sınaqdan çıxmadınız, fəhlə kollektivi ilə işləyə bilmədiniz. Hazırda zavodu atıb, işləmirsiniz.

   YAQUBOV - Direktorluqdan çıxmışam, prorab işləyirəm.

   RƏHİMOV - Əgər konserv zavodunun işçilərinə və ya indi işlədiyiniz tikintidə çalışanlara sizin imzanızla 1.376 nəfər vətəndaşın güllələnməsi sənədləri göstərilsə, nə cavab verəcəksiniz?! Düzü indiyədək mən özümsizin bir adam öldürəcəyinizə inanmazdım. Axı siz mühəndislik diplomu almışsınız, ikinci ixtisasınız isə partiya işçisidir. Necə oldu ki, ixtisasca sizə yad olan orqanlarda işləməyə getdiniz?! Əgər vicdanınız olsaydı, özünüz öz ayağınızla Mərkəzi Komitəyə gələrək, deyərdiniz: "Xahiş edirəm, partiya biletimi təhvil götürün, bundan sonra partiya sıralarında qala bilmərəm". Xatirimdədir, o zaman Saleh Qocayevi Bağırov yanına çağırıb daxili işlər naziri etmək istəyəndə o razılaşmadı. Siz isə Qocayevin yerinə orqanlara başçılıq etməyə getdiniz.

   Mən belə hesab edirəm ki, Yaqubov bu günözünü mərdanə aparmır, bizdən utanmadan xahiş edir ki, cəzasını yüngülləşdirək. Sizin partiyada yeriniz yoxdur!

   MİRZƏ İBRAHİMOV - Mən təklif edirəm ki, Yaqubova şəxsi uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət verilsin.

   MUSTAFAYEV - Başqa təklif yoxdur ki?

   YAQUBOV - Mənim faciəm bundadır ki, gecə-gündüz fanatik kimi işləmişəm. Son iki ildə zavodda çalışmışam. Necə olduğumu fəhlələrdən zavod kommunistlərindən soruşun. İki il partiya bürosuna yekdilliklə üzv seçilmişəm. Bir daha xahiş edirəm ki, məni tərbiyə etmiş partiyanın üzvlüyündə olmağa imkan verəsiniz. 52 yaşım var. 30 ildir partiyadayam. Məni partiya tərbiyələndirmişdir. Bağırovla heç bir bağlılığım olmamışdır. Yadımdadır, XX qurultaydan sonra sonra Nikita Sergeyeviç deyirdi: "Stalinin sözüdür, mən əlimi Bağırovdan çəksəm, Azərbaycanda onu darmadağın edəcəklər". Məgər biz hamımız eyni şəraitdə olmamışıq! Bir daha xahiş edirəm, məni partiyadan xaric etməyin.

   MUSTAFAYEV - Daha kimin sözü var? (Yoxdur). Büronun bundan əvvəlki iclasında Yaqubov yoldaş xahiş etdi ki, haqqındakı materiallarla daha dərindən tanış olmaq üçün ona möhlət ayıraq. Biz buna əməl etdik. Lakin Yaqubov yoldaşın bugünkü iclasımızda çıxışında onun Mərkəzi Komitədə Xalq Daxili İşlər Komissarlığında işlədiyi dövrdə günahsız insanların məhv olunması faktları əksini tapmadı.

   Yoldaş Yaqubov, siz özünüz partiyanın sizə olan etimad yolunu bağlamısınız. Siz özünüzü qurultayda, MK BK-nın birləşmiş plenumunda səmimi aparmadınız. Demədiniz ki, Bağırovu ifşa edən bir çox materiallar Komitənin o zamankı Xüsusi Bölməsinin müdiri Novikova tərəfindən məhv edilmişdir. Yadınızdan çıxmayıbsa, mən sizə hələ o vaxtlar deyirdim ki, bu qadını MK-dan qovun, materialları onun əlindən alın çap edin. Siz bunu etmədiniz Novikovaya imkan verdiniz ki, arxivdən Bağırovu ifşa edən sənədləri yoxa çıxarsın.

   Rəhimov yoldaş haqlı olaraq qeyd etdi ki, cəsarətiniz olsaydı, haqqınızdakı biabırçı faktlardan sonra özünüz Mərkəzi Komitəyə gəlib ağır cəzalandırılmağınızı xahiş edərdiniz. Sizin cinayətləriniz Yemelyanovdan Atakişiyevdən çoxdur. Bəxtiniz onda gətirmişdir ki, məhkəmədə onlarla birgə əyləşdirilməmisiniz.

   Yoldaşlar, iki təklif səsə qoyulur. Birinci təklif Partiya Komissiyasının Yaqubov yoldaş tərəfindən elan edildiyi təklifdir, ikinci təklifi yoldaş İbrahimov irəli sürmüşdür. Birinci təklifi səsə qoyuram: kim Yaqubovun partiyadan xaric edilməsinə tərəfdardır, xahiş edirəm səs verin (hamı, Mirzə İbrahimovdan başqa). Kim M.İbrahimov yoldaşın təklifinə tərəfdardır, xahiş edirəm, səs versin (təkcə Mirzə İbrahimov).

   YAQUBOV - Bununla da mənim siyasi mövcudluğum bitdi.

   ...1937-ci ildən SSRİ Parlamentinin deputatı, general-leytenant, Azərbaycan KP MK-nın sabiq birinci katibinin "siyasi mövcudluğu" bitirildikdən sonra ev dustağı idi. Yalnız dənizkənarı bağın bir guşəsinə bir neçə saatlığa "təşrif" aparardı. Unudulmaz yazıçı-salnaməçi Manaf Süleymanov yaxından tanıdığı dövlət xadiminin o günlərini (Bax: Manaf Süleymanov, "Son bahara çatdıq", Bakı, Xəzər Universiteti Nəşriyyatı, 1996, səh.156) belə xatırlayır: "Mir Cəfərin sağ əli Mirteymur Yaqubov partiyadan çıxarıldıqdan sonra bulvarda oturub keçmişdən danışardı... Baş prokuror Rudenko məhkəmədə düşdü Bağırovun üstünə ki, sən Stalinə güvənib MK-da heç kəsi saya salmırdın. Mir Cəfər Bağırov cavab verdi ki, tək mən yox, hamı elə idi. Stalindən ən çox qorxan Xruşşov idi, əsim-əsim əsirdi".

   Stalinin Bağırovun qarşısında əsim-əsim əsən Nikita Xruşşov indi "kişiləşib" Yaqubovu dəniz qırağına göndərmişdi. İki il əvvəl Azərbaycanın kişilik rəmzinin - M.C.Bağırovun əleyhinə qalxmış M.T.Yaqubov indi ümidsizliyə qapılmışdı. Doğulub boya-başa çatdığı doğma şəhər ona zindan kimi görünürdü. Bir ildən sonra, 1958-ci ildə bir daha generalı dəniz qırağında görən olmadı. Yaqubov baş götürüb Moskvaya getdi. Orada yaşadı 1970-ci il fevralın 17-də dünyasını dəyişdi.

 

 əvvəli və ardı var

 

 

Teyyub Qurban

 

Ekspress.-2013.-18-20 may.-S.15.