İnformasiya təhlükəsizliyi böyük problemə çevrilib

 

   Əli Abbasov: "İnternetdə insan hüquqlarının qorunması bütün dünyada aktual məsələdir"

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "İnformasiya təhlükəsizliyi problemləri" I respublika elmi konfransı keçirilib.

   Konfransda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda İKT sahəsində əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyevin bu sahəyə olan diqqəti sahəsində əldə olunub. Konfransın ənənəvi xarakter almasının vacibliyini ifadə edən AMEA prezidenti informasiya təhlükəsizliyi problemlərinin araşdırılması ilə bağlı AMEA-nın qarşısında duran başlıca məsələlərdən bəhs edib (APA). O, informasiya cəmiyyətinə inteqrasiyanın müsbət tərəfləri ilə yanaşı, mənfi xüsusiyyətini də qeyd edib: "Müasir dövrdə cəmiyyətin, dövlətin və əhalinin informasiyadan asılılığı get-gedə artır. Kibertəhlükəsizliyin təmini strateji məsələyə çevriləcək. İnformasiya resurslarının dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin olunması vacibdir. Hər bir dövlətin maraqları yalnız coğrafi məkanda deyil, virtual aləmdə də qorunmalıdır".

   AMEA prezidenti onu da deyib ki, təhlükəsiz informasiya cəmiyyətinin yaradılmasına çalışmaq, informasiya resurslarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələri səfərbər etmək lazımdır.

   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətindən söz açıb. Müasir dövrdə kibertəhlükəsizliyin qlobal problemə çevrildiyinibu problemə qarşı beynəlxalq müstəvidə mübarizə tədbirlərinin gücləndirildiyini deyən nazir geniş miqyas alan təhlükələrlə bağlı əldə olunan statistikanı diqqətə çatdırıb: "Kibertəhlükələrin, təhdidlərin artmasının başlıca səbəblərindən biri dünyada ümumilikdə bütün sahələr üzrə qlobal rəqəmləşmənin getməsi ilə bağlıdır. Eyni zamanda, bu gün informasiya təhlükəsizliyinin ən böyük problemi onun sürətlə sərhədləri keçərək, beynəlmiləlləşməsidir. Son zamanlar Azərbaycanın resurslarına edilən kiberhücumların analizi də göstərir ki, bu, respublikanın daxilində çox cüzi əzmə malikdir, əsasən kibertəhlükələr xaricdən gəlir. 2010-cu ilin rəsmi məlumatına görə, dünya üzrə kibertəhlükəsizlikdən yaranan itkilərin həcmi təqribən 1 trilyon dollara yaxınlaşır ki, bu da təxminən narkobizneslə müqayisə edilə bilən bir səviyyədir. Eyni zamanda, təxminən 550-600 milyon insan kibertəhlükələrin qurbanlarına çevrilir".

   Beynəlxalq səviyyədə kibertəhdidlərə qarşı mübarizə tədbirlərindən də danışan Ə.Abbasovun sözlərinə görə, burada əsasən 3 aspekt, o cümlədən informasiya azadlığı, şəxsi informasiyanın qorunması və informasiyanın təhlükəsizliyi həmişə bir-biri ilə rəqabətdə olduğundan beynəlxalq razılaşmalarda problemlər yaradır. Ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsinin vacibliyinivurğulayan nazir kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, RİTN nəzdində isə Elektron Təhlükəsizlik Mərkəzinin yaradıldığını qeyd edib.

   Nazir jurnalistlərlə söhbətində Azərbaycan baş prokurorunun Milli Məclisə təklif etdiyi internet resurslarında təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan müraciətini dəstəklədiklərini deyib. Onun sözlərinə görə, Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması sahəsində bir sıra layihələr həyata keçirilir: "Bütün dünyada informasiya təhlükəsizliyi böyük problemə çevrilib. Amma buna baxmayaraq, Azərbaycanda bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. İnformasiya təhlükəsizliyinin elmitexnoloji dəstəyi sahəsindəki tədbirlər də bu çərçivəyə aiddir".

Ə.Abbasov bildirib ki, internetdə insan hüquqlarının qorunması, həmçinin insanları təhqirlərdən qorunması bütün dünyada aktual məsələdir: "İnternet elə inkişaf edib ki, artıq bu, sadə infrastruktur deyil, demək olar ki, ölkənin bütün iqtisadi ictimai mədəni fəaliyyətimizin virtual məkanıdır. Bu sahədə insan hüquqlarının qorunması, həmçinin insanların təhqirlərdən qorunması bütün dünyada aktual məsələdir. Son vaxtlar müxtəlif internet resurslarında insan ləyaqətinə toxunulması, insanların təhqir olunması halları geniş vüsət alıb. Bu da insanlar arasında fəsadlara və münasibətlərin pozulmasına gətirib çıxarır".

   Daha sonra İnsan Hüquqları üzrə müvəkkil, professor Elmira Süleymanova, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov da çıxış edərək informasiya cəmiyyətinin qurulmasında aparılan islahatlardan, görülən işlərdən söz açıblar.

   Qeyd edək ki, iki gün davam edəcək konfransın "İnformasiya təhlükəsizliyinin humanitar problemləri" və "İnformasiya təhlükəsizliyinin texnoloji problemləri" üzrə seksiya iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinləniləcək. İclaslarda internetdə informasiya təhlükəsizliyinin təmini, milli kibertəhlükəsizlik strategiyalarının analizi, iqtisadi təhlükəsizliklə informasiya təhlükəsizliyinin qarşılıqlı əlaqəsi, media-analitikainformasiya təhlükəsizliyi, e-dövlət mühitində dövlət sirrinin mühafizəsi problemləri, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri və s. məsələlər müzakirə ediləcək. 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

   Yeri gəlmişkən, dünən Ümumdünya Telekommunikasiyaİnformasiya Cəmiyyəti Günü idi. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır. 2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.

   İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq İnformasiya Cəmiyyəti Günü" elan edilməsi ilə bağlı müraciət qəbul edilib. BMT Baş Assambleyası 27 mart 2006-cı ildə 17 may tarixini "Beynəlxalq İnformasiya Günü" elan edib. Bunun nəticəsi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2006-cı ilin noyabrında gələcəkdə 17 may tarixini "Ümumdünya Telekommunikasiyaİnformasiya Cəmiyyəti Günü" kimi qeyd etməklə bağlı qərar qəbul edib.

   Ümumdünya Telekommunikasiyaİnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və "rəqəmli fərqliliyin" aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.

   BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən 2013-cü il üçün Ümumdünya Telekommunikasiyaİnformasiya Cəmiyyəti Günün mövzusu "İKT və yol hərəkətinin təhlükəsizliyinin artırılması" seçilib. "BMT-nin məlumatına görə, hər il dünyada baş verən yol-nəqliyyat hadisələri zamanı 1,3 milyon nəfər həlak olur, 20-50 milyonadək insan isə xəsarət alır".

   Müraciətdə bildirilir ki, BTİ BMT-nin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı ixtisaslaşmış təsisatı kimi üzvlərdən İKT-nin kataliz rolundan yol hərəkətinin təhlükəsizliyinin artırılması və yol hərəkətinin təşkili sisteminin təkmilləşdirilməsi üçün istifadə edəcəklərini gözləyir.

   Təşkilatın qeyd etdiyinə görə, sürücülərin diqqətsizliyi və yol hərəkəti iştirakçıları tərəfindən SMS-in göndərilməsi və avtomobildə quraşdırılan naviqasiya sistemləri və ya rabitə vasitələri ilə təmasları daxil olmaqla özünü büruzə verən davranışları yol-nəqliyyat hadisələri nəticəsində ölüm və xəsarət hallarına səbəb olan əsas amillər sırasındadır. Bununla bağlı BTİ baş katibi Hamadun Ture avtomobili idarə edərkən diqqəti mobil telefonanaviqasiya sistemlərinin sazlanması kimi texniki vasitələrə yayındırmamağın vacibliyini müraciətində çox aydın şəkildə qeyd edib. "İdarəetmə prosesində mətnli məlumatların göndərilməsi və ya Twitter-dən istifadə çox təhlükəlidir və bundan tam imtina etmək lazımdır".

   "Mən çox şadam ki, builki Ümumdünya Telekommunikasiyaİnformasiya Cəmiyyəti Günü yol hərəkətinin təhlükəsizliyi məsələsinə həsr olunub". Bu fikir isə BTİ-nin baş katibi Hamadun Turenin müraciətindəndir. 2011-2020-ci illəri əhatə edən "Yol təhlükəsizliyi üzrə fəaliyyət onilliyi" bütün dünyada yol və nəqliyyat təhlükəsizliyinə həsr olunub. İKT bu baxımdan geniş imkanlar açır.

   Onun sözlərinə görə, intellektual nəqliyyat idarəetmə sistemləri və naviqasiya vasitələri tıxac probleminin həllinə yardım edə bilər. Radarlar yol hərəkətinin iştirakçılarının bir-birilə, o cümlədən piyadalarla toqquşmanın qarşısını alır. "Kontaktsız əlaqə vasitələrinin istifadəsi yol-nəqliyyat hadisələrinin sayını azaldır. Bu, xüsusən nəqliyyat hadisələrində ölənlərin yarısını təşkil edən gənclərə daha çox aiddir. Mən Beynəlxalq Telekommunikasiya İttifaqının sahə strukturları ilə birgə İKT standartlarının işlənməsi, o cümlədən Beynəlxalq Avtomobil Federasiyası ilə təhlükəsiz yol hərəkətinin təbliği sahəsində işini yüksək qiymətləndirirəm. Gəlin, texniki nailiyyətlərin maksimal istifadəsi ilə yol-nəqliyyat hadisələrinin sayını kəskin azaldaqmilyonlarla insanın həyatını xilas edək.

   Sizi İKT-nin gücündən istifadə etməklə yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına xüsusi diqqət yetirməyə çağırıram".

 

 

Səhifəni hazırladı Qənirə MƏMMƏDLİ

 

Ekspress.-2013.-18-20 may.-S.10.