Məmmədyarov Moskvada neqativ fonu aradan qaldırmağa çalışacaq

 

Mayın 20-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya ikigünlük səfərə gedib. Onun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdə ikitərəfli münasibətlər, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Ekspertlər güman edirlər ki, Məmmədyarovun səfəri son zamanlar Rusiya-Azərbaycan münasibətləri ətrafında yaranmış neqativin aradan qaldırılmasına yönəlib. "Turan"ın xəbərinə görə, bu barədə "Nezavisimaya qazeta" yazıb. Rusiya XİN İnformasiya və Mətbuat Departamentinin direktor müavini Mariya Zaxarova bildirib ki, danışıqların gündəliyinə Qarabağ nizamlanması da daxildir. Belə ki, Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində aparıcı vasitəçilərdən biri kimi çıxış edir. "Azərbaycan Zaqafqaziya və Xəzər regionunda bizim strateji tərəfdaşımızdır", - deyə diplomat bildirib.

"Şimal-Cənub" Mərkəzinin politoloqu Aleksey Vlasov isə hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərini daha geniş formatda götürülsə, "rəsmi Bakı ölkənin xarici oyunçulara qarşı siyasətinin necə olacağını hələlik müəyyən etməyib".

Onun sözlərinə görə, "bu gün Bakıda eyni vaxtda bir neçə istiqamət üzrə gərginlik yaranıb: ATƏT, İran və ABŞ" , - Vlasov xatırladıb ki, rəsmi Bakı ATƏT-in Azərbaycandakı missiyasının statusunun koordinasiya şurasına qədər endirmək istəyir. Məmmədyarov qarşıdakı prezident seçkisində beynəlxalq müşahidəçilərin iştirakının mümkünlüyünü istisna etməyib, ancaq əgər missiyanın statusu aşağı salınarsa, ATƏT nümayəndələrinin hesabatı ən yaxşı halda qeyri-formal sənəd statusu alacaq.

İkinci gərginlik nöqtəsi Azərbaycan vətəndaşlarının həbs edildiyi İran, üçüncü isə maliyyələşdirdiyi bəzi QHT-lərin bağlanmasından narazı olan ABŞ-dır.

Ekspertə görə, Rusiya ilə münasibətlərə gəlincəsə, Qəbələ RLS və ya Bakı-Novorossiysk boru kəməri üzrə müqavilələrin ləğvi ilə bağlı son hadisələr xüsusi problem doğurmayıb.

 

  

A.Xəlil

 

Ekspress.- 2013.- 21 may.- S. 3.