Sağlam təməllər
üzərində qurulan vergi siyasəti
Azərbaycanda vergi sistemi digər sahələrlə
müqayisədə islahata meylliyinə, müasir
çağırışlara vaxtında cavabvermə
xüsusiyyətinə, strateji hədəflərinə
çatmaq üçün çevik siyasətin tətbiq
edilməsinə görə fərqlənir. Bu keyfiyyətlərə
sahib olan vergi sistemimiz böyük inkişaf mərhələsini
keçib və hazırda bir çox xarici ölkələr
üçün belə nümunəvi təcrübəyə
çevrilib.
Təbii ki, vergi sistemində əldə edilən nailiyyətlər
bir-iki ilin əməyi sayəsində mümkün ola bilməz.
Vergi sisteminin sahib olduğu keyfiyyətlər müstəqilliyin
ilk illərindən formalaşdırılan və hər zaman
sadiq qalınan vahid vergi strategiyası ilə bağlı
olduğunu desək səhv etmərik. Əgər bu siyasət
vaxtında düzgün təməllər üzərində
qurulmasaydı, strateji xəttə uyğun şəkildə
vergi strukturu formalaşdırılmasaydı, bugünkü fəxr
etdiyimiz vəziyyət də olmazdı.
Hər bir sahədə
atılan ilk addımlar çətin olur. Sahə ilə bağlı müəyyən
qədər təcrübəsizliyin olması, səhvə yol
verməmək üçün qərarların qəbuluna daha
məsuliyyətlə yanaşma çətinliyi yaradan əsas
cəhətlərdir. Əgər söhbət
vergi sahəsindən gedirsə, burada ilk addımlarla
bağlı çətinliklər daha ağır olub, verilən
qərarları daha çox götür-qoy etmək lazım gəlib.
Təsəvvür edin ki, vergi sisteminin formalaşdırıldığı
ilk illərdə Azərbaycan cəmiyyətində vergilərə
dair elementar biliklər yox idi, təsərrüfat subyektlərinin
vergilərə mənfi münasibəti vardı, ciddi
uçot nəzarəti aparılmamışdı, ölkədə
vergitutma sahəsində elmi məktəb, təcrübə
demək olar ki, yox dərəcəsində idi. Belə
bir şəraitdə ölkədə dəqiq vergi siyasəti
işlənib hazırlanmalıydı. Bu məsələdə
nə vaxt itirmək olardı, nə də tələskənliyə
yol verərək bir çox ölkənin yol verdiyi səhvi təkrarlamaq.
Sadalananlar vergi siyasəti ilə
bağlı strategiyanın yaradılmasının nə qədər
çətin şərtlər altında
reallaşdırıldığını göstərir.
Belə məsuliyyətli, lakin bir o qədər
də fəxredici işi həyata keçirmək
1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edən
Heydər Əliyevə nəsib oldu.
Vergi sistemi iqtisadiyyatda həssaslıq tələb
edən əsas sahələrdəndir. H.Əliyevin məhşur
bir deyimi var: "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik".
Bu fikrin açması ondan ibarətdir ki,
dövlət bazar münasibətlərinə birbaşa
müdaxilə edə bilməz. Amma bazar
münasibətlərini başlı-başına da buraxa bilməz.
Dövlət bazar iqtisadiyyatını tənzimləməyə,
özü də daha keyfiyyətli tənzimləməyə məhkumdur.
Əgər bunu etməsə bazar iqtisadiyyatı
inkişaf edə bilməz, yaxud inkişafın müəyyən
mərhələsində ağır böhranlar yarana bilər,
ölkədə sosial ədalətsizlik baş verər və
s.
Digər tərəfdən o da nəzərə
alınırdı ki, vergi yenidən
bölüşdürücü xarakterə sahibdir. Buna görə də nəinki iqtisadi, hətta
ümumən ictimai tərəqqi vergi sisteminin, bununla
bağlı siyasətin inkişaf səviyyəsindən
asılıdır. Başa düşülürdü
ki, iqtisadiyyatda bazar münasibətlərinin
formalaşdırılması istiqamətində islahatların
həyata keçirilməsi səmərəli vergitutma sistemi
yaratmadan mümkün deyil. Vergi siyasətinin
düzgün qurulması və aparılması bütün
dövlətlərin fəaliyyətlərinin ən vacib, eyni
zamanda mürəkkəb sahələrindəndir.
Heydər Əliyev tərəfindən Azərbaycanda
vergi sistemi və buna uyğun siyasət müəyyənləşdirilən
zaman məhz sadalanan prinsiplərə ciddi əməl olundu.
İlk növbədə vergi sisteminin
normativ-hüquqi bazası yaradıldı, vergi mədəniyyəti
formalaşdırıldı. Vergi ödəyicilərinin
fəaliyyəti üçün əlverişli şəraitin
yaradılması istiqamətində tədbirlər gücləndirildi,
onların hüquqlarının qorunmasına xüsusi diqqət
ayrıldı. H.Əliyev vergi yükünün optimal səviyyədə
saxlanılmasına xüsusi fikir verdi,
sahibkarlıq və investisiya fəallığını
stimullaşdıran, sadə və vergi ödəyicisi tərəfindən
başa düşülən vergi sistemi yaradıldı.
Bunlarla bərabər H.Əliyev tərəfindən vergi
siyasəti vergi dərəcələrinin aşağı
salınması və vergi güzəştlərinin
azaldılması hesabına vergitutma bazasının genişləndirilməsinə,
iqtisadiyyata investisiya qoyuluşunun
stimullaşdırılmasına, hüquqi şəxslərlə
fərdi sahibkarlar arasında, yerli və xarici vergi ödəyiciləri
arasında vergi yükünün bərabərləşdirilməsinə,
kiçik və orta sahibkarlıq, biznes fəaliyyəti
üçün əlverişli şəraitin
yaradılmasına və son nəticədə mövcud
iqtisadi potensialın artırılmasına və əhalinin
maddi rifahının yüksəldilməsinə yönəldildi.
H.Əliyev tərəfindən həyata
keçirilən vergi siyasətində hüquqi bazanın
yaradılması xüsusi yer tuturdu. Çünki
həmin illərdə sistem yeni yaradılırdı və bu
sistemi tənzimləyən qayda-qanunun olması vacib idi.
1993-1996-cı illərdən bazar
iqtisadiyyatının tələblərinə uyğun olaraq
bir sıra yeni vergi növləri haqqında qanunlar qəbul
edildi, onların normativ-hüquqi bazası yaradıldı.
O cümlədən, 1993-cü ilin fevralında "Torpaq
vergisi", 1995-ci ilin martında "Əmlak vergisi" və
"Mədən vergisi", 1996-cı ilin dekabrında
"Dövlət yol fonduna vergilər" haqqında qanunlar qəbul
edildi, vergi qanunlarının tədbiqi ilə bağlı təlimatlar,
əsasnamələr işlənib hazırlandı.
1996-cı ildən sonra 2003-cü ilə qədər cəmiyyətdə
və iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən
asılı olaraq əvvəlki mərhələdə qəbul
edilən qanunların təkmilləşdirilməsi istiqamətində
işlər aparıldı, müvafiq vergi qanunlarında dəyişikliklər
və düzəlişlər edildi, 1999-cu ilin yanvarında isə
bilavasitə vergi orqanlarına da aidiyyatı olan "Dövlət
nəzarəti sisteminin təkmilləşdirilməsi və
sahibkarlığın inkişafı sahəsində süni
maneələrin aradan qaldırılması haqqında"
prezident fərmanı imzalandı.
Bu fərmandan sonra təşkilati məsələlər
və kadr siyasəti yeni prinsiplər üzərində
formalaşmağa başladı. Təbii
ki, vergi intizamı ön plana çəkildi, liberal və
güzəştli münasibətlərlə bərabər
vergidən yayınanlara qarşı qanun çərçivəsində
sərt tədbirlər görüldü.
1999-cu ilin yanvarında verilən fərman
hazırda da uğurla işləyən Vergilər Nazirliyinin və
Vergi Məcəlləsinin yaradılmasına gətirib
çıxardı.
2000-ci ilin fevralın 11-də prezidentin
imzaladığı fərmanla Azərbaycan
Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi
ləğv edilərək onun bazasında Azərbaycan
Respublikasının Vergilər Nazirliyi yaradıldı.
2000-ci ilin iyulunda isə "Vergi Məcəlləsi
qəbul edildi və bununla da Azərbaycanda vergi sisteminin əsas
elementləri formalaşdırıldı.
H.Əliyev vergi siyasətinin əsas
prioritetlərindən biri də vergitutmaya liberal yanaşma idi.
1993-2003-cü illəri əhatə edən 10
illik bir dövrdə istər vergi dərəcələrinin
optimallaşdırılması, istər sadələşdirilməsi,
istərsə də vergi güzəştlərinin tətbiqi
sahəsində cəsarətli addımlar atıldı. Bu gün də qüvvədə olan sadələşdirilmiş
vergi növü və vergi güzəştləri H.Əliyevin
adı ilə bağlıdır.
2000-ci ildə qəbul edilən "Vergi Məcəlləsi"ndə
sadələşdirilmiş vergi növü tanındı.
Sadələşdirilmiş sistem üzrə
vergi ödəyiciləri əlavə dəyər vergisi və
mənfəət vergisi ödəməyən vergi ödəyiciləri
müəyyən edildi. Belə bir vergi
növünün qəbul edilməsində məqsəd
kiçik və orta sahibkarların rəqabət qabiliyyətinin
artırılması, ölkədə məşğullğun
artırılması idi. Sadələşdirilmiş
verginin tətbiqindən 13 ildən artıq müddətin
ötməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatının hələ
də bu vergi növünə ehtiyac olduğu etiraf edilir.
Vergi sistemini xarakterizə edən göstəricilərdən
biri də vergi yüküdür. 2001-ci
yanvarın 1-dən başlayaraq kənd təsərrüfatının
inkişafını stimullaşdırmaq məqsədilə
ölkəmizdə xüsusi vergi siyasəti tətbiq
olunmağa başlandı. Həmin tarixdən
aqrar sahə üzrə fəaliyyət göstərən
istehsalçılar torpaq vergisi istisna olmaqla bütün vergilərdən
azad edildi. Bu güzəşt 12 ildir
qüvvədədir.
1993-2003-cü illərdə bütün
vergi dərəcələrinin azalması da müşahidə
edilib. Təcrübə göstərir ki,
vergi dərəcələrinin yüksək olması gəlirlərin
gizlədilməsinə, vergidən yayınma hallarının
artmasına səbəb olur. Leqal
iqtisadiyyatın normal fəaliyyət göstərməsi
üçün əlverişli vergi şəraitinin
yaradılması dövlətin vergi siyasətinin əsas
istiqamətlərindən biri olub. 1993-2003-cü
illərdə vergi dərəcələrinin yüngülləşdirilməsi
sahəsində daim məqsədyönlü işlər
görülüb. Həmin illərdə mənfəət
vergisinin dərəcəsi 35 faizdən 25 faizə, əlavə
dəyər vergisinin dərəcəsi 28 faizdən 18 faizə,
fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi
55 faizdən 35 faizə, minimum həddi 12 faizə endirildi. Bu illərdə sadələşdirilmiş vergi dərəcəsi
2 faiz idi.
Bunlardan başqa xarici investisiyaların ölkə
iqtisadiyyatına axınını stimullaşdırmaq, zəngin
neft-qaz yataqlarının mənimsənilməsini sürətləndirmək
məqsədilə Azərbaycan ərazisində hasilatın
pay bölgüsü üzrə sazişlər əsasında
karbohidrogen fəaliyyətini həyata keçirən xarici
şirkətlər üçün protokollarla tənzimlənən
,"Vergi Məcəlləsi"ndən fərqli
üstünlüklərə malik olan xüsusi rejimli vergitutma
mexanizmi nəzərdə tutuldu.
Beləliklə, Azərbaycanın vergi
sisteminin 1993-2003-cü illərdəki inkişaf yoluna nəzər
salsaq, görürük ki, cəmiyyətin vergilərə
dair elementar biliklərinin olmadığı bir dönəmdən
başlanan vergi quruculuğu tarix baxımdan qısa bir zaman kəsiyində,
bir çox ölkələrin bəzən onillər ərzində
qət etdiyi bir inkişaf prosesindən keçdi. H.Əliyevin
rəhbərliyi altında vergi sisteminin strukturu və vergi sahəsində
milli qanunvericilik bazası formalaşdırıldı,
"Vergi Məcəlləsi" qəbul edildi, onun təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə vergi sistemində
islahatlara başlandı, vergi siyasətinin əsas istiqamətləri,
vergilərin sayı və dərəcələrinin optimal səviyyəsi
müəyyənləşdirildi, ölkədə vergi
yükünün aşağı salınması, vergi
menecmentinin müasirləşdirilməsi istiqamətində
bir sıra uğurlar əldə olundu.
Bu illər ərzində
bütövlükdə liberal və rəqabətqabiliyyətli
bir vergi sistemi formalaşdırıldı, Azərbaycanda sərmayəçilər
üçün cəlbedici, sadə və eyni zamanda, şəffaf
və sabit bir vergi sistemi qurulması istiqamətində əhəmiyyətli
tədbirlər görüldü.
Heç kimin şübhəsi olmasın ki, əgər
H.Əliyevin siyasi iradəsi ilə yaradılan vergi sisteminin
strukturu, vergi sahəsində formalaşdırılan milli
qanunvericilik bazası, "Vergilər Məcəlləsi",
vergi sistemində islahatların aparılma istiqamətləri,
ölkədə vergi yükünün aşağı
salınması siyasəti səhv müəyyənləşdirilsəydi,
adıçəkilən sahələrdə sonralar yenidənqurma
tədbirləri həyata keçirilərdi. Növbəti 10 il ərzində məhz əvvəlki dövrdə
müəyyənləşdirilən prinsiplərə sadiq
qalınması, yaradılan baza üzərində işlərin
gücləndirilməsi ondan xəbər verir ki, əvvəlki
siyasət reallığa əsaslanıb və bundan sonra da
onun davam etdirilməsi davamlı inkişafı təmin edən
əsas səbəbə çevriləcək.
Qalib İBRAHİMOĞLU
Ekspress.- 2013.- 21 may.- S. 11.