Şeyxin İran missiyası
Paşazadə:
"Düşmənlərin ölkələrimiz arasında
nifaq toxumu səpməsinə icazə verməyəcəyik"
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri şeyxülislam
Allahşükür Paşazadənin rəhbərliyi ilə
mayın 18-dən Tehranda səfərdə olan Azərbaycan
nümayəndə heyəti İranın ali dini rəhbəri
ayətullah Seyid Əli Xamneyi ilə görüşüb.
Görüşdə iki
ölkə arasında münasibətlərin hərtərəfli
inkişaf etdiyi bildirilib. Paşazadə vurğulayıb ki, Azərbaycanda
bütün dinlərin nümayəndələrinə azad
ibadət imkanı yaradılıb, yeni məscidlər tikilir,
tarixi məscidlər, ziyarətgahlar təmir edilir. O, bir
neçə gün əvvəl prezident İlham Əliyevin
iştirakı ilə Şamaxıda böyük məscid-kompleksinin
açıldığını, bundan əvvəl isə
Sumqayıt və Qəbələdə məscidlərin
açılışı olduğunu xatırladıb.
Prezident İlham Əliyevə
salamlarını çatdırılmasını xahiş edən
Seyid Əli Xamneyi Azərbaycanda aparılan quruculuq işlərindən
və inkişafdan xəbərdar olduğunu da bildirib.
İranın dini lideri ölkəsinin Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını və
hörmətlə yanaşdığını bir daha qeyd
edib.
Görüşdə
iştirak edən Azərbaycan Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
Heydərov da Azərbaycan-İran münasibətlərinin
inkişafının əhəmiyyəti barədə
danışıb.
Mayın 19-da
şeyxülislamın başçılıq etdiyi Azərbaycan-İran
Parlamentlərarası Dostluq Qrupunun üzvləri İran Ali
Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili
ilə görüşüb. Qeyd edək ki, Səid Cəlili
iyunun 14-də İranda keçiriləcək prezident
seçkisinin əsas favoritlərindən biri sayılır.
Səid Cəlili
görüş zamanı bildirib ki, İranla Azərbaycan
arasındakı əlaqələr dərin və
köklüdür: "İran Azərbaycanın müstəqilliyini,
sabitliyini və inkişafını öz sabitliyi və
inkişafı hesab edir. İran keçmişdə olduğu
kimi, indi və gələcəkdə də Azərbaycana əlindən
gələn hər cür yardımı göstərəcək".
Onun sözlərinə
görə, Azərbaycandakı dini və islami potensiallar bu
ölkənin təhlükəsizliyi, inkişafı və
bütövlüyünü qorumaq üçün əsasdır:
"Bu potensiallardan faydalanmaqla problemləri həll etmək
lazımdır".
İran rəsmisi deyib ki,
dünyanın supergücləri terrorizm və demokratiyanı
bəhanə edərək ixtilaf və qeyri-sabitlik yaratmağa
çalışırlar: "Bölgə ölkələri
potensiallarından faydalanmaqla həmin supergüclərin
planlarını boşa çıxarmalıdır".
Allahşükür
Paşazadə isə öz növbəsində
vurğulayıb ki, Azərbaycanla İran arasındakı əlaqələr
qardaşlıq münasibətlərinə və tarixi
bağlara söykənir: "Azərbaycan düşmənlərin
iki ölkə arasına nifaq toxumu səpməsinə icazə
verməyəcək".
Tehrana səfəri çərçivəsində
Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti
İran parlamentinin sədri Əli Laricani ilə də
görüşüb. APA-nın "İRİB NEWS"a
istinadən məlumatına görə, Laricani bildirib ki,
İran-Azərbaycan arasındakı münasibətlər
qonşuluq əlaqələrindən daha üstündür:
"Dini, məzhəbi və tarixi bağlılıq iki
xalqın qardaşlıq və yaxınlığının ən
önəmli təməlidir. İran rəhbərləri
ölkələrimiz arasında əməkdaşlığın
inkişaf etdirilməsinin tərəfdarıdır. Bu gün
ölkələrimiz arasında ən mühüm əlaqələrdən
biri iqtisadi əməkdaşlıqdır. İran və Azərbaycanın
bütün potensiallarından dostluq əlaqələrinin
genişlənməsi üçün faydalanmalıyıq. Azərbaycan
Respublikasında dini maarifləndirmənin genişlənməsi
bu ölkənin inkişafına və çiçəklənməsinə
səbəb ola bilər. Eyni zamanda stabilliyə və güclənməsinə
gətirib çıxaracaq. Xalqın dini bünövrəsi nə
qədər güclü olsa, Azərbaycan Respublikasının
mənafeyini o qədər çox yaxşı qoruyar".
İran parlamentinin sədri
Azərbaycan Respublikasında dini sahədə maariflənmənin
genişlənməsinə çalışdığı
üçün Allahşükür Paşazadəyə təşəkkür
edib.
Şeyxülislam Paşazadə
isə öz növbəsində vurğulayıb ki, iki
ölkə arasındakı əlaqələr dərin dostluq,
qardaşlıq və məzhəbi bağlılıq əsasında
qurulub: "Azərbaycan xalqı heç zaman İranın
çətin günlərdəki dəstəyini unutmayacaq. Azərbaycan
müstəqillik qazandıqdan sonra dini maariflənmə sahəsində
xeyli işlər görülüb".
Qeyd edək ki,
şeyxülislamın başçılıq etdiyi Azərbaycan
missiyasının Tehrana səfəri AMEA Ədəbiyyat
İnstitutunun əməkdaşı Xalidə Xalid və
sürücüsü Şamxal Hüseynovun İranda 20
günə yaxın bir müddətdə həbsdə
saxlanılması fonunda baş verib. Elə missiyanın bir məqsədi
də Azərbaycan vətəndaşlarının həbsdən
azad edilməsi ilə bağlı olub. Şeyxin İrana səfərinin
ikinci günü Xalidə Xalid və Şamxal Hüseynov
azadlığa buraxılıb. Bu baxımdan şeyxin
missiyasını uğurlu saymaq olar.
Əhmədinecat:
"Heç bir qüvvə onu ürəyimdən
çıxara bilməz"
"Azərbaycan
xalqı mənim qəlbimdədir, heç bir qüvvə onu
ürəyimdən çıxara bilməz".
Bu sözləri Tehranda səfərdə
olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
Şeyxülislam Allahşükür Paşazadə ilə
görüşü zamanı İran prezidenti Mahmud Əhmədinecat
deyib.
AzərTAc xəbər verir
ki, Azərbaycan-İran parlamentlərarası dostluq qrupu
üzvlərinin təmsil olunduğu nümayəndə heyətinin
də iştirak etdiyi görüşdə Azərbaycan-İran
münasibətlərinə dair fikir mübadiləsi
aparılıb. İran dövlətinin
başçısına prezident İlham Əliyevin səmimi
salamlarını çatdıran Paşazadə mehriban
qarşılanmaya və yüksək qonaqpərvərliyə
görə minnətdarlığını bildirib.
Əhmədinecat onun da hərarətli
və səmimi salamlarını Azərbaycan dövlətinin
başçısına çatdırmasını Paşazadədən
xahiş edib. İran prezidenti bildirib ki, dinamik inkişafda olan
Azərbaycan-İran münasibətləri tarixi köklərə
söykənir və ölkələrimiz bir-birinə
qırılmaz tellərlə sıx bağlıdır.
Qənirə MƏMMƏDLİ
Ekspress.-
2013.- 21 may.- S. 13.