"Eurovision" Skandinaviyada
qaldı
Növbəti "Eurovision" həyəcanı
başa çatdı.
Mayın 18-də İsveçin
Malmö şəhərində
"Malmö Arena"da
"Eurovision -2013" Mahnı Müsabiqəsinin final şousu
baş tutdu və qalib məlum
oldu.
Finalda iştirak edən
26 ölkə təmsilçisinin
hər biri bacarığını nümayiş
etdirdi. Müsabiqənin qalibi isə
proqnozlara uyğun olaraq, Danimarka təmsilçisi Emmeli de
Forest oldu. Onun ifası
281 balla qiymətləndirildi.
Emmeli de Forestin oxuduğu
"Only teardrops" mahnısına 4 milyonadək tamaşaçının
səs verdiyi məlum olub.
19 yaşlı Emmeli de Forest məşhur
şotlandiyalı prodüserlə
dünya turuna çıxıb. Müğənninin səhnə quruluşundakı
özəlliklərindən biri də onun
ayaq geyiminin olmamasıydı. O, Danimarkanın
musiqi yarışmalarından
sonra populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edən ifaçı bir müddət televiziyada aparıcı işləyib. Emmelinin
Danimarkanı Avropanın
ən nüfuzlu mahnı müsabiqəsində
təmsil etmək arzusu isə bu il reallaşıb. Danimarkanın milli seçim
turunda iştirak edən müğənni ən yüksək göstərici ilə müsabiqənin qalibi elan olunub.
Qeyd edək ki, bu, Danimarkanın
"Eurovision" müsabiqəsində üçüncü qələbəsidir.
Beləliklə də,
"Eurovision" İsveçdən uzağa getmədi və iki il dalbadal Skandinaviya yarımadasında
keçiriləcək.
Azərbaycanın 21 yaşlı
təmsilçisi Fərid
Məmmədov isə
"Eurovision -2013" Mahnı Müsabiqəsində "Hold me" mahnısı ilə 2-ci yeri tutdu. Azərbaycan 234 səs topladı.
İlk üçlüyü isə 214 balla Zlata Oqneviçlə təmsil olunan Ukrayna qapatdı.
Norveç builki müsabiqədə
4-cü, Rusiya isə
5-ci oldu.
Qeyd edək ki, Azərbaycana yüksək xallar bu ölkələrdən
gəldi: İsrail
(12), Avstriya (12), Macarıstan
(12), Bolqarıstan (12), Rusiya
(12), Malta (12), Litva (12), Yunanıstan
(12), Gürcüstan (12), Monteneqro
(12), Rumıniya (10), Belarus (10) və Ukrayna (10).
Moldovadan, Fransadan
və Kiprdən isə Azərbaycana 8 bal verilib.
Azərbaycan isə
8 balı Maltaya, 10 balı Gürcüstana, 12 balı
isə Ukraynaya verib.
"Eurovision -2013" Mahnı
Müsabiqəsinin final şousundan
dərhal sonra mətbuat konfransı keçirildi. Mətbuat konfransında
əsas diqqətlər,
təbii ki, Danimarka təmsilçisi Emmelie De Foresə yönəlmişdi. Şou iştirakçıları
və mətbuat nümayəndələri ilk öncə
Danimarka təmsilçisini
təbrik etdilər.
Daha sonra danimarkalı qalib ilk təəssüratını bölüşdü:
"Əlbəttə ki,
bu, çox həyəcanlı və
stress dolu idi. Lakin tamaşaçıların alqışları
mənə enerji verirdi. Onlar mənim mahnımı
bəyəndilər və
səs verdilər.
İlk öncə kəpənəyin
üzərinə əks
olunmuş Danimarka bayrağını gördüm,
daha sonra komandamın sevincini, amma, hələ də anlamırdım ki, mən qalib
gəlmişəm".
Fərid də
final başa çatandan
sonra ona yardım edən hər kəsə, xüsusilə də ailəsinə minnətdarlıq
edib: "Babam həmişə deyirdi ki, yalnız zəhmət, əzm və çalışqanlıq
uğur qazandıra bilər. Səsvermənin nəticələri elan ediləndə, onun sözləri beynimdə əks-səda kimi səsləndi".
"Eurovision -2013" Mahnı
Müsabiqəsinə qatılmış
39 ölkə arasında
Azərbaycan öz təmsilçisini sonda -yalnız martın ortalarında bəyan etdi. Həmin vaxtadək peşəkar
bukmekerlər müsabiqənin
favoritlərini artıq
seçmişdilər. Malmödəki ilk məşqə qədər Fərid
"Eurovision -2013"-ün yaxşı tanınmayan iştirakçısı idi.
Cəmiyyət və mass-media Fonass
Yevangelinosun yaratdığı
gözəl və dərin mənası olan səhnə quruluşunu görəndən
sonra Fəridin qələbə şansları
sürətlə artdı.
Dünyaca məşhur "William Hill
Online Betting" bukmeker kontorunun
"stavka"larında o, 13-cü yerdən ilk üçlüyə
qalxmışdı.
Fəridin səhnə çıxışı
adi elementlərin sintezi idi. İki rəqqas, kub formasında şüşə
konstruksiya və 20 metrlik şleyfi olan uzun paltar
istedadlı müğənni
ilə onun emosional mahnısı üçün möhtəşəm
şou yaratdı.
İdmançı bədən quruluşu
isə Fəridə müsabiqənin finalı
başlanmazdan əvvəl
"Eurovision Next Male" Top Model yarışında
qələbə qazandırmışdı.
"Eurovision -2013"-ün
finalına bir neçə dəqiqə
qalmış isə Fərid Məmmədov
"Müsabiqənin ən
yaxşı artisti"
nominasiyasında nüfuzlu
"Marcel Bezencon" mükafatına
layiq bilindi. "Eurovision" müsabiqəsinin
banisinin adını daşıyan sözügedən
mükafat 39 ölkəni
təmsil edən şərhçilərin seçimi
ilə verilir.
Asəf Zeynallı
adına Musiqi Kollecini bitirən Fərid Məmmədov pop formatında
musiqilərin, həmçinin,
soul, ballada janrlarında
mahnıların mahir ifaçısıdır.
Fərid "Böyük səhnə" müsabiqəsindən
sonra daha da məşhurlaşmışdı.
Təmsilçimiz bir sıra mötəbər yarışmalarda
ölkəmizi layiqincə
təmsil etmiş, mükafatlara layiq görülmüşdü.
Xatırladaq ki, Azərbaycan
"Eurovision" Mahnı Müsabiqəsində
2008-ci ildə debüt
edib və o vaxtdan bəri müsabiqənin finalında
yüksək nəticələr
göstərir. 2009-cu ildə ölkəmiz
3-cü yeri, 2010-cu ildə
5-ci yeri tutdu. 2011-ci ildə isə
El və Niki dueti "Eurovision"da qalib gəldilər.
Ötən il Səbinə Babayeva "When the Music Dies" balladası ilə 4-cü
yeri tutdu.
Məlumat üçün bildirək ki, Fərid Məmmədov artıq vətənə qayıdıb.
"ANS Press"in verdiyi
xəbərə görə,
Azərbaycanı ikinci
yerə çıxaran
təmsilçimiz hava
limanında o qədər
də təntənəli
qarşılanmayıb və
media nümayəndələrinin qarşılanma mərasimində
iştirak etmədiyi bildirilir.
Yeri gəlmişkən, müsabiqədə varlığı
belə nəzərə
çarpmayan üzdəniraq
qonşularımız artıq
mətbuatda Azərbaycana
qarşı qarayaxma kampaniyasına başlayıb.
Erməni mətbuatının iddiasına görə, guya Azərbaycan müxtəlif ölkələrdə
səslərin pulla alınmasına cəhd göstərib. Lakin haylara
tutarlı cavab isə elə özlərindən gəlib.
Belə ki, Fərid Məmmədovun çıxışı
tamaşaçılara o dərəcədə
xoş gəlib ki, hətta ermənilər belə ona səs veriblər.
Məsələn, Melina Arzumanyan
adlı erməni qızı "Twitter" səhifəsində
azərbaycanlı təmsilçinin
özünü və
mahnısını çox
bəyəndiyini və
ona səs verdiyini yazıb: "Ermənilər məni bağışlasınlar. Mən öz
səsimi Azərbaycana
verdim. Gözəl mahnı, gözəl
ifaçı!"
Moskvada yaşayan Melina Ermənistan təmsilçisini bəyənmədiyini
bu sözlərlə ifadə edib: "Ermənistan göndərməyə
başqa adam tapmadı? Dəhşət!"
Ekspress.- 2013.- 21 may.- S. 23.