Elektron xəritənin
üstünlükləri
İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Prezident İlham
Əliyevin "Dövlət
orqanlarının elektron
xidmətlər göstərməsinin
təşkili sahəsində
bəzi tədbirlər
haqqında" 23 may 2011-ci il tarixli,
429 nömrəli fərmanında
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə (RİTN) bəzi
tapşırıqlar verilib.
Fərmanın 2-ci bəndinə əsasən mərkəzi
icra hakimiyyəti orqanlarının üzərinə
bir sıra mühüm vəzifələr
qoyulub.
Fərmanın icrasını təmin
etmək məqsədilə Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsi 18 iyul 2011-ci il tarixli 215 nömrəli əmr imzalayıb. Həmin əmrlə DTXK Aparatında olan
vakansiyalar hesabına ümumi
şöbənin nəzdində İnformasiya
texnologiyaları sektoru yaradılıb Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya tərəfindən
keçirilən müsabiqələr nəticəsində
komplektləşdirilməsi nəzərdə tutulub. Komitə sədri Qərib
Məmmədovun sözlərinə görə, son vaxtlar ayrı-ayrı
ölkələr tərəfindən Azərbaycanın ərazi
bütövlüyü, tarixi,
coğrafi adları təhrif olunmaqla, təxribat xarakterli
xəritə, atlas və digər materiallar KİV-lərdə geniş
şəkildə yayılmaqdadır: "Bununla belə, təəssüflər olsun ki, ölkə daxilində
də heç bir səlahiyyəti
və təcrübəsi olmayan təşkilatlar
da xəritə tərtibatı işləri
ilə məşğul olurlar. Nəticədə
nəzərdə tutulan məqsədlər
üçün tam
şəkildə yararsız olan və
kartoqrafiyanın tələblərinə cavab
verməyən xəritələr ortaya
çıxır".
Q.Məmmədov bildirib ki, ölkəmizdə
kartoqrafiya fəaliyyəti ilə
yanaşı bu fəaliyyətin əsasını
təşkil edən geodeziya və topoqrafiya işləri də məhz bilavasitə
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən həyata keçirilən fəaliyyət
istiqamətidir. Bundan başqa, komitə sədrinə
görə, 2003-cü ildən etibarən DTXK-nın tərtib
etdiyi xəritələr yalnız elektron formatda
hazırlanır və elektron xəritə
dedikdə ayrı-ayrı laylara (relyef, hidroqrafiya, bitki və torpaq örtüyü, yaşayış məntəqələri,
mühəndis-kommunikasiya xətləri və s.)
malik olan, eləcə
də istifadəsi, yeniləşdirilməsi və dəyişdirilməsi
mümkün olan xəritələr
nəzərdə tutulur.
Elektron xəritənin
ən üstün cəhətlərindən
biri də ondan ibarətdir
ki, xəritə üzərində istənilən
nöqtənin koordinatları məlumdur. Elektron
xəritənin eyni məkan hissəsinin
müxtəlif miqyaslı xəritələr toplusu
və onların interaktiv olaraq
dəyişməyə imkan verən proqram təminatı da
olmalıdır.
İnteraktiv elektron xəritə isə verilənlər
bazasındakı məlumatlardan real vaxt rejimində istifadə olunmasına imkan verən xəritədir. E-hökumətin
xidmətlərində interaktiv xəritənin
məhz bu funksional
imkanları müstəsna əhəmiyyət kəsb edir.
Məmmədovun
dediyinə görə, rəhbərlik etdiyi
qurum uzun illərdən
bəri geodeziya, topoqrafiya
və kartoqrafiya sahəsində üstün təcrübəyə malik olmaqla, bu sahəvi işləri müasir
texnologiyanın imkanlarından istifadə etməklə, özünün sahəvi ixtisaslı mütəxəssisləri
vasitəsilə həyata keçirir:
"Ayrı-ayrı mərkəzi icra
hakimiyyəti orqanları və digər qurumlar
tərəfindən elektron xidmətlər
sahəsində baza kimi
məhz bu Komitə tərəfindən tərtib
olunan kartoqrafik əsaslardan
istifadə edilməlidir. Nəzərə
alınmalıdır ki, komitənin bu sahədəki müstəsna xidmətləri
eyni zamanda ölkənin
müdafiəsi, təhlükəsizliyi, eləcə də
iqtisadiyyatın bütün sahələrində
də tətbiq olunur. Bununla belə, torpaq islahatının birinci
mərhələsinin nəticələrindən bu islahatın növbəti mərhələlərində
səmərəli şəkildə istifadə
olunmasını təmin etmək və nəticə etibarilə
bu işdən bütövlükdə həm
dövlətin, həm də Azərbaycan xalqının
bəhrələnməsi üçün
yalnız rəqəmli kartoqrafik bazaya əsaslanan interaktiv elektron xəritələrdən istifadə
olunmalıdır".
Q.Məmmədov onu da bildirib
ki, torpaq
islahatının qarşıya qoyduğu
vəzifələrə müvafiq olaraq əhalisinin yarısından çoxu torpaq mülkiyyətçisinə
çevrilmiş ölkəmizdə bu islahatın nəticələri olan dövlət torpaq
kadastrı məlumatları müasir formatda elektron hökumət
çərçivəsində dövlət və geniş əhali kütləsinə xidmət
etməlidir. Onu da qeyd edək ki, hazırda elektron xəritələr Azərbaycanın ərazisini
tam olaraq əhatə edir.
İnteraktiv elektron xəritələr dedikdə isə hər
zaman məlumat bazasına dəyişikliklərin
əlavə edilməsi mümkün olan və idarə olunan xəritələr
başa düşülür.
Yeri gəlmişkən,
Nazirlər Kabinetinin 24 noyabr
2011-ci il tarixli 191
nömrəli qərarına müvafiq olaraq Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin portalında doqquz xidmət və həmçinin ayrıca
olaraq komitəyə müraciət
forması yerləşdirilib. Bu xidmətlərdən
həm fiziki, həm hüquqi
şəxslər, həm də dövlət orqanları yararlana bilər. Qeyd edək
ki, hər bir xidmət
üzrə inzibati reqlamentlər
hazırlanıb.
İqtisadiyyatın və
cəmiyyətin inkişafının müasir
mərhələsində geodeziya təminatı
sahəsində ərazilərin dayanıqlı inkişafı
konsepsiyasından irəli gələn yeni
məqsəd və vəzifələr, həmçinin, yeni texniki və texnoloji nailiyyətlərlə şərtlənən
yeni imkanlar meydana gəlir. Texniki və texnoloji
imkanlar məkan məlumatlarının
yığılması və emalının yeni
metod və vasitələrinə əsaslanır.
Ərazidəki nöqtələrin vəziyyətinin təyini
metodları son illərdə peyk texnologiyaları, lazer
skanlaşdırma və rəqəmli metodlardan
istifadə edən məsafədən zondlamanın tətbiqi
ilə əlaqədar yeni keyfiyyət səviyyəsinə
yüksəlib.
Avropa İttifaqı ölkələri tərəfindən
qəbul olunmuş İNSPİRE Direktivinin 3 əlavəsini nəzərdən
keçirdikdə görürük ki, hər bir ölkədə
mövcudluğu zəruri olan
məcburi təbəqələrin böyük
əksəriyyəti Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi tərəfindən
hazırlanır. Bu isə de-fakto
Komitəni Milli Məkan Məlumatları İnfrastrukturunun operatoru
funksiyalarını öz üzərinə
götürməyə məcbur edir. Bu istiqamətdə ilk
addım kimi isə Vahid
Elektron Kartoqrafik Əsasın
(VEKƏ) yaradılması qəbul olunur.
Vektor formatında rəqəmli dövlət topoqrafik xəritə və planlardan,
yaxud bunlar
olmadıqda, Yerin məsafədən
zondlanmasının materiallarının rastr
geokodlaşdırılmış təbəqələrindən,
həmçinin, meta məlumatlardan ibarət
olan ölkə, inzibati
ərazi və bələdiyyə təyinatlı vahid elektron kartoqrafik əsas 1:2000, 1:5000, 1:10000, 1:25000,
1:50000, 1:100000, 1:200000, 1:500000, 1:1000000 miqyaslarda
yaradılır. VEKƏ yalnız açıq nəşrə
icazə verilən informasiyadan ibarət olacaq. Onun Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin internet şəbəkəsindəki
portalında yerləşdirilməsinin və istənilən
şəxs tərəfindən bu portaldan istifadə etməklə, VEKƏ-nin məlumatlarına
ödənişsiz baxışının təmin olunması
nəzərdə tutulur.
AzPOS Azərbaycanda
daim fəaliyyət göstərən geodeziya istinad şəbəkəsidir.
Bu gün Azərbaycanın
müxtəlif rayonlarında 37 GNSS referens
baza stansiyaları
quraşdırılıb. Şəbəkə GPS, GLONASS,
GALİLEO sistemlərinin hər birini dəstəkləyir.
Hazırda şəbəkədən istifadə qaydaları
üzərində iş gedir
və yaxın günlərdə şəbəkənin istismara verilməsi gözlənilir. AzPOS-un üstünlüyü vahid
koordinat-zaman fəzasının yaradılması,
idarəetmə qərarlarının qəbulunun operativliyi, yalnız topo-geodeziya
deyil, həmçinin, ərazilərin
idarə olunmasının inzibati məsələlərinin
həlli, şəbəkənin bir
kompyuterdən istifadə olunması, insan
və avadanlıq ehtiyatlarına qənaət etməkdir.
AzPOS-dan inşaat
işlərində, kommunikasiyaların təyinində,
deformasiyaların monitorinqində, kadastr
işlərində, kənd təsərrüfatında və naviqasiya məsələlərində istifadə
olunacaq.
Artıq DTXK tərəfindən
müxtəlif təyinatlı xəritə və atlasların
nəşri ilə bağlı elektron
xidmət qismən avtomatlaşdırılıb. Bu xidmət müxtəlif təyinatlı tematik xəritə və atlasların nəşri
və e-satışını əhatə edir.
Komitədən verilən məlumata görə, qurum tərəfindən göstərilən
xidmətin icraçısı Bakı Kartoqrafiya
Fabrikidir: "Hazır xəritələrin
sifarişçilərə çatdırılması 1-5 gün ərzində, yenilərinin
hazırlanması müqavilədə nəzərdə tutulan müddət ərzində həyata keçirilir. Tematik xəritələr
tərtib və çap olunaraq
mümkün olan üsullardan biri ilə
sifarişçiyə çatdırılır. Xidmət üçün tələb edilən ödənişlərə
gəlincə, müvafiq xidmətlər
üzrə məbləğlər təsdiq olunmaq
üçün Tarif
(Qiymət) Şurasına təqdim olunub.
Xidmətin göstərilməsi üçün
ödəmə - internet-ödəmə, terminal,
nağd və s.
üsulları şəklində həyata keçirilir".
İnformativ növlü elektron
xidmətlər istifadəçilər üçün
daim açıqdır və müraciət
edilməsi hər hansı qaydada məhdudlaşdırıla
bilməz. İnteraktiv elektron
xidmətlər üçün sorğuya gəlincə, müxtəlif təyinatlı
tematik xəritə və atlasların nəşri
ilə bağlı sorğu internet ünvanından götürülmüş
ərizə formasının doldurularaq müvafiq sənədlərlə birlikdə qurumlara göndərilməsi nəticəsində
formalaşır.
Azərbaycanın SİNAM şirkətindən
verilən məlumata görə, şirkət Gomap.az
naviqasiya xəritəsinin mobil
versiyasının yaradılması ilə əlaqədar
işləri tamamlayıb. Yeri gəlmişkən,
SİNAM şirkəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
başladılmış Gomap.az layihəsinin
icraçısıdır. Hazırda layihənin
proqram hissəsinin
optimallaşdırılması ilə bağlı işlər
görülür ki, bu, verilmiş sorğu əsasında ötürülən
informasiyanın sürətini əhəmiyyətli dərəcədə
artırmağa imkan verəcək.
Portalın tezliklə istifadəçilər
tərəfindən istifadə edilə biləcək mobil versiyası onun istifadəçilərin
sayını daha da
artırmaq imkanı yaradacaq. Naviqasiya sisteminin elektron xəritəsi təxminən 70 min obyekti əhatə edir və Gürcüstanın xəritəyə
daxil edilmiş doqquz böyük şəhərinin
ərazisi də nəzərə alınarsa, bu
göstərici 90 mindən çox olar. Gün ərzində portala müraciət edənlərin sayı beş mindən artıqdır.
Qeyd edək ki, elektron xəritə digər
oxşar sistemlərlə (məsələn,
Google Satellite) də əlaqələndirilib.
Bu, Gomap.az sisteminin məlumat bazasını Google Satellite sistemindəki
Azərbaycan xəritəsinin peyk təsvirlərinin
üzərinə yerləşdirməyə imkan
verir. Yəni, peyk xəritəsində,
demək olar ki, istənilən
obyektin dəqiq ünvan
göstəriciləri də daxil olmaqla bütün məlumatlarını
görmək və axtarış nəticələrini isə
Google Satellite xəritəsinə
çıxarmaq olar. Elektron
xəritədə həmçinin Azərbaycanın
rayonlarına səyahət etmək istəyən turistlər üçün faydalı olan
marşrutun qurulması funksiyası da var. Bütün
bunlar bir daha onu göstərir ki, hər sahədə elektronlaşan
dünyamızın üstün tərəfləri
çoxluq təşkil etməkdədir.
Ulduzə QARAQIZI
Ekspress.-2013.-22
may.-S.9.