Mir Cəfər
Bağırov və Teymur Quliyev
Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır?
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub
müəllimin Mir Cəfər
Bağırovla bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində,
bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla
yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki,
sonu-bucağı yoxdur. Teyyub
müəllim arxivdən elə faktlar, elə
sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.
1956-cı ildə Teymur Quliyevin kürəkəni İmran Qasımovun da əyninə saxta don geyindirib vəzifəsindən uzaqlaşdırmışdılar.
Azərbaycan Respublikası Prezidenti İşlər İdlarəsi Siyasi Sənədlər Arxivində saxlanılan və indiyədək ədəbi mühitə məlum olmayan bir sənədi oxuculara çatdırıram:
"Azərbaycan KP MK Bürosu iclasının 1956-cı il 20 aprel tarixli 16 nömrəli protokolundan çıxarış
ÇIXARIŞ
İ.H.Qasımov yoldaş redaksiyanın işinə rəhbərliyi təmin etmədiyinə görə "Literaturnı Azərbaycan" jurnalının redaktoru vəzifəsindən azad edilsin.
Azərbaycan KP MK katibi
İ.D.MUSTAFAYEV
27.04.1956-cı il"
Redaksiyanın işinə rəhbərliyi təmin edə bilməyən əslində kim olmuşdur?
Arxiv materialları həqiqəti
olduğu kimi göstərir. Azərbaycan
Respublikası Prezidenti
İşlər İdarəsi
Siyasi Sənədlər
Arxivində İmran Qasımovun 1949-cu il may ayının
24-də öz dəst-xəttilə
yazdığı tərcümeyi-halı
saxlanılır.
Tanış olun:
"Mən,
Qasımov İmran Haşım oğlu 1917-ci
ildə Bakı şəhərində mühəndis
ailəsində anadan olmuşam. İnqilabdan qabaq atam Peterburqda Mülki Mühəndislər İnstitunda
təhsil almışdır.
Təhsilini başa vurduqdan
sonra fasiləsiz olaraq Azərbaycanda ixtisası üzrə çalışmışdır. Hazırda Mingəçevir Yüksək
Gərginlikli Trestinin inşaat idarəsinin rəis müavini vəzifəsində işləyir.
Mən 1927-ci ildən 1935-ci ilədək orta məktəbdə oxumuşam.
Onuncu sinfi əla qiymətlərlə bitirərək
Azərbaycan Dövlət
Universitetinin ədəbiyyat
şöbəsinə qəbul
edilmişəm. Sonra Bakı
kinostudiyasında işlədiyimə
görə qiyabi təhsil almış,
1937-ci ildə Moskvaya kino kurslarına göndərilmişəm. Kursları bitirdikdən sonra Bakıya qayıtmış,
yazıçı-ssenarist fəaliyyətimi
davam etdirmişəm.
1938-ci ilin əvvəllərində
ilk ssenarim olan "Qaratəpə" əsərimi
yazmışam. Bundan sonra
mən "Azərfilm"in
ssenari şöbəsində
məsləhətçi işləmişəm.
Bir müddətdən
sonra öz xahişimlə işdən
azad edilərək, müstəqil yaradıcılıqla
məşğul olmuş,
"Yeni üfüqlər",
"Köhnə şəhərdə",
"İradə" və
digər ssenariləri
yazmışam. "Arzu"
pyesim Əzizbəyov adına Azərbaycan
Dram Teatrında tamaşaya
qoyulmuşdur. Oçerk və
məqalələr çap
etdirmiş, bədii ədəbiyyat nümunələrini
Azərbaycan dilindən
rus dilinə çevirmişəm.
1938-ci ildə komsomola qəbul olunmuşam, iki dəfə ilk komsomol təşkilatının
katibi seçilmişəm.
1939-cu ildə SSRİ Yazıçılar İttifaqının
üzvlüyünə qəbul
edilmişəm. 1942-ci
ilin noyabrında Bakı Kinostudiyası Ssenari Şöbəsinin rəisi təyin edilmişəm. 1944-cü ildə ilk dəfə olaraq respublikada rəhbər işə irəli çəkilmiş,
Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İdarəsinin rəis müavini vəzifəsinə
təyin olunmuşam.
1946-cı ildə kinematoqrafiya idarəsi nazirliyə çevriləndən
sonra 1947-ci ilin avqustunadək nazir müavini işləmişəm.
Öz xahişimlə bu vəzifəmdən azad olunaraq, nazirliyin kollegiya üzvü olmaqla, baş redaktor vəzifəsində
çalışıram. Bu günlərdə "Bakının işıqları"
bədii filminin ssenarisini bitirmişəm.
Sovet Azərbaycanının 30 illiyinə
həsr etdiyim "Sovet Azərbaycanı"
rəngli filmini, "Böyük yol", "Xəzər nefti" kino-oçerklərini hazırlamışam.
Ailəliyəm. Arvadım diş
həkimidir, partiya üzvüdür. Beş yaşında
qızım vardır.
Anam evdar qadındır. Qohumlarımdan dayım 25 il bundan
əvvəl İrana qaçmışdır. Mən onu
heç vaxt görməmişəm, heç
bir əlaqəm olmamışdır, bəlkə
də vəfat etmişdir.
İmza: İ.Qasımov
24 may 1949-cu il".
Arxiv materialları arasında
İmran Qasımovu Azərbaycanda ilk dəfə
rəhbər işə
irəli çəkənin
Mir Cəfər Bağırov
olduğunu göstərən
sənəd də vardır. Tanış
olun:
"Azərbaycan
K(b)P MK Bürosu iclasının 1944-cü il
15 iyun tarixli (protokol N 374) iclasının
qərarı
1938-ci ildən Ümumittifaq Lenin
Kommunist Gənclər
İttifaqının üzvü,
Moskva şəhərində
kino işçiləri
kurslarını bitirmiş
İmran Haşım oğlu Qasımov Azərbaycan Xalq Komissarları Soveti yanında kinematoqrafiya işləri İdarəsinin
rəis müavini təsdiq edilsin.
Azərbaycan K(b) P MK katibi
M.C.BAĞIROV
23 iyun
1944-cü il".
İki ildən sonra,
1946-cı ildə partiya
sıralarına qəbul
edilmiş İmran Qasımovun uğurları
ümumittifaq səviyyəsində
təsdiq edilir. Azərbaycan Respublikası
Prezidenti İşllər
İdarəsi Siyasi Sənədlər Arxivində
1948-ci il aprel ayında SSRİ Kinematoqrafiya Nazirliyi Bədii Şurasının
sədri Leonid Fyodoroviç
İliçyovun imzaladığı
bir sənəd saxlanılır:
"Bakı kinostudiyasında hazırlanan
"Bakının işıqları"
filminin ədəbi ssenarisi (müəllifi İmran Qasımovdur) haqqında
Bədii şura "Bakının
işıqları" filminin
ədəbi ssenarisini
müzakirə edərək
çəkiliş üçün
tövsiyə edir.
SSRİ Kinematoqrafiya
Nazirliyi
Bədii şurasının sədri L.F.İliçyov".
İki il sonra, 1950-ci ildə Moskvada keçirilmiş Azərbaycan
ədəbiyyatı ongünlüyü
iştirakçıları arasında Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd
Rahim, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, Sabit
Rəhman, Mir Cəlal
və başqaları
ilə yanaşı İmran Qasımov da olmuşdur. 1950-ci ildə Azərnəşr
tərəfindən buraxılmış
"Azərbaycan ədəbiyyatı
dekadası" kitabçasında
onun haqqında qısaca məlumat verilmişdir.
Və nəhayət, 1959 il iyul ayının
8-də Azərbaycan KP MK-nın
birinci katibi seçilmiş Vəli Axundov 1956-cı ildə respublika rəhbərliyi tərəfindən ədalətsiz
cəzalandırılmış İmran Qasımova yenidən qol-qanad vermişdir. 1956-cı ildə Temur Quliyevin lehinə təklif verməklə təklənən Mirzə
İbrahimov Vəli Axundov dövründə Teymur Quliyevin kürəkənini göylərə
qaldırmışdır. 1961-ci ildə İmran
Qasımov Azərbaycan
Yazıçılar İttifaqının
katibi seçilmişdir.
1967-ci ildə isə İmran Qasımova münasibəti arxivdə
tanış olduğumuz iki sənəd əyani şəkildə göstərir.
Həmin il yanvarın
2-də Mirzə İbrahimov
Mərkəzi Komitəyə
aşağıdakı məktubu
göndərmişdir:
"AZƏRBAYCAN YAZIÇILARI
İTTİFAQININ KATİBİ
İMRAN QASIMOV HAQQINDA
XASİYYƏTNAMƏ
Qasımov İmran Haşım
oğlu 1918-ci ildə
Bakıda mühəndis
ailəsində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin filoloji fakultəsinə daxil olmuş və 1938-ci ildə oranı bitirdikdən sonra Moskvaya kinossenaristlər kursuna getmişdir.
İmran Qasımov nasir,
dramaturq və kinossenarist kimi məşhurdur. O, 1937-ci ildə
"Yeraltı uğultu"
adlı ssenarisini yazmışdır. Bundan sonra "Arzu", "Xəzər üzərində
şəfəq", "Dəniz
cəsurları sevir",
"Nə üçün
yaşayırsan", "İnsan
məskən salır"
kimi pyeslər yazmışdır. Həmin əsərlər
Azərbaycan və Moskva teatrlarında tamaşaya qoyulmuşdur.
İmran Qasımov Həsən
Seyidbəyli ilə birlikdə məşhur
"Uzaq sahillərdə"
və "İllər
ötür" romanlarının
müəllifidir.
İmran Qasımov istedadlı
bir kinossenaristdir.
Onun ssenariləri əsasında "Xəzər
dənizçiləri haqqında
povest", "Dənizi
fəth edənlər",
"Onun böyük ürəyi" və s. filmlər çəkilmişdir.
İmran Qasımov həm
də partiya və dövlət işində fəal çalışır.
Azərbaycan Yazıçıları İttifaqının birinci
katibi Mirzə İbrahimov".
Bir aydan sonra - 1967-ci il fevralın
7-də Vəli Axundovun
imzaladığı sənəd
də arxivdə saxlanılır:
"Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
Katibliyinin 1967-ci il 7 fevral tarixli (protokol 16, paraqraf 22) qərarı
Respublika yazıçıları ittifaqının təklifi
qəbul edilərək,
İmran Haşım oğlu Qasımov yoldaş Azərbaycan Yazıçıları İttifaqının
katibi təsdiq olunsun.
Azərbaycan KP
MK katibi V.Axundov
10 fevral 1967-ci il".
(ardı var)
Teyyub Qurban
Ekspress.-2013.- 2-4 noyabr.- S.15.