"Müğənni
də ola bilərdim"
Zərnigar Ağakişiyeva: "Taleyimi özüm
yazmışam"
"Aktyorlar fəsillər
kimidir"
Həmişə xalq artisti Zərnigar Ağakişiyevanı tamaşalarda ağır təbiətli, ciddi görkəmli, bir qədər də coşğun obrazlarda görmüşəm. Yanına gedəndə düşünürdüm ki, mən bu xanımla necə söhbət edəcəyəm, onunla dil tapa biləcəyəmmi?
Yaratdığı obrazlar məni ondan bir qədər çəkindirirdi. Amma onunla söhbət etmək mənim üçün çox maraqlı idi. Görüşdük və söhbətimiz maraqlı da alındı - çünki bir çoxlarından fərqli olaraq Zərnigar xanım çox səmimi bir həmsöhbətdir.
- Zərnigar xanım, siz bütün
həyatınızı sənətə həsr etmisiniz. Bəs
sənət, səhnə sizə nə verib?
- Mən
çox şeylər qazanmışam. Həyatı
dərk etməyi, insanları başa düşməyi öyrədib
mənə bu səhnə. Biz səhnəyə
özümüzü göstərməyə
çıxmırıq. İnsan taleləri yaradırıq səhnədə.
Buna görə də səhnə mənə insanlarla davranma
qaydalarını öyrədib. Əsl aktyor hər
obrazdan özü üçün nəsə
götürür. Sənət uğrunda, deməzdim ki, nəyisə
itirmişəm. Çünki bu, günah olar. Mən
özüm öz taleyimi yazmışam.
Bundan əlavə, sənətdə tamaşaçı sevgisi qazanmışam. Düzdür, bunu mənim deməyim bir qədər düzgün alınmır. Amma məni yaşadan tamaşaçıların mənə olan sevgisidir. Dövlət də mənə layiqincə qiymət verib. Maddi cəhətdən də çətinliyim yoxdu. Prezident təqaüdü alıram.
- Əksər aktyorlarımız teatra yeni gələn nəslin həvəssiz olduğunu deyir...
- Bax sənə belə bir misal
çəkim: teatra gələn aktyorlar fəsillər kimidir
- yay, yaz, payız və qış. Bunlar bir-birini əvəz
edən kimi, aktyorlar da bir-birini əvəz edir. Yeni nəsillərin
də öz duyğuları, öz həyat eşqi, öz
fikirləri var. Bu nəsli başa düşən, onların
duyğularına qiymət verən, onların fikirlərini
bölüşən insanlar, öz
tamaşaçıları var. Amma elə nəsil aktyorlar var
ki, onları hamı başa düşür. Yəqin ki, məni
başa düşürsünüz... Bax, həmin
aktyoru uşaq da seçir, yaşlı da. İndiki gənclərin əksəriyyəti
köhnə sənətçiləri sevir, onlara pərəstiş
edirlər.
Ancaq bir şey var ki,
həyat həmişə irəli gedir. Bu
da sənət əsərlərində öz əksini
tapır. Tamaşaçı zövqü
isə dəyişmir. Bir də onu qeyd edim
ki, sənətimiz yaşlılığı sevir. Yaşa dolandan sonra sevilir aktyor. Yaşa
dolan insan üçün həyatın müəyyən hissələri
oxunmuş kitab kimi olur. Və belə bir
aktyorun yaratdığı obraz hamı tərəfindən
sevilir. Gənclərin həmin yerə
çatması üçün, onların yaşa dolması,
həyatı başa düşməsi vacibdir. Çünki gənc aktyor həmin mərhələni
keçməlidir ki, oynadığı rolu
tamaşaçıya çatdıra bilsin. Cavan, cavandır. Cavandan çox
şey tələb etmək olmaz. Onu
olduğu kimi qəbul etmək,
çılğınlığı, sevgi dolu həyatı ilə
başa düşmək lazımdır.
- Tənhalıqla baş-başa
qalanda heç fikirləşirmisiniz, "mən bu sənəti
seçməsəydim, hər şey başqa cür olardı..".
- Hərdən olur. Amma
sonra insan özünə qapılır. Fikirləşirsən
ki, "axı, mən həyatda başqa hansı sənətin
sahibi ola bilərdim? Özümü
daha hansı yerdə görə bilərəm?" Bir də, görmək bacarmaq deyil. Gərək bacarıq da olsun. İnsanın
bacarığı olmalıdır ki, həyatda nə isə
edə bilsin. Əgər mən bu sənətə
bağlıyamsa, əgər mən bu sənəti dəlicəsinə
sevirəmsə, deməli mən elə bu sənət
üçün yaranmışam.
Mənim çox
seçimim olub. Müğənni də ola
bilərdim. O zamanlar mənə təklif olunmuşdu da. İnstitutu bitirəndən sonra məni
konservatoriyanın ikinci kursuna dəvət etdilər. Hətta dedilər ki, "sentyabrın biri səni dərsdə
görüm". O zamanlar oxusaydım, indi klassik Avropa bəstələrinin
ifaçısıydım. Amma elə o dövrlərdə
müxtəlif xarakterləri araşdırmaq xoşuma gəlirdi.
Həmişə xarakterləri
araşdırıb, onlara səhnə təcəssümü
verərdim. Bu həvəs məni teatra gətirdi.
Yenə söhbətimi ona gətirib
çıxarıram ki, mənim varlığım bundan ibarətdir.
Mən buna qadirəm. Mənim
bu sənəti seçməyimdə də heç bir problem
olmamaşıdı. Mən rayondan gəlmişdim.
Burada ticarət texnikumunda oxuyurdum. Sonra məni Moskvaya bir illik kursa göndərdilər.
Ali savad haqqında düşünəndə
heç kəslə məsləhətləşmədən
sənədlərimi İncəsənət İnstitutuna
verdim. Daxil olandan sonra valideynlərimə
bildirdim. Bir qədər atam
narazılıq etdi. Hətta bir dəfə
-düzü, bu, mənim yadımda deyil, qrup yoldaşlarım
danışıb, mahnı oxuyanda gəlib qolumdan
yapışıb bayıra çıxarıb. Yalnız "Atayevlər ailəsi"
tamaşasına çəkiləndən sonra atamın
yanında hörmətim artdı. O zamanlar bu tamaşa
çox sevilən tamaşa idi. Onu bütün
rayonlarda göstərmişdilər. Və bir ara mən səhnədən uzaqlaşanda atam
çox fikir etməyə başladı. Deyirdi
ki, "qızım, qayıt sənətinə" (kövrəlir).
Mənim sənətdən
aralanmağım ona pis təsir edirdi.
- Bəs indi niyə teatrda
deyilsiniz?
- Bilirsinizmi, aktyor həqiqətən
səhnədən, bir-birindən maraqlı rollar oynamaqdan
doymur, usanmır. Amma insan robot deyil və müəyyən
yaşdan sonra orqanizmi ona öz sözünü diqtə eləməli
olur. Teatrdan getməyim, təqaüdə
çıxmağımla bağlıdır. Bütün həmkarlarım kimi 65 yaşdan sonra mən
də dövlətimizin qayda-qanunlarına uyğun hərəkət
edib təqaüdə çıxdım. Bir
yandan da nəsil dəyişir, burada fakturanın də
çox böyük önəmi var, yəni, sən dünənkinin
arasında necə görünəcəksən? Yəni sənin üçün məxsusi rol
olmalıdır. Artıq səhhətim də
buna imkan vermir. Qısası orqanizm tələb
edir ki, artıq məni rahat burax. Artıq özüm də
hiss edirəm ki, nə isə rahatlıq istəyirəm. Daha özgəsinin həyatını yaşamaq istəmirəm.
Çünki mən özgə dərdini
öz dərdim kimi oynayırdım, özgə faciəsini
öz faciəm kimi yaşayırdım. Buna
hər ürək dözmür. Sənətimin
əsas qayəsini təşkil edən psixoloji rollardan
danışıram. On ildir ki, şəkər
xəstəliyi ilə mübarizə aparıram. Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda
ana obrazının o cür həyəcanını
yaşaya-yaşaya mübarizə apararaq oynamışam.
Artıq indi belə şeyləri istəmirəm.
Sözsüz, ürək mənə yalvarır ki, dərman
iç, get vaxtlı-vaxtında rejimini saxla, get
gəz, zövq al.
- Təqaüdə
çıxandan sonra Azdramaya getmisinizmi?
- Sözün
açığı getməmişəm, nə də elə
bir istəyim yoxdur. İstəsə, yolumu kəsən
yoxdur. Mən teatrdan çıxandan sonra İsrafil
müəllim dedi ki, hər tamaşa sizi gözləyəcəyik.
Mənim xasiyyətim əvvəldən təkəbbürlü
olub. Həmişə özümə
arxayın olmuşam. Gənc
yaşlarımda harasa getmək üçün heç
anamdan da icazə almazdım. Rəfiqələrim
mənim yerimə anamdan icazə alırdılar və o zaman
gedirdim. Anamdan da heç nə istəməmişəm.
Anam da çox vaxt mənim bu xasiyyətimə əsəbiləşib
icazə verməzdi.
- Təqaüdə
çıxsanız da, hər halda bir çoxları kimi
müqavilə ilə tamaşalarda oynaya bilərsiniz. Teatrdan hansısa rolu təklif ediblərmi?
- Bir dəfə rol təklif etdilər,
imtina etdim. Hazırda bütün diqqətimi səhhətimə
yönəltmişəm, ona görə də yenə belə
bir təklif olsa istəmərəm. Səhhətim
buna imkan vermir, bu işin rejimi, qidası, stressi var. Bir bəd
xəbər, bir stress kifayət edir. Bizim sənətin
ağırlığından biri də səhnə arxası
münaqişələr, intriqalardır. O da
qarışıq bir həyatdır. Bildiyim qədər,
mənim teatrda xətrimi istəyirlər. Hər
halda böyük hörmət bəsləyir və diqqət
yetirirlər. Bizim sənətdə sevgidən
başqa istək, istedadına görə böyük sənətini
qəbul edib hörmət etmək, yaxınlıq, istilik,
xarakter uyğunluğu var. Amma yenə də mən bu saat
öz vəziyyətimdən, yaşımdan qorxuram. Şəkərli adamlar tünlükdən, stressdən,
əsəbdən uzaq olmalıdır. Teatrdan hörmətlə
çıxmışam, geri qayıtmaq nəyə
lazımdır?.. Və onu da
bilirəm ki, bu gün o teatrda məni heç kəs gözləmir.
Buna yüz faiz əminəm...
- Hər bir aktyorun ürəyində
şah əsər yaratmaq arzusu olur...
- Yox, mən şah əsərimi
yaratmamışam. İndi də
yaşımın elə bir vaxtıdır ki, bundan sonra
çətin o əsəri yarada bilim. O vaxt ötdü.
Bir zamanlar ürəyimdə bir obraz yaratmaq
arzusu var idi. Çoxu obraz yaradanda onun
zahiri görünüşünü də
düşünür. Amma mənim
üçün həmişə obrazın daxili maraqlı olub.
O obraz müdrik, düşüncəli, ağıllı bir
qadın obrazı idi. Mən onu oynaya bilmədim.
İndi o barədə danışmaq istəmirəm.
Rollarımın hamısını sevirəm.
Adlarını çəkmək istəmirəm.
Çünki birini deyərəm o birisi inciyər
məndən (gülür).
- Keçən günlərinizi necə
xatırlayırsınız?
- İnsan
cavanlığına qayıtmaq istəyir. İstəyir ki, cavanlıq enerjisi ona
qayıtsın. Cavan olsun, həyatını
başqa cür yaşasın. Hərə
bir cür fikirləşir. Amma qəbul etməliyik ki,
bu, mümkün olan iş deyil. Həyatdır də... Biz də acizanə surətdə onun hər bir
anını yaşamalıyıq. İstəsək də,
istəməsək də... Amma mən keçən
günlərin qayıtmasını, indiki tamaşaçı
alqışlarını itirmək istəməzdim. Çünki həyatda hər bir şey mənim
üçün çox baha başa gəlib. Çox əzab-əziyyətlər çəkmişəm.
Ona görə də bu günkü günlərimi
qurban vermərəm.
- Bu gün tənhalıqda
keçmişə boylananda peşmançılıq çəkmirsiniz
ki?
- Yox... Axı taleyimi
özüm yazmışam. Mən bu
günümü fikirləşib gəlmişəm sənətə.
- Səhnədəki o
alqışlar üçün darıxmırsınız?
- Xeyr, mən o alqışları
indi insanların ürəyində və gözlərində
görürəm. İnsanların ürəklərindəki,
gözlərindəki sevgi dolu baxışlarından hiss edirəm.
Evdə oturmağı xoşlayan insan deyiləm.
Hər gün təbiətdən zövq almaq məqsədilə
gəzirəm. Şəhərimiz də
çox gözəlləşib və gəzərkən
zövq alıram. Həmin o baxışlar
mənim üçün alqışdır. Mən necə darıxa bilərəm?!
AYXAN
Ekspress.-2013.- 2-4
noyabr.- S.19.