"Mən GÖYÇƏli,
sən də BOYAT elindən"...
("Əli Vəkil- 75" silsiləsindən)
Gözünü açandan
elini-obasını qonaqlı-qaralı görən, qonağa
son tikənin qızırğalanmadan verildiyini, ona "qonaq
otağı"nda səliqə ilə saxlanan mitildən -
sus-güvə düşməsin deyə tez-tez havaya verilən
ipək üzlüklü yorğan, məxmər
üzlüklü döşək, üzərində gözəl
ilmələr vurulmuş ağ kətan üzlüklü
balınc - yer salındığının şahidi olan, kəsdiyi
çörəyi tapdalamayan, verdiyi sözün üstündə
duran xalqını elə "Xalqım"
adlandırdığı şeirinin bir bəndi ilə elə
ifadə edib ki, heç şeiri bütövlüklə
oxumasan da, bu xalqın bədii portretini görmüş
olarsan.
...Olmayıb çörəyi
dizinin üstə,
Qonağa yer verib gözünün
üstə.
Həmişə dayanıb
sözünün üstə,
Sərraf baxışlıdır
gözü xalqımın...
Bakıdakı küçələrə ayrı-ayrı sənət adamlarının adlarının verilməsi, bəzən də bu küçələrin adlarının dəyişdirilməsi bir növ adi hala çevrilmişdir. Ancaq doğma torpağından didərgin salınmış, ulularının qəbirlərini belə ziyarət etmək imkanından məhrum edilmiş bir Göyçəli olaraq, Əli Vəkil Bakı küçələrindən birinə Aşıq Ələsgərin adının verilməsi hadisəsini özünəməxsus, eyni zamanda xiffət hissi ilə dolu ifadələrlə "Aşıq Ələsgər küçəsi" adlı şeirində elə dolğun şəkildə verə bilmişdir ki, oxuyanda şairin keçirdiyi hissləri yaşamaya bilmirsən.
Doğma Bakımıza xoş
"gəldin", Ustad,
Çoxdan gözləyirdik sənin
"yolunu".
Gözümdə heykəltək
ucaldın, Ustad,
Yetişdi çoxdankı həsrətin
sonu...
Əli Vəkilin xalq şairi Hüseyn Arifin eyni rədifli şeirinə cavab olaraq yazdığı "Göyçəlilər dağıldılar Göyçədən" şeirini də buna misal göstərmək olar.
Hüseyn Arif, yaman qəmlidir
torpaq,
Sükuta qərq olub orda
bağça, bağ.
El-oba qoynundan
düşübdür uzaq-
Göyçəlilər
dağıldılar Göyçədən...
Araz çayının Kür çayına
qovuşması hadisəsi zamanında çox şairlərin
şeir mövzusuna çevrilmiş, kitablar
yazılmış, aşıqlar bu hadisəni dastana
çevirmiş, bir şadyanalıq yaşanmışdı.
Əli Vəkilin
baxışında isə bu mövzu tamamilə başqa bir məqama
yönəlməklə insanı tamamilə başqa bir ovqata
kökləyir.
Gözlərimin önündə,
Araz Kürə qovuşur.
Bu taydakı sevincim-
o taydakı həsrətə,
qəm-kədərə qovuşur.
Araz Kürə qovuşur...
("Araz Kürə
qovuşur")
Yaxşı yadımdadır,
1989-cu ilin iyun ayı idi. Dünyanın müxtəlif ölkələrindən
bir məkana toplanmış gənc qızların gözəllik
müsabiqəsi televiziya vasitəsilə birbaşa yayımla
bütün ölkələrə sərgilənirdi.
Müsabiqə çox gərgin bir şəraitdə
keçir, iştirakçılara verilən qiymətlərə
uyğun olaraq nəticələr də bu və ya digər
iştirakçının xeyrinə (və ya əksinə) hər
dəqiqə dəyişə bilirdi.
İştirakçılar arasında şanslı olanlardan
yeganə müsəlman qızı - türkiyəli Məltəm
Həqqarar da var idi. Məlum "səbəb"lərdən
münsiflər hər vəchlə Məltəm
xanımın real qiymətini aşağılamağa
çalışdıqca, ekran qarşısında oturan hər
bir müsəlman kimi, mən də çox böyük həyəcan
keçirir, qanımın təzyiqinin artdığını
gicgahımda yaranan güclü ağrılardan hiss edirdim. Nəticə
etibarilə Məltəm Həqqarara qarşı haqq aranaraq
ona "Miss krosavitsa-89" titulu veriləndə
yaşadığım sevinc həyəcanının
miqyasını sözlə ifadə etməyə çətinlik
çəkdiyim halda, gözəl şairimiz Əli Vəkil
bu hadisəni "Gözəllik ilahəsi" adlı
şeiri ilə obrazlı şəkildə çox gözəl
ifadə edə bilmişdir.
...Gözəllər gözəli
Məltəm Həqqarar
Oldun Türkiyənin iftixar
tacı.
Həqq bilən insanlar hər vaxt
haqq arar,
Adın-yaz küləyi, sən
bahar tacı...
Tənhalığın
necə cansıxıcı bir vəziyyət olduğunu, yəqin
ki, çoxumuz yaxşı anlayırıq. Bu vəziyyəti
yaşayan şəxsin qadın olması isə daha çox
acınacaqlı olur desəm, yəqin ki, yanılmaram. Əli
Vəkilin "Tənha qadının monoloqu"nu oxuyanda isə
fikrimin tam təzahürü ilə üz-üzə
qalmış olursan.
Hərdən
hökmdaram, hərdən qulam mən,
Həm şeyda bülbüləm,
həm də lalam mən,
Bilmirəm heç kimdən qisas
alam mən -
Tənha olanda...
"Pis adam" ifadəsi elə
bir adam olmaz ki, onun dilindən səslənməsin, hətta əksəriyyətin
pis adam kimi tanıdığı adamın belə. Pis
adamın əməllərinə qarşı bəzi
insanların nifrəti emosional, təhqiramiz ifadələrlə
müşayiət olunduğu halda, Əli Vəkilin belə adama
(yəqin ki, konkret adama) münasibəti (həm də
müraciəti) çox dəyərli və həm də kəsərlidir.
...Kaş ki, əl çəkəydin
pis adətindən,
Sözü arxada yox, üzə deyəydin.
Kişiyə yaraşmaz
addımınla sən,
Gözümdə bu qədər
kiçilməyəydin.
("Pis adət")
Dünyada məxluqatın
sayının az qala həndəsi silsilə ilə
artdığı bir dövrdə, bu prosesi daima izləyən
bilicilərin təbii artım nəticəsində
proqnozlaşdırdıqları - baş verə biləcək
fəsadların nə ilə nəticələnə biləcəyini
həyəcan təbili vurmaqla bəyan etdikləri halda,
Əli Vəkil hələ 1989-cu ildə yazdığı
"Xoş gəlmisən" şeiri ilə Yer kürəsinin
beş milyardıncı adamını sətraltı mənalarla
çox original şəkildə salamlayaraq deyir:
...Xoş gəlmisən, yer
üzünün,
Beş milyardı tamamlayan
Vətəndaşı.
Qəlbi dümağ vərəq
olan,
Nə dərd çəkən, nə
qəm duyan
Vətəndaşı...
"Borc" sözü çox
adamın xoşuna gəlməsə də, təəssüflər
olsun ki, borc bu və ya digər şəkildə hər kəsin
məişətinin tərkib hissəsi olaraq qalmaqdadır.
Əli Vəkilin "Borc"u isə tamamilə fərqli,
"əhatəli" bir borcdur.
...Dəniz çaya borclu, çay
da bulağa,
Torpaq suya borclu, Günəşə
borclu.
Meyvə budağına, ağac
torpağa,
Dünyamız insanla, borclarla
dolu...
Əli Vəkilin sevgi şeirləri
də özünəməxsus boyalarla rənglənib. Gözəlin
gözlərinə şeir yazmayan şairin olacağına
inanmıram, xüsusən də şərq şairlərinin.
"Ala gözlər", "Mavi gözlər",
"Xurmayı gözlər", "Qara gözlər", nə
bilim daha nə kimi gözlər...
Çox şairlərin gözlərə
yazdıqları şeirlərdə az qala gözlərə səcdə
etmək dərəcəsi qabardıldığı halda,
Əli Vəkilin gözlərdən istəyi var, özü də
bu istək o istəkdən deyil. "A qara gözlər"
şeirində olduğu kimi:
Budur saçlarıma
düşür təzə dən,
Qaytarın gəncliyi mənə təzədən.
Bilmirəm, bilmirəm, bilmirəm
nədən,
Əlini çəkdiniz siz dara,
gözlər?
Şair digər bir -
"Anım-anmayım?" - sevgi şeirində isə
sevgilisinə etibarsızlıq göstərmiş
xanımı tam milli çalarlarla, el məsəlini şeirin
axarına, məna və məzmununa uyğunlaşdıraraq
qafiyələrə elə pərçim edərək elə
qınayıb ki, heç şərhə belə yer
qalmayıb.
...Söndü, bu sevdanın
qorası qaldı,
Saraldı, bostanın urası
qaldı.
Ta bu məhəbbətin harası
qaldı-
Səni etibarsız
sanım-sanmayım?
Əli Vəkil həm də onlarla
poemanın müəllifidir. Türkiyədə dəzgah
arasında qalaraq qolu qopmuş gəncin qolunu yerinə qoyaraq
tikib və funksiyasını bərpa etmiş azərbaycanlı
həkim Vaqif Qələndərə həsr etdiyi "Cərrah
Vaqif möcüzəsi" adlı poemasında Əli Vəkil
həmyerlimizin bacarıq və qabiliyyətinə
düzgün olaraq yüksək qiymət vermiş və onun
adına poetik bir don biçmişdir.
...Nadir cərrahiyə - beş olub
cəmi,
Təbabətdə qeyri-adi
möcüzə.
Sorağı bürüyüb
bütün aləmi,
Qəribə görünür, qəribə
bizə...
...Qopmuş qola yamaq qoyub,
calayıb-
Möcüzəni sən etmisən,
Vaqifim.
Hüceyrələr cana gəlib,
qaynayıb,
Adımızı yüksəltmisən,
Vaqifim...
Tarzən, Azərbaycan
Respublikasının xalq artisti Ramiz Quliyev sənətinə də
poetik qiymət verərək ona "Ramiz sənətinin
sehri" və "Çal, ay ustad" adlı iki poema həsr
edən Əli Vəkil birinci poemada mahir tar
ifaçısı Ramiz Quliyev sənətini belə təqdim
edir:
Ramiz bilir o simlərin dilini,
Neçə mahnı, neçə
muğam çalır o.
Ona görə sim yandırmır əlini,
Çalğısıyla
yaddaşlarda qalır o.
Məni
məndən yaman alır bu çalğı,
Varlığımı oda salır
bu çalğı.
Yaddaşımda hopub qalır bu
çalğı,
Dəniz dalğalanır, göl
dilə gəlir...
Qarabağ müharibəsi
zamanı Ağdamda əsgərlər qarşısında
konsert verən zaman düşmənin atdığı mərminin
qəlpələri Ramiz Quliyevin tarının tellərinə
dəyərək onları qırmış və Əli Vəkil
bu hadisəni ona həsr etdiyi ikinci - "Çal, ay ustad"
adlı poemasında belə işıqlandırmışdır:
...Aşıb-daşdı
Üzeyirin nifrəti,
Bir ox oldu Nəvvabın da həsrəti.
Dara yetsin uluların qeyrəti,
Tar Allahı Sadıqcan da çal,
dedi.
Dözə bilmir qəzəbindən
Xan əmi,
Narahatdır Vətən səndən,
Xan əmi.
Cabbar, Seyyid necə çəksin
bu qəmi,
Şəhid yurdu "Xiyaban" da
çal, dedi...
Əli Vəkil şeirləri və
publisistik yazıları ilə həm də dövri mətbuatın
gündəmində olan yazarlarımızdandır.
Əli Vəkilin 2006-cı ildə
"Nurlan" nəşriyyatında nəfis şəkildə
1000 nüsxə tirajla çapdan çıxmış -
korifeylərimiz Dədə Qorquddan, Əfzələddin Xaqanidən,
Nizami Gəncəvidən... tutmuş Zöhrə Xəliliyədək
Azərbaycan şairinin 312, Mahmud Yıldırımlıdan
(Türkiyə), Qafur Qulamdan (Özbəkistan), Musa Cəlildən
(Tatarıstan) İ.V.Hötedən (Almaniya), Vilyam Şekspirdən
(İngiltərə), Sergey Yesenindən (Rusiya), Maksim Tankdan
(Belarus), Sergey Avqorskidən (Bolqarıstan), Vasil Moruqadan
(Ukrayna), Leyla Eradzedən (Gürcüstan) tutmuş
Oğulsoltan Tağandurdiyevayadək (Türkmənistan) 52
xarici ölkə şairinin, bütövlükdə isə
364 şairin ana haqqında yazılmış 528 səhifəlik
bir elmi-tədqiqat institutu kollektivinin görə biləcəyi
işi böyük zəhmət sayəsində, özü də
təkbaşına toplayıb tərtib edərək "ANA,
ANA, ANA" adlandırdığı şeirlər toplusu
(antologiya), fikrimcə, dünya çapında ANA adına
ünvanlanan ən böyük və möhtəşəm ədəbi
abidədir.
Əli müəllim heç vaxt
yaradıcılıqla məşğul olmasaydı belə,
"ANA, ANA, ANA" toplusu onun adını Ədəbiyyat
tarixində əbədiləşdirəcəkdi.
Əli Vəkil "Ədəbi
İrəvan" adlandırdığı toplunu da neçə
illərdi ki, mütəmadi olaraq təkbaşına ərsəyə
gətirir. Toplu Ədəbi İrəvan adlansa da, Əli
müəllim bu topluda bütöv Azərbaycanımızın
hər guşəsindən olan ədəbiyyat
adamlarının yaradıcılığına işıq
salır.
Əslində Əli Vəkil
üçün "haralısan" adlı
ayrı-seçkilik məfhumu yoxdur. Onun üçün sənət
var, sənətkar var, ortada görünən "ədəbi
məhsul" var, ədəbiyyat adamı, sənəti
başa düşüb ona qiymət verən adam var.
Əli müəllimin
yaşının indi ən məhsuldar
çağıdır. Özünün də dediyi kimi, o hələ
ən yaxşı əsərini bu gündən sonra yazacaq. Elə
ona görə də çəkilib Abşerondakı bağ
evinin sakit bir guşəsinə ki, bizi - oxucularını
yeni-yeni şeir nümunələri ilə sevindirsin.
Əli müəllimə bolluca
yaradıcılıq arzularımı bildirməklə, onun bu
ilin iyun ayında Azərbaycan Yazıçılar Birliyinin
"Natəvan" adına klubunda geniş ictimaiyyətin
iştirakı ilə keçirilən - mənim də söz
dediyim - 75 illik yubileyini bir daha ürəkdən təbrik edir,
onun özü ilə bağlı ən ümdə
arzularına qoşularaq, 80-də, 90-da, 100-də..,
görüşmək istəklərilə deyirəm, hələlik!..
Fəxrəddin MEYDANLI
Ekspress.-2013.- 2-4 noyabr.- S.21.