Milli klaviaturadan qorxmaq lazım deyil

 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 Azərbaycanda milli klaviaturanın tətbiqi ilə bağlı təkmilləşmə işləri davam etdirilir. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən təklif olunaraq hazılanan milli klaviaturanın yeni düzülüş sistemini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) milli standart kimi qəbul edib.

   Yeni klaviatura düzülüşü "Microsoft Azerbaican" şirkəti tərəfindən "Windows 8.1" Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib. İstifədəçilər həm yeni, həm də bundan öncəki klaviatura düzəlişindən yararlana bilərlər.

   Məlumatlara görə, Azərbaycan dilinə uyğun hazırlanan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.

   Xatırladaq ki, ilk dəfə kompüter klaviaturası üzərində milli əlifbanın hərflərinin düzülüşü YÜUKEN klaviaturasının əsasında aparılıb. İlk cəhddə milli əlifbanın rus hərfləri ilə eyni səsi verən hərfləri YÜUKEN klaviaturasında olduğu kimi, fərqli səslənən, yəni kiril əlifbasında olmayan hərfləri isə bu dildə olmayan hərflərin mövqeyində yerləşdirilirdi.

   "Windows 2000" əməliyyatlar sistemində "Unicod" standartları qəbul edildikdən sonra, 2001-ci ildə Azərbaycanda yeni olan QWERTY düzümünün əsasında yaradılmış latın qrafikalı hərflərin klaviatura düzümü qəbul edildi. Bu düzüm də YÜUKEN düzümünün üzərində qurulmuş modeldə olduğu kimi, oxşar-fərqli səslər və oxşar-fərqli qrafemlər prinsipi ilə yaradıldıb.

   Düzülüşlərin heç birində Azərbaycan dilinin qanunauyğunluqları nəzərə alınmamışdı. Hər iki halda bir neçə hərf istisna olmaqla bütün hərflər məcburi qaydada yerləşdirilmişdi. Sonuncu klaviaturada Azərbaycan dilində həddindən artıq az istifadə olunan "j" hərfi klaviaturanın tam mərkəzində, ən münasib düymədə yerləşdirilib. Ən çox işlənən "ə", "a" və "ı" hərfləri sağ və sol əllərin ən passiv barmaq sayılan kiçik barmaqlarının zonasında yerləşdirilmişdi. Buna görə də, mətnin yığılması zamanı ən çox yük kiçik barmaqların üzərinə düşür.

   Mütəxəsis rəyinə görə, bu vəziyyət klaviaturadan istifadə edərək mütəmadi yazı yazan istifadəçilərdə "Karpal tunel sindromu" adlanan peşə xəstəliyinə - biləklərdə düyünlərin yaranmasına, ən yaxşı halda əzələlərin tez yorulmasına və mətnin yığılma sürətinin kəskin azalmasına səbəb olur. Bununla bağlı olaraq, əksər hallarda bu klaviaturadan istifadə edənlər mətnin iki-üç barmaqla yığılmasına üstünlük verirlər ki, bu halda da mətnin yığılma sürəti aşağı olur.

   Son 10-15 ilin təcrübəsi göstərdi ki, bütün klaviatura düzülüşləri QWERTY və ya YÜUKEN klaviaturalarının üzərində qurulduğundan və elmi əsasları olmadığından yeni klaviaturaya ehtiyac var idi. Hansı ki, həmin klaviatura elmi cəhətdən əsaslandırılmış olmalı, milli dillərin xüsusiyyətlərini nəzərə alınmalıydı.

   Azərbaycanda bu problemin həlli istiqamətində Elmlər Akademiyası tərəfindən aparılan araşdırmalar 2005-ci ildə başa çatdı. Dilimizin qanunauyğunluqlarını nəzərə alan, elmi cəhətdən tamamilə əsaslandırılmış ekvivalent optimal klaviatura düzümləri yaradılaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclaslarının müzakirəsinə təqdim edildi. AMEA Rəyasət Heyətinin 11 iyul 2008-ci il tarixli qərarı ilə bu düzümlərdən biri standart klaviatura düzümü kimi qəbul olunmaq üçün Nazirlər Kabinetinə təqdim edildi.

   Nəhayət, Nazirlər Kabinetinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq qərarlarına əsaslanaraq, təklif olunan yeni klaviatura düzümü (müəlliflər: Ə.M.Abbasov, A.H.Hacıyev, Q.C.Əfəndiyev) 2010-cu ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan Respublikasının Dövlət Standartı" (AZS 495-2010) kimi qəbul olundu.

 

   Aparılan hesablamalar maraqlı nəticəni ortaya çıxarıb. Yeni klaviatura düzümü hal-hazırda istifadə edilən QWERTY düzümünün əsasında yaradılan düzümlə müqayisədə mətnin daha sürətlə təxminən 24,3 faiz tez yığılmasını təmin edir. Artıq yeni standart 2001-ci ildə qəbul olunan (QWERTY düzümünün əsasında yaradılmış) düzümlə yanaşı, "Windows" əməliyyatlar sisteminin yeni versiyalarına daxil edilməsi istiqamətində işlər yekunlaşıb.

   "Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyinin məlumatına əsasən yeni xüsusi proqram vasitəsilə yeni standartı "Windows" əməliyyatlar sisteminin mövcud versiyalarında da tətbiq etmək mümkündür. Kompüter klaviaturalarının Azərbaycana xaricdən gətirilməsi və yeni standartın həmin klaviaturalarda verilməməsi, tezliklə bu məsələnin biznes maraqlarına da səbəb olacağını deməyə əsas verir.

   Qeyd edək ki, yeni klaviatura düzülüşü cəmiyyətdə müəyyən anlaşılmazlıq yaradıb. Yenidən klaviatura düzümü vermək bir qədər anlaşılmaz görünür.

   "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, narahatçılıq üçün elə də əsas yoxdur. Ekspertin "Facebook"dakı şərhinə görə, ən azı 2 variantda - köhnə və yeni, Azərbaycan dilinin qanunauyğunluqlarına əsaslanan variantda düzülüşlər qüvvədədir. Yeni düzülüş də UNİCOD standartdadır və kim hansını istərsə onu da seçə bilər. O.Gündüzün bildirdiyinə gərə, iki və ya daha çox klaviatura düzümü olan ölkələr də yetərincədir: "Bir daha vurğulamaq istərdim ki söhbət klaviatura üzərində hərflərin düzülüşünün dəyişməsindən gedir, simvolların standartının - kodunun dəyişməsindən getmir".

   O.Gündüz qeyd edib ki, bu məsələlərlə bağlı az qala 15 ildir ki, müzakirə və mübahisələr gedir: "Mətbuatda bu problemlə bağlı müxtəlif ekspertlərin, o cümlədən bizim bəlkə də yüzlərlə açıqlamalarımız gedib. Bu yeni düzülüşün meydana çıxmasının kökü məhz 2001-ci ildə mövcud düzülüş qəbul olunan zaman qoyulub. Hazırda işlətdiyimiz klaviatura düzümü tam təsadüfi qaydada, heç bir müzakirə aparılmadan, elmi-məntiqi əsaslandırma olmadan qəbul edilib. Belə ki, 2001-ci ilə o zaman Prezident Aparatında işləyən, indiki nazir mavini Elmir Vəlizadənin təşəbbüsü və təklifi əsasında "Microsoft" hazırda işlətdiyimiz bu düzümü qəbul edib. Üstündən uzun müddət keçib və biz hamımız ona uyğunlaşmışıq və mənim də artıq yeni klaviatura düzümünə keçmək fikrim yoxdur. 2001-ci ilkə Nazirklər Kabineti tərəfindən Azərbaycanda yeni QWERTY düzümünün əsasında yaradılan latın qrafikalı hərflərin klaviatura düzümü qəbul edilib. Əslində ciddi səhv o zaman baş verdi və biz mətbuatda elmi müzakirələrdə bunu dəfələrlə vurğuladıq. Təəssüf ki, o zaman, indiki düzümlə bağlı fikirlər qəbul edilmədi. Heç bir elmi, məntiqi, dilimizin qanunauyğunluğuna münasib olmayan, bizim əlifbamızın hərfləri əslində təsadüfi və məcburi qaydada QWERTY üzərində yerləşdirildi. Əslində o zaman məhz 2 düzüm qəbul edilməliydi və ya deyək ki, məhz indiki təqdim olunan düzülüş qəbul edilməliydi".

   O.Gündüz bildirir ki, 2001-ci ildən sonra həm elmi, həm də ictimai müzakirələrdə bu qeyd olunan fakt ciddi tənqidlərə məruz qalıb və uzun-uzadı müzakirələr gedib. Elmi cəhətdən əsaslandırılan əlavə bir klaviatura düzümünə də ehtiyac olduğu bildirilib. Ekspert söyləyir ki, zaman-zaman bu istiqamətlərdə təşəbbüslər olub, lakin müqavimətlər də yetərincə olub, qəbulu ləngidilib: "Elmi cəhətdən əsaslandırma nədir" Mütəxəssislər hesablayıblar ki, əlifbamızda ən çox işlənən hərflər və hərf birləşmələri hansıdır, hansı barmaqların altında bu cür hərflər və hərf birləşmələri olmalıdır və s. Bütün bunlar isə sonda mətnlərin cəmi bir-iki barmaqla yığılmasına səbəb olur, nəticədə mətnin yığılma sürətinə ciddi təsir göstərir və s. Bildirilir ki, bunları nəzərə almaqla hazırlanan yeni klaviatura düzümü hal-hazırda istifadə edilən QWERTY düzümünün əsasında yaradılan düzümlə müqayisədə mətnin daha sürətlə - 24,3 faiz tez yığılmasını təmin edir".

   O.Gündüz deyir ki, uzun illə boyu formalaşan vərdişdən əl çəkmək çox çətindir. Amma o bir daha vurğulayır ki, köhnə variant qalır və ola bilər ki, yeni nəsil istifadəçilər gələcəkdə yeni düzümlə klaviaturadan daha effektiv istifadə etsinlər.

 

   Onun şərhinə görə, bu kimi hadisələr bir daha göstəri ki, ciddi əhəmiyyət kəsb edən məsələlər həll olunanda zamanında müzakirələr aparılmalı və qərarlar kiminsə ambisiyaları əsasında qəbul edilməməlidir.

   O.Gündüzün fikrincə, güman etmək olar ki, kompüterlərdən yeni istifadəyə başlayanlar yeni klaviatura düzümünə daha çox üstünlük verəcəklər: "Odur ki, alternativ olaraq belə bir düzümün də qəbul edilməsi və tətbiqinin fikrimcə hər hansı təhlükəsi və ya maneçiliyi yoxdur. Məncə, indiyədək Microsoft-un Əməliyyat Sistemində Azeri latin-la yanaşı Azeri Kiril də qalmaqdaydı və güman ki, məhz onun yerinə bu klaviatura düzümü alternativ olaraq daxil edilib. Bir daha qeyd edirəm ki, burada hər hansı bir təhlükədən söhbət gedə bilməz. Bununla bağlı irəli sürülən fikirlər əgər hansısa elmi araşdırmaya və ya məntiqə söykənirsə müzakirə oluna bilər. Hələlik elmi araşdırma və məntiq bunu diktə edir".

   Mərkəz rəhbəri bir daha qeyd edir ki, hazırda işlətdiyimiz klaviatura yalnız uzun müddətli vərdiş əsasında formalaşıb və biz məcbur və məhkumuq ki, ondan istifadə edək. Buna görə də, hazırda işlətdiyimiz bu düzümün isə ləğvindən ümumiyyətlə, söhbət aparılması yolverilməzdir.

   Onun fikrincə, indiki klaviatura düzümünün qəbulu yalnız bir halda tənqidə tab gətirə bilməz: "Nə üçün belə gec, bu cür klaviatura düzümünü 12 il ləngitməyə dəyərdimi? Kim və ya kimlər zamanında buna maneçiliklər törədib? Nə üçün zamanında müzakirələr təşkil edilməyib? s..."

 

   

Vasif CƏFƏROV

 

Ekspress.-2013.- 2-4 noyabr.- S.10.