Kino - çox incə sənətdir...

 

Ötkəm İsgəndərov: "Sənətə gələn gənclərin sənət anlayışları yox dərəcəsindədir"

 

 Bir vaxtlar bir çox filmlərdə müxtəlif obrazlar yaradan əməkdar artist Ötkəm İsgəndərov illərdən bəri kinoya çəkilmir və hazırda enerjisini tələbələrinə sərf edir. Yəni yaradıcılığını müəllim kimi davam etdirir.

   Moskvanın məşhur Ümumittifaq Kinematoqrafiya İnstitutunun məzunu, məşhur Matveyevin tələbəsi olan aktyor həm də gözləyir - gözləyir ki, rejissorlar onu yeni filmlərə çəkəcəklər...

   - Ötkəm müəllim, rejissorlar sizi "yada salmaq" istəmirlər. Kinolar çəkilir, amma Ötkəm İsgəndərov çəkilmir...

   - Söhbətə çox uzaqdan başladın. Kinolar çəkilir, Ötkəm İsgəndərov çəkilmirsə, deməli, belə lazımdır... Yəqin ki, mənə uyğun rollar olmadığına görə, çəkilişlərə dəvət almıram. Rejissorlar yaxşı bilirlər kimi dəvət etmək lazımdır. Bir də ki, il boyu elə də çox film çəkilmir, axı. Rejissorların məni niyə çəkmədiklərinə gəlincəsə, çəkilməsəm də, enerjimi başqa səmtə yönəltmişəm. İllərlə gözləməməliyəm ki, nə vaxtsa məni çəkəcəklər. Yaradıcılıq fəaliyyətimi tələbələrlə dərs prosesinə yönəltmişəm. Enerjimi onlara sərf edirəm və onlardan da yeni enerji alıram. Pedaqogika da mənim üçün bir yaradıcılıq fəaliyyətidir.

   - Maraqlıdır ki, o dövrdə Matveyevin kursunda təhsil alan 14 tələbədən yalnız Həmidə xanım həmişə üzdə olub, çoxlu filmlərdə baş rollara çəkilib. Yerdə qalanlar əksər filmlərdə epizodik, 2-ci və ya 3-cü dərəcəli rollarda çəkilmisiniz...

   - Nədənsə o dövrdə kinostudiyanın yaradıcı heyəti bizim haqqımızda başqa fikirdə oldu. Amma biz Moskvada göstərdiyimiz diplom tamaşasını Bakıda da oynadıq. Mən yüz faiz əminliklə deyərdim ki, mənimlə birgə Matveyevin kursunu bitirən aktyorların hamısı istedadlı uşaqlar idi. Sadəcə, burda bəxtin gətirməsi məsələsi var. Təbii ki, hamı baş rolda çəkilməli deyildi. Yenə deyirəm, kino çox incə sənətdir. Əgər aktyor rola uyğun gəlirsə, rejissor onu çəkəcək.

   - O dövrdə kino aktyorları üçün kifayət qədər iş vardı: "Mozalan" və qısametrajlı filmlərdən başqa, ildə azı 10-15 tammetrajlı film çəkilirdi...

   - Kino çox çəkilirdi. Amma Həmidə xanım hamımızdan fəal idi, bütün filmlərə dalbadal dəvət olunurdu, çəkilirdi. Amma o biri uşaqlar da çəkilirdilər. Şəxsən mən də, Fərhad da, Əliqulu da çəkilmişik. Baş rollarımız da var. Bununla belə, Həmidə xanım bizə nəsbətən daha çox baş rolda çəkilib. Bu bizdən asılı olmayıb. Çünki aktyor həmişə rejissordan asılı olub. Biz də qayıdandan sonra kinostudiyanın dublyaj studiyasında hamımız aktiv fəaliyyət göstərmişik. O dövrdə görkəmli aktyorların əksəriyyəti sağ idi. Biz kiməsə diqtə edə bilməzdik ki, "mən Moskvada oxuyub gəlmişəm, məni mütləq çəkməlisən".

   - Enerjinizi müəllimliyə sərf etməyə heyfiniz gəlmir?

   - Qətiyyən, mən artıq buna öyrəşmişəm. Artıq 23 ildir, pedaqogika ilə məşğulam. 1986-ci ildə çəkilməyə ara verdim, ondan sonra dayanıb gözləməli deyildim ki, görüm məni nə vaxt çəkəcəklər. Aradabir iki filmə çəkildim. Nəsə bir iş görməliydim. Mədəniyyət və İncəsənət Universitetinə gələndən sonra gördüm ki, burda dayanmadan yaradıcılıq prosesi gedir. Özümü formada saxlamaq üçün pedaqogikanın mənə böyük köməyi oldu. Tələbələrlə işləmək çox maraqlı prosesidir.

   - Ötkəm müəllim, 23 ildir aktyorluq sənətindən dərs deyirsiniz? O dövrün sənətə yenicə gələn gəncləri ilə indikilər arasında hansı fərqləri görürsünüz?

   - İstərdim ki, oxucular məni köhnə fikirli hesab eləməsinlər. Deməsinlər, həmişə belə olub ki, yaşlılar gəncləri bəyənmirlər. Yəni mən çox istərdim, indiki gəncləri bizim gənclik dövrümüzdə olduğumuz kimi görüm. Mənə elə gəlir ki, indi sənətə gələn gənclərin sənət haqqında anlayışları azdır. Hətta deyərdim ki, yox dərəcəsindədir. Ancaq onu bilirəm ki, orta məktəbi bitirəndə, mən Azərbaycanın həm kino, həm də teatr rejissorlarını, aktyorlarını tanıyırdım. Sənətə həvəsim olduğuna görə teatrla, kino ilə maraqlanırdım. Həmçinin xarici kinorejissorları, aktyorları tanıyırdım. İndiki gənclər isə ancaq sənətə olan həvəslə kifayətlənirlər. Lazımi məlumatlara malik deyillər. Xariciləri hələ bir kənara qoyaq, heç bilmirlər Azərbaycanda hansı aktyorlar var. Ancaq məşhurları, daha dəqiq desək, ekran ulduzlarını tanıyırlar. Vəssalam. Əsl sənətkarları tanımırlar. Hətta qəbul imtahanlarında elə olub ki, abituriyentlər onlardan qabiliyyət imtahanı götürən adlı-sanlı aktyorlarımızı, rejissorlarımızı tanımırlar. Yəni belə gülünc hallarla da rastlaşırıq. Məndə bir çaşqınlıq əmələ gəlib. Əvvəllər biz bir bədii əsəri əvvəldən axıradək oxuyurduq, bilirdik ki, burda söhbət nədən gedir. Amma deyəsən, son vaxtlar orta məktəbdə uşaqlara ancaq məlumat verirlər ki, filan yazıçı filan əsərləri yazıb. Amma həmin əsərlərdə nədən söhbət getdiyini demirlər. Mən yenicə qəbul olunmuş tələbədən soruşuram ki, Cəlil Məmmədquluzadənin hansı əsəri var. Bir az fikirləşəndən sonra deyir "Ölülər". Soruşuram ki, "Ölülər"də söhbət nədən gedir? Bir müddət üzümə matdım-matdım baxandan sonra deyir ki, "müəllim, ölülərdən olar da". Yəni bu gün gənclərin əsərlər haqqında təsəvvürləri yoxdur, sadəcə olaraq informasiyaları var.

   - Onda sizin işiniz çətin olar ki?

   - Çox çətindir. 23 ildir ki, burda dərs deyirəm. İncəsənət Universitetinə sənəd verən gənclərin arasından istedadlılarını seçirik və göndəririk test imtahanına. Düzdür, test imtahanından keçib tələbə olurlar. Amma onlarla sıfırdan başlamalı oluruq. Son illər artıq hiss etməyə başlamışam ki, tələbələrin bilik səviyyəsi ildən-ilə aşağı düşür. Təkcə istedadın olması ilə iş bitmir, bununla yanaşı mütləq savad da olmalıdır. İstedad allah vergisidir. Onu daima savadla qidalandırmaq lazımdır ki, tez çürüyüb məhv olmasın. Ümumiyyətlə, bu sənətə gələn gənclər rəngkarlıqla, musiqi ilə, ədəbiyyatla yaxından maraqlanmalıdırlar. Onlar bilməlidirlər ki, Çaykovski kimdir, Qlinka kimdir, Arif Məlikov kimdir və yaxud Üzeyir Hacıbəyov nə yazıb? Ola bilsin, desinlər ki, "Çaykovski, Qlinka rusdur, onları tanımağa borclu deyilik". Xeyr, onlar dünya klassikləridir. Onlara ona görə klassik deyirlər ki, bütün dünya xalqları onların musiqisini qəbul eləyir. Əgər biz onları öyrənməsək, dünya sivilizasiyasından geri qalarıq.

   - Bir vaxtlar aktyorluq fakültəsinə daxil olmaq istəyənlərin boy-buxununa, xarici görkəminə və səsinə diqqət yetirilirdi. Ancaq son illər bu ixtisas üzrə qəbul olunan tələbələrə diqqət yetirdikdə bu kriteriyalara uyğun gəlmədiklərinin şahidi oluruq.

   - Biz seçim qarşısında qalmışıq, gələn tələbələr bu görkəmdə gəlirlər. Bu il mən qəbul imtahanı götürən müəllimlərə tapşırdım ki, hündürboy, gözəgəlimli xarici görkəmə malik gənclərə üstünlük verilsin. Bəzən prbolemlərlə də rastlaşırıq. Məsələn, hürdürboy, xarici görünüşcə bizi təmin edən gənc gəlir imtahana, sonradan görürük ki, pəltəkdir və yaxud sifətində hər hansı qüsur var. Ən nəhayət, bu kriteriyaları təmin eləyən gənc həddindən artıq savadsız olur.

   - Azərbaycanda il ərzində irili-xırdalı 8-10 film çəkilir. Amma hələ də milyonlarla tamaşaçını özünə cəlb edəcək film yoxdur. Ümumiyyətlə, son illərdə çəkilən filmlərimizin səviyyəsindən razısınızmı?

   - Bekar oturmaqdansa, kinonun ölməməsi üçün, hansı səviyyədə alınmasından asılı olmayaraq, filmlərin çəkilməsi yaxşı haldır. Bəlkə biz indi çəkilən filmlərə qiymət verməsək də, gələcəkdə qiymətləndirəcəklər. Çünki 1975-ci ildə "Tütək səsi" filmi çəkiləndə bir çox təşkilatlar tərəfindən təzyiqlərlə üzləşdi. Artıq həmin film klassik filmlərimizdən birinə çevrilib, hətta ən çox sevilən filmlərimizdəndir. Filmlərimiz çəkilir, ancaq onların xarici ölkələrdə nümayiş etdirilməsi, reklam olunması lazımi səviyyədə deyil. Reklam işi yoluna qoyulsa, filmlərimizi xaricə çıxara bilərik. Özünüz də şahidisiniz ki, xarici serialların ləğvindən sonra Azərbaycanda serial bumu yaşanır. Amma yüksəksəviyyəli serial hələ də yoxdur. Amma inanıram ki, belə işlərə çox qalmayıb. Mən haradasa oxumuşdum ki, Fransa qanunverciliyi ölkə ərazisində yalnız 30 faiz xarici filmlərin nümayiş etdirilməsinə icazə verir. Həm öz kinosunu qoruyub saxlayır, həm də yerli istehsalata tələbatı artırır. Bunu qanun şəklində qəbul ediblər. Bizdə isə hələlik kino haqqında qanun yoxdur. Ona görə də, telekanallar öz istədikləri kimi "fırlanırlar". Bu gün nümayiş etdirilən xarici filmlərin 80 faizi dəyərsizdir.

   - Pavilyondan ötrü darıxmırsınız?

 

   - Əlbəttə, çox darıxıram. Neyləmək olar, bu, mənim qismətimdir. Amma hər halda film çəkilməsinə sevinirəm. Əlbəttə, mən də çəkilmək istəyirəm. Ancaq hansı rejissora yalvarım ki, "məni kinoya çək". Deməli, rejissor məni çəkdiyi filmdə təsəvvür eləmir. Bu aksiomadır, vəssalam. Rol gözləyə-gözləyə, təbii ki, vaxt keçir, qocalırıq. Yəqin nə vaxtsa çəkilərəm.

   - Heç olubmu ki, aktyor olmağın peşmançılığını çəkəsiniz?

   - Təxminən buna bənzər bir şey olub. 1991-ci ildə kinostudiyada işlər dayandı. Bir müddət işsiz qaldım. Təsəvvür edin, ömrünü ancaq sənətə həsr eləyən bir adam ola, maddi güzəran haqqında düşünməyə və birdən-birə bu cür vəziyyətlə üzləşə. Mən də insanam, ailəm var, rəhmətlik Həsən Əbluc demişkən, "cənab mədə" var. Digər yandan, ali məktəb bitirməyən dostlarım, yoldaşlarım vardı, elə bir işlə məşğul olurdular ki, özlərinə gözəl ev-eşik, cürbəcür maşınlar almışdılar. Amma mən özümü sənətə həsr elədiyimdən, belə şeylərə baş qoşmağa vaxtım olmamışdı. Ona görə bir-iki dəfə özümçün dedim ki, "Mən niyə bu sənəti seçdim? Çünki pul insan həyatını, müqəddəratını həll eləyən amillərdən biridir. Nə vaxta qədər acqarına sənət üçün çalışmalıyam? Sənətin heç vecinə deyil ki, sən onunçün canını fəda eləyirsən". Rejissor Arif Babayevin gözəl bir sözü var: "Öz sənətini sevən hər bir kəs bu sənətdə öz varlığını təcəssüm etdirməlidir". Mən acqarına özümü necə təcəssüm etdirim?

   - Eşitdiyimə görə, sizi uzun müddət çəkilməyə qoymayıblar...

   - Mən kinostudiyada işləyəndə həm də komsomol komitəsində çalışırdım. Amma komsomol komitəsinin işləri laxlayırdı. Məni kinostudiyanın rəhbərliyi çağırdı və töhmət verdi. Onda dedim ki, "mən komsomolda işləyə bilmirəm, mən yaradıcı insanam". İrad tutdular ki, "biz də gənc yaşlarımızda komsomol işində çalışırdıq, gecə-gündüz işləyirdik". Dedim, "əgər belədirsə, etibar eləyin, bir kino çəkim". Təəccübləndilər. Dedim ki, "bax, siz məndə rejissorluq görmədiyiniz kimi, mən də özümdə komsomol katibliyini görmürəm. Mən aktyorluqdan başqa heç bir işi bacarmıram". Sonra "Yaxşı, get, sənin taleyin mənim qələmimdən asılıdır" dedilər. Bu hadisədən sonra mənə filmdə çəkilməyə imkan vermədilər. Yaxın bir rejissor dostum var, adını çəkməyəcəyəm, mənə dedi ki, "səni çəkmək istəyirdim, qoymadılar". Ona görə də, uzun illər çəkilə bilmədim. Arada dostlarım rəhbərlikdən xəbərsiz epizodik rollarda çəkirdilər.

   - Sizə kimlər imkan vermirdilər?

   - Adlarını deməyəcyəm. Ancaq bircə onu deyə bilərəm ki, mane olan kinostudiyanın o dövrdəki rəhbərliyi idi.

 

   

İltifat HACIXANOĞLU

 

Ekspress.-2013.- 7 noyabr.- S.15.