Stasionar telefonun danışıq limiti olsun, olmasın?

 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 Stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sistemi tətbiq etməyə hazırlaşan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) 2 il əvvəl hazırladığı layihədə abunəçilərə ayda 450 dəqiqə pulsuz vaxtın verilməsi, bundan sonrakı hər dəqiqə üçün danışıq haqqının hesablanması təklif olunurdu. Stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sistemi təklifi bu gün cəmiyyətdə birmənalı qarşılanmır.

   "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzün fikrincə, Azərbaycanda hazırda şəhərdaxili telefon danışıqlarında limitin tətbiqi üçün real şərait yaradılmayıb: "Nazirlik artıq dördüncü dəfədir ki, belə bir təkliflə çıxış edir. Onun üçünü Tarif Şurası rədd edib" deyən O.Gündüz hesab edir ki, TŞ növbəti dəfə RİTN-nin təklifinə "hə" deməyəcək. Bununla belə, o, bunun ədalətli metod olduğunu deyir: "Burada Rusiya, Estoniya və digər Avropa dövlətlərini misal gətirə bilərlər. Həmin dövlətlər bu metodun tətbiqindən öncə uzun bir yol keçiblər. Məsələn, adını çəkdiyim dövlətlərdə internet infrastrukturu telefon infrastrukturu üzərində oturmayıb. Amma bizdə əksinədir. Telefon xətti kəsilərsə, internet olmayacaq. Deməli, infrastruktur həll olunmayıb. Bundan başqa, insanların sosial vəziyyətini də nəzərə almaq lazımdır. Əhalinin 14 faizi yoxsulluq həddində yaşayır. Xüsusən pensiyaçıların, əlillərin qoyulacaq tarifləri ödəmək imkanı olmayacaq. Halbuki telefon xidmətindən də ən çox onlar istifadə edir".

   Mərkəz rəhbəri onu da qeyd edib ki, ödənişlı sistem bəzi kommersiya müəssisələrinin fəaliyyətində axsamalar yaradacaq: "Telefon xidmətindən istifadə edərək, öz kiçik sahibkarlıq fəaliyyətini quran müəssisələr var. Məsələn, qəzet və informasiya agentliklərinin redaksiyaları, alqı-satqı müəssisələri və s. qurumlar telefondan çörək qazanırlar. Nazirlik bildirir ki, rabitə ilə bağlı gəlirlər kifayət qədər yüksəkdir. O zaman limit tətbiq edib, tarifləri qaldırmağa nə ehtiyac var?" deyən Osman Gündüz təklif edir ki, informasiya texnologiyaları ilə bağlı dünyada mövcud olan yeni xidmətləri Azərbaycana gətirib, bunlardan gəlir əldə etmək olar.

   Ekspertlər bildirirlər ki, danışıq müddətinə görə ödəniş sisteminə keçid tənha qocalar, xəstələr, əlillər, uşaqlı ailələr kimi əhali qruplarına zərbə vura bilər. Əslində belə insanlar üçün telefonla uzunmüddətli ünsiyyət çox böyük əhəmiyyət kəsb edir və əlbəttə ki, adi həyat tərzinin mühüm elementi hesab olunur. Eyni zamanda internet istifadəçiləri - məktəblilər və tələbələr də bundan ziyan çəkəcək. Hətta ödənişin tətbiqi mənfi sosial-psixoloji təsir göstərə bilər. Bunun da səbəbi odur ki, hamının istifadə etdiyi xidmət birdən-birə əlçatmaz arzuya çevrilə bilər.

   Qeyd edək ki, danışıq müddətinə görə ödəniş sisteminə keçirlməsi təklifinə görə, telefonla ayda 450 dəqiqədən (7,5 saat) az danışan abunəçilər yalnız müəyyən edilmiş abunə haqqını ödəyəcəklər. Həmin müddətdən artıq danışıqlar dəqiqə hesabı ilə ödəniləcək, yəni hər natamam danışıq dəqiqəsi tam dəqiqəyədək yuvarlaqlaşdırıla bilər. Müəyyən edilən limitdən yuxarı hər əlavə dəqiqə isə 0,05 AZN-ə başa gələcək. Müxtəlif rəylərə əsasən, danışıq müddətinə görə ödəniş sistemi telefon rabitəsini təxminən 40-50% bahalandıracaq.

   Onu da qeyd edək ki, artıq dünyanın bir çox ölkəsində stasionar telefonlardan danışıqlara limit tətbiq olunur və əhali danışdığı dəqiqəyə görə ödəniş edir.

   Telefon şəbəkəsi abunəçilərinin rabitə xidmətlərindən qeyri-səmərəli istifadə etdiyini deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, nəzərdə tutulan aylıq limit - 450 dəqiqə - hər bir insan üçün tam kifayət edir.

   Bu sistemin tətbiqinin əhali üçün üstünlükləri mövcuddur. Bu üstünlüklərin nədən ibarət olması və ölkəmizdə belə bir tarif planının tətbiqinin tezliklə reallaşa bilməsi haqqında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib. "APA-Economics"in məlumatına görə, Rusiyanın "Rossiyskaya qazeta" nəşrinə müsahibə verən nazir bildirib ki, hazırda ölkəmizdə rabitənin müasir standartlara uyğun inkişafı və yeni xidmət növlərinin tətbiqi şəraitində çevik tarif siyasəti yürüdülür: "Bu tarif siyasətinin əsasını telekommunikasiya operatorlarının şəbəkənin inkişafına şərait yaratmaq və göstərilən xidmətlərin bütün kateqoriyadan olan istifadəçilər üçün sərfəli olması təşkil edir. Bu istiqamətdə atılacaq addımlardan biri də limitli tarif paketidir. Qeyd edim ki, dünya ölkələrində bu tarif planının tətbiqi üzrə müxtəlif variantlardan istifadə olunur və müxtəlif yanaşmalar mövcuddur. Hazırda MDB ölkələrində limitsiz tariflərlə yanaşı, limitli tarif paketindən də istifadə olunur və bu tarifin ölkəmizdə də tətbiqi zəruridir. Limitli tariflərin tətbiqi ölkəmizdə telekommunikasiya şəbəkəsinin artıq yüklənmədən azad olmasına və israfçılığın qarşısının alınmasına səbəb olacaq ki, bu da öz növbəsində əhalinin internet, o cümlədən digər yeni xidmətlərdən daha keyfiyyətli istifadəsinə imkan verəcəkdir. Hazırda əhalinin telefondan istifadə səviyyəsinin analizi və şəbəkədə bu sistemi dəstəkləyən yeni texnologiyaların tam tətbiqi istiqamətində işlər aparılır. Qeyd olunan sistemin tətbiqi ilə əlaqədar hazırlanacaq təkliflərdə əhalinin aztəminatlı hissəsinin maddi vəziyyəti, abunəçilərin seçim imkanlığının yaradılması və rabitə operatorlarının investisiya imkanlığının genişləndirilməsi faktorları nəzərə alınacaq".

   Hazırda paytaxtdakı elektron ATS-lər elə təchiz olunub ki, bütün zəngləri qeyd etmək texniki cəhətdən mümkündür. Ekspertlərin fikrincə, danışıq müddətinə görə ödəniş sisteminin tətbiqi üçün bir neçə mütəşəkkil, texniki və hüquqi şərtləri yerinə yetirmək lazımdır. Hətta əgər təkcə texniki şərtlər nəzərdən keçirilsə, onların yerinə yetirilməməsi operatorlar tərəfindən hüquqi özbaşınalığa gətirib çıxara bilər. Söhbət abunə xətlərinə tarifikasiya impulslarının verilməsindən gedir ki, abunəçi həmin xətt üzrə bu cür impulsları qeydə alan sayğacla təchiz olunan xüsusi abunə aparatının (telefon) köməyilə real vaxtda öz xərclərinə nəzarət edə bilər. Danışıq müddətinə görə ödəniş sisteminin istifadə edildiyi ölkələrdə rabitə operatorları qanuna görə abunə xəttinə belə tarifikasiya siqnalları verməyə borcludur. Sonrası isə artıq abunəçinin işidir: o belə impulsları hesablamaq imkanına malik xüsusi aparat quraşdıracaq, yoxsa yox. Abunəçi real zaman rejimində rabitə operatorlarının hərəkətlərinə nəzarət etmək və hesabdan vəsaitin necə silindiyini bilmək hüququna malikdir. Nə qədər ki, belə texniki imkan yoxdur, danışıq müddətinə görə ödəniş sisteminin tətbiqindən danışmaq olmaz.

   Yeri gədmişkən, ABŞ, Böyük Britaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrdə danışıq müddətinə görə ödəniş sistemindən imtina edərək fiksə edilmiş ödənişə üstünlük verilir. Azərbaycanda isə telefona görə fiksə edilmiş abunə haqqı bir abunəçiyə xidmət göstərilməsinin maya dəyərindən, demək olar, iki dəfə aşağıdır. Bu da RİTN-in öz büdcəsindəki həmin boşluqları beynəlxalq rabitə kanalları tarifləri hesabına doldurmağa məcbur edir. Rəqəmlərlə desək, hər telefona aylıq xidmət göstərilməsi 3 AZN-ə başa gəlir, abunə haqqı isə 0,7 AZN təşkil edir. Nazirlik isə yaranan həmin fərqi müəyyən edilmiş beynəlxalq danışıq tarifləri hesabına ödəyir. Şəhərdaxili telefon danışıqlarının vaxta görə ödəniş sistemi tətbiq olunduğu halda isə RİTN heç bir zərər çəkməyərək beynəlxalq rabitə kanalları tariflərinin azaldılması siyasətini uğurla davam etdirəcək.   

 Danışıq müddətinə görə ödəniş sistemi bu problemi həll etməsinə imkan yaratsa da, eyni zamanda mənfi nəticələrə də gətirib çıxara bilər. Çoxlarını narahat edən isə danışıq müddətinə görə ödəniş sisteminin tətbiqi zamanı telefon şəbəkəsi vasitəsilə internet şəbəkəsinə qoşulmanın ödənişi məsələsidir. Hamıya məlumdur ki, ISP (Internet Service Provider) biznesi hər yerdə yerli telefon şəbəkəsindən istifadə etmə prinsipi üzərində qurulub. Müvafiq olaraq, əgər internetə qoşulma telefon şəbəkəsindən keçirsə, onda danışıq müddətinə görə ödəniş sistemi həqiqətən telefonun məşğul olduğu bütün müddət ərzində hesablanacaq. Yəni, şəbəkəyə qoşulan abunəçi internet xidmətlərinin saathesabı ödənişi ilə yanaşı internetdə olduğu hər dəqiqəyə görə əlavə xərclər çəkməli olacaq.

   Məlum olduğu kimi, kommutasiya edilən Dialup sistemi internetə çıxışın ən kütləvi üsuludur. Müxtəlif hesablamalara görə, hazırda Azərbaycanda internet istifadəçilərinin 90%-i məhz bu texnologiyadan istifadə edir. Kommutasiya edilən internet sistemi hələlik provayderin hər konkret mənzildə qoşulma problemi həll edən yeganə və ən ucuz texnologiyadır. Hazırda internetdən evdə istifadə edənlərin çoxu üçün 6 manat internetə qoşulmaya çəkilən kifayət qədər gözəçarpan xərcdir. Bunun naminə daha aşağı keyfiyyətlə və məşqul telefon xətti ilə kifayətlənmək olar.

 

   Qonşu ölkələrin təcrübəsinə əsaslanaraq qeyd etmək olar ki, telefondan istifadəyə limit qoyulmasının həm müsbət, həm də mənfi tərəfləri var. Belə ki, əgər məsələnin müsbət tərəfi telefon şəbəkəsinin boşaldılmasıdırsa, onda limitləşdirmənin ölkədə internetin inkişafını, faktiki olaraq, ləngidə bilməsini mənfi tərəf hesab etmək olar. Təbii ki, internetə qoşulmanın telefon xətlərinin yüklənməsini istisna edən alternativ yolları, eyni zamanda provayderlərin telefon xətlərindən istifadəyə görə xərcləri öz üzərinə götürəcəyi mexanizm tətbiq edilməsə.

   Azərbaycanın telekommunikasiya sahəsi hər il sabit yüksəliş nümayiş etdirdiyi üçün təsdiq etmək olar ki, danışıq müddətinə görə ödəniş sisteminin tətbiqi iqtisadi vəziyyətlə deyil, müstəsna olaraq rabitə operatorlarının telefon xidmətləri istehlakçılarının hesabına çox yüksək gəlir əldə etmək istəyilə bağlı ola bilər.

 

   

Rəşid RƏŞAD

 

Ekspress.-2013.- 7 noyabr.- S.9.