Xeyli qrafoman, cızma-qaraçı var...
Anar: "Sədrlikdən gedib-getməyəcəyim haqqında
qəti qərar verməmişəm"
Keçmiş icra başçılarından biri Yazıçılar Birliyinin binasını İngiltərə səfirliyinə vermək istəyirdi. Ən çətin zamanlarda Yazıçılar Birliyi yalnız birinci mərtəbəsini kirayə verərək jurnallarını və qəzetini saxlaya bilib. İndisə birinci mərtəbənin kirayə vəsaitindən ehtiyacı olan yazıçılara yardım göstərmək və arabir kitab nəşri üçün istifadə edilir.
Bu barədə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar APA-ya müsahibəsində bildirib. Müsahibəni ixtisarla təqdim edirik.
- Anar müəllim, indi yazıçılıq gənclik üçün perspektivsiz peşə hesab olunur. Yəni əvvəlki imtiyazlar, dividentlər yoxdur, hansısa karyera yüksəlişinə ümid eləmək olmaz. Amma ədəbiyyata axın yenə çoxdur. Hətta deyəsən, Sizin gənclik dövrünüzdən də çoxdur. Bunun səbəbləri haqqında düşünmüsünüzmü?
- Bunun səbəbləri haqqında bir şey deməzdən öncə gəlin, bir məsələni aydınlaşdıraq. Ədəbiyyata gələnlər - istər cavan olsun, istər qoca - nəyə görə gəlirlər? Sizin dediyiniz kimi imtiyazlar, dividentlər, karyerə yüksəlişi üçün gəlirlərsə, deməli, bu adamların ədəbiyyata ümumiyyətlə, dəxli yoxdu. Başqa peşə seçib imtiyaz, dividend və karyera istəklərini o peşədə həyata keçirməyə cəhd etsinlər. Yazıçılıq mənəvi ehtiyacdan, insanlara demək istədiyin sözünün olmasından, xalqına, yaşadığın cəmiyyətə xidmət etmək tələbatından, ürəyini boşaltmaqdan qaynaqlanır və əgər bunları etmək üçün ədəbi istedadın varsa, ağır zəhmətə qatlaşmağa hazırsansa, onda bu peşəni seç. Bunların heç biri yoxdursa, özünü bəri başdan bədbəxt eləmə. Bizim dövrümüzlə indiki zaman arasında ədəbiyyata axının fərqinə gələndə isə onda da, indi də bu axının eyni səbəbləri vardı, ədəbiyyata karyera, tanınmaq üçün gəlmək istəyənlər və heç nə ummadan, təmənnasız yazıb yaratmağa ehtiyac duyanlar... Bunlarla bərabər, özünü istedadlı bilib, bu işə qurşanan xeyli qrafomanın, cızma-qaraçının da olduğunu nəzərə almalıyıq. Onu da deyim ki, Yazıçılar Birliyini lazımsız təşkilat hesab edənlərin iddialarına rəğmən bura axın azalmır, ildən-ilə artır. Elə indinin özündə də üzv olmaq üçün iki yüzdən artıq ərizə var. Həm də daha keçmiş dövrlərdəki kimi, heç bir imtiyazlar olmadığını bilə-bilə...
- Kitaba, ədəbiyyata cəmiyyətdə solaxay münasibət var. Bu, ilk dövrlərdə qarışıqlıq, insanların maddi vəziyyəti ilə bağlı idi. İndi sular durulub, ədəbiyyat isə "su üzünə" çıxmaq istəmir ki, istəmir. Ədəbiyyatın gündəmə gəlməsinin yolu nədən keçir?
- Səbəbləri sadalayım: dediyiniz kimi, ötən illərin ictimai qarışıqlığı bir səbəbdir. Başqa səbəblərə də bir-bir nəzər salaq: insanların çoxunun maddi vəziyyətinə görə hələ də kitab almaq imkanına çatmaması, TV kanallarının birə on dəfə, xarici kanalları da saysaq, birə yüz artması, internet, Sovet dövründə real həyat problemləri haqqında az-çox dəqiq məlumatı bədii ədəbiyyatdan alındığı halda, indi qəzetlərdə hər növ yazı oxuya bilmək imkanı. Üstəlik, elə həmin qəzetlərin çoxunun, ümumiyyətlə, mətbuatın, internet saytlarının böyük qisminin insanları qalmaqala, sensasiyaya, skandala alışdırması, bəzi TV kanallarında tamaşaçını bayağı, zövqsüz verilişlər və teleseriallar vasitəsiylə yetişdirməsi: Belə kütləvi həmlələr qarşısında həqiqi ədəbiyyatın duruş gətirməsi asan iş deyil. Bunu da unutmayaq ki, kiril əlifbasından latın əlifbasına keçid dövründə düz on il latın əlifbasıyla dərsliklərdən başqa kitablar nəşr olunmadı və bütün bir nəsil bədii ədəbiyyatsız yetişdi. Daha dəqiq desək, bütöv bir nəsil Azərbaycan dilində bədii ədəbiyyatdan - istər klassiklər olsun, istər çağdaşlar, bixəbər qaldılar, mütaliədən yadırğadılar. Bu itkiləri isə sonradan-sonraya bərpa etmək açan iş deyil. Bütün bunlar acı reallıqdır. Amma onu da unutmamalıyıq ki, bütün dövrlərdə, elə indinin özündə də həqiqi, ciddi ədəbiyyata etibarını, sədaqətini qoruyub saxlayan oxucular az deyil. Hər şeydə olduğu, kimi burda da keyfiyyət kəmiyyətdən vacibdir. Məhz elə buna görə də əsl ədəbiyyat "suda batmır", ona görə də onu "su üzünə" çıxarmağa lüzum yoxdur.
- Doğrudanmı, məsələn, televiziyalar, ali məktəb rəhbərləri, deputatlar kitaba diqqət ayırsalar, problem həll oluna bilər? Yoxsa bunun kökü başqadır?
- Deputatların bu işə necə təsir edəcəkləri mənə aydın deyil. Yetər ki, bəzi deputatlar dövlətin ədəbiyyata ayırdığı vəsaitə və diqqətə qısqanc münasibət bəsləməsinlər. Təəssüf ki, elə vəzifəlilər də var, ömründə Azərbaycan dilində bircə kitab oxumadıqları halda yekə-yekə "bizim nə ədəbiyyatımız var ki..." deməyə xəcalət çəkmirlər. Ali və orta məktəb rəhbərləri, həm də tək rəhbərləri deyil, müəllimlər də, əlbəttə, tələbələrdə, şagirdlərdə ədəbiyyata maraq oyatmaqçün ciddi səy göstərməlidirlər. Dəyərli kitabların təbliğatında TV kanallarının da böyük rolu ola bilər. Elə qəribə bir zəmanədə yaşayırıq ki, kitab yazmaqdan daha vacib onun təbliğini təşkil etməkdir. Bəzi hallarda, kobud ifadəm üçün üzr istəyirəm, zirək müəlliflər öz yazı-pozularını zorla oxucuya sırıyaraq həqiqi bədii örnəkləri kölgədə qoyurlar. Bəzənsə prinsipsiz tənqid ortabab müəllifi elə yüksəkliyə qaldırır, haqqında elə bəlağətli sözlər deyir ki, düşünürsən, İlahi, görəsən Fizuliyə, Vaqifə, Mirzə Fətəliyə, Sabirə, Mirzə Cəlilə deməyə dilimizdə hansı tərifli sözlər qaldı? Nə yazıq ki, bu də dövrümüzün acı həqiqətlərindəndir.
- İdmanın və musiqinin inkişafına çəkilən xərclərin bir hissəsi ədəbiyyatın inkişafı üçün xərclənsəydi, mənzərə necə olardı?
- Necə deyərlər, Allah ağzınızdan eşitsin. Əlbəttə, dövlətin ədəbiyyata göstərdiyi qayğını danmaq nankorluq olardı. Həm də altını cızmaq istərdim ki, dövlətin mədəniyyətə, ədəbiyyata, sənətə qayğısı, bəzilərinin düşündüyü kimi sədəqə deyil, borcdur. Dövlət tibbə, maarifə, idmana vəsait ayırdığı kimi ədəbiyyata, sənətə də vəsait ayırmağa borcludur. Azərbaycan ədəbiyyatının, özəlliklə dünyada tanıdılması, yəni əsas xarici dillərə tərcümə edilməsi üçün xüsusi dövlət proqramı olmalıdır və bu işə, yəni dilin daşıyıcıları olan peşəkar əcnəbi tərcüməçiləri dəvət etmək üçün kifayət qədər vəsait ayrılmalıdır. Madam ki, idmanı və musiqini xatırlatdınız, bir məsələyə də toxunmaq istərdim. Gün kimi aydındır ki, biz - yaşlı nəslin nümayəndələri ədəbi gəncliyin inkişafı üçün əlimizdən gələni etməliyik, amma idmanla ya balet sənətiylə ədəbiyyatın fərqini də unutmamalıyıq. İdmançı, ya balet ifaçısı yaşa dolduqca, təbii qanunlara görə peşəsindən uzaqlaşıb yerini cavanlara verir. Amma məsələn, əlli, altmış yaşında daha da püxtələşən bir nasirə, "sən qocalmısan, daha yazma, qoy cavanlar yazsın" demək düzdürmü? Ancaq uzun illərin təcrübəsiylə əldə olunan biliklərlə, həyat müşahidələriylə dopdolu olan adama "sənin yaşın ötüb, yerini həyat haqqında ən az təsəvvürləri olan sütül cavana ver" demək olarmı?
- 60-cılar nəslindən söhbət düşəndə ilk olaraq Sizin, Elçinin və Əkrəm Əylislinin adı çəkilir. Bu ad ardıcıllığı təbiidir, yoxsa Sizin nəsil haqqında yazan tənqidçilər bu üçlüyü formalaşdırıb?
- Bilmirəm, bu üçlüyü kim formalaşdırıb, amma 60-cılar nəslini məhz bu üçlüklə məhdudlaşdırmaq ədalətsizlikdir. Bu nəslin və ümumiyyətlə, ədəbiyyat tariximizin ən dəyərli romanlarından birini - "Qətl günü"nü Yusif Səmədoğlu yazıb. Bu nəslin İsi Məlikzadə, Fərman Kərimzadə, bir qədər sonra ədəbiyyata gəlmiş Mövlud Süleymanlı kimi istedadlı nümayəndələri var və nəhayət, bu yolu bizim nəsildən daha əvvəl İsa Hüseynov öz kənd povestləri ilə, Sabir Əhmədli nəsriylə açıb. Əgər mənim "Nəsrin fəzası" adlı araşdırmamla tanışsınızsa, mən orda 60-cılar nəslinin bütün bu adı keçən nümayəndələri haqqında geniş təhlil vermişəm. Bu yazıçılar haqqında yazdığım ayrı-ayrı esse və məqalələrim də var. Bu nəslə aid rusca yazan müəlliflər Çingiz Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyovlar, Natiq Rəsulzadə barədə də dəfələrlə yazmışam.
- Nə vaxtsa hiss etmisinizmi, Sizin nəsildən olan digər yazıçılar bu üçlüyün adına açıq-açığına nəsə deməsələr də, müəyyən qısqanclıqla yanaşırlar?
- Mən özüm ədəbiyyatda
heç vaxt heç kəsə qısqanmadığım üçün
kimin kimə qısqanması məni əsla maraqlandırmır.
Bir də ki, məncə,
istedad heç vaxt başqa istedada qısqanmaz. Başqasının uğuruna qısqanmaq uğursuzların adətidir.
- Teatr rəhbərləri dramaturq problemini həmişə qabardıblar. Elçin Əfəndiyev, Hüseynbala Mirələmov, Kamal Abdulla pyeslər yazırlar. Sizin pyes yazmamağınızda tamaşaya qoyulmamaq xofu yoxdur ki?
- Yəni Siz düşünürsüz ki, mən pyes yazsam, onu tamaşaya qoymazlar?
- Yazıçılar Birliyinin qurultayı niyə gecikdirilir sualını adətən, üzvlərin qeydiyyatı, birliyin təmirə dayandırılması səbəbi ilə əsaslandırırsınız. Qurultayın vaxtının uzadılması şübhələrə yol açır: qurultay qəsdən gecikdirilir. Yaxud təmir, üzvlərin qeydiyyatı səbəb deyil və s. Bu barədə nə düşünürsünüz?
- Lətifəsi şübhələnənlərə gəlməsin, belə bir ifadə var: xain xoflu olar. Hər şeydən şübhələnənlər, hər şeydə başqa səbəb, pis niyyət axtaranlar həmişə olub və olacaq. Qurultayın gecikməsinin səbəblərinin ikisini, mənə istinad edərək, özünüz dediniz. Doğrudan da, əvvəlki qurultaylardan fərqli olaraq, bu qurultayı 1500 adamla keçirmək mümkün olmadığı üçün nümayəndələr seçmək prinsipiylə keçirmək istəyiriksə, əvvəla üzvlərimizin dəqiq sayını bilməliyik. Rəhmətə gedəni, birlikdən çıxanı, ya çıxarılanı, tamam ölkədən köçəni var. Dəfələrlə "Ədəbiyyat qəzeti"ndə elan verməyimizə baxmayaraq, hələ çox adam nəinki bir dəfə də olsun üzvlük haqqını ödəməyib, hətta qeydiyyatdan keçməyə belə təşrif buyurmayıb. Ümumiyyətlə, üzvlərin əhəmiyyətli qismi Birliyə yalnız burdan bir şey almaq istəyəndə gəlir. Özlərinin vicdan işidir. Giley-güzar etmək istəmirəm. Binanın təmiri də qurultayın vaxtını xeyli ləngitdi. Bundan başqa, beş il öncə Birliyimizin 75 illiyini çoxlu qonaqların iştirakıyla keçirdik, arada klassiklərin və çağdaşların yubileylərini də keçirdik. Onu da qeyd etmək istərdim ki, əvvəlki qurultaylar da bəzən böyük fasilələrlə keçirilib, bəzi qurultayların arasında altı, yeddi, səkkiz, hətta iyirmi il fasilə olub. Mənə elə gəlir ki, bəzi adamları Azərbaycanın bütün başqa problemlərindən daha artıq bizim qurultayımızın nə zaman keçiriləcəyi maraqlandırır və narahat edir. Belələrini arxayın etmək üçün tam məsuliyyətlə deyirəm: növbəti qurultayımız 2014-cü il mart ayının ikinci yarısında keçiriləcək. Eyni günlərdə xarici qonaqların iştirakıyla Yazıçılar təşkilatımızın 80 illiyini də qeyd etmək istəyirik.
- Müsahibənizdə demisiniz, sədrlikdə qalsam, AYB-də gəncləşmə aparılacaq, dəyişiklik olacaq. Bu dəyişiklik nədən ibarət olacaq? Yəni əvvəlki konkret rəy bildirmədiyiniz açıqlamalarınızdan fərqli olaraq, planlarınız haqqında konkret nə deyə bilərsiniz?
- Ondan başlayım ki, mən heç bir müsahibəmdə Sizin mənim adımdan gətirdiyiniz sözləri deməmişəm, yəni "sədrlikdə qalsam"(?) "AYB-də gəncləşmə aparılacaq, dəyişiklik olacaq", filan mənim sözlərim deyil. Odur ki, dəyişikliyin nədən ibarət olacağı barədə sualınız da havadan asılı qalır. Əvvəlki açıqlamalarımda da, indiki açıqlamamda da konkret olaraq onu deyə bilərəm ki, həmişə istedadlı cavanlara dəstək vermişəm, onların istedadının parlaması, uğurlu əsərlərinin mükafatlandırılması, ədəbiyyat cameəsində layiqli yer tutmaları, əsərlərinin ölkəmizdən kənarlarda da çap və təbliğ olunması üçün əlimdən gələni əsirgəməmişəm və sədr qalıb qalmayacağımdan asılı olmayaraq, gələcəkdə də belə olacaq. İntəhası, zaman qanunlarına görə nəsillər dəyişir, on il qabaq gənc olanlar artıq orta yaşa qədəm qoyub, yeni cavanlar gəlib ədəbiyyata və onlara da münasibətimiz eyni cür xeyirxah və qayğıkeş olacaq. Hər il iyirmi gəncə təqaüd vermək haqqında Prezident sərəncamına əsasən 35 yaşına qədər olan cavanları arayıb tapmalıyıq, bu isə çox vaxt asan məsələ olmur.
- Çingiz Abdullayev deyir, sədr olmaq fikri yoxdur, Siz sədrlikdən getsəniz, belə çıxır Rəşad Məcidin bu postu tutmağı daha realdır. Rəşad Məcidi dəstəkləyirsinizmi?
- Çingiz Abdullayevin fikirləri haqqında onun özünə sual verməniz yaxşıdır. Rəşad Məcidi isə hər zaman dəstəkləmişəm və dəstəkləyirəm. Amma gəlin sədrlik məsələsinin həllini qurultaya saxlayaq. İndidən lüzumsuz ajiotaj yaratmayaq. Hələ mən özüm də sədrlikdən gedib-getməyəcəyim haqqında qəti qərar verməmişəm. Qurultay ərəfəsində belə bir qərarı verə bilərəm və qurultay da kimi layiq bilərsə, onu da seçər. Qurultayın hər hansı qərarına sayğıyla yanaşmalıyıq.
- "Ulduz", "Azərbaycan" jurnallarının rəhbərləri qonorar fondunun az olduğunu bildiriblər. Hesab edirsinizmi ki, çıxış yolu kimi Siz ölkə başçısına müraciət etsəniz, məsələ həll olunar?
- Ölkə başçısına müraciət etməzdən əvvəl gəlin bu jurnalların redaktorlarına müraciət edək. Əməkdaşlarından hansı işə vaxtlı-vaxtında gəlir? Elələri var ki, aylarla redaksiyalarda görünmür, yalnız maaş günlərində gəlirlər, ayrı günlərdə gələndə də yalnız iddialarla, tələblərlə və xahişlərlə gəlirlər. İndi Siz deyin, necə hərəkət edək? Belə təkliflər olur ki, işə gəlməyənləri, əlini ağdan-qaraya vurmayanları, ortada yeyib qıraqda gəzənləri, bir dəfə də olsun çörəyini yedikləri təşkilatı haqsız hücumlardan müdafiə etməyənləri, hətta bərai ehtiyat bədxahlarımızla xosunlaşanları, yeyib içənləri işdən azad edək, onların yerinə namusla işləyənlərin maaşını dəfə-dəfə qaldıraq. Katiblikdə də bəzən bu məsələni müzakirə edirik, amma bəlkə bu, şəxsən mənim nöqsanımdır, mən heç kəsin çörəyini kəsməyi rəva bilmirəm, özünün belə davranışına görə kimisə maaşsız qoyub ailəsini, balalarını ağır vəziyyətə salmaq istəmirəm. Bəlkə mənim yerimə başqası məhz belə hərəkət edərdi, necə ki, bir çox idarə və təşkilatlarda elə belə də edirlər, kapitalizmin qanunları amansız və acımasızdır... Amma hərənin öz həyat prinsipləri var. Mənim prinsipim, yəqin ki, kiminsə fikrincə nöqsanım insanlara ən azı pislik etməməkdir, hətta mənə çox pisliklər edənlərə belə...
- AYB-nin modern variantı - yəni marketinq əsaslarla idarə olunması mümkündürmü?
- Ədəbiyyat
nə marketdir, nə marketinq, nə də bazar qanunlarıyla idarə olunacaq sahə. Bəlkə də bizdən
sonra gələn nəsil yaradıcı təşkilatları bazar
qanunlarıyla idarə
edəcəklər. Ola
bilsin. Amma bu, bizlik deyil.
- Jurnalistlərə
ev veriləndən
sonra Yazıçılar
Birliyi də ev və torpaq
sahələri ilə
bağlı məsələ
qaldırdı. Hətta
dedilər, Anar müəllim prezidentə
şəxsən müraciət
edib, yazıçıların
ev məsələsinin
həllinə çalışacaq.
Belə bir fikriniz varmı?
- Yazıçıların
ev məsələlərinin
yaxşılaşdırılması fikri həmişə olub və dəfələrlə
həm rəhmətlik
Heydər Əliyevə,
həm də hörmətli prezidentimiz İlham Əliyevə bu barədə müraciət edib müsbət cavab almışıq. Sovet dövründən fərqli
olaraq, kökündən
dəyişmiş bazar
iqtisadiyyatı şəraitində
ev almağın
hansı çətinliklərlə
bağlı olduğunu
bilənlər bilir. Bilməyənlər isə bilmək
istəmir. Bu şəraitdə
belə prezidentimizə
müraciətimizdən sonra
şəhərin mərkəzində
tikilən binanın yaşayış sahəsinin
on faizinin yazıçılara
ayrılmasına nail olduq.
Yəqin
bilirsiniz ki, bununla bağlı otuzdan artıq yazıçının mənzil
məsələsi həll
olundu. Obyektiv səbəblərə görə siyahıya düşməyənlərin qaldırdıqları
qalmaqallardan da güman ki, bixəbər deyilsiniz.
Heç
kəs heç nə almayanda hamı sakit oturur, peşmansan on nəfər üçün
nə isə edəsən, otuz nəfər inciyir, otuz nəfərə nəsə edirsən, əlli nəfər "bəs mən?" deyə narazı qalır. Amma bu məsələlərdə
başımız nə
qədər ağrısa
da, yenə müəyyən təşəbbüslərdə
bulunacağıq.
Ekspress.-2013.- 15 noyabr.- S.11;15.