"Mən hələ unudulmamışam..."

 

Natəvan Şeyxova bəstəkarsız qalıb: "İşlədiyim bəstəkarların heç biri indi həyatda yoxdu"

 

 Natəvan Şeyxova artıq 45 ildir sənətdədir, istedadı, bacarığı ilə tanınıb-sevilir. Bir vaxtlar özü və səsi efirdən əskik olmazdı Natəvan xanımın. İndisə efirdə az-az görünürbunun çox səbəbi var, biri, özünün dediyi kimi, yeni mahnılarının olmamasıdır. Yəni mahnıların olmamasının isə kədərli səbəbi var: müğənninin işlədiyi bəstəkarların heç biri indi həyatda yoxdu...

   Musiqimizin indiki vəziyyəti ilə barışmayan Natəvan xanım deyir ki, sənətə axının qarşısını almaq lazımdır və bunun üçünsə yenidən bədii şuraların yardılmasına ehtiyac var.

   Səs var,

   mahnı yox...

   - Natəvan xanım, son zamanlar efirdə görünmürsünüz. Səbəbi nədir?

   - Bunun səbəbləri çoxdu. Həmin səbəblərdən biri də mənim dərs deməyimdir. Mən Asəf Zeynallı adına Musiqi Kollecində, Bakı Musiqi Akademiyasında dərs deyirəm. Buna görə də vaxtım dərs deməklə keçir. İkinci tərəfdən, indi şou-biznes zamanıdı. Mənim isə şou-biznesə qatılmaqdan xoşum gəlmir. Buna görə də mən oxumuram. Amma hərdən televiziyaya, bədii gecələrə dəvət ediləndə, mən də oxuyuram. Efirdə görünməməyimin başqa bir səbəbi də təzə mahnılarımın olmamasıdır. Çünki mənim işlədiyim bəstəkarların heç biri indi həyatda yoxdu. Emin Sabitoğlu, Tofiq Quliyev, Rauf Hacıyev indi dünyasını dəyişib. Düzdür, köhnə mahınlarımı da oxuyuram, cavan bəstəkarlar da mənə mahnılar verirlər, amma nədənsə həmin mahnıların mənə uyğun olmadığını hiss edirəm. Onların yazdıqları xoşuma gəlmir. Mənə elə gəlir ki, həmin mahnılar mənim stilimə uyğun deyil. Bu günə kimi mənə təqdim edilən mahnıların arasında elə bir mahnı yoxdu ki, xoşuma gəlsin və mən onu yazdırım. Amma bu o demək deyil ki, mən sənətimi unutmuşam, əvvəlki səsim yoxdu. Mənim səsim yerindədi. Sadəcə olaraq yeni mahnılar yoxdu. Buna görə də ancaq dərs deməklə məşğulam.

   Yeni mahnılar stili pozur

   - Belə çıxır ki, siz indiki bəstəkarları bəyənmirsiniz. Axı Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarımız var...

   - Köhnə bəstəkarlarımız, korifeylərimiz indi həyatda yoxdu. İndikilərdən isə mənə müraciət edəni olmayıb. Gənclərin musiqi stili mənimki ilə uyğun deyil. Bilirsiniz, mənim mahnılarım həmişə seçilib. Radioda oxuyanda deyiblər ki, "oxuyan Natəvan Şeyxovadı". Ancaq yeni mahnılar ifa etsəm, stilim itər.

   - Mənim üçün bir məqam maraqlıdı. Deyilənə görə, "Qayınana" filmində Afətin mahnılarını siz ifa etmisiniz. Bu doğrudurmu?

   - Hələ çoxu elə bilir ki, Afəti də mən oynamışam. "Qayınana" filmindəki bütün mahnıları Flora Kərimova oxuyub. "Afət" obrazını isə Moskvalı aktrisa İnarə Quliyeva yaradıb. Onu Moskva Opera Teatrından dəvət etmişdilər. Bir az mənə oxşadığı üçün hamı elə fikirləşir ki, mənəm. Səs də bir az mənim səsimə bənzəyir. Həmişə səhv salırlar.

   İndi hər şey eləmək asandı

   - Gənclik illəriniz yadınızda necə qalıb?

   - Həmin illər mənim yaxşı yadımdadı. İnanırsınız, gənclik illərim o qədər maraqlı keçib ki, xoş xatirələri daima mənim qəlbimdədi. Gənclik illərində insan özünü çox xoşbəxt sayır. Gözəllik, gənclik insanı yaşamağa sövq edir. Mən 1965-ci ildən Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbayacan Dövlət Estrada Orkestrində çalışmışam. Həmin illərdə demək olar ki, mən Bakıda olmamışam. O dövrdə mən bütün dünyanı gəzmişəm. Bizim orkestrimiz bütün dünyada tanınmış orkestr idi. Həmin orkestrdə Oqtay Ağayev, Elmira Rəhimova kimi müğənnilər çalışıblar. Bizim orkestr Kreml Sarayında, Böyük Teatrda konsertlər verib. Özübizim konsertlərimiz 2-3 gün olmurdu, aylarla konsertlər verirdik. Həmişə bizim konsertlərdə tamaşaçı əlindən tərpənmək olmayıb. Biz çatmazdan əvvəl afişalar vurulurdu, biletlər satılırdı. İlin 3 ayını Bakıda olurduq, qalan vaxtı şəhərləri gəzirdik. Buna görə də mənim üçün gənclik illəri çox gözəl keçdi.

   - O illəri də görmüsünüz, bu dövrügörürsünüz. Hansı fərqlər var bu iki dövr arasında?

   - Hə, çox fərqlər var. İndi hər şey eləmək asandı. Amma o dövrlər həddən artıq çətin idi. O dövrlərdə efirə çıxmaq, müğənni olmaq üçün konservatoriyanı bitirmək mütləq lazım idi. Mən konservatoriyanı vokal sənəti üzrə bitirmişəm. Həvəsim məni estradaya çəkib. Hələ məktəb yaşlarından mənim estrada janrında olan mahnılardan xoşum gəlirdi. Ancaq indi hamı oxuyur. İndi hər şey pulla həll edilir. Pul verib mahnı yazdırırlar, efirə çıxırlar. Əvvəllər bədii şura var idi. Həmin şurada müğənninin geyimi, xarici görkəmi, səsi, oxuduğu mahnı nəzərdən keçirilirdi. Səhnə mədəniyyətinə böyük diqqət yetirilirdi. Bizim indiki bəstəkarlarımızın əksəriyyətinin mahnıları çox vaxt efirə buraxılmırdı. Bədii Şuranın yazılı razılığı olandan sonra sən efirə çıxa bilərdin. İndi isə kompüter vasitəsilə səsi uzadırlar, qısaldırlar. Əvvəllər belə şeylər yox idi. Ancaq indi də istedadlı gənclərimiz var. Zaman özü hər şeyi həll edəcək. İndi sənətdə olanların hamısı zamanın xəlbirindən keçəcəklər. Sayseçmə müğənnilərimiz qalacaq. Demirəm ki, indi oxuyanlar yoxdu, var, amma yaxşı oxuyanlar azdı. Bizim dövrümüzdə də sənətçilər çox idiüç qrupa bölünmüşdü. Toylarda, el şənliklərində oxuyan müğənnilər, barlarda, kafelərdə, restoranlarda oxuyan müğənnilər və konsertlərdə oxuyan müğənnilər. O zamanlar toy müğənnisi konsert zalında oxuya bilməzdi. İndi isə hamı qarışıb bir-birinə...

   Mahnılar gəncləri tərbiyə edir. Bu gün barda, kafedə oxuyan müğənninin efirdə görünməsi gənclərimizə mənfi təsir göstərir. Gənc baxır onun geyiminə, özünü aparmağına, davranışına, fikirləşir ki, elə belə olmaq lazımdı.

   Hər şey qadının özündən asılıdır

   - Dərs dediyiniz tələbələr arasından yaxşı müğənni çıxacaqmı?

   - Hə, olacaq. İndi də yaxşıları var. Bilirsiniz, müəllimdən də çox şey asılıdı. Müəllim həvəslə dərs keçməlidi. Bütün sənətə gəlmək istəyənlər musiqi məktəblərini bitirməlidirlər.

   - Sənətdən uzaq düşmüsünüz, unudulmaqdan qorxmursunuz ki?

   - Mən hələ unudulmamışam. Hələ sevgini, məhəbbəti hiss edirəm. Mənə elə gəlir ki, nə qədər mahnılarım unudulmayıb, mən unudulmaram. Dövlət də mənə lazımi qədər qiymət verib. 1998-ci ildə əməkdar artist adını almışam. Ancaq yeni mahnılar lazım olduğunu da bilirəm.

   - İşinizdən yorulmursunuz ki?

   - Yox. Bu mənim üçün daha maraqlıdı. Həyat yoldaşım həmişə deyir ki, "sən öz yaradıcılığını dəfn etmisən, ancaq tələbələrin haqqında düşünürsən". Mən ona deyirəm ki, "əgər marağıma səbəb olan mahnılar olsa, yaradıcılığıma yenidən başlayaram".

   - Sənətinizlə ailəniz bir-birinə mane olubmu?

   - Yox, mane olmayıb. Mənim yoldaşım Rafiq Seyidzadə musiqiçidi. O, tanınmış cazmendi. 10 il Azərbaycan Dövlət Filarmoniyasının direktoru olub. Mən orkestrə gələndə, o, artıq orkestrdə çalışırdı. Rafiq məni ilk baxışdan sevdi. Bu sevgi nəticəsində biz evləndik. Mən sevərək ailə qurmuşam. İndi artıq 46 ildir ki, bir yerdəyik. İki övladımız var. Hamı onu tanıdığı üçün məni hər yerə buraxırdı. Biz bütün mahnıları bir yerdə işləmişik. Hər şey qadının özündən asılıdır. O məni qastrol səfərlərinə belə tək buraxırdı. Mən ciddi xasiyyətli insanam.

   - Belə cavan, gözəl qalmağınızın səbəbi nədi?

   - Təbiətin verdiyi gözəllikdi. Mən artıq bir şey etmirəm.

   - Tək qalanda edirsiniz?

   - Dəniz kənarında gəzməyi xoşlayıram. Bütün fikirlərimi bölürəm dənizlə. Ümumiyyətlə, təbiəti sevirəm.

 

   

AYXAN

 

Ekspress.-2013.- 15 noyabr.- S.15.