4G-yə keçid başladı

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar dəfələrlə "3G" xidmətinin göstərilməsi üçün texniki baxımdan tam hazır olduqlarını bildiriblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) lisenziya təqdim edərək ölkədəki bu xidmətin tətbiqini rəsmən təsdiqləyəndən sonra "3G"-dən istifadə edənlər artıb. İndi isə "4G" texnologiyasının tətbiqi gündəmdədir.

   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, mobil operatorlara 3-cü nəsil (3G) mobil rabitə xidmətləri sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya) veriləndən sonra Azərbaycanda "3G" xidmətindən istifadə edənlərin sayı təxminən 2 milyonu ötüb: "Təqdim olunan xidmət səviyyəsinin daha da artırılması, telekommunikasiya bazarının təhlil edilərək vaxtında uyğun tədbirlərin görülməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə həmin xidmətdən istifadə edənlərin sayı daha da artacaq. Yeni texnologiyalar nazirlik tərəfindən daim öyrənilir və tətbiqi üçün lazımi işlər görülür" deyən nazirin sözlərinə görə, "4G" (LTE) xidmətinin tətbiqi ilə bağlı hazırda araşdırmalar və məsləhətləşmələr aparılır. Nəticəyə uyğun xidmətin respublikamızda tətbiqi məsələsi ilə bağlı yaxın vaxtlarda qərar veriləcək.

   Qeyd edək ki, ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radiointernet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının əyani göstəricisidir.

          Azərbaycanda fəaliyyət göstərən hər üç mobil rabitə operatoru 4G xidmətlərinin tətbiq olunması ilə əlaqədar protokol imzalayıb. Protokola əsasən, onlar özləri arasında razılaşdırılmış tezliklər bölgüsü həyata keçirib. Rabitə naziri Əli Abbasov jurnalistlərlə söhbətində bildirib ki, 4G texnologiyaları üçün heç bir lisenziya tələb olunmur: "Burada əsas məsələ onlar arasında tezliklərin düzgün bölüşdürülməsidir ki, bunu da ötən həftə başa çatdırdıq".

   Nazir onu da deyib ki, mobil operatorlara 4 G texnologiyalarını tətbiq etmək üçün 3 ay vaxt verilib: "Bu müddət ərzində onlar öz texnologiyalarını tətbiq etməsələr, tənzimləyici qurum kimi nazirlik tərəfindən müvafiq addımlar atılacaq".

   Mobil operatorlar tərəfindən tariflərin ucuzlaşdırılmasına münasibət bildirən Ə.Abbasovun sözlərinə görə, mobil operatorlar tez-tez kampaniyalar keçirdikləri üçün artıq qiymətin real ucuzlaşması çoxdan baş verib: "Hələlik onlara təzyiq etmək fikrimiz yoxdur, çünki onları qarşıda 4G texnologiyasının tətbiqi və investisiya tələb edən digər böyük layihələr gözləyir. Ona görə də yaxın gələcəkdə tənzimləyici qurum tərəfindən qiymətlərin aşağı salınması üçün təzyiq və yaxud göstərişlər verilməyəcək".

   Abbasov onu da qeyd edib ki, 2011-2012-ci illərlə müqayisədə əhali rəqəmsal texnologiya ilə tam olaraq əhatə olunacaq.

   Onu da qeyd edək ki, 4-cü nəsil (4G) texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır. Yeri gəlmişkən, "Huawei" şirkəti Böyük Britaniyada "EE" rabitə operatorunun dünyanın ən sürətli "4G" (LTE-A) şəbəkəsinin işə salınması üzrə tərəfdaşı rolunda çıxış edib. Hazırda bu xidmət növündən Londonun "Tech City" "Yüksək Texnologiyalar Parkı"nda istifadə etmək mümkündür. 2014-cü ildə xidmətin bütün London ərazisini əhatə etməsi nəzərdə tutulur. Genişzolaqlı mobil rabitənin sürəti 300 Mbit/saniyəyədək təşkil edəcək. Şəbəkənin sürəti və imkanlarını gələcək nəsil simsiz mobil rabitə şəbəkələrinə sürəti ən müasir "LTE" şəbəkələri ilə müqayisədə təxminən iki dəfə artırmağa imkan verən tezlik daşıyıcılarının birləşməsi texnologiyası (Carrier Aggregation, CA) təmin edir, - "Huawei"in məlumatında deyilir. "EE" dekabrda şəbəkənin rəsmi sınaqlarına başlamaqla "Tech City" ərazisində yerləşən ofislərə mobil "Wi-Fi" təqdim edəcək.

 

   Tezlik daşıyıcılarının birləşməsi texnologiyası yüksəksürətli genişzolaqlı xidmətlərin yeni səviyyədə inkişafını təmin edərək operatorlara tezlik resurslarını optimallaşdırmağa və məlumatların bir neçə daşıyıcı tezliyində ötürülməsi ilə sürəti xeyli artırmağa imkan verir. RİTN-nin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə "Computerworld" yazır.

   "LTE (Long Term Evolution) şəbəkəsinin işə salınması mobil şəbəkələrdə məlumatların ötürülməsi xidməti üzrə tariflərin gələcəkdə azaldılmasına kömək edir". Bu barədə 4G şəbəkəsinin təqdimatına həsr edilmiş mətbuat konfransında bildirən "Azercell Telekom" MMC-nin prezidenti Kiril Qaburiçin sözlərinə görə, əvvəllər şirkət 3G şəbəkəsini işə saldıqdan sonra şirkətin şəbəkəsində məlumatların ötürülməsi xidmətinin dəyəri 60 faizdən çox aşağı salınıb ("Trend"). Onun bildirdiyinə görə, şirkətin elan etdiyi LTE üzrə internet şəbəkəsinə məhdudsuz çıxışla 45 manat tarifi bu gün optimaldır. USB-modemlərin qiymətinin (149 manat) baha olmasına baxmayaraq, bu, şirkət üçün gəlir mənbəyi deyil. "Şübhəsiz ki, 4G USB-modemlərinin qiyməti yüksəkdir. Lakin bu prosesi bazar diktə edir, çünki istənilən yenilik öncə yüksək qiymətlə reallaşdırılır, sonra vaxt ötdükcə kütləvi və münasib olur. Oxşar vəziyyət mobil telefon bazarı üçün xarakterikdir. Məsələn, bazara 500 manata çıxarılan telefonun reytinqli modelinin qiyməti üç ay ərzində 100 manat aşağı düşə bilər, sonrakı 6-7 ayda isə onun qiyməti 300 manatdan aşağı olacaq. Eyni prosesin 4G-nin USB-modemləri üçün baş verməsi qaçılmazdır. Bir müddət keçdikdən sonra onların qiyməti 3-4 dəfə azalacaq".

   Ümumilikdə, şirkətin planlarına əsasən, yaxın illərdə LTE şəbəkəsinin əhatə zonasının respublikanın bütün rayonlarında (əsasən rayon mərkəzlərində) genişləndirilməsi planlaşdırılır. Şəbəkənin işə salınması əsasən bu xidmətə tələbat olan, insanların kütləvi toplaşdığı yerlərdə - universitetlər, parklar və s.-də işə salınması nəzərdə tutulur. "Yeni texnologiyanın yaranmasına rəğmən, 3G şəbəkəsinə investisiya qoyulması davam etdiriləcək. Bu istiqamətdə işlər davam etdirilir və hazırda həm paytaxt, həm də rayonların bu şəbəkə ilə əhatə olunması prosesi gedir. 3G şəbəkəsinin inkişafına qoyulan investisiyalarla müqayisədə 4G-nin işə salınmasına yatırılan investisiyalar azdır, çünki onun istifadəçilərinin dairəsi 3G şəbəkəsi istifadəçilərinə nisbətən elə də böyük deyil".

   Onu da qeyd edək ki, "Azercell Telekom" ilin sonuna kimi 4G sistemini tətbiqini nəzərdə tutub. "Azercell"in prezidenti K.Qaburiç "APA-Economics"ə bildirib ki, bu məqsədlə dünyanın bir sıra şirkətləri ilə danışıqlar aparılır. "Biz bu yaxınlarda 4G sistemini dəstəkləyən telefonlarla bağlı Çin şirkəti ilə danışıqlar apardıq. Çünki bu sistemi dəstəkləyən telefonlar təkcə Azərbaycanda deyil, hətta bütün dünyada azdır. Müzakirələr zamanı onların Azərbaycana bu cür telefonlardan mümkün qədər çox göndərməsini istədik. Çünki bu, bizə artıq yaratdığımız şəbəkəni doldurmağa, ondan istifadə etməyə imkan verəcək".

   Kaburiç əlavə edib ki, ilin sonunda "Azercell" şirkətinin 4G şəbəkəsi olacaq: "Bu sistemin tətbiqi xüsusilə jurnalistlərə daha sürətli internet əldə etmək imkanı verəcək".

   Bir müddət öncə 4G-nin Azərbaycanda kommersiya tətbiqinə başlayan və beləliklə, Azərbaycanı MDB məkanında bu texnologiyanın tətbiq olunduğu ilk ölkəyə çevirməklə, həmişə olduğu kimi "Azercell" dünyada mövcud olan ən son yenilikləri və ən mükəmməl texnologiyanı Azərbaycana gətirməkdə birincidir.

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev Azərbaycanda optik kabellərin çəkilişi ilə bağlı yeni investisiya layihəsi üzərində aparıldığını söyləyib: "Bu layihənin ölkədə tətbiqi 3 il nəzərdə tutulur. Evlərə optik kabellərin çəkilişi planlaşdırılır. Bu başa çatdırıldıqdan sonra regionlarda internetin sürəti 10-12 meqabit, Bakıda isə 30 meqabitdən çox olacaq".

   Onun sözlərinə görə, Azərbaycanda son 5 ildə İKT sektoru 6 dəfə inkişaf edib: "Bu sektorda məhsul istehsalı isə 5 dəfə artıb. Beynəlxalq Kommunikasiya Təşkilatının hesabatlarında da Azərbaycanın adı İKT üzrə ən çox inkişaf edən ölkələr arasında göstərilir" deyən İ.Əliyevin bildirdiyinə görə, son illərdə mobil sektorda da inkişaf nəzərə çarpır (SİA). Şöbə müdirinə görə, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür. "4G-nin tətbiqi üzərində işlər sürətlə aparılır. Dövlət orqanlarının elektron xidmətdən istifadəsi artıb. Nazirlər Kabinetinin son məlumatına görə, hazırda 42 dövlət orqanı tərəfindən 420 elektron xidmət göstərilir".

   İ.Əliyev onu da əlavə edib ki, Azərbaycanda İKT sahəsində müəyyən qədər problemlər də mövcuddur: "Bunlar əsasən kənd yerlərində yüksək sürətli internetin çatışmaması ilə bağlıdır. Hazırda regionların 35 faizində yüksək sürətli internet xidməti göstərilir".

   Bu arada Avropa Komissiyası Avropa İttifaqının (Aİ) səması üzərindən uçan təyyarələrdə üçüncüdördüncü nəsil mobil rabitəsindən ("3G" və "4G") istifadəyə icazə verib. RİTN bu məlumatı Avropa Komissiyasının mətbuat xidmətinə istinadən yayıb. "3G" (UMTS) və "4G" (LTE) tezlik spektrlərindən 3 min metr hündürlükdə istifadə etmək olar. Hazırda Aİ üzərindən uçan təyyarələrdə yalnız ikinci nəsil şəbəkəsindən - "2G"-dən (GSM) istifadəyə icazə verilir.

   Bu yenilik aviasərnişinlərə uçuş zamanı smartfon və planşetlər üçün genişzolaqlı internetdən istifadəyə imkan verəcək. Bununla yanaşı, təyyarə göyərtəsində noutbuklardan istifadəyə qoyulan qadağa dəyişməz qalır.

   Təşəbbüsün nə vaxt həyata keçiriləcəyi naməlumdur, çünki Avropa Komissiyasının icazə əsasında Avropa Aviasiya Təhlükəsizlik Agentliyi (EASA) qurğulardan istifadəyə dair qaydaları müəyyən etməlidir.

   Mütəxəssislərin qiymətləndirməsinə əsasən, bu, 2013-cü ilin noyabrın sonunda baş verəcək. Sonradan aviaşirkətlər əlavə avadanlığın quraşdırılması üçün xərclər tələb edəcək yaradılmış imkandan yararlanmaqla bağlı qərar qəbul etməli olacaqlar.

 

   

Rəşid RƏŞAD

 

Ekspress.-2013.- 16-18 noyabr.- S.10.