İKT məkanında
informasiya istehsalı
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi
Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Bu, Konstitusiyamızın 50-ci maddəsinin tələbidir.
Amma gerçəklikdə peşə fəaliyyəti ilə əlaqədar informasiya dalınca daha çox jurnalistlər qaçırlar. Jurnalistlərin dəqiq informasiya üçün müraciət etdikləri ünvan müxtəlif dövlət qurumlarının mətbuat xidmətləridir. Elə onların işi mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onlarla əlaqə yaratmaqdır. Bəzən isə bu ünsiyyət heç cür alınmır, mətbuat xidmətlərinin rəhbərləri ya sorğuya bir-iki müğlə ilə cavab verməklə kifayətlənirlər, ya da ümumiyyətlə, jurnalistlərin telefon zənglərinə cavabsız buraxırlar (hafta-ichi.az). Ekspertlər hesab edirlər ki, mövcud problemi aradan qaldırmaq məqsədilə "İnformasiya əldə etmək haqqında" qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir.
Qeyd edək ki, informasiya qanunvericiliyi, informasiyanın istehsalı, istifadəsi və informasiya-kommunikasiya texenologiyalarının (İKT) tətbiqi sahəsində qanun, normativ aktların və digər hüquqi nizamlama sənədlərinin (aktlarının) məcmusundan ibarətdir. Yeri gəlmişkən, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda da aidiyyəti qurumlara "İnformasiya əldə etmək haqqında" qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsi tapşırılıb. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması isə 2012-2015-ci illəri əhatə etməlidir. Bu qanunvericiliyin təbliğatı istiqamətində konkret hansı addımlar atılmasına gəlincə, deputat, telejurnalist Sahib Alıyevin sözlərinə görə, əgər Avropa təcrübəsinə baxsaq, müvafiq dövlət qurumlarının informasiya ötürməkdə maraqlı olduğunu görərik. Onun fikrincə, Avropada aidiyyəti qurumlar ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsinə xüsusi həvəs göstərirlər: "Bu təcrübənin Azərbaycanda da tətbiq olunması yaxşı nəticələr verə bilər. Düzdür, mən istisna etmirəm ki, bəzi dövlət qurumlarının mətbuata açıq olmamasında təcrübəsiz, qeyri-peşəkar jurnalistlərin rolu var. Amma mən həm də istisna etmirəm ki, bəzi qurumların səriştəsiz, işini bacarmayan mətbuat xidməti mövcud problemin yaranmasına gətirib çıxarır. Yəni, bu məsələyə birmənalı qiymət vermək qeyri-mümkündür. Çünki mövcud şəraitlə bağlı hər iki tərəfin özünə görə əsasları ola bilər".
Hələ sivilizasiyanın ilk dövrlərində informasiyanı düzgün emal etmək və lazımi qərarlar qəbul etmək üçün insandan malik olduğu bilik və təcrübələri ümumiləşdirmək tələb olunurdu. Məhz bu səbəbdən insan övladı müxtəlif qurğular düzəltməyə başladı. Bunun nəticəsidir ki, informasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəlib və onlar cəmiyyətdə ciddi dəyişikliklərə, yəni informasiya inqilablarına gətirib çıxarıb.
Qeyd edək ki, bəşəriyyət, onun inkişafına daha çox təsir edən və informasiya inqilabı adlanan dörd mərhələdən keçib. İlk mərhələdə yazının meydana gəlməsi nəticəsində bilikləri saxlayaraq, gələcək nəsillərə ötürmək imkanı yaranıb. İkinci mərhələ - XVI əsrin ortalarında kitab çapının ixtirası ilə bağlıdır. Bu inqilab nəticəsində informasiyanın saxlanılmasının tamamilə yeni bir üsulu yarandı. Üçüncü mərhələ - XIX əsrin sonu- elektrik cərəyanının kəşfi ilə bağlıdır. Teleqraf, telefon və radio yarandı. Onlar informasiyanı ixtiyari həcmdə və yüksək sürətlə ötürməyə və qəbul edib saxlamağa imkan verdi. İnformasiya-kommunikasiya vasitələri yarandı. XX əsrdə sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçmək üçün informasiya böhranı şəraiti əmələ gəldi ki, bu da insanın üzərinə sel kimi gələn böyük həcmdə informasiya axınında istiqamət götürməyi qeyri-mümkün etdi. Çox sayda lazımsız informasiya yarandı. İnformasiya cəmiyyətinə keçid isə müxtəlif sahələrdə informasiyanın ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə edilməsi ilə başlandı. Bu proses informasiyalaşdırma adlanır.
Qeyd edək ki, cəmiyyətin informasiyalaşdırma prosesi sənaye cəmiyyətinin informasiya cəmiyətinə keçməsini təmin edir. Hətta cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq imkanı verir. Əslində son dövrlərə kimi "informasiyalaşdırma" sözü əvəzinə "kompüterləşdirmə" sözündən istifadə olunurdu. Ancaq unutmayaq ki, "kompüterləşdirmə" sözünün mənası kompüter texnikasının inkişafı və tətbiqi deməkdir və cəmiyyətin informasiyalaşdırılması isə kompüterləşdirməyə nisbətən daha geniş anlayışdır.
Hazırda texniki vasitələr deyil, sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəmli hesab olunur. Xatırladaq ki, kompüterləşdirmə informasiyalaşdırma prosesinin bir hissəsidir, onun texniki bazasıdır.
Yeri gəlmişkən, ATƏT-in Bakı ofisinin və Mətbuat Şurasının "Məlumatın əldə olunmasının təşviqində hökumət sözçüləri və jurnalistlər arasında səmərəli əməkdaşlığın rolu" mövzusunda təşkil etdiyi treninqdə də məqsəd hökumət qurumlarında informasiyanın alınması və onun ictimaiyyətə çatdırılmasına yardım etmək olub. MŞ sədri Əflatun Amaşov bildirib ki, vaxtilə hökumətdən informasiyanın alınması ilə bağlı ciddi problemlər var idisə, indi vəziyyətdən müəyyən qədər dəyişib. Lakin bunlara baxmayaraq, istər-istəməz dünya təcrübəsini mənimsəməyə, daha da təkmilləşməyə ehtiyac var.
"Diffamasiya haqqında" qanunun qəbulunu Azərbaycan üçün kifayət qədər vacib məsələ sayan Amaşovun sözlərinə görə, bu sənəd təkcə jurnalistika və cəmiyyət üçün deyil, eyni zamanda, ölkənin beynəlxalq imici baxımından da önəmlidir. Onun dediyinə görə, bu qanunun qəbulundan sonra artıq jurnalistlər peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməyəcəklər: "Söhbət ondan gedir ki, "Diffamasiya haqqında" qanun layihəsində Cinayət Məcəlləsinin 147,148-ci maddələri və jurnalistin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı digər maddələr çıxarılacaq. Onlar tamamilə mülki müstəvidə çözüləcək. Ola bilər ki, jurnalistlərə qarşı cərimələr yüksəldilsin".
Azərbaycanda bu sahədə böyük işlər görülsə də, müəyyən problemlərin hələ də qaldığını deyən ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Turqaya görə, ölkəmizdə informasiya sahəsində qanunvericilik yerindədir, lakin onların tətbiqində əskikliklər var. Hökumət qurumları birtərəfli çalışır. Ona görə də dövlət qurumları ilə xalq arasında əlaqələri artırmaq lazımdır. Bu sahədə keyfiyyətin yüksəldilməsi üçün əməkdaşlığın olması vacibdir. Burada medianın rolundan da istifadə edilməlidir.
Dövlət orqanları ilə media arasında münasibətlərin demokratik inkişaf, ifadə azadlığı, informasiya cəmiyyəti prinsiplərinə uyğun formalaşdırılması və cəmiyyətin inkişafına uyğun təkmilləşdirilməsi daim qarşıda duran vəzifələrdən biridir. Azərbaycan cəmiyyətində şəffaflığın, cəmiyyətin məlumatlandırılması istiqamətində ifadə, media azadlığının təmin edilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Belə ki, şəffaflığın təmin edilməsi məqsədilə kifayət qədər sivil qanunvericilik bazası formalaşdırılıb. Cəmiyyətdə şəffaflığın təmin edilməsi üçün praktiki addımların atılması sahəsində yetərincə iş görülüb. Ümumiyyətlə, bu gün Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində iş gedir. Təbii ki, informasiya cəmiyyəti dövründə bu prosesi sürətləndirən əsas amillərdən biri də qlobal şəbəkənin, internetin daha da sürətlənməsidir. Hansı ki, bu məsələdə dövlət orqanları operativ olmalı, işini müasir dövrün tələblərinə uyğun qurmalı, eyni zamanda, cəmiyyətin informasiya təhlükəsizliyi məsələsi barəsində düşünməlidir. Dövlət orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi dövrün tələbidir.
Yeri gəlmişkən, bu ay Masallıda "Sosial şəbəkələrdən səmərəli istifadə və internet sahibkarlığına dəstək" layihəsi çərçivəsində təlim məşğələsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclərin informasiya-kommunikasiya texnologiyalarından istifadəsini genişləndirmək və peşəkarlığını artırmaq, bu sahədə sahibkarlığın inkişafına dəstək olmaqdır. Layihənin rəhbəri Şahin Rəhmanlının sözlərinə görə, müasir sosial şəbəkə dedikdə çoxları elə başa düşür ki, söhbət yalnız Facebook və Twitterdən gedir. "Əslində isə belə deyil. Bütün bloqlar, forumlar, chat saytları və digər bu kimi internet resursları da sosial şəbəkə sayılır".
Layihənin təlimçisi Kamran Babayevin fikrincə, müasir informasiya məkanında cəmiyyət üzvlərinin əksəriyyəti informasiyanın istehsalı, saxlanılması, emalı və istifadəsi ilə məşğul olur. İnformasiya cəmiyyətində kompüterlərdən istifadə olunması labüddür. Bu, etibarlı informasiya mənbələrindən istifadə etməyə imkan verir, optimal qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır.
Rəşid
RƏŞAD
Ekspress.-2013.- 22 noyabr.- S.9.