"Elektron hökumət"
əcnəbilərə də xidmət göstərəcək
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
Artıq "Elektron hökumət"
portalı Azərbaycan vətəndaşları ilə bərabər
xarici ölkə vətəndaşlarına da elektron xidmətlərin
göstərilməsinə şərait yaradır. Belə ki,
"Elektron hökumət" portalına (www.e-gov.az)
"Qeyri-rezident" adlı yeni bir bölmə əlavə
edilib. "Qeyri-rezident" bölməsində ilk olaraq
üç dövlət qurumu - Xarici İşlər Nazirliyi,
Diasporla İş Üzrə Dövlət Komitəsi, həmçinin
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi öz elektron xidmətlərini yerləşdiriblər.
"Elektron hökumət" portalının məlumatına
görə, Xarici İşlər Nazirliyinin təqdim etdiyi
elektron xidmət KİV nümayəndələri
üçün nəzərdə tutulub. Nazirliyin təqdim
etdiyi elektron xidmət "Xarici müxbirlərin
akkreditasiyası üçün müraciətin və sənədlərin
qəbulu" adlanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət istənilən
ölkənin vətəndaşı üçün daim
aktual bir məsələ ilə bağlıdır və bu
"Ölkələrarası övladlığa
götürmə üçün müraciətin və sənədlərin
qəbulu" adlanır.
Diasporla İş Üzrə Dövlət Komitəsinin
təqdim etdiyi elektron xidmət isə xarici ölkələrdə
yaşayan azərbaycanlılar üçün nəzərdə
tutulub və bu xidmət "Xaricdə yaşayan azərbaycanlıların
elektron müraciəti" adlanır. Bu xidmət vasitəsilə
Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz
onları maraqlandıran istənilən məsələni
elektron müraciət formasında Diasporla İş Üzrə
Dövlət Komitəsinə yaza bilərlər.
Məlumat üçün bildirək ki, "Elektron
hökumət" portalında xidmətlər 2 bölməyə
ayrılmışdı. Portal vasitəsilə dövlət
qurumları vətəndaşlara və sahibkarlara ayrı xidmətlər
təklif edirdi. Xarici vətəndaşlara xidmət göstərilməklə
bölmələrin sayı 3-ə yüksəlib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq
olunan elektron xidmərlərin sayı 426 olmalıdır. Bu qədər
xidməti 45 dövlət təşkilatı göstərməlidir.
Təsdiq olunan e-xidmətlərdən portalda olanların say
artıq 226-dır. Portalda yerləşdirilən e-xidmətlərin
ümumi sayı isə 272-dir. Qurumların öz saytlarında
yerləşdirilən e-xidmətlərin ümumi sayı 433,
təsdiq olunan e-xidmətlərdən qurumların öz saytlarında
olanların sayı isə 407-dir.
Portalın məlumatına əsasən, vətəndaşlar
üçün 40 dövlət qurumu xidmət göstərməlidir.
Sahibkarlara isə 21 dövlət təşkilatı elektron
xidmət təklif etməlidir.
Bu gün "Elektron hökumət" layihəsi rəsmi
saytı ( www.e-gov.az) vasitəsilə bütün dövlət
qurumlarında olan elektron xidmətləri bir yerə
toplayır və vətəndaşların elektron xidmətlərdən
daha asan şəkildə istifadəsini təmin edir.
"Elektron hökumət" portalına
daxilolmaların statistik uçotunun aparıldığı
tarixdən, yəni 2012-ci ilin dekabrından 2013-cü ilin
oktyabr ayının 31-nə qədər olan dövrdə
portala ümumilikdə 392 845 daxilolma qeydə alınıb.
Portala müraciət xidmətə müraciət edənlərin
ümumi sayı isə 229 398 nəfər olub. Belə ki, 229
398 nəfər ümumən 392 845 dəfə portala baxıb
və 579 643 elektron xidmətə müraciət ediblər. Həmin
şəxslər 1 367 846 müxtəlif müraciət səhifələrə
keçid ediblər və portala sərf etdikləri vaxt
ortalama 4 dəqiqə 44 saniyə olub.
Ümumilikdə bu gün vətəndaşlarımızın
portala marağının artması müşahidə olunmaqla
yanaşı, təkrarən portala müraciət edənlərin
də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində
portala müraciət edənlərin 58,6% yeni istifadəçilər
41,4% isə təkrar müraciət edənlər təşkil
edib.
Müqayisə üçün oktyabr ayının
statistikasına nəzər salsaq, bu dövrdə portala 33 658
daxilolma qeydə alınıb. Portala müraciət edənlərin
ümumi sayı isə 21,7 min nəfər olub. Həmin şəxslər
115 420 müxtəlif səhifələrə keçid ediblər,
78 390 xidmətə edib və portala sərf etdikləri vaxt
ortalama 5 dəqiqə 3 saniyə təşkil edib. Oktyabr
ayı ərzində portala müraciət edənlərin 51%
yeni istifadəçilər , 49% isə təkrar edənlər
təşkil edib.
Portala daxil olmaq üçün sadələşdirilmiş
kod parol alan istifadəçilərin sayı bu gün 21 500-ə
çatıb. Azərbaycan yaşayan və şəxsiyyət
vəsiqəsinə sahib olan istənilən vətəndaş
kod-parol əldə edə bilər.
Portalın "Facebook" sosial şəbəkəsində
istifadəçilərinin, sayı isə 92 000 nəfər təşkil
edir. Portal üzərindən təqdim edilən xidmətlərin
sayı 272 ədəd olub.
Portal üzərindən təqdim edilən xidmətlərin
sayı artsa da bəzi ləngimələr də var. Bu məsələlərə
xüsusi diqqət yetirilməsi vacibdir.
Aktuallığını saxlayan belə məsələlərdən
biri elektron xidmətlərin təsdiq olunmuş siyahısı
ilə bağlıdır. Nazirlər Kabinetinin müvafiq qərarı
ilə təsdiq edilən elektron xidmətdən portala indiyədək
yalnız 272-i yerləşdirilib. Halbuki təsdiq olunan elektron
xidmətlərdən qurumların öz saytlarında
olanların sayı isə 407-dir. Elektron xidmətlərdən
bu qurumların öz saytlarında yerləşdirilənləri
olsa belə, həmin elektron xidmətlərin "Elektron
hökumət" portalına inteqrasiya etməsində hələ
də ləngimə müşahidə edilir.
Burada bir məqamı qeyd edək ki, "Elektron hökumət"
layihəsi özündə bir neçə məqamı
ehtiva edir. Belə ki, layihə vasitəsilə Azərbaycan
dünyanın ən qabaqcıl ölkələri ilə bir
sırada özünə yer tutur, yəni bütün
hökumət elektronlaşır, ölkəyə biznes
potensialı olan əcnəbi axını üçün
münasib şərait yaradır. Ən əsas məsələ
isə korrupsiya bəlasından "Elektron hökumət"in
icrası ilə qurtulmağımız mümkün olacaq
"Elektron hökumət" layihəsi vətəndaşla
dövlət məmuru arasında tam şəffaf bir pəncərədir.
"Elektron hökumət"in köməkliyi ilə
ölkəmizdə yaşayan bütün fiziki və
hüquqi şəxslər məmur aparatlarında aylarla və
illərlə süründürməçiliklə
qarşılaşmayacaq, çirkli vasitələrə əl
atmağa məcbur olmayacaqlar.
Belə önəmli yeniliyin bütün dövlət təşkilatları
vasitəsilə genişləndirilməsi vacibdir. Bu məqsədlə
"Azərbaycanda "Elektron hökumət"
üçün təlim mərkəzinin
yaradılması" layihəsi hazırlanaraq həyata
keçiriləcək. Layihənin hazırlanması
üçün üzrə işlər davam edir.
Layihənin icrası məqsədilə hazırda Gəncə,
Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran,
Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay,
Şirvan, Şamaxı, Quba, Şəkidəki 14 telekommunikasiya
qovşağının inzibati binasında mərkəz
üçün ayrılan otaqlar təmir edilərək
istifadəyə hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, " Azərbaycanda "Elektron hökumət"
üçün təlim mərkəzinin
yaradılması" layihəsi üzrə "Koreya
Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi arasında Qrant
razılaşması" Nazirlər Kabinetinin sərəncamına
əsasən, 15.05.2013-cü il tarixindən qüvvəyə
minib. Layihə çərçivəsində Bakı şəhərində
və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir,
Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ,
Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil
olmaqla on beş bölgədə təlim mərkəzlərinin
yaradılması, mərkəzlərdə Koreya mütəxəssisləri
tərəfindən xüsusi təhsil informasiya sistemi
quraşdırılması və zəruri avadanlıqlarla təmin
olunması nəzərdə tutulur. Dövlət
qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim
kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin
distant təhsil xidmətlərindən yararlanacaqlar. Layihə
çərçivəsində təlim mərkəzinin fəaliyyətinin
təşkili, elektron təlim materiallarının
hazırlanması üzrə təcrübə əldə etmək
üçün yerli mütəxəssislər Koreyada təlim
kursları keçəcəklər.
Azərbaycanda "Elektron hökumət"
üçün təlim mərkəzinin yaradılması
dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində
yeni praktik bilik və bacarıqların əldə edilməsinə
imkan yaradacaq. Mərkəz dövlət idarəçiliyində
və respublikanın ictimai həyatının digər sahələrində
e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin
inkişafına, elektron biliklərin ümumi səviyyəsinin
yüksəldilməsinə, elektron xidmətlərin
artmasına xidmət edəcək.
"Elektron hökumət" portalının xidmətlərindən
istifadə sayının və xidmətlərə
mürağın kütləviləşməsini nəzərə
alaraq portala giriş üçün artıq beşinci vasitə
isitifadəçilərin ixtiyarına verilib. Bu "Asan imza
ilə daxilolma" adlanır. Portalın rəsmi məlumatına
görə, istifadəçi Vergilər Nazirliyinin sertifikat
xidmətləri mərkəzi tərəfindən verilən
asan imza ilə daxil olmaq üçün, portala giriş
bölməsində, "asan imza ilə daxilolma" menyusuna
daxil olmalı və mütləq təqdim olunan hər
üç bəndi doldurmalıdır: istifadəçinin
mobil nömrəsini, istifadəçi ID-ni və şəkildə
göstərilən təhlükəsizlik kodunu. Daha sonra
aşağıda asan imza ilə giriş düyməsini
basmalıdır. Bu zaman onun telefonuna pin kod göndərilir və
əgər pin kod doğrudursa, istifadəçi telefonunda
"ok" düyməsini basır və onun şəxsiyyəti
autentifikasiya olunur. Əgər istifadəçinin kimliyi
doğrudursa, o, portala daxil olaraq, istədiyi elektron xidmətdən
yararlana bilir.
Vergilər Nazirliyinin sertifikat mərkəzi 2013-cü
ilin may ayında akkreditə olumuş və milli sertifikat xidmətləri
mərkəzləri sisteminə daxil edilib. Hal-hazırda Vergilər
Nazirliyi sertifikat xidmətləri mərkəzi tərəfindən
10 mindən artıq vergi ödəyicisinə Asan imza sertifikatları
verilib.
Bundan başqa Vergilər Nazirliyinin informasiya sistemləri
ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
informasiya sistemləri arasında qarşılıqlı
elektron informasiya mübadiləsini təmin edəcək
müqavilə imzalanıb. Məqsəd 2 nazirliyin informasiya
sistemləri arasında Elektron Hökumət Portalı vasitəsilə
informasiya mübadiləsinin təşkil edilməsidir.
Həmçinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli
qərarı ilə təsdiq edilən "Elektron xidmət
növlərinin Siyahısı"nda müəyyən edilən
Vergilər Nazirliyinin elektron xidmətlərin "Elektron
hökumət" portalına inteqrasiyası üçün
intensiv işlər aparılır və xidmətlərin
portala tam inteqrasiya qrafiki hazırlanır. İlin sonuna kimi
Vergilər Nazirliyi tərəfindən təqdim olunan
bütün elektron xidmətlərin portala
inteqrasiyasının başa çatdırılması
planlaşdırılır.
Qeyd edək ki, əvvəl"Elektron hökumət"in
rəsmi saytında istifadəçilər portala 4 yolla daxil
ola bilirdilər. Bunlar RİTN tərəfindən verilən
elektron imza kartı ilə, elektron hökumət sistemi tərəfindən
vətəşdaşa verilən istifadəçi adı və
şifrə ilə, smartfon və planşetlər
üçün mobil autentifikasiya sertifikatı ilə və
smartfon ilə daxil olmaqdır.
Vasif CƏFƏROV
Ekspress.-2013.- 23-25 noyabr.- S.10.