"Heç kəs gəlmir..."
Məşhur aktyor-rejissor
ağır günlərini
yaşayır
Arif Qasımov: "Xəstələnməyimin
səbəbi hər şeyi içimdə çəkməyimdir"
Bəlkə də, xalq artistlərimizin bir çoxu onun çəkildiyi qədər filmə çəkilməyib. Ola bilsin ki, bu, subyektiv, amma yetərincə həqiqət payı olan fikirdir. Yəqin çoxlarınız şəkli görən kimi "aa, balacaboy kişi" deyə reaksiya da verdiniz...
Modern.az
saytının xəbərinə görə, 38 filmə
çəkilmiş bu bəstəboy kişi - aktyor-rejissor Arif Qasımov həyatının ən
ağır dönəmlərini yaşayır. Saytın əməkdaşının
Arif Qasımovdan aldığı
müsahibəni təqdim edirik.
... Həyat yoldaşı Sevil xanıma zəng vururam. "Azdrama"nın qarşısında görüşüb evlərinə gedirik. İçəri girən kimi ayağa qalxır, görüşürük. Söhbətə başlamazdan əvvəl mənzilə göz gəzdirirəm. İki darısqal otaqdan və bir dəhlizdən ibarətdir. Amma buna rəğmən bədbin görünmür. Taqətdən düşdüyü açıq-aşkar hiss olunur. Çünki ayaq üstə çox çətinliklə bir neçə saniyə dayana bilir. Bu məqamda sual vermək də çətindir. Həm də nitqi qismən itib deyə bəzi cavabları Sevil xanımdan almağa məcburam.
- 1950-ci ildə Bakıda anadan olmuşam. İndiyə kimi 38 filmə
çəkilmişəm. Özümün də çəkdiyim "Dağlı
çörəyi" adlı
film və silsilə verilişlər var. 1968-ci ildə
orta məktəbi bitirəndən sonra 3 il institutdan
kəsilmişəm. Sonra Mədəni
Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna
daxil olmuşam. Fəxrəddin Manafovla bir yerdə oxumuşuq. İnstitutu bitirib Moskvada Ali Rejissorluq Kursuna daxil olmuşam...
Arif müəllim deyir ki, çəkildiyi 38 film arasında 2000-ci ildə ekranlaşdırılan "Ayna"nı daha çox bəyənir. Fəxri adlarla maraqlanmır. Xanımı isə deyir ki, onları daha çox Arif müəllimin sağlamlığı düşündürür:
- Təki
Arifin canı sağ olsun. Onun bacısı
oğlanları olmasa,
bizə yaşamaq çətin olar. Çünki daim dəstəklərini
əsirgəmirlər. Görünür, o da yaxşı
dayı olub. Sizə bir əhvalat danışım. 90-cı
illərin əvvəli
idi, axşam 8-dən sonra heç yerə çıxmaq olmurdu. Bacısı zəng elədi
ki, oğlu xəstələnib. Uşaq deyir
ki, Arif dayı, məni masaj eləsə sağalaram. O gecə
12-də piyada durub getdi bacısıgilə. İki-üç ay əvvəl öd
kisəmdən əməliyyat
olundum, xərcini onlar çəkdilər.
Arifi bütün rejissorlar
tanıyırlar. Ona nə
verirlərsə, qane olur. Deyir ki, bazardayam
bəyəm alver edim? Arifin ən yüksək
qonorarı "Yoxlama"
filmində olub. Orda baş rollardan birinə çəkilirdi.
Hətta
gecələr də çəkilişlər olurdu.
Cəmi
300 dollar qonorar aldı.
Ən böyük qonorarı o olub.
- Arif müəllim, niyə gec ailə qurmusunuz?
- Evlənəndə
mənim 42, xanımın
40 yaşı var idi. O vaxta kimi
heç birimiz ailə qurmamışdıq.
- Sevil xanım, Arif müəllim maraqlı, tanınan insandır. Amma boy fərqiniz var. Ailə quranda bu məqam
sizi narahat etmirdi ki?
- Bizi Məhərrəm Bədirzadənin
qardaşı arvadı
tanış edib. Əvvəlcə mənə deyəndə,
etiraz elədim. Bizi xəbərimiz olmadan tanış
elədilər. Bəlkə də
20 yaşım olsaydı,
razılaşmazdım. Heç 20 yaşlı gəncə özündən balacaboy insanı təklif etmək də olmaz. Ancaq fikirləşdim ki, əsas xasiyyətimiz
tutsun. Ailə qurmazdan öncə
də mənə boy-buxun, maddiyyat maraqlı deyildi.
- Arif müəllim nə əcəb 42 yaşa qədər evlənməmişdiniz?
- Başım kinoya, televiziyaya qarışıq idi.
Sevil xanım: - O, çox ciddi və utancaq
insandır. Bizi tanış edəndə də özü bilmirdi. Biz getdik teatra
və orda tanışlıq yarandı.
Çünki boy kompleksi var.
- Boyunuz nə qədərdir?
- 150 santimetr mənim, 160 Sevil xanımın boyudur. O, məndən 10 santimetr hündürdür.
- Arif müəllim, sənətdə
dostlarınız kimlərdir?
- Yaşar
Nuri ən yaxın dostum olub. Məni televiziyaya o aparıb.
Həmidə Ömərova ilə
də yaxın dostuq.
- Son dəfə
hansı sənət yoldaşınız zəng
vurub, baş çəkib?
- Heç kəs gəlmir. Amma bu yaxınlarda Həmidə xanım bizə gəlmişdi.
Bayaqdan söhbətimizi diqqətlə
dinləyən qızına,
Nigara sual verirəm: "Atanı çox istəyirsən, ananı?" Düşünmədən atasını daha
çox istədiyini deyir.
Sevil xanım: - Mənə həmişə deyirlər
ki, o, atasını çox istəyir, qısqanmırsan? Deyirəm ki,
atasını çox
istəyir də, başqasını istəmir
ki. Çünki 2-3 yaşından onunla Arif məşğul
olub, tamaşalara, konsertlərə, sərgilərə
aparıb. Mən
evdə qalıb iş görürdüm, onlar evdə tamaşalar qururdular. Harasa gedirdilər. Atası
insult olandan sonra Nigar dərslərindən
geri qaldı, məcbur olub doqquzuncu sinifdən çıxdı.
- Arif müəllim, neçə
uşaq olmusunuz?
- İki
qardaş, bir bacı idik, tək mən qalmışam. Mənim xəstələnməyimin
səbəbi də hər şeyi içimdə çəkməyimdir.
Adımı Sidqi Ruhulla kimi böyük sənətkar qoyub. Atam başqa ad qoymaq istəyirmiş, o da qonşumuz idi. Deyib ki, uşağın adını Arif qoy. Atam tibb polkovniki
olub. Uşaq vaxtı kloun
olmaq istəyirdim.
Sirkin direktoruna tapşırmışdı
ki, məni götürməsinlər, Götürmədilər
də.
- Gənclik illərində öz sevdiyiniz olub?
- Yox (gülür).
Sevil xanım:- (zarafatyana)
Arif, nə varsa, aç tök qorxma.
- Yox olmayıb, baş qarışıq idi də.
- Deyəsən,
nəsə olub axı. Sevil xanımı da
sevməmisiniz?
- Sevmişəm.
- Son üç
ildə heç bir filmə çəkilməmisiniz?
-Xeyir.
- İçinizdə
peşmançılıq var?
- Yox. Nə etmişəmsə, sənət
üçündür.
- Yeni seriallardan təklif olub sizə?
- İki il əvvəl
İTV-dən dəvət
etmişdilər, amma sağlamlığım imkan
vermədi.
- Yerli seriallara baxırsınız?
- Belə də.. Bu, onlar üçün işdir də.
- Sizcə, nə çatmır?
- Peşəkarlıq,
aktyor oyunu çatmır.
- Siqaret çəkirsiniz?
- Gündə qutuyarım çəkirdim.
6-7 ildir çəkmirəm.
- Korifey sənətkarlardan kimləri
görmüsünüz, işləmisiniz?
- Ağasadıq
Gəraybəyli ilə
Cahangir Mehdiyevin "Diplom işi" filmində çəkilmişəm.
- Hansı rejissorla işləmək
sizə rahatdır?
- Ramiz
Həsənoğlu ilə.
- Özünüz
sərbəst harasa çıxa bilirsiniz?
- Yox, uzaqbaşı qapının
ağzına çıxıram.
Qızım bütün günü
yanımdadır. Son günlər
vəziyyətim bir az da ağırlaşıb. İldə iki
dəfə müalicə
olunuram. O gün
250 manatlıq dərman
yazıblar, hələ
yarısını almamışıq.
Hazırda yoldaşımın 250 manat məvacibi və pensiyası ilə dolanırıq.
- Nə vaxtsa teatrda işləmisiniz?
- Üç il Gənc
Tamaşaçılar Teatrında
işıqçı olmuşam.
Yusif Vəliyev, Süleyman Ələsgərov,
Hüseynağa Sadıqov,
Firəngiz Şərifova
teatrda işləyirdilər
o vaxt.
- Pərəstiş
etdiyiniz kimsə var?
- Fazil
Salayev və Çarli Çaplin.
Hər ikisi komediyanı təbii oynayıblar...
Söhbətimiz
sona yaxınlaşdıqca,
Arif müəllimin durumunun nə qədər kritik olduğunu daha çox hiss etməyə başlayıram. Sanki danışmaq da onu yorur. Sevil xanım isə deyir ki, nə fəxri
ad, nə başqa bir şey istəyirlər:
- Bu yay bir neçə yerə gedə bilərdik. Amma bütün yayı 33 kvadratmetrlik evdən bayıra çıxmadı. Çünki harasa getsə, taksi tutmalıyıq, ona da imkanımız yoxdur. Yəqin ki, bu sahəyə rəhbərlik edən insanlar nə vaxtsa, Arifi də yada salıb adını prezident təqaüdçüləri siyahısına salacaqlar. Çünki o gördüyü işlərlə buna layiqdir.
Arif Qasımovun çəkildiyi filmlər
Diplom işi (1979)
Vah!.. (1980)
Böyüyəndə
bilərsən... (1981)
Marş (1982)
Ömrün yolları (1982)
Balıq günü (1983)
Evlənmək istəyirəm
(1983)
Bayramda yağış (1985)
Mastika (1986)
Yenilik (1986)
Bu da bir naxışdır (1987)
Yaramaz (1988)
777 -li iş (1992)
Ac həriflər
(1993)
"Fransız" (1995)
Səhər (veriliş, 1995)
Qarabağ şikəstəsi (1996)
Hər şey
yaxşılığa doğru (1997)
Otel otağı (1998)
Yerlə göy arasında (1999)
Ayna (2000)
Nekroloq (2001)
Hacı
Qara (2002)
Yaşıl eynəkli adam-3 (2002)
Dəvətnamə (2003)
Milli bomba (2004)
Əlvida, cənub şəhəri
(2006)
Kişiləri qoruyun (2006)
Yoxlama (2006)
Dağlı çörəyi
(2007)
Halal pullar (2008)
Qocalar (2008)
Ci-Mi (2008)
Pilləkən
(2008)
İstanbul reysi (2010)
Ekspress.-2013.- 4 oktyabr.- S.15.