Qədim musiqimizin
Məcnunu vəfat etdi
Məcnun Kərimov
dünən torpağa
tapşırıldı
Qədim Musiqi Alətləri Dövlət Ansamblının yaradıcısı və bədii rəhbəri Məcnun Kərimov vəfat edib.
Qohumu Adil Kərimovun APA-ya verdiyi məlumata görə, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən M.Kərimov oktyabrın 2-də saat 19 radələrində 68 yaşında dünyasını dəyişib.
M.Kərimovla vida mərasimi dünən Bakı Musiqi Akademiyasında keçirilib. O, Bibiheybət qəbiristanlığında valideynlərinin yanında dəfn olunub.
Məcnun Təbriz oğlu Kərimov 1945-ci il sentyabrın 1-də Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Şöbəsini bitirib.
1991-ci ildən Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb.
1995-ci ildə "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir.
1996-cı ildə Qədim Musiqi Alətləri Dövlət Ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub.
1998-ci ildən
Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri
Kafedrasının dosenti
idi.
Ekspress.-2013.-4 oktyabr.-S.23.