Şirvanın
Bakıdakı xəzinəsi
Seyid
Yəhya Bakuvi: şahların şeyxi və şeyxlərin
şahı
Böyük sufi alimi Seyid Yəhya Bakuvi gerçəkdən də Şirvanın xəzinələrindən biridir. "Piri-sani" - Xəlvəti təriqəti tarixinin böyük simalarından olan Seyid Yəhya barədə Kulis.az-da araşdırmaçı yazar Seyid Raminin maraqlı məqaləsi dərc olunub. Araşdırmanı təqdim edirik.
Şəms Təbrizinin "Məqalat"ında belə bir hekayət var: Bir gün bir nəfər yuxuda görür ki, xəzinə tapacaq. Və xəzinəni axtarmağa gedir. Amma heç bir xəzinə tapa bilməyib kor-peşman geri qayıdır. Yenə yatıb xəzinə ilə bağlı yuxu görür. Yuxuda ona deyilir ki, xəzinəni tapmaq üçün bütün dünyanı gəzməyə ehtiyac yox idi, o xəzinə sənin evinin qapısı ağzında basdırılıb.
Tələbə olarkən sufiliklə ciddi şəkildə maraqlanırdım. Bildiyim qədərilə, sufiliyin dünyada yayılmasında azərbaycanlı sufilərin danılmaz xidmətləri olmuşdur. Lakin onlar haqqında ölkəmizdə istədiyim qədər məlumat tapa bilmirdim. Öz sufilərimiz haqqında məlumat tapmaq üçün xarici mənbələrə üz tutmalı olurdum. Bir gün əlimə düşən kitab isə mənim bələdçim oldu. Türkiyəli təsəvvüf araşdırmaçısı Mehmet Rıhtımın xeyli zəhmət hesabına ərsəyə gətirdiyi "Seyid Yəhya Bakuvi və Xəlvətilik" kitabı eynən yuxarıdakı əhvalatda deyildiyi kimi, mənə sanki "xəzinə sənin qapının ağzındadı, sən isə dünyanı gəzib xəzinə axtarmaq istəyirsən" dedi. Bəli, bəli, qapının ağzında, yəni Bakının İçəri Şəhərində. Lap dəqiq desək, Şirvanşahlar sarayının həyətində.
Barmağımı dişləyib anladım ki, əslində xəzinəni başqa yerdə axtarmağa lüzum da yox imiş. Seyid Yəhya kimi bir "xəzinəni" tapdığıma görə Mehmet Rıhtıma nə qədər təşəkkür etsəm, azdır.
Mehmet Rıhtımın "Seyid Yəhya Bakuvi və Xəlvətilik" kitabından yola çıxaraq tapdığım xəzinəni sizinlə də bölüşmək istəyirəm. Bu elə bir xəzinədir ki, onu paylaşmaqla azalmaz, əksinə, daha da artıb çoxalar...
Uşaqlıqdan "Üşşaqlığa"
Seyid Yəhyanın doğum tarixi ilə bağlı tarixi mənbələrdə dəqiq məlumat göstərilməmişdir. Amma bir çox araşdırmaçılara görə, onun doğum tarixi XV əsrin sonları təsadüf edir. Uşaqlıq illəri Şamaxıda - ailəsinin yanında keçmişdir. Bir çox mənbələrdə Seyid Yəhyanın ailəsi o zamanın zəngin və nüfuzlu ailələrindən biri kimi qeyd olunur.
Bir çox sufi alimləri kimi, Seyid Yəhya da hələ uşaqlıqda öz yaşıdlarından əxlaq, ədəb, tərbiyə və nəzakətinə görə çox fərqlənmişdir. Hətta onun başına xeyli qəribə hadisələr də gəlmişdir. Rəvayət edilir ki, uşaq ikən onun başına gəlmiş qəribə bir hadisə Hz. Muhəmmədin (s.ə.s.) uşaqlıqda başına gələn hadisəyə bənzərliyi ilə diqqət çəkmişdir.
Bir gün
anası ilə birlikdə şəhər kənarında
gedirdilər. Birdən bir nəfər gəldi. Yəhyanın
əlindən tutdu. Havaya qaldırıb gözdən qeyb
oldular. Vəziyyəti belə görən anası çox
qorxdu və ağlamağa başladı. Çarəsiz
qalıb heç bir yerə gedə bilmədi.
Özünü itirmiş halda nə edəcəyini bilmədi.
Bir müddət sonra gördü ki, oğlu yanında durub.
Oğlunu görüncə sevincək halda oğluna dedi:
"Oğul, haraya getdin" Mən kədərdən öləcəkdim!.."
Yəhya da "o şəxs mənim əlimdən tutar-tutmaz
özümü havada gördüm. Gözlərimi açanda
ümmətin və seyidlərin qabaqcıllarının
çox olduğu yerdə şamdan kimi ətrafına mənəvi
nur saçan şəxsə doğru məni alıb
apardılar. Orada hamısı mənə iltifat göstərdilər
və xeyir-dua verdilər. Onlardan biri ayağa qalxıb nurlar
saçan o şəxsə səslənərək,
"Sultanım, bu uşağı mənə əmanət
edin" - dedi. Məni ona təslim etdilər. O da mənə
tərəf dönərək: "İndi səni gözləyən
ananın yanına get. Mən səni yenə taparam, - dedi, -
Ondan sonra özümü burada gördüm".
Bu kimi bir çox
xüsusiyyətləri ilə fərqlənən Seyid Yəhya
dövrünün tanınmış sufilərindən olan
Pirzadənin diqqətini çəkmişdir. Onun vasitəsilə
Seyid Yəhya dövrünün böyük sufi
şeyxlərindən olan Şeyx Sədrəddinlə
tanış olmuşdur. Bu haqda belə nəql olunur:
Uşaq vaxtı Seyid
Yəhya öz dostları ilə çövkan
oynayırmış. Bu əsnada Pirzadə
öz müridləri ilə yaxınlıqdan
keçirmiş. Bu vaxt dəyənəklə vurulan top
havaya qalxıb gəlib onun qarşısına
düşür. Topun arxasınca qaçan Seyid Yəhya gəlib
Pirzadənin önündə hörmətlə durur, salam verir, amma həya edərək topu
götürmür. Bu hərəkət Pirzadənin
xoşuna gəlir. O, bir müddət Seyid Yəhyanı
seyr edib müridlərə belə deyir: "Allah-Təala bu
uşağa babalarının ədəbini, ərkanını
və gözəl əxlaqını ehsan etmişdir. Dua edək ki, Xəlvəti yolunun feyz və mərifətlərinə
də qovuşsun. Sonra Pirzadə müridləri
ilə birlikdə əl açıb Allaha dua edirlər.
Həmən gecə
yuxusunda Seyid Yəhya öz "babası" olan Hz. Muhəmmədi
(s.ə.s.) görür. Allah Rəsulu Seyid Yəhyaya nəsihətlər
edir, ona Şeyx Sədrəddini göstərib belə deyir:
"Bu, sənin mənəvi atandır. Onun yanına get. Ondakı sirr bizim ruhaniyyətimizin sirrindəndir.
Sənin cəddi-şərifin Əli Murtəzanın
yoludur. Həqiqətdə Sədrəddin
heydəridir." Bu sözlərdən
sonra Hz. Muhəmməd (s.ə.s.) Seyid Yəhyanı Şeyx Sədrəddinə
təslim edir.
Seyid Yəhya yuxudan
oyanıb Pirzadənin yanına gedir. Birlikdə
gəlib Şeyx Sədrəddinin hüzuruna yetişirlər.
Söhbət əsnasında Şeyx Sədrəddin Seyid Yəhyaya
belə deyir: "Mənəvi atandır" deyə göstərdikləri
adama bənzəyirikmi"" Bu sözdən təsirlənən
Seyid Yəhya ağlamağa başlayır və
yaxınlaşıb şeyxin əllərini öpüb ona beyət
edir. Beləliklə, Seyid Yəhya Şeyx Sədrəddinin
himməti ilə Xəlvəti yoluna qədəm qoyur.
Oğluna mürid olan ata
Amma Seyid Yəhyanın
bu hərəkəti atası Seyid Bəhaəddinin ürəyincə
olmur. Atası dəfələrlə
oğlunu təriqət sevdasından çəkindirməyə
çalışsa da, bu heç bir nəticə vermir. Mənbələrdə qeyd edilir ki, Seyid Bəhaəddinin
Şeyx Sədrəddinə münasibəti heç də
birmənalı olmamışdır. Ümumilikdə
o dövrdə xalqın sufilərə olan münasibəti
ürəkaçan səviyyədə deyildi. Atasının Seyid Yəhyaya belə münasibəti
başqa bir məsələdən də qaynaqlanırdı.
Seyid Bəhaəddin Şamaxıda o dövrdə
olduqca mühüm hesab olunan naqibül-əşraf vəzifəsində
çalışırdı. Xalqın ehtiram bəslədiyi
bu vəzifə sahibinin övladının sufilərə
qoşulması onun cəmiyyət içərisindəki
hörmət və etibarının itməsinə səbəb
ola bilərdi.
Seyid Bəhaəddin oğlunun tərkidünyalığa
və sufiliyə meylinin günü-gündən
artdığını hiss edir, bundan bərk narahat olur. Dəfələrlə oğluyla mübahisəyə
girişib Şeyx Sədrəddini tənqid etmiş,
oğlunun onun tabeçiliyindən çıxmasını tələbini
irəli sürmüşdü. Amma hər
dəfə Seyid Yəhyanın tutarlı cavabları
atasını susmağa məcbur etmişdir. Oğlunun inadkarlığından qəzəblənən
və əlacsız qalan ata Şeyx Sədrəddini
öldürmək fikrinə gəlib. Bu
niyyətlə Seyid Bəhaəddin Şeyxlə
görüşə getməyi qərara alır.
Görüşüb xeyli söhbət etdikdən sonra Seyid Bəhaəddinin
onun haqqında qənaətləri kəskin şəkildə
dəyişir, Şeyx Sədrəddinin, həqiqətən,
bir Allah dostu olduğunu bilir və bundan əvvəlki əməllərinə
görə peşmançılıq duyur.
Beləliklə, Seyid
Bəhaəddinin özü də Şeyx Sədrəddinin
himməti ilə sufiliyə, təriqət yoluna qədəm
qoyur. Amma bu yol onun üçün çətin
sınaqla və ağır imtahanla başlayır. Çünki Şeyx onda bir çox mənəvi xəstəlikləri,
əsasən də qürur və mənliyi sağaltmaq istəyirdi.
Buna görə də Şeyx bu kimi mənəvi
xəstəliklərdən sağaltmaq üçün Seyid Bəhaəddini
oğlu Seyid Yəhyaya mürid təyin edir və ona itaət
etməsini tapşırır. Bir il
müddətində oğluna itaət edən atanın mənəvi
xəstəliklərdən qurtulmasını görən
şeyx yenidən Seyid Yəhyanın atasına övlad kimi
itaət etməsini göstəriş verir.
Şahların şeyxi
və şeyxlərin
şahı
Şeyx Sədrəddin
vəfatından əvvəl müridlərini toplayıb
öz yerinə Seyid Yəhyanı təyin etdiyini deyir və
ona itaət etmələrini tapşırır. Şeyx vəfat etdikdən sonra (1455) Pirzadə
Şeyxin səccadəsinə keçir və hamının
ona itaət etməsini tələb edir. Onun bu
addımı atmasında bir neçə səbəb var idi:
Pirzadə Şeyxin kürəkəni idi, bundan başqa o, ən
yaşlı və ilk müridlərdən idi, üstəlik də
Seyid Yəhyanın mürşidi sayılırdı. Bu səbəblərdən Pirzadə müridlərin
böyük dəstəyini alıb şeyxlik səccadəsinə
qalxır. Buna görə də, Seyid Yəhya
köçərək Bakıya gəlir və bu dönəm
onun həyatında yeni səhifə açılır.
Seyid Yəhya
Bakıya gəldiyi zaman I Xəlilullah Şirvan hakimiydi. I Xəlilullah Bakıda Seyid Yəhyanın təriqət
fəaliyyəti və xəlvətiliyin yayılması
üçün əlindən gələn yardımı
etmiş, xanəgahın tikilməsində təşəbbüs
göstərmişdir. Ümumiyyətlə,
bir çox mənbələrdə onun Seyid Yəhyaya
böyük rəğbət və hörməti olduğu və
bu hörmətin qarşılıqlı olduğu qeyd edilir.
Seyid Yəhyanın "Kəşfül-qülub"
əsərini Şirvanşaha ithaf etməsini buna bariz
nümunə kimi göstərə bilərik.
Həmçinin Seyid
Yəhya bir dəfə müridlərinə uzun ömür nəsib
etməsi üçün Allaha dua edərkən "Xəlil
bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır"
demişdir. Şirvanşah I Xəlilullah vəfat
etdikdən doqquz ay sonra Seyid Yəhya da vəfat etmişdir.
Seyid Yəhyanın
Bakıdakı fəaliyyəti 40 illik bir dövrü əhatə
edir. O, bu illər ərzində Şirvanşahlar
sarayının tərkibində fəaliyyət göstərən
xəlvəti təriqətinə məxsus xəlvətxanada
mürşidlik etmiş, orada onlarla mənəvi övlad -
mürid yetişdirmişdir. Bu müridlər xəlvətilik
təriqətini dünyanın dörd bir yanına yaymaq
üçün dünyanı qarış-qarış gəzmişlər.
Onlardan ən məşhuru Ömər
Rövşəni və Yusif Muskuri olmuşdur.
Seyid Yəhyanın mənəvi
övladları ilə yanaşı, doğma övladları
da olmuşdur. Onun xanımı Şeyx Sədrəddinin
qızı olmuş, bu xanımdan onların dəqiq neçə
övladlarının olması mənbələrdə qeyd
edilməmişdir. Amma mənbələrdə onların
üç övladının: Fətullah, Əmir Güllə
və Nəsrullahın adı keçir.
Seyid Yəhya Xəlvəti
təriqəti tarixində böyük nüfuza malik olmuş,
ona yeni nəfəs və hərəkət vermişdir. Bu təriqətin qurucusu Pir Ömər Xəlvətidən
sonra xəlvətiliyin ikinci böyük şeyxi hesab edilərək
ona "Piri-sani" deyilmişdir.
Seyid Yəhyanın
günümüzə gəlib çatan əsas əsərlərinin
sayı 20-dən çoxdur. Bu əsərləri o,
türk, ərəb və fars dillərində
qələmə almışdır. Əsərlərindən
də məlum olur ki, o, hər üç dili mükəmməl
bilmiş, dini və təsəvvüfi bilgilərə dərindən
bələd olmuşdur. Şeirlərini isə
"Seyid" imzasıyla, əsasən, farsca qələmə
almışdır.
Mənbələrdə
qeyd edilir ki, Seyid Yəhya ömrünün sonuna altı ay
qalmış ağzına bir tikə çörək
qoymamışdır. Ömrünün son
günlərini daha çox ibadətlə keçirməyə
sərf etmişdir. Araşdırmaçıların
ehtimallarına görə, Seyid Yəhya miladi 1466-cı, hicri
870-ci ilin Ramazan ayında dünyaya gözlərini əbədi
yummuşdur. Onun cənazəsi sufi ənənəsinə
görə, elə Şirvanşahlar Sarayındakı xəlvətxana
kompleksində torpağa tapşırılmışdır.
Rəvayətə
görə, Seyid Yəhya bir gün yuxuda özünü
göy üzünə çıxıb, ətəyinə
bir qədər buğda yığıb, Şərqə və
Qərbə, Ərəbə və Əcəmə paylayan
gördü. Yuxusunu Şeyx Sədrəddinə
danışıb ondan təbir istədi. O da bu yuxunu belə
təbir etdi: "Xəlifələrin çox olacaq və vəlayət
nurların bol olub, dünyanın hər tərəfinə
yayılacaq..."
Ekspress.-2013.-8 oktyabr.-S.15.