Afaq Bəşirqızı:
"Eynşteynə nifrət edirəm"
Afaq Bəşirqızı sadəcə adının çəkilməsi ilə artıq maraq oyadan, bütün nəsillərin tanıdığı və sevdiyi bir aktrisadır. Kulis.az xalq artisti Afaq Bəşirqızından maraqlı müsahibə götürüb. Müsahibəni təqdim edirik.
- Afaq xanım, Musiqili Teatr nə zaman açılacaq?
- Teatrın rəsmi açılışı martda olacaq. Qala konsert olacaq. Sadıq Şendilin "Yeddi ərli Hörmüz" müzikli təqdim olunacaq. O tamaşada və "Xanuma" tamaşasında oynayacağam. Buna hazırlaşırıq.
- Bəs, yaradıcısı və rəhbəri olduğunuz "Bəşir" teatrı fəaliyyət göstərirmi?
- "Bəşir"
teatrının işləri mənim səhhətimlə əlaqədar
təxirə düşürdü. İndi xarici ölkələrə
dəvətim var. İşə başlayacağıq.
- "Afaq
gülür-güldürür" adlı komik səhnəciklər
toplusu çəkirdiniz. İndi yoxdu. Daha
gülüb-güldürmürsünüz?
- O layihə 8
hissə çəkildi. Reytinqi də yaxşı idi, prokatdan
gəlir də gəlirdi. Sonra Space-in rəhbərliyi ilə
aramızda problem oldu. Mən söz götürən adam
deyiləm. Elə bir söhbət oldu ki, getməli
oldum.
- Axundovun pyesi əsasında
hazırlanan "Kimyagər" tamaşanızda oldum. Tamaşa zamanı yanımda əyləşən,
sizi sevən tamaşaçılar narazı idi. Onlar sanki nə isə başqa bir şey istəyirdi.
Bugünkü tamaşaçını nə qədər
tanıyırsınız? Sizcə, onlar nə
istəyir?
- Çox təəssüf ki,
tamaşaçının zövqü korlanıb. Mən tamaşaçının dalınca gedə
bilmərəm. "Kimyagər" festival
tamaşası idi. Orada Molla İbrahimxəlil
kimyagəri oynayırdım. Sondakı
monoloqu özüm yazmışdım, bunu rejissorla
razılaşdırmışdıq. Sonda deyirdim: "Mən
sizə deyirəm ki, mən bacarmaram, amma siz məni məcbur
edirsiniz. Madam ki, siz istəyirsiniz, eybi
yoxdur, gətirin pullarınızı sizi aldadım". Mənim
oynadığım kimyagərin kişi və
ya qadın olması məlum deyil. Həm də
mən Molla İbrahim Xəlili böyük bir şəxsiyyətə
nifrətimdən yaratmışam. Fikir
vermisinizsə, onun xarici görünüşü Eynşteynə
oxşayır. Mən Eynşteynə nifrət
edirəm.
- Eynşteynin Mola
İbrahimxəlillə nə əlaqəsi? Və niyə onu sevmirsiniz?
- Atomu yaratdığına görə.
O deyir ki, mən atom ixtira edib, vaxtilə mənə
yuxarıdan aşağı baxanların əlinə onun zərrəciklərini
ölüm hökmü kimi verdim. Onlar adi insan ola
bilməz, yəqin ki, bir dövlətin rəhbəri olublar.
İndi də baxırsınız ki, kimyəvi silahdan istifadə
olunur... Deməli, bu adam ona bir az tərs
baxan adamlardan intiqam almaq üçün atomu yaradıb.
- Bəlkə o, vəzifəli,
imtiyazlı adamların təsiri ilə hərəkət etməli
olub?
- Kiminsə intiqamını bəşəriyyətdən
almazlar. Eynşteynin ixtirası bəşəri
bir bəladır.
- Eynşteyn məşhur fizikdir,
Nisbilik nəzəriyyəsinin banisidir. Onun
dünyaya etdiklərinin pis və ya yaxşı olmasından
asılı olmayaraq çox böyük işlərdir.
Afaq xanım, Siz ölkədə ən məşhur,
ən sevilən bir aktrisasınız. Bu məşhurluqdan,
sevgidən dolayı özünüzün cəmiyyətə
hər hansı təsir gücünü, onun məsuliyyətini
hiss edirsiniz?
- O məsuliyyəti həmişə
hiss etmişəm və təsir etməyə həmişə
çalışmışam. Buna görə mənə
"Robertina Sturua" deyirlər. Bilirsiniz,
Robert Sturua (gürcü teatr rejissoru) Şekspirin "On ikinci
gecə" pyesini hazırlayanda finala "İsanın
zühuru" səhnəsini əlavə etmişdi və
gözəl alınmışdı. Mən
də hər tamaşamda bir problemə, məni
düşündürən, narahat edən bir problemə bir
cümlə ilə də olsa, bir baxışla da olsa vurğu
etməyi özümə borc bilirəm. "Şəhərdə
manyak var" tamaşasında məsələn. Və ya "Yeddi məhbusə anası"nda
özümün monoloqumda ifadə etdim.
- Bu gün teatr cəmiyyətə
toxuna bilir?
- Bəlkə hansısa teatrın
elə tamaşaları var ki, o cəmiyyətə toxuna bilir. Mən deyə bilmərəm. Toxunursa
da, azlıq təşkil edir.
- Niyə?
- Cəmiyyətin hansısa
problemini bədii cəhətdən yetişdirə bilən,
onu hazırlamağı bacaran ürəkli adamın, oynayan
aktyor potensialının olmamasından irəli gəlir.
- Jurnalistləri bəzən
şouya qaçmaqda, həssas başlıqlarla oxucu cəlb
etməkdə qınayırlar. Amma çox sevilən
komediya aktyorları da tamaşa zamanı improvizə-replikalar
edir və bunu kütlənin münasibətini nəzərdə
tutub edir.
- Biz o improvizələri məşq
vaxtı edirik. Hətta stolarxası məşqlərdə
bu artıq bəli olur. Bu improvizə
partnyordan, hadisədən, şəraitdən və ya obrazdan
asılıdır. Rejissorla da, partnyorla da
razılaşdırılır. Amma bu
improvizəni də hər aktyor edə bilmir. Bu, bir istedaddır. Biz bunu edirik və
inanırıq ki, şirin alınır. Bir
də var bədahətən improvizə. Bədahətən
improvizə vergi kimi bir şeydi. Aktyor zalda
və ya səhnədə olan bir hadisəyə atmaca ata bilər.
Bu, yerində olmalıdı. Tamaşaçı ilə vəhdətdə,
münasibətdə olmaq çox yaxşı şeydi. Sən tamaşaçını darıxmağa
qoymamalısan. Tamaşaçı özünün də
aktyor tərəfindən sevildiyini hiss edəndə sevinir. Həm
də bu, çox nadir hallarda ola bilər.
Amma siz jurnalistlərdə
vəziyyət başqadır. Qlobal problem
qalır bir tərəfdə, bəlkə də lazım
olmayan, balaca bir şeyi qabardırlar. Bəlkə
onun üstündən keçmək lazımdı? Ona görə ki, o hadisənin tərbiyəvi əhəmiyyətindən
söhbət gedir - bizim sabahımız var,
uşaqlarımız var. Nəhayət, ona görə ki, bizim
xalq kimi savadımızdan, səviyyəmizdən söhbət
gedir.
Bəzi jurnalistlər mənə
elə sual verəndə onlara belə cavab verirəm: "Sən
məni sarı bulvar qəzetində danışan və ya
kiminsə dalınca söylənən görmüsən ki,
bu sualı verirsən?"
- İşinizlə
bağlı sizi qıcıq edən nədir?
- Yox, nə kimsə məni
küçədə "A Söylü"
çağırır, nə "Zəhra xalaqızı nətəəərsən?"
deyir. Həmişə mənə böyük
hörmətlə "Afaq xanım", "Böyük sənətkarımız"
deyib, müraciət edirlər. Bunu
qazandığım üçün özümü sevirəm.
Mən özümü qiymətləndirməyi
bacarıram. Mən özüm öz qiymətimi
bilməsəm, ətrafdakılar mənə necə
yanaşarlar? Mən özümə
hörmət edirəm və ətrafdakılar da mənə o
prizmadan yanaşır. Hər bir insanın
xoşbəxtliyi özünü kənarda görə bilməsidir.
Mən özümü görə bilirəm.
Məncə, ən ağır xəstəlik o
qədər bədbəxtlik gətirmir, nəinki adamın
özünü, öz nöqsanını görə bilməməsi.
Heç hamının yanında da yox,
özlüyündə.
- Sizin bildiyiniz
nöqsanlarınız hansılardır?
- Səbirsizliyimi,
çılğınlığımı özümə
böyük nöqsan bilirəm. Bunlara görə
həyatda çox uduzmuşam. Bir də
bilirsiniz, mən etdikdən sonra heyfslənməyi və ya
heyfslənib boynuma ağlamağı sevmirəm. Mən etdimsə bunu danışmıram. Mən
bununla qürur duyuram ki, uduzdum, zərbə aldım, amma kişi kimi sözümün üstündə
durdum, sonadək getdim. Amma tərəf
müqabilim bunu etmək iqtidarında olmadı. Mən həmişə istəmişəm ki, o
öz heçliyini özü hiss etsin. Bəzən
bunu baxışlarımla etmişəm. Mən
peşman olsam belə heyfslənmirəm, hefslənsəm belə,
bildirmirəm. Yaltaqlığı sevmirəm.
Minnətdarlığı yerində
bacarıram.
- Teatr binaları təmir olunur. Amma aktyorlar əsl diqqətdən - sənətlərinə
layiq olan diqqətin olmamasından danışırlar.
- Mən sənət adamıyam. Moskva ilə işbirliyim olur, xarici ölkələri
də çox gəzirəm, qastrollarda da oluram. Gəzdiyim yerlərin teatr həyatı ilə
maraqlanıram. Brodvey teatrında da
olmuşam. Və məşhur xarici
teatrlardan xəbərim var. Hər yerdə qənimət,
istismar birinci yerdədir. Mənim
üzgörənlikdən, yaltaqlıqdan acığım gəlir.
Gördüyünü deyənəm. Deyə bilməyəndə susuram. Heç bir xarici ölkədə Azərbaycandakı
qədər incəsənət adamlarına qayğı
göstərilmir. Həm də əhalinin
çoxluğu önəmlidir. Lap Rusiyanı
götürək. Azərbaycandan fərqli olaraq gün ərzində
Rusiyaya 2 milyon adam gedib-gəlir.
Əhalinin
çoxluğu zövqlərin rəngarəngliyi deməkdir.
Bu, mədəniyyətə də, iqtisadiyyata da sərfəlidir.
Heç ölkəyə gedib-gələnləri demirəm,
elə daimi sakinlərin zövqü, istiqaməti fərqlidir-
biri operaya baxmaq istəyir, biri Satira teatrına, biri Kalyagin
teatrına getmək istəyir... Yəni, bizdən fərqli
olaraq əhali çoxdur. Bir də, teatr sahəsində Rusiya
və Gürcüstan həmişə udur. Çünki bu
xalqlar teatra daha çox meyllidirlər.
Sizin suala bir cavab
tapmaq çox asandır. Deyərəm ki,
belədir, filandır. Amma axı mən
özüm bu qayğını görürəm - Xalq artistlərinə
hər ay təqaüd var, prezident mükafatı var və s.
Maaşlar cüzidi, bu düzdür. Biz
müharibə aparan ölkəyik və bu qədər
imtiyazlar var. Siz özünüz dediniz ki, teatr binaları təmir
olunur. Təsəvvür edin ki, Musiqili
Komediya Teatrının binası mini "La Skala"dı.
Hər şey çox gözəldir. Təmir, başqa yerlərdə tamaşalar oynamaq
aktyor yaradıcılığına maneə olur. Təmirdən sonra o sürəti yenə
götürməliyik. Bunun
üçün də düzgün repertuar seçimi
olmalıdır.
- Repertuar müəyyənləşibmi,
ondan razısız?
- Çox təəssüf ki, bizdə bu gün rejissor və dramaturq qıtlığı problemimiz var. Var amma azdır. Teatr üçün beşillik repertuar konsepsiyası hazırlanmalıdır. Əslində baş rejissor etməlidir, amma direktor Əliqismət Lalayev bu konsepsiyanı işləyib. İş bir az yüngülləşdi, ona görə ki, teatrın adı dəyişilib Musiqili Teatr oldu. İndi burada opera da, müzikl də oynamaq olar. Klassikadan da, müasirlərdən də nə istəsələr oynamaq olar. Əsas məsələ hər kəsin öz düzgün yerində oturmasındadır. Rejissordan, baş rejissordan aktyorun taleyi asılıdır. Zər zərgər əlinə düşməlidir, vay o gündən ki, nalbənd əlinə düşə.
- İçinizdə böyütdüyünüz, oynamaq istədiyiniz bir obraz varmı?
- Var. bunu ilk dəfə sizin sayta
danışıram. Allah rəhmət eləsin,
Vaqif İbrahimoğlu, mən, yazıçı Afaq Məsud
bir yerdə idik. Afaq xanımla orada Vaqif
İbrahimoğlunun vasitəsilə tanış
oldum. Afaq çox böyük
yazıçıdır, şəxsiyyətdir, onun əsərlərini
oxuyanda özümü yerlə göy arasında hiss edirəm.
Birdən Vaqif İbrahimoğlu ona qayıtdı
ki, Afaq üçün bir şey yaz. O da dedi ki, məmnuniyyətlə.
Söhbət etdik, o soruşdu ki, Afaq xanım nə
istəyirsən? Dedim ki, aktrisanın taleyindən olsun. Bu, həm aktrisadı, həm də xadimdi. Teatrın içində çox qayğıkeş
bir adamdı, hamının dadına yetir. Amma
onu görmürlər, ya görmək istəmirlərmi,
bilinmir. Bir növ Fellininin "Yol"
filmində Mazinanın qəhrəmanı kimi.
Özünü daim yersiz hiss edir. və bu
aktrisa nəyi varsa atıb gedir və vağzalda bomja rast gəlir...
Bu əsər
yazıldı. Bunu Vaqif İbrahimoğlu
hazırlamalı idi. Mənim "Bəşir"
teatrının işləri ilə əlaqədar
qastrollarım başladı. Onda Vaqif İbrahimoğlu
onu götürüb Azdramaya verdi.
Teatrın rəhbərliyi də dedi ki, öz rejissorumuz
olmalıdı - rejissor çağırıldı, o rejissor
da o rolda məni görmədi, başqa aktrisa dəvət
olundu. O tamaşa hazırlandı -"Qatarın altına
atılmış qadın". Əslində əsərin
adı "Yol üstə" idi. Afaq onu
dəyişdi, məzmunda dəyişikliklər etdi və
orada oynanıldı. İndi ən
böyük arzum Musiqili Teatrda dostum Əliqismət Lalayevlə
o əsəri hazırlamaqdır. O əsər mənim
canımla, qanımla yoğrulub.
- Afaq xanım, filmlərə dəvət
alırsınızmı?
- Yox, sonuncu dəfə 4 il əvvəl Eldar Quliyevin "Girov" filmində
epizoda çəkilmişəm. Eldar kimi
rejissorun filmində epizodik oynamaq da baş rol kimidir.
- Bəs seriallara?
- Çox istərdim çəkiləm.
Amma vaxtım da məhduddur. Teatrın
açılışına mənim üçün iki
tamaşa hazırlanacaq, işim çoxdu. Seriallara imkan olanda baxıram. Rövşən
İsaxın ("Pərvanələrin rəqsi" - red)
serialı xoşuma gəldi...
Ekspress.-2013.-18 oktyabr.-S.15.