Mir Cəfər Bağırov və Teymur Quliyev

 

             Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

 Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

   1956-cı il avqustun 28-də keçirilən Azərbaycan KP MK-nın Büro iclası əslində Nazirlər Kabinetinin başçısı Teymur Quliyevin məhkəməsinə çevrilmişdi...

   Dmitri Yakovlev ( Azərbaycan KP MK-nın ikinci katibi): - Yəqin Cəfərovdan intiqam almısınız.

   Teymur Quliyev: - İntiqam almaq mənim təbiətimdə yoxdur. Məhkəmənin hökmü SSRİ Ali Məhkəməsi tərəfindən baxılmış və təsdiq edilmişdir.

   Dmitri Yakovlev: - Hazırda Cəfərov tam bəraət almışdır.

   Teymur Quliyev: - Söhbət o zamandan gedir.

   Xəlil Əfəndiyev: - Məhkəməsini apardığınız bir vətəndaş qanunsuz olaraq həbsdə saxlanılmış və 1953-cü ildə dünyasını dəyişmişdir, mərhumun qızları yuxarı orqanlara şikayət məktubları yazırlar.

   Dmitri Yakovlev: - Siz günahsız insanları məhv etməkdə Bağırov və Beriyanın xəttini yeridirdiniz. Bizimlə mübahisə eləməyə dəyməz. Artıq saat 6-ya yaxınlaşır. Bu günə bəsdir, sabah saat 12 tamamda söhbətimizi davam etdirəcəyik...

   Ertəsi gün - 1956-cı il avqustun 28-də Teymur Quliyevin məsələsinə geniş tərkibdə baxılır. Müzakirədə Azərbaycan KP MK-nın ikinci katibi D.İ.Yakovlev və Azərbaycan KP MK yanında partiya komissiyasının sədri X.S. Əfəndiyev ilə birlikdə Azərbaycan KP MK-nın birinci katibi İ.D. Mustafayev, MK bürosunun və MK-nın üzvləri M.Ə.İbrahimov, T.Ə.Allahverdiyev, A.İ.Quskov, M.Ə.İskəndərov, S.H.Rəhimov, H.Ş.Əfəndiyev, P.A.Aruşanov və İ.K.Abdullayev də çıxış edirlər.

   Mirzə İbrahimov: - Bütün gecəni Quliyev barəsində materiallarla tanış olmuş və fikirlərə dalmışam. Özümə rəva bilmirəm ki, düşündüklərimi sizlərdən gizlədim. Quliyevi də Yaqubov kimi başlıca olaraq nədə təqsirləndiririk? O da Üçlüyün üzvü olmuşdur (Mirteymur Mirələkbər oğlu Yaqubov 1970-ci ildə 66 yaşında vəfat etmişdir. Harada basdırıldığı məlum deyildir-T.Q.) Bəs onda əlləri repressiya qurbanlarının qanına bulaşmış Üçlük üzvlərinin hamısı niyə cəzalandırılmır? Yaqubov da, Quliyev də SSRİ Xalq Daxili İşlər Komissarlığının tapşırıqlarını yerinə yetirirdilər. Mən tam inanıram ki, əgər Quliyev Həmid Sultanovun məhkəməsini apararkən, necə deyərlər, cızıqdan kənara çıxsaydı, elə ertəsi günü Həmid Sultanovun yanında müttəhim kürsüsündə əyləşdirilərdi. Təəssüflər olsun ki, bu, həqiqət idi. İki yol vardı - ya mərd-mərdanə ölümə get, ya da təslim olub həyat sür. Quliyev ikinci yolu seçmişdir. İndi bütün imtiyazlarından məhrum olunmuş, hər şeydən əli üzülmüş xarabazarlığa bənzəyir. Altmış yaşlı bu adamdan axı biz nə istəyirik, doğrayıb ətini şişə çəkəcəyik? Bu kababın qoxusuna ola bilsin, 10-20 nəfər sevinəcəkdir. Lakin yüzminlərlə azərbaycanlı pəncərələrini və qapını kip bağlayacaq, təmiz havanı zəhərləyənlərə lənət yağdıracaqlar. Gəlin respublikamızda belə hallara son qoyaq, insanların asudə yaşamasına çalışaq.

 

   İmam Mustafayev: - Partiya orqanının müzakirəsini məhkəmə iclasına çevirmək olmaz. Quliyev aşağı pillədə işləsəydi, raykom katibi və yaxud şöbə müdiri olsaydı, onu bağışlaya bilərdik. Quliyevi bağışlamaq neçə min insanın ölümünə haqq qazandırmaq deməkdir, partiyamızın belələrinə qarşı prinsipial mövqeyi budur və biz başqa cür düşünməməliyik. Əks halda, bir toyuğa daş atıb öldürənlə neçə min günahsız insanı məhv edən arasında heç bir fərq olmazdı. Sovet məhkəməsi haqlı olaraq Yemelyanovu və Atakişiyevi 25 il müddətinə azadlıqdan məhrum etmişdir.

   MÜƏLLİFDƏN. İmam Mustafayevin adlarını çəkdiklərindən birisi - Atakişiyev Ağasəlim İbrahim oğlu haqqında "Ekspress"in 2012-ci il dekabr -2013-cü il may aylarının şənbə saylarında geniş bəhs etmişik. Bəs Yemelyanov Stepan Fyodoroviç barədə nə bilirik?

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində S.F.Yemelyanovun 1938-ci il may ayının 28-də yazdığı tərcümeyi-halı saxlanılır. Tanış olun:

   "Mən, Yemelyanov Stepan Fyodoroviç 1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşlıyar kəndindlə yoxsul kəndli ailəsində anadan olmuşam. Validleynlərim inqilabdan əvvəl də, sonra da kənd təsərrüfatı ilə məşğul idilər. 1933-cü ildə ahıl yaşlarında vəfat etmişlər.

   1915-ci ildə kənd məktəbini bitirsəm də, vəsait qıtlığındlan təhsilimi davam etdirə bilməmiş, 1919-cu ilədək kənd təsərrüfatı işlərində valideynlərimə kömək etmişəm. 1919-cu ilin sentyabrında Tatarıstan Respublikasının Mamadış şəhərindəki texniki-peşə məktəbinə daxil olmuş və 1923-cü ilədək burada dövlət hesabına təhsil almışam. Həmin il məktəbi mexanik ixtisası üzrə bitirmişəm. 1924-cü ilin may ayınadək kənd təsərrüfatı avadanlığının təmiri emalatxanasında çilingər işləmişəm. 1924-cü ilin may ayından 1925-ci ilin oktyabr ayınadək Novorossiysk şəhərində 22-ci Krasnodar diviziyasının 65-ci atıcı alayında hərbi xidmətdə olmuşam. Ordudan tərxis edildikdən sonra Bakı şəhərinə gəlmiş, burada Oksigen-Karbid zavodunda 1925-ci ilin noyabrından 1928-ci ilin noyabrınadək tokar işləmişəm. 1928-ci ilin noyabrında Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının məhkəmə aparatına işə götürülmüşəm.

   Altıaylıq hüquq kurslarını bitirdikdlən sonra daimi fəaliyyət göstərən Bakı Əmək Məhkəməsinin üzvü seçilmişəm. 1930-cu ilin sentyabrında Bakı Birləşmiş Məhkəməsində xalq hakimi olmuşam. Məhkəmədə işlədiyim müddətdə Azərbaycan Neft İnstitunun qiyabi şöbəsində təhsil almış, 1931-ci ildə institutun əyani şöbəsinə keçirildiyimə və dövlət təqaüdü aldığıma görə vəzifədən azad edilmişəm. 1933-cü ilin mart ayında arvadımın xəstəliyi ilə əlaqədar maddi vəziyyətimin ağırlaşdığına görə yenidən təhsilimi qiyabi davam etdirmiş, gündüzlər isə Bakı Elektrik Dəmir Yolunun avtobus idarəsində texnik işləmişəm. 1934-cü ilin fevral ayında Bakı Şəhər Tramvay İdlarəsinin texniki xidmət şöbəsinin müdiri vəzifəsində çalışmışam. 1935-ci ilin sentyabrında yenidən Azərbaycan Neft İnstitunda təhsilimi davam etdirmiş və 1936-cı ilin iyun ayında diplom işi müdafiə edərək mühəndis -mexanik ixtisasına yiyələnmişəm. Təyinat üzrə Şəhər Tramvay İdarəsinə istehsalat-texnika şöbəsinin rəisi vəzifəsində işləməyə başlamışam. 1938-ci ilin mayında Bakı şəhəri Dzerjinski rayonunun partiya konfransında Azərbaycan K(b)P Dzerjinski rayon partiya komitəsinin birinci katibi seçilmişəm.

   Partiya sıralarına 1927-ci ilin may ayında Bakıda Oksigen-Karbid zavodunda tokar işləyərkən qəbul olunmuşam. Partiyaya zəmanəti mənə zavodun çilingəri Sedov, məsul icraçı Kevxayev və partiya özəyinin katibi Markin vermişlər. Digər partiyalarda, antipartiya qruplarında və müxalifətdə olmamışam. Fevral və oktyabr inqilablarında iştirak etməmişəm. Qohumlarımdan heç kəs ağqvardiya ordusunda xidmət göstərməmişdir. Xaricdə olanım, habelə XDİK orqanları tərəfindən tutulanım yoxdur.

   Arvadım fəhlə ailəsindəndir. Qayınatam ÜİK(b)P üzvü idi. Bakıda vəfat etmişdir. İki qardaşım var. Hər ikisi ÜİK(b)P üzvüdür. Birisi Şaumyan rayon sovetində məsul katib, digəri RKKA sıralarındadır. Anam evdar qadındır.

 

   1922-ci ildən həmkarlar ittifaqları ittifaqının üzvüyəm. Partiya özəyinin büro üzvü, partiya komitəsinin üzvü, təbliğatçı, divar qəzetinin redaktoru olmuşam. Sağlamlığım zəifdir, ağciyər xəstəliyindən və qan azlığından əziyyət çəkirəm. Təsərrüfat-texniki sahədə işləməyi özümə münasib sayıram.

   İmza: Yemelyanov

   28 may 1938-ci il Bakı şəhəri".

   Arxiv materiallarının araşdırılmasından bu qənaətə gəlmək olur ki, "təsərrüfat-texniki sahədə işləməyi özünə münasib sayan" S.F.Yemelyanov Mir Cəfər Bağırovun bilavasitə qayğısı sahəsində yüksəliş yoluna düşmüşdür. Tatarıstanda doğulmuş, Bakıda əmək fəaliyyətinə başlamış, rus, tatar və Azərbaycan dillərini bilən sabiq raykom katibi general-mayor rütbəsində SSRİ parlamentinin üzvü seçilmişdir. 1943-cü ilin fevralında SSRİ Xalq Daxili İşlər komissarı L.P.Beriyanın əmri ilə ona dövlət təhlükəzlik komissarı xüsusi rütbəsi verilmişdi. On il sonra, 1953-cü ildə Beriyadan sonra Bağırova qarşı hücumlar tüğyan edəndə Yemelyanov böhtan kampaniyasına qoşulmamışdı.

 

  əvvəli, ardı var

 

Teyyub Qurban

 

Ekspress.-2013.- 19-21 oktyabr.- S.15.