"Mən
hərbçiyəm..."
Zümrüd Məmmədova:
"Özəl telekanallar
məni bəyənmirlər"
"Yenə sağ olsun, dövlət televiziyası,
çağırırlar, gedib
oxuyuram"
Son zamanlar sənətçilərimizin özəl telekanallardan giley-güzarı artıb. Şikayətlərin böyük hissəsi isə nisbətən yaşlı, necə deyərlər, sənətdə abır-həya gözləməyin tərəfdarı kimi çıxış edən sənətçilərin dilindən eşdilir. Belə sənətçilərdən biri də xalq artisti Zümrüd Məmmədovadır.
Zümrüd
xanım 40 ildən artıqdır, sənətdədir. Həmkarlarının
əksəriyyətindən fərqli olaraq
çox səmimidir. Fikirləşdiyini
deməkdən çəkinmir. Bircə şikayəti var, o da
özəl telekanallardandır. "Məni hamı sənətçi
kimi qəbul edir, amma nədənsə özəl televiziyalardan biri bir dəfə də olsun,
mənə müraciət etməyib. Görünür
məni bəyənmirlər. Nə etmək olar.
Yəqin ki, onların özlərinin
özəl oxuyanları var", - deyir.
Düzünə qalsa, Zümrüd
xanımın onların
dəvətinə ehtiyacı
da yoxdur. Amma tanınmış sənətçini saymaq, heç olmasa, bir verilişə dəvət
etmək bir o qədər
də çətin iş deyil.
Nə isə...
- Mən bütün arzularıma çatmışam.
Əməyimin bəhrəsini görəndə, başa düşürəm ki,
bu sənət mənə hər şey qazandırıb həyatda. Mən çox erkən yaşlarından gəlmişəm
bu sənətə. Lap
3-4 yaşlarından sənətə həvəsim olub. Bu da
valideynlərimin sənətlə
bağlılığından irəli gəlib. Mən deyərdim
ki, sənət Allah vergisidir. Amma belə bir fikir də var, deyirlər uşağın beyni kağız kimi təmizdir.
Böyüdüyü mühitdə nəyi
görürsə, onu da
götürür. Mənim atam-anam müəllim olub.
Atam müəllimliklə yanaşı, həm
tarixçi idi, həm
də gözəl tar çalırdı.
Anam isə müəllimlikdən əlavə
rəssam və dərzi idi. Onların incəsənətə
bağlılığı məni Asəf Zeynallı adına
Musiqi Məktəbinin muğam
şöbəsinə gətirdi. Nəriman Əliyevin sinfini qırmızı diplomla
bitirdim. Sonra İncəsənət
İnstitutunun musiqili komediya aktyorluğu
fakültəsinə daxil oldum.
Eyni zamanda, Müslüm Maqomayev
adına Dövlət Filarmoniyasının solistiydim.
Bir çox ölkələrdə
qastrol səfərlərində olmuşam, Azərbaycan muğamlarını təbliğ
etmişəm. Yaponiya, Norveç,
İsveç, İsveçrə, İtaliya, İspaniya, Hollandiya, Almaniya, Fransa, İzrail, ərəb
ölkələrinin bir çoxunda,
25 Afrika ölkəsində səfərlərdə
olmuşam. Azərbaycanı da qarış-qarış gəzmişəm.
İndi də cəbhə bölgələrinə
əsgərlərimizin yanına tez-tez
gedirəm. Demək olar ki,
bu il hərbi hissələrin
hamısında olmuşam. Bir
gün də olsun,
dincəlməmişəm. Qızım İlahə də tətildədir.
O, Bülbül adına Musiqi
Məktəbinin beşinci sinfində oxuyur, fortepianodan dərs
alır. Nə vaxtdır deyir ki, "mama, gedək bir az dincələk".
O da dincəlməyib, mən də.
- Siz həm də hərbçisiniz...
- Bəli, mən
hərbçiyəm. Müdafiə Nazirliyinin nəfəsli alətlər orkestrinin solistiyəm. Orkestrimizin baş dirijoru
xalq artisti, professor, polkovnik Yusif Axundzadədir. Orkestrin kiçik
heyəti ilə tez-tez cəbhə bölgələrinə qastrol
səfərlərinə gedirik.
- Dediniz ki, İncəsənət
İnstitutunun musiqili komediya aktyorluğu fakültəsini bitirmisiniz.
Nəyə görə ixtisasınız
üzrə çalışmadınız?
- Çünki
mən instituta girəndə artıq tanınmış müğənniydim.
Tanınırdım, qastrollara gedirdim.
Həm də musiqili komediya aktyorluğu çətindi. Sözləri
əzbərləmək lazım
gəlir və s. Düzdür, institutda yaxşı oxumuşam.
- Efirdə az görünürsünüz...
- Mən görünürəm. Amma dövlət
televiziyasında. Sağ
olsunlar. Məni də dəvət
edirlər, gedib oxuyuram. O ki, qaldı özəl telekanallara, onlar bizim kimi müğənnilərə
müraciət etmirlər.
Özəl kanalların yəqin
ki, özəl müğənniləri var. Onlar
bizi bəyənmirlər.
Məni heç vaxt özəl kanallardan biri dəvət etməyib ki, "gəl, oxu". Prezidentimiz mənə etimad göstərib, xalq artisti adını verib, qəbul olunmuşam, dövlət televiziyası tərəfindən,
tamaşaçılar tərəfindən
qəbul olunmuşam, amma nədənsə özəl kanallar tərəfindən qəbul
olunmuram. Yəqin sevmirlər
məni.
- İndi
sənətə gələnlərin
sayı durmadan artır...
- Hər yerdə bir sənətin dalınca gedən şəxs gələcəyini görüb
gedir. Əgər yeni gələnlər
bu sənətdə öz gələcəklərini
görürlərsə, onlara
müvəffəqiyyət arzu
edirəm. Amma gərək
hər şeyin həddi olsun. Bülbül adına
Musiqi Məktəbinin
uşaqları çıxıb
efirdə oxuyanda, başa düşürəm
ki, onların böyük gələcəyi
var. Mən incəsənətə
Zeynəb xanım Azərbaycan səhnəsində
əsl sənətçi
kimi tanınanda gəlmişəm. Bu o demək deyildi ki, Tükəzban xanım, Rübabə xanım, Sara xanım, Şövkət xanım deyəydi ki, "bu niyə gəlib,
biz varıq da".
Onlar başa düşürdülər
ki, sənət davam etməlidir. Mənimlə eyni zamanda
10-15 müğənni gəlmişdi
sənətə. O illərlə
bağlı çox xatirələr qalıb yadımda. 1974-cü ildə Opera və Balet Teatrında tədbir keçirilirdi.
Orada mən "Qatar" oxudum
və birinci yeri tutdum. Şövkət xanım özü mənə birinci dərəcəli diplom və hədiyyə təqdim etdi, ürək-dirək verdi ki,
"səndən böyük
oxuyan olacaq". Sonra Əfrasiyab Bədəlbəyli
məni Opera Teatrına
Leyli roluna dəvət elədi.
Bəhram Mansurova da tapşırdı ki, məni bu
rola hazırlaşdırsın...
Xalq artisti adı
alanda bir anlığa Şövkət
xanımın ruhu gəldi durdu gözlərimin önündə.
Yadıma onun sözləri
düşdü.
Və bir də o indiki kimi yadıma
gəlir ki, birinci dəfə konsertə dəvət almışdım. Konsert Heydər
Əliyev Sarayında keçirilirdi və Zeynəb xanım da oxuyacaqdı. O zamanlar bütün konsertlərdə Zeynəb
xanım başda olardı. Mənim ifamı dinləyəndən
sonra o qədər ürək-dirək verdi, dedi ki, "səndən yaxşı sənətçi
olacaq".
Böyük sənətkarların bizə verdiyi ümidlər həmişə
köməyimiz olub, həvəsdən düşməmişik.
İndi oxuyanlar çoxdur. Amma hamısı pis deyil. Aralarında ümidverənləri də var. Mən onların gələcəyini
görürəm. Bayaq dediyim
kimi, hər bir insan sənətə
öz gələcəyini
görüb gəlir.
Şəxsən mən sənətə
gələrkən gələcəyimi
görüb gəlmişəm.
Ümidlə gəlmişəm. Fikirləşməmişəm ki, sənətə
gəlirəm paltarımı,
xarici görünüşümü
göstərməyə və
ya gəlmişəm ki, məni toylara
aparsınlar. Mən əvvəlcədən
özümü bu sənətdə görmüşəm.
İndi sənətə gələnlər
də bu sənətdə özlərinin
gələcəklərini görürlərsə,
davam etdirsinlər.
- Gəlin bir şeyi də
etiraf edək ki, siz sənətə
gələndə məsuliyyət,
nəzarət, bədii
şuralar var idi.
- Çox gözəl dediniz. Çətin idi. Dahi sənətkarların
qarşısında oxumaq
çətin idi bizim üçün.
Hər dəfə efirə çıxanda bədii şura bizə nəzarət edirdi. Bir gün qabaqcadan çağırırdılar, soruşurdular ki, "hansı mahnını oxuyacaqsan". Deyirdin ki,
bəs filan mahnını. Deyirdilər "yox, bu bəstəkardan
olmaz, filan bəstəkardan olmalıdır".
Sözlərinə də fikir verirdilər. Mahnı bədii
şuranın nəzarətindən
keçəndən sonra
özümüzə, səhnədə
geyinəcəyimiz paltara
baxırdılar. Zinət əşyalarına
-taxdığın üzüyə,
sırğaya da fikir verirdilər. Məsələn, çox gözəçarpan
əşyalaradan istifadə
etmək olmazdı.
Əgər mahnı xoşlarına
gəlibsə, paltar xoşlarına gəlməyibsə,
müğənni geri
qaytarılırdı.
İndi hər şey
asanlaşıb. Heç nəyə
baxan yoxdur. Düzdür,
bu vaxta kimi nə məndən
pul istəyiblər, nə də mən pul vermişəm.
Vermərəm də. O zamanlar
oxuduğumuza görə
bizə pul verirdilər. Oxuyurduq, bir neçə
gündən sonra evimizə poçtalyon qəbz gətiridi. Biz də o qəbzin
əsasında gedib poçtdan pulumuzu götürürdük.
- Qadın müğənnilərimizin əksəriyyəti
açıq-saçıq geyimlərə üstünlük
verirlər...
- Mən çətinlik çəkirəm
bu suala cavab verməyə. Bilirsiniz, kimə nə yaraşır, onu da geyinir. Mənə elə gəlir ki, hansı yerlər ki görünməli deyil, onlar göstərilməməlidir.
Bu kimə lazımdır?
Axı hamıda var da. Hərə özünə yaraşanı
geyinsə, daha yaxşı olar.
- Yaradıcılığınızda
nə kimi yeniliklər var?
- Repertuarımda
vətənpərvərlik mövzusunda çox mahnılar var: əsgər marşları,
"Qardaşım əsgər
gedir", "Yol verin, əsgər gəlir", "Yaşa,
mənim xalqım",
"Vətənim, min yaşa"
və s. Amma nədənsə "Qardaşım
əsgər gedir"
mahnısı qəlbimə
çox yaxın oldu. Bu mahnı 10 ildən
yuxarıdır ki, repertuarımdadır. Həmişə
də oxuyuram. Axı mən əsgərlərin
yanına gedəndə məhəbbət mövzusunda
mahnılar oxuya bilmərəm. Ad alanda mənə çox teleqramlar gəldi. Yazırlar ki, "Sən
universal müğənnisən. Həm türk mahnıları, həm vətənpərvərlik
mövzusunda mahnılar,
həm də gözəl muğam ifa edə bilirsən".
Mənsə həmişə arzusundaydım ki, bir klip çəkdirim.
Çox
əfsus ki, bir nəfər tapılmadı mənə
sponsorluq etməyə.
Mənə sponsor lazım
deyil. Sadəcə olaraq deyirəm
ki, vətənimizdə
müharibə gedir.
Əgər halal sponsorlardırsa,
gəlib deyəydilər
ki, "Zümrüd xanım, gəlin sizin mahnıların birinə klip çəkək". Amma demədilər.
Və mən də çalışdım ki,
klipimi özüm maliyyələşdirim. Qastrol səfərlərindən
əldə etdiyim qazancla klipimi çəkdirmişəm. Efirə gedəndən sonra çoxlu zənglər olub. Klip bəyənilib. Şükür Allaha, heç
nədən şikayətim
yoxdur. Bizim qaçqınlarımız var,
çadırlarda yaşayan
camaatımız var. Bir
az onların
halına acıyıram.
Demirəm ki, xoşbəxtlərin
xoşbəxtiyəm. Hamının bir ağrılı
yeri var. Allahın ətəyindən tutmaq lazımdır ki, köməyimiz olsun.
Xalqımıza can sağlığı,
bol ruzi-bərəkət
arzu edirəm. Qoy ölkəmizdə əmin-amanlıq
olsun, oğullarımız
sağ-salamat əsgərliyə
gedib qayıtsınlar.
Ayxan
Ekspress.-2013.- 19-21 oktyabr.- S.19.