"Dörd dəfə toyum
olub"
Natəvan
Hacıyeva: "Xalq artisti adımı ləğv elədilər,
vermədilər"
O, AzTV-nin ilk rəsmi diktorudur, amma 2006-cı ildən AzTV-yə baxmır, "bu kanal mənimçün yoxdur" deyir, digər tanınmış diktor Rafiq Hüseynovdan zəhləsi gedir və o vaxtlar bir rəhbər şəxsin qeyri-rəsmi nikah təklifini qəbul etsəydi, hətta SSRİ xalq artisti ola bilərdi...
Bütün bunları və daha maraqlılarını tanınmış diktor Natəvan Hacıyeva Modern.az-a müsahibəsində deyib.
-
1959-cu ildə indiki Slavyan Universitetinin rus dili və ədəbiyyatı
fakültəsinin birinci kursunda oxuyurdum. İlin
sonunda AzTV-də diktor müsabiqəsi keçirilirdi. Müsabiqəyə qatıldım və Azərbaycan
dilində tələffüzüm o qədər yaxşı
olmadığına görə keçmədim. Yayda birinci kursu bitirib yenidən özümü
sınadım və bu dəfə alındı. 170 nəfərin içindən təkcə mən
seçildim.
- İlk dəfə
efirə nə vaxt çıxdınız?
- 1960-ci il
avqustun 21-də.
- Siz həm də AzTV-nin ilk rəsmi
diktorusunuz.
- Bəli. Əmək
kitabçamda da bu təsdiq olunub. İki il
xəbərləri və hər şeyi təkcə mən
apardım. Bütün günü efirdə
idim. Özüm də əyani oxuyurdum.
Xəbərlər canlıydı, kişi
diktor yox idi. Radiodan Ramiz Mustafayev, Aydın Qaradağlı,
Nizami Məmmədov gəlirdilər xəbər oxumağa.
- Sizdən sonra televiziyaya kimlər
gəldi?
- Roza Tağıyeva
və Tamilla Qafarova. Rozanın ruscası
yaxşı olmadığından Azərbaycan dilində,
Tamilla Qafarova isə rusca xəbər oxuyurdular. Onlardan sonra Tamilla Ələkbərova, Rafiq
Hüseynov, Həqiqət Əsgərzadə gəldilər.
Burda üç nəsil var. Mən, Roza, Tamilla
Ələkbərova. Sabir Ələsgərov
və Ofeliya Sənani 1970-71-ci illərdə radiodan gəliblər.
Hicran Hüseynov, Davud Əhmədov da radiodan gəlmişdilər.
- Şərqiyyə
Hüseynova da sizinlə eyni illərdə gəlmişdi?
- Yox, o 1969-cu ildə Teatr
İnstitutunu bitirib gəlmişdi.
- Maraqlıdır, siz kimdən
öyrənmisiniz?
- AzTV-nin ilk sədri Teymur Əliyev
Fatma Cabbarovaya zəng vurdu ki, yanına bir qız göndərirəm,
məşğul ol, bütün sirlərini ona öyrət.
Sonra dedi ki, bilirəm o əsl diktor olacaq. Fatma
Cabbarova bir ay ərzində mənə nə lazımdırsa,
öyrətdi. İndiyə kimi nə mətn
oxuyuramsa, xüsusi işarələrinə də diqqət
edirəm.
- Öyrətdikləriniz kimlər
olub?
- Məsələn, Sevda Ağazadəyə
kömək etmişəm. Kim nə
soruşubsa, rədd etməmişəm.
- AzTV-dən iki dəfə
uzaqlaşmısınız, deyəsən...
- Hə, 1991-ci ildə anamın səhhəti
ilə bağlı işdən uzaqlaşdım. Çünki qızım anama görə gecə
yatmırdı. 1991-ci ilin sonunda anam
dünyasını dəyişdi. 1993-cü
ilin əvvəlində "Ötənlərdən keçənlərdən"
adlı xüsusi veriliş aparmağa başladım. Hətta bu yaxınlarda iştirak etdiyim bir məclisdə
mənə dedilər ki, siz o verilişi daha yaxşı
aparırdınız.
- İndi həmin verilişi Həqiqət
Əsgərzadə aparır, səhv etmirəmsə...
- Bəli. Bilirsiniz,
tarixi, kimi çağırmağın lazım olduğunu mən
bilirəm. O verilişi evlərdə çəkirdim, hətta
öz evimdə də çəkilişlərimiz olurdu. 1993-dən
2006-cı ilin sonuna kimi 13 il yarım həmin
verilişi apardım.
2006-cı ildə
Arif Alışanov gəldi, məni çox yaxşı
qarşıladı, haqqımda "Bizim Natəvan"
adlı 45 dəqiqəlik film çəkdi. Sonra
müavini Vaqif Ağayev var idi, - ona rəhmət deməyə
dilim də gəlmir, bu sözləri ona yaraşdırmaq
olmaz, - Arif nə dedi, nə demədisə, xalq artisti
adımı da ləğv elədilər, vermədilər. Təqdimatımı Nizami Xudiyev verəcəkdi ki,
Arif Alışanov gəldi. Amma istəsəydim,
"xalq artisti" adını 1967-68-ci illərdə
alardım.
- 25 yaşınızda?
- Bəli, alacaqdım. Hər diktorun öz dövrü, öz fanatları
var. Mənə elə bir təklif gəlmişdi ki, deyirdilər,
"hə" desə, biz onu SSRİ xalq artisti edərik.
- Sevgili olmaq təklifi?
- Hə də, dostluq məsələsi.
Amma mən dedim ki, Fatma Cabbarova "əməkdar" ola-ola mən
ad ala bilmərəm. Əməkdar artist
adını 1990-cı ildə aldım.
- Yəqin ki, sizə birgəlik təklif
edən şəxs böyük vəzifə sahibi idi.
- Bəli. Amma mən ailədə
tək qız idim və heç kim bu sahədə
işləməyimi istəmirdi. Atam dedi, qızım harda
olsa, təmiz gedib, təmiz də gələcək. Bu sözlər qulağımda sırğa kimi
qaldı. Dedim, yox, atamın sözünü yerə vura
bilmərəm.
- O rəhbər vəzifəli
şəxs azərbaycanlı idi?
- Bəli. Məni ən
çox utandıran müəlliməmin əməkdar
olmağı idi. Heydər Əliyevi 1969-cu
ilin iyul ayının 14-də təqdim olunanda şəxsən
təbrik etmişəm. "Kirov"
parkında "Dostluq" restoranı var idi. Mərkəzi Komitənin belə
yığıncaqlar üçün binası
olmadığından tədbirlər əksər hallarda orda
keçirilirdi. Mədəniyyət
Nazirliyindən də nümayəndə mən idim. Tədbirdə mənim adımı
salmışdılar ki, lazım olanda məktub, yaxud təbrik
oxuyum.
- Heydər Əliyevlə ünsiyyətiniz
olub?
- Olmayıb. Amma Ayaz
Mütəllibovla prezident olmamışdan əvvəl bir dəfə
xarici səfərdə olmuşuq.
- Yəqin ki, əməkdar artist
adını da gec aldığınızı
düşünürdünüz?
- 1990-cı ildə bu adı
aldım və sonra televiziya çıxışlarımda da dedim ki, bu adı almağım gec idi. Fəxri
adı Qeysər Xəlilovun təqdimatı il
almışam.
- Sizdən sonra gələnlərdən
kimlər xalq artistləridir?
- Roza Tağıyeva. Ona verəndə Ofeliya Sənaniyə də verdilər
ki, tək olmasın. Özü də
heç bir təqdimat olmadan. Prezident təqaüdünü
də 2003-cü ildə Nizami Xudiyevin təqdimatı ilə
aldım.
- Amma çoxları ondan
narazıdır.
- Yox, onun kimi insan dünyada
olmayıb, olmayacaq da.
- Çoxları deyir ki, o bizi efirdən
uzaqlaşdırdı.
- Prezident təqaüdü alandan
sonra 2003-cü ilin iyul ayının 5-də gəldim Nizami
Xudiyevin yanına təşəkkürümü bildirdim. Narazılıq elədi ki, təqdimatım olmadan iki
nəfərə xalq artisti adı verilib, axı mən
buranın sədriyəm? O bilirdi ki, mən AzTV-nin ilk rəsmi
diktoruyam və mənim xalq artisti olmağımı istəyirdi.
- Deməli, daxildə böyük
çəkişmələr varmış?
- Əlbəttə.
Mən heç kimin qapısını döyməyi sevməmişəm.
Amma çox pis eləmişəm, gərək
döyəydim. Sadəcə ilk dəfə
olunan təklifi özümə sığışdıra
bilmədim.
- O vaxt ailəli idiniz?
- Yox. O, mənə qeyri-rəsmi
nikah təklif etmişdi.
- Neçənci ildə ailə
qurmusunuz?
- 1966-ci ildə ailə qurdum 67-ci
ildə qızım dünyaya gəldi və biz
boşandıq. Həyat yoldaşım operator
işləyirdi.
- Bəlkə, xarakter
uyğunsuzluğu idi?
- Mən qabağa gedirdim, partiyaya
girdim, maaşım ondan çox idi. Bunları qəbul
eləmirdi. Biz ailə quranda kirayədə
qalırdıq, sonra mənə ev verdilər.
- O, indi sağdır?
- Yox, dünyasını dəyişib.
Məndən 10 yaş böyük idi.
Bu arada Natəvan
xanımın şəkillərini çəkmək istəyirəm.
Yarızarafat etiraz edir ki, bəs yorğunam,
yaxşı görünmürəm. Amma əslində
belə deyil. Fotolardan da
gördüyünüz kimi 71 yaşlı diktor yetərincə
formadadır.
- Ondan sonra ailə qurdunuz?
- Yox, ailə qurmadım. İndi qızımla yaşayıram. İki qızı var, ərəbşünasdır.
Gənclik arzumu həyata keçirib, sağ
olsun.
- Necə dolanırsınız?
- Həm yaşıma görə
pensiya, həm də prezident təqaüdü alıram. Bu evi də mənə 2005-ci ildə cənab
prezident verib.
- Diktor və aparıcı
anlayışları haqda müxtəlif fikirlər səsləndirilir.
Bir peşəkar olaraq fikriniz maraqlıdır,
bu ikisinin fərqi nədədir?
- Aparıcı sərbəstdir,
diktor isə bir sözü düz deməsə, təzədən
yazardılar. Amma "Ötənlərdən,
keçənlərdən" verilişimin ssenarisini də
özüm yazırdım. 2006-cı ildən bu yana AzTV-yə baxmıram və bu kanal mənimçün
yoxdur.
- Bir çox diktorlar kimi siz də
küskünsünüz?
- Çünki "xalq artisti"
adımı başqasına verdilər.
- Kimə?
- Şərqiyyə
Hüseynovaya. O, televiziyaya məndən 10 il
sonra gəlib.
- Əsas incikliyiniz
budur?
- Bəli. Arif
Alışanovun əvəzinə Xudiyev qalsaydı,
çoxdan almışdım. Nizami Xudiyev
olmasaydı, yəqin ki, heç prezident təqaüdü də
almazdım.
- Amma bir çoxları ondan
narazıdırlar. Sizcə niyə?
- O, düzgün adam
idi. Narazılıqları Arif Alışanov
yaradırdı. Hətta bir dəfə Xudiyev dedi ki,
kaş o vaxt hər şeyi səndən soruşaydım.
- Hansı aparıcıları bəyənirsiniz?
- Zaur Baxşəliyevi
çox bəyənirəm. Çox
gözəl aparıcıdır.
- Səbəb?
- Onun apardıqları çox
gözəl verilişlərdir. Samirə Mustafayeva
yaxşı xəbərlər oxuyur. Afaq Gəncəlini
də bəyənirəm. O da çox gözəl
danışır. Əkbər Əlizadəni
çox bəyənirəm. Aktyor olsa da, əla
aparıcıdır. Aparıcı gərək
söz tapa.
- Yaş və
görünüş kompleksiniz var?
- Baxır yaşımı kim soruşur. 1942-ci ildə anadan
olmuşam, 71 yaşım var. Əslində 1943 təvəllüdəm.
Atam məni 6 yaşında məktəbə qoymaq
üçün yaşımı bir il
"artırıb". Orta məktəbi
qızıl medalla bitirmişəm.
Bu arada Natəvan
xanımdan köhnə şəkillərini istəyirəm.
Amma məlum olur ki, hansısa həmkarımız
apardığı fotoları geri qaytarmayıb. Davam edirik. Amma nədən
danışırıqsa, söhbət Arif Alışanovun
üzərinə gəli
- AzTV-nin ilk sədri Teymur
Əliyevlə 3-4 il işləmişəm.
Onu 1963-cü ildə Mərkəzi Komitəyə
göndərdilər. Onunla bağlı məndən
başqa heç kim danışa bilməz,
mən tarixəm. Arif Alışanov bu tarixi
pozmaq istəyir, amma poza bilməyəcək.
- Sizi əməkdar artist kimi təqdim
edəndə xoşunuza gəlmir?
- Bəli, gəlmir. Natəvan
Hacıyeva deyəndə tanıyırlar onsuz da. Biləndə
ki, Aydın Qaradağlı kimi korifey əməkdar artist kimi
ölüb, başa düşdüm ki...
- Burdan əvvəl harda
yaşayırdınız?
- Bu mənzil 2005-ci ildə prezident
tərəfindən verildi. Təmir etdirib
köçdüm.
- Keçmiş iş
yoldaşlarınızdan kiminlə əlaqə
saxlayırsınız?
- Hərdən Tamilla
Əlkəbərova ilə zəngləşirik.
- Maşallah, yaşınıza
görə yaxşı qalmısınız.
- (gülür)
Heç bir plastik əməliyyat keçirməmişəm.
Amma çalışıram ki, çox kökəlməyim.
Hələ indi yorğunam. Necə
də olmasa əməliyyat keçirmişəm. 35 ildir belə problemim var. Elə olub ki, efirdən əvvəl
təcili yardıma zəng vurmuşam, rus xəbərlərini
oxumuşam, sonra təcili yardım iynə vurub, sakitləşib
evə gəlmişəm. Rafiq Hüseynov
görüb ki, ağrıyıram, amma deməyib get evə.
Ona görə Rafiq Hüseynovdan zəhləm
gedir. Yessentukiyə müalicəyə
getdim. Bu il hiss etdim ki, nəsə
ağır bir şey sallanır. İçimdən
ördək yumurtası boyda bir daş çıxdı.
Söhbətin bu
yerində təəccübümü heç cür gizlədə
bilmirəm. Necə yəni ördək
yumurtası boyda. Söhbət göyərçindən
yox e, ördəkdən gedir. Ömrünün
50 ilini televiziyaya həsr etmiş birinin gəlmiş
keçmiş məşhurlarla bağlı maraqlı xatirələri
olmaya bilməz.
- Şövkət
Ələkbərova anamla oxuyub. Çox
maraqlı qadın olub. Zeynəb Xanlarovanı, İlhaməni,
Müslüm Maqomayevi ilk addımlarından tanıyıram. Mən gələndə Şövkət Ələkbərova
artıq oxuyurdu, Flora və Elmira təzəcə
başlamışdılar. Müslüm
efirdən öncə əsirdi. Dedim,
tələsmə hər şey yaxşı olacaq.
- İndi də yolda,
küçədə sizi tanıyırlar?
- İndi də
yaxınlaşırlar. Axır vaxtlar o qədər
də ayaqla gəzmirəm. Amma harasa
çıxanda tanıyanda mənə ləzzət verir.
- Hansı dövrdə tanınmaq
daha maraqlıdır?
- Məni tamaşaçılar
yaşadır. Onlar mənə ruh verir. Efirdə olanda elə bilirəm ki,
tamaşaçını görürəm. Həmişə istənmişəm, sevilmişəm.
Evlilikdən sonra da məni çox istəyirdilər.
Mənim 4 toyum olub: xınayaxdı, paltarkəsdi, oğlan
toyu, qız toyu.
Ekspress.-2013.- 25
oktyabr.- S.15.