Mir Cəfər
Bağırov və Teymur Quliyev
Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.
Arxiv materiallarının araşdırılmasından bu qənaətə gəlmək olur ki, "təsərrüfat-texniki sahədə işləməyi özünə münasib sayan" S.F.Yemelyanov Mir Cəfər Bağırovun bilavasitə qayğısı sahəsində yüksəliş yoluna düşmüşdü.
Tatarıstanda doğulmuş, Bakıda əmək fəaliyyətinə başlamış, rus, tatar və Azərbaycan dillərini bilən sabiq raykom katibi general-mayor rütbəsində SSRİ parlamentinin üzvü seçilmişdir. 1943-cü ilin fevralında SSRİ Xalq Daxili İşlər komissarı L.P.Beriyanın əmri ilə ona dövlət təhlükəzlik komissarı xüsusi rütbəsi verilmişdi. On il sonra, 1953-cü ildə Beriyadan sonra Bağırova qarşı hücumlar tüğyan edəndə Yemelyanov böhtan kampaniyasına qoşulmamışdı.
Həmin il fevralın 12-13-də Bakıda Azərbaycan KP MK və Bakı komitəsinin birləşmiş plenumunda Azərbaycan SSR daxili işlər naziri S.F.Yemelyanovun çıxışının stenoqramından bir parçaya diqqət yetirək:
S.P.YEMELYANOV: "Burada səslənən bəzi məsələlərə münasibətimi bildirmək istəyirəm. Smelyov yoldaş belə söylədi ki, "Bağırov tapşırmışdı ki, rəhbər işçilərin arvadlarının hərəkətlərini izləyək". Tam məsuliyyətlə bəyan edirəm ki, Bağırov yoldaş nə mənə, nə də müavinlərimə belə göstəriş verməmişdir.
Mustafayev yoldaş bildirdi ki, guya mən Tovuz rayon bölməsinin rəisi Məmmədov yoldaşı partiya sıralarına bərpa etmişəm. Qətiyyən belə deyildir. Məmmədov yoldaş partiya işinə görə Mərkəzi Komitəyə müraciət etmiş və o, Bağırov yoldaşın qəbulunda olmuşdu. Bağırov yoldaş dərkanarla büro üzvlərinin rəyini yazılı şəkildə almışdı və nəticədə Məmmədov yoldaş partiya sıralarında saxlanılmışdı.
Akopov və Nəbiyevin şərti cəza almasında da məni təqsirləndirməyə əsas yoxdur. Onların istintaqını hərbi prokuror aparmışdı. Mən hərbi tribunala heç bir təsir göstərə bilməzdim".
Sözsüz ki, Sov.İKP MK katibi P.N.Pospelovun iştirak etdiyi plenumda Azərbaycan SSR daxili işlər nazirinin M.C.Bağırovla əlaqədar dedikləri təqdir edilə bilməzdi. Odur ki, 1953-cü il sentyabrın 14-də Azərbaycan KP MK plenumunun qərarı ilə Yemelyanov Azərbaycan SSR Dövlət Təhlükəzliyi naziri vəzifəsindən kənarlaşdırıldı, dekabrın 30-da Azərbaycan KP MK tərkibindən çıxarıldı və SSRİ Ali Sovetinin deputatlığından geri çağırıldı və 1954-cü ilin əvvəlində həbs olundu. 1956-cı il aprelin 26-da iyirmi beş il müddətinə azadlıqdan məhrum edildi. 1970-ci ilin may ayında - həbs müddətinin 14-cü ilində amnistiyaya düşdü, Bakıya qayıtdı. 6 saylı İslah-Əmək Müəssisəsində mühəndis işlədi, mənzillə təmin olundu. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.
Yenidən qayıdaq 1956-cı ilin avqust gününə.
DMİTRİ YAKOVLEV: - Mənə elə gəlir ki, İbrahimovun Quliyevə münasibəti ifrat dərəcədə humanizm təzahürüdür. Quliyevi partiya sıralarında saxlamaq onun əllərilə məhv edilmiş və hazırda bəraət almış günahsız kommunistlərin xatirəsini təhqir etmək deməkdir.
MƏMMƏD İSKƏNDƏROV: - Mən bu məsələyə münasibətdə çətinlik çəkirəm. Quliyev barəsində MK Bürosuna təqdim olunmuş materialları oxumuşam, Dmitri Nikolayeviçin onunla söhbətinin mətnilə tanışam. Ancaq Quliyevin o zaman törətdiyi cinayətlərdən məlumatım yoxdur. Çünki mən o zaman Azərbaycanda deyildim. Teymur Quliyev əsasən nədə təqsirləndirilir - ona görə ki, Üçlüyün üzvü olmuşdur. Üçlüyün üzvü bilavasitə ilkin istintaq materilları ilə məşğul olmurdu, bu işi prokurorluq orqanları aparırdı. Bəs belələri niyə indiyədək partiya sıralarındadırlar?
Qəmbər Bağırovla əlaqədar yazılarlara da iradım vardır. Qəmbər Bağırov müharibə vaxtı mənim tabeliyimdəki batalyon komissarı idi. Mozdok yaxınlığıındakı ağır döyüşlərdə o, gözlərimiz qarşısında silahını atıb xaincəsinə geriyə qaçdı.
XƏLİL ƏFƏNDİYEV: - Biz 1937-1938-ci illərdə Quliyevin imzaladığı prtokolları araşdırmışıq. Bir faktı nəzərinizə çatdırıram. 1937-ci il noyabrın 11-də Quliyevin iştirak etdiyi Üçlüyün iclasında 201 nəfər güllələnmə cəzasına məhkum edilmişdir. Onların arasında Göyçay rayonundan olan 85 yaşlı ağsaqqal Kərbalayı Məmmədov da vardır.
SADIQ RƏHİMOV: - Mən belə hesab edirəm ki. Quliyevin partiya sıralarında olub-olmamasının partiyamızın nufuzuna heç bir isti-soyuğu yoxdur. Kommunist partiyamız heç vaxt indiki qədər monolit olmamışdır. Bir neçə ay bundan əvvəl Bağırovun məhkəməsini aparmaq üçün Bakıya gəlmiş Rudenko yoldaş Mustafayev və mənimlə görüşüb söhbət etdi. Dedi ki, Moskvadan Bakıya yola düşməmişdən qabaq Xruşşov yoldaşın qəbulunda olduq. Nikita Sergeyeviç bizə dedi ki, "bu məhkəmə ilə biz Azərbaycanda işimizə xitam veririk".
Qeyd etmək istəyirəm ki, repressiya illərində rəhbər vəzifələrdə işləmiş yoldaşların heç də hamısı cəzalandırılmamışdır. Məsələn, Beriya ilə qohum olmuş Arutyunov Ermənistandan köçüb Gürcüstanda yaşamaqdadı. Beriya ilə sıx əlaqə saxlamış Çakviani Daşkənddədir və partiya sıralarındadır. Voznesenskinin və başqa görkəmli partiya xadimlərinin məhv edilməsində iştirakı olmuş Leninqrad vilayət partiya komitəsinin katibi Andriasov nazir müavini vəzifəsindən bu günlərdə azad edilmişdir. Quliyevi də partiya sıralarından çıxarmaqla məsələsinə nöqtə qoymaq olar.
MİRZƏ İBRAHİMOV: - Allahverdiyev yoldaş çıxışında dedi ki, məsələyə humanizm nöqteyi-nəzərindən deyil, partiya prinsipindən yanaşmaq lazımdır. Məgər partiya prinsipi ən yüksək dərəcədə humanizm deyilmi? Hər hansı insan məskəni iki yol ilə dağılır. Bir var külünglə, hazırkı dövrdə isə maşınla dağıdasan, bir də var, aramsız yağış və külək, fırtına komanı aparsın. Bunun qarşısını almaq qeyri-mümkündür. İnsan da belədir. Öz fəaliyyətində miskin ev şəklinə düşürsə, onu bu sonluqdan xilas etmək müşküldür. Quliyev birinci yolun yolçusudur. Ona şiddətli töhmət verməklə kifayətlənmək olar.
İMAM MUSTAFAYEV: - Mirzə İbrahimovun kimə rəhmi gəlir? Quliyevin əlləri günahsız insanların, anaların, uşaqların qanına bulaşmışdır. Bu qanı heç kəs və heç nə təmizləyə bilməz. Onu partiya sıralarında saxlamaq olarmı?
Arutyunov və başqaları haqqında Rəhimov yoldaşın söylədiklərinə gəldikdə isə, onların fəaliyyətinə qiymət verməyə səlahiyyətimiz yoxdur. Arutyunovun da, Rəhimov yoldaşın adlarını çəkdiyi başqalarının da məsələsinə aidiyyatı respublikaların partiya təşkilatları baxmalıdır.
MİRZƏ İBRAHİMOV: - Arutyunovun nələr törətdiyindən mənim xəbərim var.
İMAM MUSTAFAYEV (Teymur Quliyevə müraciətlə): - Haqqınızdakı arayışı bir daha oxumağa ehtiyac varmı?
TEYMUR QULİYEV: - Mən arayışı diqqətlə oxumuşam, yoldaş Mustafayev. Hər şey dürüst ifadə edilmişdir. Həqiqətən mən respublikada Bağırovla ən çox işləyənlərin birincisiyəm, tamamilə düz yazılmışdır. Bu da doğrudur ki, bəzən mən Bağırovun antidövlət, antisovet, antixalq hərəkətlərə yol verməsində iştirak etmişəm. Çünki Bağırovun təsiri altına düşmüşdüm, onun şəxsiyyətinə baş əyirdim. Odur ki, doğulduğum torpaqda, Cəbrayılda vaxtilə Bağırovun qonaq qaldığı evin bir otağında muzey yaradılmasına göstəriş vermişdim.
Arayışdakı digər məqamlar barədə. Mən həqiqətən Üçlüyün üzvü olmuşam. Ancaq Üçlük məhkəmə deyildi. Burada həbs olunanların özlərinin iştirakı olmadan işlərinə baxılırdı. İstintaq aparan da, Üçlüyün iclasında məruzə edən də eyni çekist idi, prokuror sadəcə müşayiətçi rolunu oynayırdı. Bundan asılı olmayaraq indi mən daha dərindən başa düşürəm ki, protokollarda imzama görə məsuliyyət daşıyıram.
Atam haqqında. Həqiqətən qurultayda ( Azərbaycan kommunistlərinin 1954-cü ilin fevralında keçirilmiş iyirminci qurultayı nəzərdə tutulur - T.Q.) çaşbaş qaldığımdan demişəm ki, atam qolçomaq olmamışdır. Mən atamdan 22 yaşımda uzaq düşmüşəm. Onun ölüm ayağında Cəbrayılda olmuşam. Atamdan sonra anam vəfat etmişdir. Valideynlərimin dəfnində iştirak edə bilməmişəm.
Bir daha bildirirəm ki, arayışda göstərilən səhvlərə görə mən məsuliyyət daşıyıram, həmin illərdə öz hərəkətlərim və davranışımla partiyamızın nüfuzuna zərər vurmuşam. Bütün bunlara görə haqqımda qəbul edəcəyiniz hər hansı qərarı düzgün hesab edəcəyəm.
İMAM MUSTAFAYEV: - İki
təklif var. Birinci təklif Quliyevin partiyadan çıxarılması
və ikinci təklif uçot vərəqinə yazılmaqla
şiddətli töhmət
verilməsidir. Səsə
qoyuram: kim
birinci təklifin lehinədir? ( Mirzə
İbrahimovdan başqa
hamı əl qaldırır). Kim ikinci təklifin lehinəldir? ( Təkcə Mirzə
İbrahimov əl qaldırıir).
1956-cı ildə
Teymur Quliyevin kürəkəni İmran
Qasımovun da əyninə saxta don geyindirib vəzifəsindən
uzaqlaşdırırlar.
əvvəli, ardı
var
Teyyub Qurban
Ekspress.-2013.-26-28 oktyabr.-S.15.