Şahnaz Haşımova: "Gəncəlilər
sərt deyil, sadəcə gəncəlidirlər"
Aybəniz Haşımova: "Şahnaz
bir dəfə az qalırdı məni öldürsün"
Azərbaycan
ifaçılıq sənətində adlı-sanlı,
istedadlı sənətkarlar arasında Şahnaz
və Aybəniz Haşımova bacılarının da xüsusi yeri var. Onların
adlarını qoşa çəkməkdə
məqsədimiz var. Şahnaz
xanımla çoxdan görüşmək
istəyirdik. Amma iş
elə gətirdi ki, onun
Bakıda - bacısı Aybəniz Haşımovanın evində
olduğunu eşidəndə, qərara
aldıq ki, elə ikisi
ilə də görüşüb
söhbətləşək. Və belə də etdik...
- Şahnaz xanım, sizi Bakıda görməyimizə çox şadıq. SSRİ dövründə, ölkəmizdə yeganə telekanalın yayımlandığı vaxtlarda Şahnaz xanımı tez-tez efirdə görməyə adət etmişdik. İndi televiziyaların sayı artıb, amma nədənsə son illər sizi olsa-olsa hərdən yenə Az.TV-nin efirində görürük, o da gec saatlarda...
- Mən
Bakıya tez-tez gəlirəm. Telekanallarda
az görünməyim o
demək deyil ki,
işləmirəm. Bəlkə də gündə efirdə
görünənlərdən çox səmərəli
işləyirəm. Çünki
Bakıda telekanallar, qəzetlər,
ümumiyyətlə, kütləvi informasiya
vasitələri Gəncədəkilərdən dəfələrlə
çoxdur. Təbii ki,
Bakıda otura-otura Gəncədə gördüyümüz işlərdən Bakıda
xəbər tutmayacaqlar. Həmin
müğənnilərin hansı biri cəbhə
bölgəsində qulluq edən əsgərlərin
görüşünə gedir? Gedib şəhərin ortasında bir klip çəkdirir və
telekanallar da hər gün bu klipi
nümayiş etdirir. Amma bizim kollektivlər həftə
səkkiz-mən doqquz əsgərlərin
yanındadırlar. Elə bayram yoxdur ki, mən öz evimdə qeyd edim. Belə günləri hərbi hissələrdə,
qaçqın məskənlərində keçirirəm.
- Bu gün Heydər Əliyev Sarayında konsert vermək adi hal alıb. Kim istədi, 5-6 gün konsert verir. Vaxtilə çoxlarının səhnəsinə həsrətlə baxdığı bu sarayda Şahnaz Haşımova mütəmadi olaraq konsertlər verir, dövlət konsertlərində iştirak edirdi. Bakıda çoxlu pərəstişkarları olan Şahnaz xanım bu gün niyə onları saraya cəmləmək istəmir?
- Bilirsənmi, qadan alım, o dövrlərdə pul verib oxumaq dəb deyildi. Özləri dəvət edirdilər, hətta gəlməyəndə inciyirdilər də. O vaxt indi kimi deyildi, axı. İstedadlıları axtarıb tapırdılar, sənətçi kimi yetişdirirdilər. Elə bir bayram olmazdı ki, bizi dəvət etməsinlər. Gəncənin birinci katibinə minnətçi düşürdülər ki, "filan gün konsert var, xahiş edirik, Şahnaz xanımı, "Göy göl" ansamblını göndərin".
- Bəs o vaxtlar nə üçün Bakıda qalmadınız?
- Bakıda mənim dövrümdə tanınmış müğənnilər çox idi. Onların arasında qalıb itməkdənsə, gündə qalmaqala düşməkdənsə, Gəncədə qalmaq daha məsləhətliydi. Bir tərəfdən də sənətçilər arasında çox eybəcər rəqabət vardı. Mənim fikrimcə, rəqabəti səhnədə kişi kimi aparmaq lazımdır. Yoxsa, səsyazma studiyasına mahnı yazdırmağa gəlirdik, çıxanda görürdük ki, maşınımızı çızıblar. Belə rəqabət olar? Sumqayıta konsertə getmişdik, çıxanda gördük ki, yoldaşımın maşınını pis günə qoyublar. Amma məni dəfələrlə Bakıya dəvət etdilər ki, qalıb birdəfəlik burada işləyim. Nəsə, qalmadım. Qadan alım, Bakıda qalsaydım, nolasıydı ki? "Xalq artisti" adını elə Gəncədə yaşaya-yaşaya almadımmı? Doğrudur, o vaxtlar belə şeylər barəsində düşünməmişdim. İndikilər, maşallah, tezbazar populyarlaşmağı düşünürlər. Həqiqətən, o dövrdə sənətə gələnlər bu barədə fikirləşmirdilər. Hətta o vaxtlar qızlar müğənni olmaqdan çəkinirdilər. Qızları yalvar-yaxarla sənətə gətirirdilər. Mənim, yatsaydım, yuxuma girməzdi ki, müğənni olacağam. Sadəcə olaraq səsim olduğuna görə Gəncənin Toxuculuq Sarayında öz yoldaşlarımla dərnəyə gedirdim. Bizim şəhərdə hər il mayın 19-da mahnı bayramı keçirilirdi. Və bütün mədəniyyət ocaqlarında konsertlər təşkil olunurdu, gənc istedadlar da həmin konsertlərdə üzə çıxırdılar. Toxuculuq sarayında musiqi müəllimlərindən təşkil olunan ansamblın iştirakı ilə biz də konsert verirdik. Mən də Nəriman Məmmədovun məşhur "Analar" mahnısını oxumuşdum. Ondan sonra Fikrət Verdiyev məni yeni yaratdıqları "Göy göl" ansamblına solist dəvət elədi. Fikrət Verdiyev bizim gəncəlimizdir, əvvəlcə "Göy göl" ansamblını, sonra Gəncə Filarmoniyasını yaratdı. Mən əvvəlcə Fikrət müəllimin təklifini qəbul etmirdim. Fikrət müəllim də saldı tərsliyinə, hara gedirdim qabağıma çıxırdı, deyirdi ki, "bizim ansambla gəl". Çünki müğənni olmaq istəmirdim. Yəni sözümün canı odur ki, o dövrdə istedadlı qadın müğənniləri axtarıb tapırdılar. Daha indiki kimi yox. Keçən dəfə 55 yaşlı bir xanım gəlib bizə, ərindən boşanıb müğənnilik etmək istəyir. Üzünə baxanda ürəyim sıxıldı. Deyirəm, "neçə yaşınız var?" Deyir ki, "55". Cəhənnəm, isbatlı səsi olsa, adamı o qədər də yandırmaz. 55 yaşında oxumağı öyrənən nə vaxt oxuyacaq? Xətrinə dəyməmək üçün zarafatla dedim ki, "xanım, bəs tez deyilmi? 55 yaşında camaat səhnədən getməyə hazırlaşır. Qadan alım, get, dərzidən-zaddan ol, sən allah, müğənnilik sənətini bu qədər ucuz tutmayın. Ay bacı, mənim kimi sənətkarlar körpəlikdən can qoyub əziyyət çəkmişik, sən də 55 yaşında gəlmisən ki, oxumaq istəyirəm".
- Gəncəlilər
bir az
mühafizəkar olurlar.
Nə yaxşı yoldaşınız sizə
oxumağa imkan verdi?
- Mənim yoldaşım özü musiqiçidir.
Amma hər halda gəncəlidir.
Qadan alım, gəncəlilər sərt
deyillər, sadəcə gəncəlidirlər. Yəni hər
şeyin yerini bilirlər.
Bu gün Azərbaycan
mentalitetinin qayda-qanunları Gəncədə
öz qüvvəsini saxlayıb. Şükür Allaha, gəncəli
olduğumuzu unutmuruq.
- Bayaq dediniz ki, Bakıda
sizi istəməyənlər
çox olub. Bəs
Gəncədə?
- Gəncədə də belələri vardı. Hərdən yoldaşım da hirslənirdi. Deyirdi ki, "bunlar kişi kimi üzə çıxıb sözlərini desələr, adamı yandırmaz". Amma bununla belə gəncəlilər bizi çox istəyirlər. Hərdən həvəsdən düşəndə yaxşı insanlar bizə təsəlli verirdilər. Söz ki açıldı, qoy deyim, bir zaman Gəncədə mənə yaman zülm etdilər. Elə oldu ki, konsertlərdə iştirak etməkdən imtina etdim. Hətta Gəncədən çıxıb getməyi düşünürdüm. Yaxşı insanlar sağ olsunlar, bizə dəstək oldular. Hətta öz sevdiyim ansamblımdan bir il ayrı qaldım. Özüm "Yeni Gəncə" adlı ansambl yaratdım. Bacım Aybəniz də mənə dəstək olmaq üçün Bakıdan gəlib bir müddət yanımda qaldı...
- Və bu çətinliklərdən sonra Aybəniz xanımın müğənni olmasına razılıq verdiniz...
Bu məqamda söhbətimizə Aybəniz xanım da qoşulur:
- Şahnaz xanımla mənim aramda müəyyən qədər yaş fərqi olub. Evimizdə Şahnaz xanıma xüsusi diqqət və qayğı vardı. O məşq edəndə, valideynlərimiz heç kimi onun otağına buraxmırdılar ki, mane olmayaq. Mən uşaq vaxtı çox dəcəl idim. Otaqdakı stolun altına girib gizlənirdim ki, ona qulaq asım. Onda ağlıma gəlməzdi ki, mən də onun kimi müğənni olacağam. Onu da deyim ki, heç vaxt müğənni olmağı arzulamamışam. Çünki sözün açığı, bu sənəti sevməmişəm. Bu sənəti mənə Şahnaz xanım sevdirib. Bir gün yenə stolun altına girib gizlicə Şahnaz xanıma qulaq asanda, özümün də xəbərim olmadan başlamışam ritm tutmağa. Bu anda Şahnaz qışqırdı. Mən də başladım tir-tir əsməyə.
- Şahnaz xanımdan qorxurdunuz?
- Böyük bacımdı, necə qorxmayaq ki?
- Döyübmü sizi?
- Niyə döyməyib, döyüb,
yaxşı da eləyib. Uşaq şuluqluq eləyəndə, vurarlar
da. Bir dəfə gəlinimizin
nişan üzüyünü
barmağıma taxmışdım, barmağım şişdi, üzüyü
kəsməli oldular. Onda
məni az qalırdı öldürsün.
Ondan sonra bir daha nişan
üzüyü taxmadım...
Ş.H: - Evin böyük qızı olduğuma görə, bacılarımın, qardaşlarımın
qayğılarını anamla
birgə çəkmişəm.
Aybəniz anadan olanda,- o, evdə
anadan olub, həkim onu birinci mənim qucağıma verib. Elə mənə öyrəşmişdi
ki, qucağımdan yerə qoyanda, özünü yeyib-tökürdü.
Özü də elə zildən çığırırdı ki...
Məni zorla müğənni
elədilər. Amma Aybəniz
anadan müğənni
doğulmuşdu. 3-4 yaşı vardı, mən evdə məşq edəndə stolun altına girib nağara çalırdı. Görürdüm ki, həqiqətən ritmi düz tutur. Ondan sonra oldu mənim nağaraçalanım.
Mən məşq edəndə,
o da məni ritmlə müşayiət
edirdi. Bir müddət keçəndən
sonra aparıb Aybənizi musiqi məktəbinin fortepiano sinfinə
qoydum. Həmin musiqi məktəbində
bilirdilər ki, mənim bacımdır, səsi olduğuna görə oxudurdular.
Amma mənim bunlardan xəbərim yox idi. Bir gün Fikrət müəllim mənə dedi ki, "bəs, Gəncənin birinci katibi Həsən Həsənov
haradasa balaca qəşəng bir qız uşağının
oxumasını eşidib,
onu təcili axtarır..."
A.H: - Rəhmətlik
ümummilli liderimiz Heydər Əliyev Gəncəyə gələndə,
konsertdə oxudum. Sonra bizi Bakıya konsertə çağırdılar.
O dövrdə "Qarabağ
bülbülləri"ndən başqa oxuyan uşaq yox idi.
Yadıma gəlir, rəhmətlik
Xeyransa Məmmədova
orada "Sarı bülbül" mahnısı
oxudu. Məhz Xeyransaya və mənə görə o dövrdə Bülbül
adına Musiqi Məktəbində Heydər Əliyevin göstərişi ilə
muğam sinfi açıldı. 1980-ci ildə də H.Əliyevin göstərişi
ilə bizim ikimizi də həmin şöbəyə
qəbul etdilər.
Lakin mən həmin il
getmədim. Şahnaz qoymadı, dedi ki, əl boyda
uşaq, gedib təkcə Bakıda necə qalacaq? Axırda güc-bəla, razılaşdı.
Elə oldu ki, sonrakı il bu şöbəyə şagirdlərin
qəbulu üçün
ümumrespublika muğam
müsabiqəsi keçirildi.
Və 10
000 uşağın arasından
cəmi 9 uşaq məktəbə götürüldü
ki, onlardan biri də mən
idim. Amma o uşaqlardan indi sənətdə bir mənəm, bir də Könül Xasıyeva...
İLTİFAT
Ekspress.-2013.- 26-28
oktyabr.- S.19.