"Mən GÖYÇƏli,
sən də BOYAT elindən"...
("Əli Vəkil- 75"
silsiləsindən)
"Beşguşə" - Güney Azərbaycan, Quzey Azərbaycan, Dəmir qapı Dərbənd, Borçalı-Qaraçöp mahalları, Qərbi Azərbaycan (hələ əcəmi demirəm) - yurdumuzun harasına baxsan, sənət adamı dəyir gözünə, bu torpaqların hansı daşını qaldırırsan, sənət nümunəsinə rast gəlirsən, hansına əl atırsan, sözdən, sənətdən xəbər verir sənə.
Ərazi etibarilə "guşə"lərin hər birinin özünəməxsus xüsusiyyətləri, spesifik sənət sahələri olduğu kimi, Qərbi Azərbaycan, Göyçə deyəndə də, digər sənət xiridarları ilə yanaşı, ilk növbədə, söz və saz sənəti, Azərbaycan aşıq sənətinin peyğəmbəri, ozanlar ozanı, aşıqlar aşığı, şairlər şairi Dədə Ələsgərin uşaqdan-böyüyə dillər əzbəri olan sənət dünyası gəlir gözümüzün önünə.
Göyçənin başı buludlara dirənən - qarı bəzən yayda da əriməyən əzəmətli dağlarından, ucu-bucağı görünməyən yamyaşıl meşələrindən, hərəsinin öz tarixçəsi olan buz bulaqlarından, dərədibi qıvrıla-qıvrıla "şütüyən" gur çaylarından, al-əlvan bəzənmiş çəmənlərindən, dünyanın ən nadir balıqlarına qoynunda yer eləmiş və onlara həsrətli gözlərinin yaşından su verən Göyçə gölündən, daha nələrdən, nələrdən... mənəvi və ruhi qida almamaq, bütövlükdə bu əsrarəngiz gözəlliyin heyranı olmamaq olarmı?!
Bu yerlərdə doğulasan, ana laylan saz üstündə söz ola, bu yerlərin suyu damarlarında qana çevrilə, bu torpağın yetirdiyi nemətlərlə böyüyəsən, bu yerlərin havası ilə ruhunu doydurasan... şair olmayasan - özü də şeirləri adamın canına məlhəm kimi yayılan Əli Vəkil kimi - bu mümkün deyil!
Dönüb baxdı o qız bir də,
Dindi könlüm pərdə-pərdə.
Demə, nazlı gözəllərdə,
Gözündən gülmək var imiş...
...Ömür keçir güllü yazda,
Min məna var hər avazda.
Nə yaxşı ki, dünyamızda,
Sevib-sevilmək var imiş...
Bu o Əli Vəkildi ki, ömrünün pirani çağlarında yaradıcılığının ən mükəmməl nümunələrini yaratmaqla məşğuldur.
Bu o Əli Vəkildi ki, doğulub, boya-başa çatdığı torpağın həsrət iyi gəlir hər misrasından.
Bu o Əli Vəkildi ki, böyük bir obanın, köklü-kökməlli bir nəslin məsləhət yeri, umacaq yeridir.
Bu o Əli Vəkildi ki, sevimli nəvələrinə nəvaziş göstərməklə yanaşı, 50 ildən artıq bir zaman kəsiyində ömür-gün yoldaşı və təkcə ömür-gün yoldaşı yox, həm də sevgi şeirlərinin mənbəyi, şeirlərinin ilk oxucusu və tənqidçisi olan, hələ İrəvan radiosunda fəaliyyət göstərdiyi dövrdə izdivaca girdiyi, İrəvanlı türk qızı, dəyərli Göyərçin xanımın tükənməz sevgilərini hər an yaşatmaqdadır...
Onu mütamadi olaraq mətbuat səhifəsində nəşr olunan şeirlərindən tanısam da, şəxsi tanışlığımız yox idi, nədənsə rast düşməmişdik bir-birimizə. Yəqin ki, hələ
görüş qismətini qazanmadığımızdan idi
bu görüşməmək.
2005-ci ilin son ayı,
daha dəqiq desəm, Şərq təqviminə görə
qışın girən günü, 22 dekabr idi.
Ömrünün 50 ilinə yaxın bir dövrünü Azərbaycan
səhiyyəsinin inkişafına sərf etmiş, gözəl
səhiyyə təşkilatçısı,
tanınmış həkim, el dili ilə desək, mənə
bacanaq düşən, ən başlıcası isə
qeyri-adi mehribanlığı, şirin
danışığı, səmimi münasibəti ilə
başqalarından seçilən, əslən Qəbələ
şəhərindən olan mərhum Xalid Qasımovun 70 illik
yubiley gecəsi idi. Bakının "8-ci
kilometr" deyilən ərazisində yerləşən,
"Maşın bazarı" kimi tanınan yerin
yaxınlığındakı "Qarabağlar"
restoranında xudmani bir məclis idi.
Xalid müəllim məni bir
masanın arxasında əyləşdirərək, süfrə
arxasında məndən əvvəl əyləşmiş
üç nəfər şəxslə tanış
etdi. Üzdən onlardan birini - Azərbaycanın
fəlsəfə elminə böyük töhfələr
vermiş, uzun illər rəhbər vəzifələrdə
çalışmış professor İzzət Rüstəmovu
tanısam da, digər iki nəfəri tanıya bimədim.
Xalid müəllim məni onlara
şair kimi təqdim etdi və "İzzət müəllim,
Yaşar müəllim və Əli Vəkil", - deyərək
onlarla məni də tanış etdi.
Deməli, onlardan biri
tanınmış iş adamı, xalqına-millətinə dərin
məhəbbəti ilə həmişə qürur verən və
azərbaycançılığa əsl nümunə olan
Yaşar Əliyev, ikincisi isə şeirlərini həmişə
həvəslə oxuduğum şair Əli Vəkil idi.
...Şərtləşdiyimizə
görə Əli müəllimlə
görüşümüz olmalı idi. Özü də
Əli müəllim söz vermişdi ki, mənim iş yerimə,
o dövrdə çalışdığım Dövlət
Sosial Müdafiə Fonduna gələcək və şeirdən,
sənətdən söhbət açıb, dərdləşəcəyik.
Amma Əli müəllimdən səs-soraq gəlmirdi
ki, gəlmirdi. Dəqiqliyi xoşladığımdan
Əli müəllimin bu "gecikməsini" nəzmə
çəkməyə bilməzdim, çəkdim də, yanvarın
qarlı-məşəqqətli bir günündə:
Müddətdir sorağın, səsin
gəlməyir,
Bir atım
barıtın var, Əli Vəkil.
Sızaqdan
burnumun ucu göynəyir,
Yağıbdır
Bakıya qar, Əli Vəkil!..
Əli müəllim
cavabını çox gözlətmədi və yazdı:
Heç
yarım atımlıq barıtım yoxdur,
Deyiləsi sözüm var, ay Fəxrəddin!
Görüşmək istəyim, həvəsim
çoxdur,
Yollara yağmasın qar, ay Fəxrəddin!..
Hər ikimizin 12 bənddən ibarət
olan deyişməmizin axırı belə qurtarır:
...Ay şair qardaşım -
Göyçə elindən,
Eşidim dastanı sənin
dilindən.
Fəxrəddin Meydanlı BOYAT
elindən,
Qoy çəksin aləmə car,
Əli Vəkil!
...Əli Vəkil doymaz Göyçə
gölündən,
"GÖYÇƏ
dastanı"nı eşit dilindən.
Mən
GÖYÇƏli, sən də BOYAT elindən,
Eyləyək
aləmə car, ay Fəxrəddin!
Bax beləcə
yaxınlaşdıq, dostlaşdıq, sirdaşlaşdıq
Əli Vəkillə. Qısa bir zaman kəsiyində
məndə elə bir təəssürat yarandı ki, elə
bil Əli Vəkillə bir kənddə, bir obada
doğulmuş, bir arxın suyundan su içmiş, eyni bir
mühitdə böyüyüb, boya-başa
çatmışıq. Hətta
aramızda fərq yaradan 16 yaş da "bir iş" görə
bilmədi.
Əli müəllim
əsrlərdən bəri yüzlərlə şairin ana
haqqında yazdığı şeir nümunələrini bir
yerə, üçrəngli bayrağımızın rəngləri
ilə boyanmış "ANA, ANA, ANA" toplusuna cəm edəndə,
mənim də iki şeirimi bu topluya daxil etdi.
Onunla daha yaxından tanış
olduqca, Əli müəllimin həyatını əsasən
beş gərəkli işə - radio jurnalistikasına, tərcümə
işinə, müxtəlif mövzulu, müxtəlif
çalarlı ədəbi topluların nəşrinə,
şəxsi ədəbi yaradıcılığına və
təbii ki, ailəsinə və üç
övladının təlim-tərbiyəsinə sərf
etdiyini başa düşdüm.
Əli Vəkil
oğlu Səfiyev yuxarıda bədii portretini çəkməyə
çalışdığım əzəli-əbədi
türk torpağı olan Göyçənin Basarkeçər
bölgəsinin Yuxarı Şorca obasında sadə bir kəndli
ailəsində göz açıb dünyaya, özü də
1938-ci ilin yazının yayına qovuşa-qovuş bir vədəsində
- 10 iyun tarixində.
Öz kəndlərində
məktəbə ayaq açsa da, Yuxarı Şorcada orta məktəb
olmadığından Şişqaya kənd orta məktəbini
bitirib Əli Səfiyev.
O, İrəvanda Pedaqoji
İnstitutun fizika-riyaziyyat fakültəsinin azərbaycan
bölməsində təhsil aldığı vaxtlardan
(1955-1960) bədii yaradıcılığa meyl göstərmiş
və eyni zamanda tərcümə ilə də məşğul
olmuşdur. Ədəbiyyata olan marağı və
hər iki dili sərbəst bilməsi onu Televiziya və Radio
Verilişləri Komitəsinin Azərbaycan dilində
verilişlər redaksiyasına gətirmiş və o burada
uzun illər (1960-1972) diktor-redaktor vəzifəsində
çalışmışdır.
Hər canlı efirə
Azərbaycan dilində "Danışır İrəvan"
cümləsi ilə başlayan Əli Səfiyev verilişlərin
birini bilməyərəkdən (bəlkə də bilərəkdən)
"Danışır Bakı" ifadəsi ilə
başlamışdı. Verilişi başa
çatdırandan sonra rəhbərlik ondan
"Danışır İrəvan" demək əvəzinə
"Danışır Bakı" dediyinə görə dinləyicilərdən
üzr istəməsini tələb etsə də, o bu hərəkəti
etməkdən türk oğlu türk olaraq imtina etmiş və
bu addımı atmamışdır...
O, istehsalatdan ayrılmadan
M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun (indiki Azərbaycan Mədəniyyət
və İncəsənət Universiteti)
teatrşünaslıq fakültəsinin qiyabi şöbəsini
də bitirmişdir (1970).
Ötən əsrin 70-ci illərində
ailəsi ilə Bakıya köçən Əli müəllim
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsinin "Xəbərlər" Baş
Redaksiyasında redaktor (1972-1975), Azərbaycan
Yazıçılar İttifaqının orqanı olan
"Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan")
jurnalının redaksiyasında əvvəlcə şöbə
müdiri (1977-1988), sonradan isə məsul katib (1988-1990), son
vaxtlar isə "Azərnəşr"də "Göy
qurşağı" redaksiyasının müdiri vəzifələrində
çalışmışdır (1990-1999).
Əli Vəkilin
"Sona bulağı" adlandırdığı ilk
şeirlər kitabı hələ 1963-cü ildə, şair
25 yaşında ikən İrəvanda işıq üzü
görmüşdür. Onun bu qədim
türk şəhərində daha sonralar "Zəfər
çələngi" (1967), "İki günəş"
(1971), "Əli Şahsabahlı" (1973) adlı
kitabları da həyata vəsiqə ala bilmişdir.
1968-ci ildən Azərbaycan
Jurnalistlər İttifaqının, 1972-ci ildən isə Azərbaycan
Yazıçılar Birliyinin üzvü, "Araz" Ali
Ədəbi Mükafatı laureatı (1998) olan şair
Prezident mükafatçısı, çoxsaylı kitablar
müəllifidir: Bakı həyatından pərvazlanan
"Ana həsrəti" (1979), "Göyərçinlər"
(1983), "Yeddi dağ" (1984), "Şəlalə"
(şeirlər və poemalar, 1988), "Ana
qayğısı" (1991), "Ellərin İsgəndəri",
"Əbədi dünya" (poema), "Doğma yollar",
"Ömür karvanı", "Kişi ömrü",
1990-cı ilin qanlı "20 yanvar"ının məhəbbət
mücahidləri "Fərizə-İlham dastanı",
"Cərrah Vaqif möcüzəsi", "Ramiz sənətinin
sehri" və "Çal, ay ustad", "Aqillər, ariflər,
alicənablar"... və bu kimi neçə-neçə
kitablar, kitabçalar...
Əli Vəkil Azərbaycan
şeirinin bütün janrlarında qələmini sınayan
şairlərimizdəndir. Onun
qoşmaları, gəraylıları, müxəmməsləri,
təcnisləri aşıqlarımızın repertuarından
düşmür.
Əli Vəkil
geniş spektrli şair olmaqla, onun Vətən, torpaq, sevgi
şeirləri ilə yanaşı, müşahidə etdiyi elə
bir hadisə yoxdur ki, bu onun qələminin məhsuluna
çevrilməmiş olsun.
Elə Azərbaycan
şairi tapılmaz ki, onun bu doğma diyara həsr etdiyi
heç olmasa bir şeiri olmamış olsun, təbii ki, hərənin
özünün çalarında. Bu mənada,
Əli Vəkilin "Nəğmə borcu" adlı
şeiri də başqa bir çalarda, başqa bir rəngdədir.
Canım, ciyərimsən, Azərbaycanım,
Bir nəğmə
borcluyam haçandan sənə.
Şöhrətim, vüqarım,
dinim, imanım,
Kimlər
söz qoşmayıb gözəl hüsnünə...
...Mən sənə bir nəğmə
borcluyam axı,
Övladlıq borcu da çiynimdə yükdür.
Arxada
qalıbdır ömrümün çoxu,
Anatək
xidmətin, qayğın böyükdür...
Fəxrəddin
MEYDANLI
Ekspress.-2013.- 26-28 oktyabr.- S.21