"Atam saçlarımı darayıb hörməyi çox sevərdi"

 

Abbas Mirzə ilə Mərziyyə Davudovanın yeganə yadigarı Firəngiz Şərifova: "Sonra atam başqa qadınla evləndi, anam da Ülvi Rəcəblə ailə qurdu"

 

İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır?

   Bu rubrikada məqsədimiz ömrünü millətinin inkişafına sərf edən dahiləri yad etmək, onları indiki nəslə tanıtdırmaq və sevdirmək, tanıyanlara isə yeni nə isə deməkdir.

   Rubrikamızın budəfəki qonağı Azərbaycan teatr məktəbinin yaradıcıları Abbas Mirzə Şərifzadə ilə ilk qadın aktrisalarımızdan biri, SSRİ xalq artisti Mərziyyə Davudovanın yeganə yadigarı, xalq artisti Firəngiz Şərifovadır.

       - Atam Abbas Mirzə Şərifzadə 1891-ci ildə Şamaxıda anadan olub. 1893-cü il Şamaxı zəlzələsindən sonra ailəsi Bakıya köçüb. Bakıda atamgilin böyük mülkləri olub. Atamın uşaqlıqdan ədəbiyyata, teatra böyük marağı varmış. Onun böyük qardaşı Qulammirzə Almaniyada təhsil almış, mühəndis ixtisasına yiyələnmişdi. Ancaq bununla belə, əmim Şamaxıda teatr tamaşaları təşkil edər və özü də pyeslər yazardı. Atama da ədəbiyyata həvəs qardaşından keçmişdi. Buna görə də 14 yaşında rəhmətlik Hüseyn Ərəblinskinin yaratdığı teatr truppasına daxil olub, ondan aktyorluğun sirlərini öyrənir. Ərəblinskini dayısı oğlu öldürəndən sonra onun oynadığı bütün rolları atam oynayır.

   Anam isə 1901-ci ildə Həştərxanda anadan olub, özü də milliyyətcə tatardır. 15 yaşı olanda rus-tatar məktəbini bitirib və elə həmin məktəbdə tatar uşaqlarına rus dilindən dərs deyib. Həmin məktəbdə dram dərnəyi də varmış və anam da həmin dərnəyin üzvü imiş. 1918-ci ildə Ərəblinski öz truppası ilə Həştərxana qastrola gedir. Orada yaşayan sənət dostları onu anamın işlədiyi məktəbdə səhnəyə qoyulan tamaşaya baxmağa dəvət edir. Həmin tamaşada anam da oynayırmış və Ərəblinskinin xoşuna gəlir, onu Bakıya dəvət edir. Bilirsiniz ki, o illərdə başqa millətlərdən fərqli olaraq azərbaycanlı qızlar səhnəyə çıxmırdılar. Anam 1918-ci ildə Bakıya gəlmək istəyirmiş, ancaq anası xəstələndiyi üçün gələ bilməyib. Nəhayət, 1920-ci ildə Bakıya köçüb. Bu zaman Ərəblinski artıq həyatda yox idi. Onun yaratdığı truppaya isə atam rəhbərlik edirdi. Həmin il atamla anam tanış olurlar, 1923-cü ildə isə evlənirlər. 1924-cü ildə mən anadan olmuşam.

   Onlar uzun illər bütün tamaşalarda tərəf müqabili olublar. Həmişə baş rollarda oynayıblar. Sonra isə 1937-ci il gəlir... Həmin il Azərbaycan teatr sənətinin iki sütunu- Abbas Mirzə ilə Ülvi Rəcəb "vətən xaini" damğasıya güllələnir.

   - Onları nədə günahlandırdılar?

   - Sənədlərdə atamı İran kəşfiyyatına işləməkdə günahlandırırdılar. Əslində, məsələ başqa cür idi. Əmim Qulammirzə Şərifzadə 1919-cu ildə İrana köçmüşdü. Orada əmim o qədər məşhur olub ki, hətta İran şahı ilə dostluq edib. Atam da qardaşı ilə tez-tez məktublaşırdı. Həmin məktubları NKVD- çatdırıb demişdilər ki, Abbas Mirzə İrana işləyir.

   Ülvi Rəcəb milliyyətcə acar idi. Özü İstanbulda ali təhsil almışdı. Onu da pantürkist damğasıyla məhv etdilər.

   - Deməli, həm atanız, həm atalığınız 37-ci il repressiyasının qurbanı oldu. Atanızla ananız niyə boşanmışdılar?

   - Onda mən çox balacaydım bu barədə heç bilmirəm. Bir , ərlə arvad üstündə boşanır? Ancaq onu deyim ki, onlar ayrılandan sonra da münasibətləri çox yaxşı idi. Atam həbs olunana qədər səhnədə anamla tərəf müqabili olub.

   Atamla anam 1930-cu ildə ayrılıblar. Sonra atam başqa qadınla evləndi, anam da Ülvi Rəcəblə ailə qurdu. Buna baxmayaraq, atam Ülvi Rəcəblə ömrünün axırınadək yaxın dost kimi qaldı.

   - Siz valideynlərinizdən hansının yanında qalırdınız?

   - Mən anamın yanında qalırdım. Anam da məni hərdən özü ilə teatra aparırdı. Oradan isə atamla gəzməyə gedirdim.

   - Atanızın həbs olunmasını necə xatırlayırsınız?

   - Həmin illəri xatırlayanda, çox pis oluram. O vaxt mənim 13 yaşım vardı. Heç başa düşmürdüm. Elə bilirdim ki, atamı azad edəcəklər. Ancaq yadıma gəlir ki, anam gecələr yatmırdı. Çünki o vaxtlar insanları gecə gəlib evlərindən aparırdılar. Anamın bu narahatçılığını da anlaya bilmirdik. Ancaq anam atalarımızın geri qayıtmayacağını çox gizlədə bilmədi... Əvvəlcə Ülvini, sonra da Abbas Mirzəni aparmışdılar. İkisini tamaşadan sonra...

   - Atanız xatirinizdə necə qalıb?

   - Atamla anam ayrılandan sonra mən həmişə yayı atamla keçirirdim. O dövrdə aktyorlar bütün yayı qastrollarda olurdular. Mən atamla Azərbaycanı demək olar ki, qarış-qarış gəzmişəm. O günləri heç vaxt yadımdan çıxarmaram. Atamın çox yumşaq əlləri vardı. Onun əllərini indi saçlarımda hiss edirəm. Atamla olanda, həmişə özü mənim saçımı darayırdı. Mənim uzun saçım vardı atam onu darayıb hörməyi çox sevərdi, heç kimə icazə verməzdi ki, saçıma toxunsun. Bir dəfə saçımı darayanda, darağın dişi boynumdakı xalı qopartdı boynumu qan bürüdü. Atam xalı yerinə qoyub bağladı. Həmin xal indiyədək qalır...

   Bir dəfə hansısa rayona qastrola gedəndə, xəstələnmişdim, dezinteriya olmuşdum. Mənə gənəgərçək yağı içirmək istəyirdilər. qədər dedilər, içmədim. Axırda atam qabı uzatdı ki, "ay Firəngiz, bunu ". Əlindən necə vurdumsa, yağ üstünə dağıldı. Güldü-güldü dedi ki, "bu yağla heç vaxt qrim etməmişdim".

   - Abbas Mirzə ilə Ülvi Rəcəb güllələnəndən sonra sizə təzyiqlər çoxmu oldu?

   - Çox əzab-əziyyət çəkdik. Ələlxüsus da qardaşlarım çox əziyyət çəkdilər. Onları oxuduqları ali məktəblərdən xaric etdilər. Sonradan anam çox əziyyətlər hesabına onları yenidən ali məktəbə qəbul etdirə bildi.

   - Sizin aktrisa olmağınıza ananız necə yanaşdı?

   - Ümumiyyətlə, aktyorlar istəmirlər ki, övladları da onların yolu ilə getsin. Çünki bizim sənətimiz çox əziyyətlidir. Ailədən kənar düşürsən, gecə-gündüz teatrda olmalısan. Ona görə anam istəmirdi ki, mən səhnəyə gəlim. Ancaq səhnəyə meylim çox böyük idi.

   - Firəngiz xanım, necə düşünürsünüz, istedad irsidirmi?

   - Bəli, qan öz sözünü deyir. Düzdür, bu həmişə belə olmur. Çünki böyük-böyük sənətkarların əksəriyyətinin valideynləri teatrın olduğunu bilməyib.

   - İstərdim, bir az da Mərziyyə xanım barədə danışaq...

   - Anam çox əsəbi idi. Amma bununla belə, çox iradəli, qüvvətli qadın idi. Çünki ancaq güclü, iradəli qadın bu dərdlərə dözə bilərdi. Müharibə illərində övladlarını təkbaşına dolandırdı. Bunun üçün qiymətli nəyi vardısa, hamısını satdı. Elə bu çətinliklərə görə dünyasını tez dəyişdi. Dünyadan köçəndə anamın altmış yaşı təzəcə tamam olmuşdu. Dekabrda 60 yaşı tamam oldu, yanvarda rəhmətə getdi...

   Mərziyyə xanım çox sadə qadın idi. Tanımayan adam küçədə anamı görsəydi, onun aktrisa olduğuna inanmazdı. Çox sadə geyinirdi. Heç vaxt kosmetikadan istifadə etməzdi. Təkcə şuba geyinməyi xoşlayardı.

   - Övladları ilə münasibəti necə idi?

   - Anam övladlarına qarşı çox tələbkar idi. Əgər dediyi vaxtdan 2 dəqiqə evə gec gəlsəydik, evdə mütləq səs-küy olmalıydı. Elə ki, eynəyi burnunun ucuna düşürdü altdan-altdan baxırdı, bu bizim üçün bəs idi, gizlənməyə yer axtarırdıq.

   - Ananızın ən yaxın rəfiqələri kimlər olub?

   - Fatma Qədri ilə çox yaxın idi. Sonralar isə ən çox Sofa Bəsirzadə ilə dostluq edirdi. Bundan başqa, onun ən yaxın rəfiqələrindən biri Qəmər xanım Topuriya idi. O, Tiflisdən gəlmişdi yaxşı paltar tikməyi vardı.

   - Heç ananızla tərəf müqabili olmusunuzmu?

   - Bəli, anamla eyni tamaşada səhnəyə çıxmaq mənə nəsib olub. Mən bir müddət "Azdrama"da işləmişəm. Rəhmətlik Tofiq Kazımov "Gözəllik adası" adlı tamaşa hazırlamışdı. Onda anam cərrahiyyə əməliyyatından təzəcə çıxmışdı, yaman xəstə idi. Bir döşünü kəsib götürmüşdülər. Ağır xəstə olmağına baxmayaraq, ayağa durdu o cür böyük rolu oynadı. Həmin tamaşada mən rəhmətlik Sofa Bəsirzadənin "qızı", anam da onun "rəfiqəsi"ni oynayırdı. Mən anamı ilk dəfə məhz həmin tamaşada aktrisa kimi görmüşəm. Hətta tamaşanın ilk premyerasında səhnədə mən onun qarşısında özümü itirmişdim. Anam gördü ki, qabağında bir "heykəl" dayanıb belə bir replika işlətdi: "Xahiş edirəm, gedin, ananızı çağırın". Onun "gedin" kəlməsi məni elə bil özümə qaytardı... Onda mən başa düşdüm ki, bu aktrisada qədər əzəmət varmış.

   - Ananızın son gününü necə xatırlayırsınız?

   - Mən, ümumiyyətlə, atamla anamı düşünəndə çox pis oluram. O, həyatdan tez köçdü. Bayaq dedim, süd vəzisində xərçəng aşkar olunduğuna görə döşünün birini kəsmişdilər. Cərrahiyyə əməliyyatından sonra cəmi bir il yaşadı. Xəstə yatdığı müddətdə həm xəstəxanada, həm də evdə ona ancaq özüm qulluq edirdim. Bu bir ildə çox əziyyət çəkdi, yorğan-döşəkdən dura bilmədi. Bu müddət ərzində anamı belə görüb mən də çox əzab çəkdim. Anam gözümün qabağındaca şam kimi əriyirdi. Bu xəstəlik elədir ki, son nəfəsinədək insanın huşu özündə olur. Son sözü mənə bu oldu: "Mən səndən razıyam".

 

   

İLTİFAT

 

Ekspress.-2013.-14-16 sentyabr.- S.12.