Mir Cəfər
Bağırov və Teymur Quliyev
Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən qalmaqallı və
indiyədək ətrafında söz-söhbətlərin
dolaşdığı məhkəmələrdən biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini
təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır" başlığını
yalnız rubrika kimi
saxlayırıq.
1955-ci ilə aid arxiv
materiallarının araşdırılmasından bu qənaətə gəlmək olur ki, həmin dövrdə
Azərbaycan KP MK Bürosu iclaslarında Mir Cəfər Bağırovun həbsinə etiraz edən azərbaycanlılar ciddi cəzalandırılır, Mir Cəfərə qara yaxan ermənilər şirnikləndirilirdi.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
saxlanılan bəzi materialları nəzərinizə
çatdırıram.
1955-ci il mart ayının 7-də Kirovabad
şəhərindən Rzayev Mikayıl Ağali oğlu Moskvaya - "Pravda" qəzetinin
redaktoruna aşağıdakı məktubu
göndərmişdir:
"Xahiş
edirəm, özünüzdə cəsarət tapıb mənim
məktubumu rəhbərlərimizə çatdırasınız.
Stalinin ölümündən sonra rəhbərlərimizin ona
qarşı münasibəti tamamilə dəyişmişdir.
Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvləri
Stalinin sağlığında onu sərkərdə, korifey,
dahi rəhbər və s.
ifadələrlə tərifləyirdilər, indi
isə eyni adamlar tamam əksinə danışırlar. Elə
çıxır ki, rəhbərlərimiz
Stalinin sağlığında ikiüzlü, yaltaq və
s. olmuşlar, buna da inanmaq
çətindir.
Xalqın öz
rəhbərinə sönməz məhəbbəti
olmalıdır. Ancaq hazırda kiminlə görüşürsən,
söhbəti Stalindən başlayır, deyir
ki, Stalin 30 il partiyamıza və dövlətimizə rəhbərlik
etmişdir. İndi
hakimiyyətə Malenkov yoldaş
gəlmişdir, Stalinin nüfuzu
və fəaliyyəti görünməz olmuşdur.
Malenkov yoldaş və
digər rəhbərlər xalqın içərisinə
çıxsalar, görərlər ki, mənim
dediklərim xalqın səsidir. Stalini
xatırlamamaq - xalqımızın mənəviyyatına zərbədir.
İndi də
M.C.Bağırov haqqında. O, 20 ildən çox
respublikamıza rəhbərlik etmişdir.
Bu nədir, Stalin öldü, Bağırov da
ölməlidir?! Bir əclaf - Beriya peyda oldu.
Bunun Bağırova nə dəxli var? Hazırki rəhbərlərimizin
hamısı 20 ildən çox Beriya ilə birlikdə işləmişlər.
Bağırov isə onunla işləməmişdir.
Yaxşı, Beriya yaramaz
və əclafdırsa, Bağırov neyləsin?
Bağırov Sovet hakimiyyətinin
düşməni olmamışdır, o,
ləyaqətli rəhbər idi.
Hazırda Azərbaycanda keçirilən yığıncaqlarda
Bağırovun əleyhinə ağzına gələni
danışanlar məsuliyyətsiz boşboğazlardır. Stalin Stalin olaraq
daim yaşayacaqdır, onu
unutmaq olmaz.
Bağırovu da məhv etmək hökumətimizə
şərəf gətirməyəcəkdir.
Ünvanımı yazmıram, çünki mənə cavab
lazım deyildir. Məqsədim budur ki, hökumətimiz bilsin ki, xalq
onların barəsində nə düşünür.
7 mart 1955-ci il".
"Pravda"
qəzetinin redaktoruna yazılmış məktub
Azərbaycana göndərilmişdir. Dövlət Təhlükəzlik
Komitəsinin əməkdaşları anonim
müəllifi axtarıb tapmışlar. Məktub sahibi Azərbaycan KP MK Partiya
Komissiyasına aşağıdakı izahatı
yazmışdır:
"Stalinin
ölümündən sonra onun haqqında az
yazılması, həmçinin Bağırovun öz işinin bilicisi olması barədə "Pravda" qəzetinin redaktoruna
yazmaqla kobud səhvə
yol vermişəm. Partiya
üzvü kimi özümü günahkar
bilirəm, başa düşürəm ki, məktubu yazarkən fikirləritmi siyasi cəhətdən düzgün
ifadə etməmişəm. Səhvimi düzəldəcəyimə
söz verirəm. Bir daha belə hərəkətə yol verməyəcəyimə inanın.
İndiyədək nə özüm, nə
ailəm və nə də qohumlarımdan heç
kəs partiya və dövlətimizin mənafeiyinə
zidd davranışda olmamışıq. Bir daha məni
bağışlamağı acizanə xahiş
edirəm.
İmza: M.Rzayev
10.03.1955-ci il".
Kirovabad şəhəri
Nizami rayfonundakı maşın-traktor
stansiyasının otuz doqquz
yaşlı direktorunun acizanə
xahişinə məhəl qoyulmamışdır. Məsələyə
Azərbaycan KP MK Bürosunda
baxılmışdır.
"Azərbaycan KP MK Bürosu iclasının 24 mart
1955-ci il tarixli qərarı
M.A.RZAYEVİN ANTİPARTİYA
DAVRANIŞI BARƏDƏ
Mikayıl
Ağali oğlu Rzayev 1916-cı ildə anadan olmuşdur, 1945-ci il mart ayından
Sov.İKP üzvüdür,
partiya bileti H06566157, ali thsillidir, Kirovabad şəhəri Nizami rayonundakı maşın-traktor
stansiyasının direktorudur.
O, 1954-cü ilin
yanvarında "Pravda" qəzetinin redaktoruna antipartiya məzmunlu
imzasız məktubunda Kommunist
Partiyasının və Sovet dövlətinin
rəhbərlərinə ləkə atmış,
M.C.Bağırova qarşı sürülən ittihamları ədalətsiz
və əsassız hesab etmişdir.
Rzayev boynuna alır ki,
imzasız məktubu həqiqətən özü
yazmışdır. Ancaq
yazdıqlarının antipartiya məzmunlu
olmasına siyasi qiymət verilməsini inkar edir. Rzayev
Partiya Komissiyası tərəfindən işinin yoxlanılması zamanı Azərbaycan
KP MK Bürosu iclasında da
özünü qeyri-səmimi
aparmış, antipartiya
davranışı barədə verilən suallara
tamamilə qeyri-qənaətbəxş izahatlar
vermişdir.
Azərbaycan KP MK Bürosu
QƏRARA alır:
1. Rzayev Mikayıl Ağali oğlu antipartiya və böhtan xarakterli anonim məktub hazırlayaraq "Pravda" qəzetinin redaktoruna
göndərdiyinə, məsələsinə Azərbaycan MK Bürosu iclasında baxılan zaman
qeyri-səmimi davranışına görə partiya
sıralarından kənar edilsin.
2. Azərbaycan SSR kənd təsərrüfatı
naziri H. Seyidov yoldaşa tapşırılsın ki, Rzayevi Nizami
Maşın-Traktor Stansiyası direktoru vəzifəsindən
azad etsin.
Azərbaycan KP MK katibi İmam Mustafayev
29 mart 1955-ci il".
Beləliklə,
39 yaşlı ali savadlı mütəxəssis, 10 illik
partiya stajına malik soydaşımız həm partiyadan çıxarılmış, həm
də işsiz qalmışdır. Bütün halal
zəhmət sahibi olan gəncəlilər, onların arasında Nizami MTS-nin fəhlələri, Teymur Quliyevin direktoru olduğu üzümçülük
sovxozunun əməkçiləri
yaxşı bilirdilər
ki, Mikayıl Rzayev həqiqəti yazmışdı. Fəqət 1955-ci ildə Azərbaycan Kommunist Partiyasının baş qərargahı Mir Cəfər Bağırovun
lehinə olan soydaşlarımız üçün
cəza mərkəzi,
onun qarasına yazan daşnak-ermənilər
üçün şadlıq
evinə çevrilmişdi.
Məsələn, 1955-ci ildə Azərbaycan KP MK Bürosu iclasında erməni Mixail Nersesoviç Malyanın da məsələsinə
baxılmışdır. Və nəticəsi keçmiş
daşnakın xeyrinə
olmuşdur. Təfsilatı
ilə tanış
olun:
1955-ci il oktyabrın 7-də
Bakıdan Moskvaya, Sov.İKP MK Rəyasət
Heyətinə 1941-ci ilin
may ayından partiya üzvü Malyan Mixail Nersesoviç doqquz səhiflik məktub göndərmişdi.
Məktubdaha sonra Kremldən
Azərbaycan KP MK-nın
birinci katibi İmam Mustafayev yoldaşa göndərilir.
Məktubun
üzərində dərkənar
belədir: "Büronun
gündəliyinə salınsın.
İ.Mustafayev, 14 oktyabr".
Azərbaycan Respublikası
Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər Arxivində
Malyanın doqquz səhifəlik məktubunu
diqqətlə oxumuşam.
Yazılanlardan bəlli olur
ki, Malyan 1935-ci ildə Azərbaycan SSR
XDİ Komissarlığına işə götürülmüşdür.
1937-ci ildə Xoren Qriqoryanın rəis olduğu dördüncü şöbədə
istintaqla məşğul
olmuşdur.
Malyan
belə bir hadisəni xatırladığını
Sov.İKP MK Rəyasət
Heyətinin üzvləri
Xruşşov, Malenkov və
Mikoyanın nəzərinə
çatdırır: "Şamaxı
işi üzrə istintaqı davam etdirirdim. Xoren Qriqoryan məni
kabinetinə çağırdı.
Gördüm ki, İsrafil
İbrahimovla sorğu
aparır və dindirilmədən istədiyini
ala bilmir. Xoren Qriqoryan
mənə yaxın durdu, qulağıma ermənicə pıçıldadı
ki, İbrahimovu ayaq altına salıb şül-küt
edim. Mən qətiyyətlə bundan imtina edərək
kabinetdən çıxdım.
Bir neçə dəqiqə
keçmiş Xoren Qriqoryan həmin məqsədlə Mədət
Həsənovu kabinetinə
çağırdı və
o, İbrahimovu möhkəm
əzişdirəndən sonra
istintaq üçün
vacib olan ifadəni aldı. NKVD-də işlədiyim
müddətdə şahid
olurdum ki, həbslər yoxlanılmamış
ifadələr əsasında
aparılırdı. Yalan məlumatlarla
tutulmuş dustaqlardan bir neçəsini mən xilas etmişəm. Belələrindən hazırda Kirovabad Dram Teatrının
direktoru işləyən
İsrafil Cahangirovu, məşhur Azərbaycan yazıçısı Məmmədquluzadənin
oğlu Müzəffəri
və başqalarını
göstərə bilərəm.
Onu da qeyd edim
ki, Məmmədquluzadənin
oğlunu mən Şamaxı türməsindən
çıxarıb azadlığa
buraxmışam.
1938-ci ilin əvvəlində Sumbatov Moskaya işləməyə getdi.
Markaryan nazir müavini təyin olundu. Mən daxili işlər orqanlarında vətəndaşların
qanunsuz həbsə alınmasına dair topladığım faktlar
barədə Azərbaycan
KP MK katibi Bağırova
yazılı məlumat
göndərdim. Bu yaxınlarda SSR İttifaqı
hərbi prokurorunun köməkçisi Bozenko
yoldaş mənə bildirdi ki, həmin
məktubum Bağırovun
köməkçisi Novikova
həbs olunarkən ondan tapılmışdır.
Bozenko yoldaş
1954-cü il iyul ayının 13-də məni qəbul etdi, söhbət zamanı bildirdi ki, daxili işlər
orqanlarında işləyənlər
arasında o zaman sən Malyan yeganə işçisən
ki, yaramazlıqlardan heç kimdən çəkinmədən cəsarətlə
Bağırova yazmısan.
Sən xoşbəxt adamsan ki, bu
məktubuna görə
başına bir iş gətirməmişlər.
Bazenko yoldaşa cavab verdim ki,
"başıma iş
gətirmişlər", 1939-cu ilin yayında dövlət təhlükəzliyi
orqanlarından çölə
atılmışam. Bağırov bununla kifayətlənməmişdir.
Azərbaycan KP MK mühazirəçilər
qrupundan kənar edilmişəm, halbuki mən yarım əsrdən çoxdu fasiləsiz olaraq Azərbaycan KP MK və Bakı Komitəsinin mühazirəçisi idim.
Bağırovun göstərişilə
məni respublika partiya məktəbində
və qiyabi ali partiya
məktəbində müəllimliyimə
son qoyuldu, halbuki beş ildən çoxdu pedoqoji fəaliyyət göstərirdim".
Malyanın
1939-cu ildə DTK orqanlarından
qovulmasına aid arxiv matneriallarını araşdırmadan
1955-ci il oktyabrın
21-də Azərbaycan KP MK Bürosu
iclasının gündəliyinə
Mixail Nersesoviç Malyanın sayıqlamamları
"Sov.İKP üzvü
M.N.Malyanın ərizəsi
barədə" adı
altında gündəliyə
salınmış və
o, "M.Əzizbəyov adına
Azərbaycan Sənaye
İnstitutunun marksizm
-leninizm kafedrasının
müəllimi təsdiq
edilməklə" cəzalandırılmışdır.
əvvəli
və ardı var
Teyyub Qurban
Ekspress.-2013.- 14-16 sentyabr.- S.15.