Nailə Qazıyeva:
"Qadın jurnalist Azərbaycan
qadınının yaşadığı çətinliyin iki qatını yaşayır"
"Ayda, 3 ayda bir dəfə, fürsətdən - fürsətə çıxan (yəni sifarişli dərc olunan) qəzetə, sözsüz ki, münasibət məlumdur. Belə qəzetlər "odnorazovıy şpris" kimi olur. Onlara necə etibar etmək, o jurnalistə necə hörmət etmək olar?"
Hər
bir qurumun siması onun mətbuat xidmətinin rəhbəri, mətbuat sözçüsüdür. Məhz bu
sözçülərin köməkliyi ilə biz sorğularımıza cavab
alır, müəyyən fikirlərə münasibətlər
öyrənir, aidiyyəti insanlarla əlaqə
qurmaq üçün
yardım istəyirik. Amma təəssüf
ki, heç də bütün idarə və qurumların mətbuat
xidmətləri jurnalistlərin üzünə açıq olmur. Bununla belə, işinin öhdəsindən layiqincə gələn,
media əhlinin bütün
suallarını cavablandıran mətbuat xidməti rəhbərləri
də az deyil. Elə biz də "Sözçü"
rubrikamızda sizləri onlarla
tanış edəcəyik.
"Sözçü"nün
budəfəki qonağı Hesablama
Palatasının mətbuat xidmətinin rəhbəri Nailə
Qazıyevadır.
Qazıyeva (Məhərrəmova) Nailə Nəbi
qızı 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1982-83-cü illərdə
keçmiş Azərbaycan SSR Jurnalistlər
İttifaqı yanında Jurnalist Sənətkarlığı
İnstitutunda, 1988-1994-cü illərdə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil
alıb. 1978-ci ildən "Kirovabadın səsi" qəzetində
korrektor kimi işə
başlayıb, 1980-ci ildən Gəncədə
çoxtirajlı "Peyk" sahə qəzetində
müxbir kimi işə
başlayıb, daha sonra
qəzetin redaktoru olub.
1990-cı ildən
"Respublika" qəzetində (1991-ci ilin aprelində "Respublika"
qəzeti "Həyat" qəzeti ilə birləşmiş,
1992-ci ilin sentyabrından isə "Azərbaycan"
adı ilə dərc olunmağa
başlayıb), "Azərbaycan" qəzetində ədəbi
işçi, müxbir
işləyib. 1999-cu ildə Maliyyə Nazirliyində Analitik informasiya
şöbəsində çalışıb. 2002-ci ilin mayından Hesablama
Palatasının mətbuat xidmətinin rəhbəridir.
- Müxtəlif illərdə
müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə
çalışmısınız. Mətbuat xidmətinə
necə gəldiniz?
- 1999-cu ildə
qəzetçilikdən ayrılaraq
Maliyyə Nazirliyinin Analitik İnformasiya şöbəsində işə
qəbul olundum. Bir neçə il orda işlədim. 2001-ci ildə Heydər
Əliyevin təşəbbüsü ilə Hesablama
Palatası yaradıldı və 2002-ci ilin
mayından mən Palataya işə qəbul
olundum. 11 ildən artıqdır ki, burada işləyirəm.
- Jurnalistlərlə münasibətləriniz
necədir?
- Jurnalistlərlə
çox normal münasibətim
var. Bəlkə özüm də jurnalist olduğum üçün
qələm əhlini özümə yaxın qəbul edirəm.
Nə vaxt sualla
müraciət etsələr, səlahiyyətim və
imkanım daxilində cavablandırmağa
çalışıram. Əgər onlara
konkret informasiya verə
bilmirəmsə, ən azından onları həvəslə
dinləyir, suallarını yönləndirməyə,
aydınlıq gətirməyə çalışıram və
ya nə vaxt
cavablandıra biləcəyimi deyirəm. Çünki
mən özüm də bu
işə jurnalistlikdən gəlmişəm və bilirəm
ki, jurnalist harasa müraciət edirsə, qəzetinə hər
hansı məlumat verməlidir. Məlumat toplamaq,
xəbər vermək jurnalistin
funksiyasıdır və onun da işinin nəticəsi
olmalıdır. Digər tərəfdən, təşkilatın
fəaliyyəti barədə cəmiyyətdə aydın və
obyektiv təsəvvür yaratmaq
üçün də jurnalistlərlə
normal münasibət qurmaq
lazımdır. Bizim təşkilatda
informasiyanın ötürülməsi məsələsi çox operativ təşkil
olunub. Hər hansı tədbir və ya hadisə baş verdikdən
ən az bir saat sonra press-reliz
və ya xəbər hazır olur və saytımızda məlumat öz yerini tapır. Biz daha çox
saytda informasiya yaymağa üstünlük
veririk, çünki sayt vasitəsi ilə yayılan məlumat səciyyəvi
adlar (abbreviatura) və
ya terminlər baxımından daha dəqiq olur. Bu cür informasiya
vermək jurnalistlərin də işini
asanlaşdırır.
- İş
gününə necə başlayırsınız?
- İş günüm məhz qəzetlərlə başlayır. Gündə
ən azı 30 qəzetə baxıram. Palata
rəhbərliyini maraqlandıra biləcək materialları
seçirəm, onların diqqətinə
çatdırıram. Gün ərzində
onlarla suala cavab verməli oluram. İşimizin adı budur.
Mən daha çox saytlarla işləməyə üstünlük
verirəm. Çünki saytlar
vasitəsi ilə məlumatları daha erkən
əldə etmək olur. Düzdür,
qəzet oxumağın ləzzəti başqadır. Sayta məhz baxıram, qəzeti isə daha diqqətlə və necə deyərlər,
sinirə-sinirə oxuyuram. Əsil oxucu üçün ekranla canlı qəzet arasında böyük fərq var.
- Bu gün əksər jurnalistlər
ancaq sensasiya ardınca qaçır. Buna münasibətiniz necədir?
- Sensasiya
yaxşı şeydir. Jurnalistin
də xoşbəxtliyi sensasiyalı xəbər tapmaqdır, bir anda məşhur ola bilər. Amma sensasiya xatirinə yox yerdən
fərziyyə və ya
yoxlanılmamış xəbərlər yazmaq
artıq ən azı böhtan və yalan kateqoriyasındandır. Son
vaxtlar xüsusilə "reket"
qəzetlər bununla gündəmə gəlir.
Bəzən isə sensasiya deyə elə
"şok" yazılar verirlər ki, başlıq tamamilə ayrı olur, mətnin məzmunu ayrı. Ümumiyyətlə,
"reket" qəzetləri jurnalist və jurnalistika
adına rüsvayçılıq hesab
edirəm. Mən belə nəşrlərlə qətiyyən
ünsiyyətə girmirəm.
- Sizə zəng edən jurnalistin "reket" olub-olmadığını nədən bilirsiniz?
- Mətbuat Şurasının bununla bağlı vaxtaşırı
təzələnən siyahıları
dərc olunur, amma elə bunsuz
da onları ayırd etmək çox asandır. Mən hər gün
onlarla nəşri gözdən keçirən
biri olaraq müntəzəm
nəşr olunan qəzet və
jurnalları, onların rəhbərlərini, əməkdaşlarını
tanıyıram. Qəzetçilikdən gəlmiş mətbuat
katibinin üstünlüklərindən biri də budur - yəni
kimlərləsə bir yerdə oxuyubsan, kimlərləsə bir
yerdə işləyibsən. Sirr deyil ki, şəxsi
münasibətlər hər zaman vacibdir və köməyə gəlir, ən
azından məlumat almaq baxımından.
Ayda, 3 ayda bir dəfə, fürsətdən, fürsətə
çıxan (yəni sifarişli dərc
olunan) qəzetə, sözsüz
ki, münasibət məlumdur. Belə qəzetlər
bir istifadəlik (odnorazovıy şpris kimi) olur. Onlara necə etibar etmək, o jurnalistə
necə hörmət etmək olar? Məncə,
jurnalist birinci
özünə, öz imzasına, sonra işlədiyi nəşrin adına
hörmət etməlidir. Biz elə
öyrənmişik - dəfələrlə
yazılarımızı oxuyurduq, hətta
çapda getmiş qrammatik səhvlərə görə özümüzü günahkar
hiss edirdik.
- Sizcə, "reket"lərin qarşısını necə almaq olar?
- Baxın, bu "qəzetlər"
çox rahat şəkildə qeydiyyatdan
keçirlərsə, lap senzura
bərpa edilsə belə buna neyləyə bilər? Bu gün bağlanacaqsa, sabah başqa bir ad altında fəaliyyətə keçəcək.
Bu, korrupsiya kimi qarşısıalınmaz bir
prosesdir, zamanla
öz-özünə yox olmağa
məhkumdur. Çünki ictimai
sifariş və dəstəkdən məhrumdur.
Təbiətdə baş verən təbii
proses kimi öz-özünü təmizləyib tənzimlənəcək.
Vaxtaşırı göbələk kimi
çıxacaqlar, amma ömürləri uzun olmayacaq. Yalnız cəmiyyətimiz
onları "facebook" dili
ilə desək "iqnor" etməlidir.
- Bəzən
olur ki, mətbuat xidmətlərinin
rəhbərləri jurnalistləri
süründürməçiliyə salır, müsahibə və ya məlumat
vermək istəmir. Bunu rəhbərliyin icazəsinin olmaması
ilə əlaqələndirirlər...
- Mətbuat
xidmətinin vəzifəsi
və funksiyası məhz məlumat verməkdir. Bu mənada
mətbuat xidməti təşkilatın güzgüsüdür,
onun fəaliyyətinin
carçısıdır. "KİV
haqqında" və "İnformasiyanın əldə edilməsi
haqqında" qanunlarda da
mətbuat xidmətlərinin vəzifələri təsbit olunub, o biri
tərəfdən də hər bir təşkilatın
- istər özəl olsun, istər
dövlət - özünün Əsasnaməsi
və Daxili Nizamnaməsi var.
Və hər bir mətbuat katibinin,
həmin təşkilatın bir fərdi kimi təşkilat qarşısında öhdəliyi
var. Mətbuat xidməti jurnalist
kimi tam müstəqil
deyil. Mətbuat katibi ilk növbədə işlədiyi təşkilatın
daxili qaydalarına riayət etməlidir. Bəzən
elə xəbər olur ki,
cəmiyyətə daha dolğun
çatdırılması üçün
müəyyən zamana ehtiyac
ola bilər. Digər tərəfdən, tələm-
tələsik verilmiş xəbər daha çox sual yaradır.
- Mətbuat xidmətinin rəhbəri
olandan sonra yazırsınızmı? Hobbiniz varmı?
- İndi də
mətbuatla əlaqələrim var, amma fəal deyiləm, vaxt
azlığı, iş xüsusiyyətləri...
Daha çox özüm üçün bədii-publisistik yazılar
yazıram, həyatda, cəmiyyətdə baş
verən hadisələrə öz
baxışlarımı qələmə alıram. Ən çox tərcümə ilə məşğul
oluram, amma bunu sifarişlə edirəm. Çox
əsəbi, gərgin olanda,
emosiyalarım "aşıb-daşanda" yazdıqlarım,
"ağıl-başla" yazdıqlarım var.
Yəqin ki, nə vaxtsa
toplu halda çap etdirərəm. Hobbimsə mütaliədir.
Əsəbiləşəndə əlimə kitab
alan kimi sakitləşirəm.
Dünyada bundan
gözəl hobbi yoxdur.
Mənim üçün ən gözəl
hobbi də, terapiya da kitab oxumaqdır. Onu da deyim
ki, ilk bədii
kitabı oxuyanda 7 yaşım vardı. İndi də oxuyuram və
hətta ev işlərini də kitab oxumağa "qurban verdiyim" anlar olur.
- Azərbaycan qadını obrazını Nailə xanım necə canlandırardı?
- Müasir
Azərbaycan qadını
hələ layiq olduğu qiyməti almayıb. O qədər dolğun,
o qədər gözəl, o qədər məsum obrazdır ki, Azərbaycan qadını. Təəssüf
ki, olduğu kimi göstərən yoxdur.
Əvəzində bəzi üzdəniraq nəşrlərin
və ya jurnalistlərin qeyri-spesifik,
nadir qadın "obrazını" Azərbaycan
qadınının spesifik obrazına çevirmək cəhdlərini
görürük. Bəzən
minlərlə əzabkeş, fədakar, bacarıqlı, ləyaqətli
qadınların arasında hər hansı ləyaqətsiz hərəkəti
ilə seçilən bir qadını ekrana və ya mətbuata
çıxarıb onu az
qala tipik obraz səviyyəsinə
çatdırırlar. Axı, tipik
Azərbaycan qadını gözəl ana
və gözəl qadındır. Bu tipik Azərbaycan qadınına xas olmayan fakt
milyonda 1 nəfərdə baş
verirsə, ondan bu qədər
yazmağa dəyərmi? Minlərlə namuslu, qeyrətli, işləyən,
uşağından ötəri canını verən
qadınlardan yazmalıyıq, nümunə göstərməliyik.
Bu mənada jurnalistlərdən çox şey
asılıdır. Azərbaycan qadını heç
vaxt məcbur olmasa,
ailəsini atmaz, uşağını uşaq evinə verməz. Uşağını
atmış, satmış qadını ortaya
çıxarıb ekspert qismində mənəvi
haqqı çatıb-çatmayan kəslərin rəyini soruşurlar, amma məsələnin
kökünə, buna gətirib
çıxaran səbəblərin dərinliyinə
varmırlar. Çox sevdiyim
və hər zaman dediyim
bir fransız məsəli var
- əgər qadın günahkardırsa, ondan
üzr istə. Məşhur bir deyim də var - hər bir dahi kişinin arxasında bir qadın durur. Bu mənada hər bir
"yolunu azmış" qadının
arxasında mütləq onu bu yola sövq
edən bir kişi var - atası, qardaşı, həyat
yoldaşı, hətta oğlu.
- Bəs qadın jurnalist olmaq necə, çətindirmi?
- Qadın
olmağın özü
belə çətindir.
Qadın jurnalist isə Azərbaycan qadınının
yaşadığı çətinliyin iki
qatını yaşayır. Əvvəllər qadın jurnalist ən hörmətli şəxs idi, fikrinə, şəxsiyyətinə
hörmət edilirdi, hər bir yazısına reaksiya verilirdi. Əlbəttə, o
dövrdə qəzetlərin sayı da az idi, plüralizm məsələləri də problem idi. Digər
tərəfdən, sovet dönəmində,
planlı sosializm dövründə
qadınlar üçün daha asan idi,
stabil işləyən qadının
uşağını verdiyi uşaq evi, uşaq bağçası, güzəşt limiti vardı, uşağını
böyütmək üçün 3 il məzuniyyət haqqı vardı... Bazar iqtisadiyyatına keçid
qadınların həyatını daha çox dəyişdi desəm məncə, səhv
olmaz. İndi işləyən
qadın malik olduğu
bir sıra imtiyazlardan
məhrum olub. O da doğrudur ki, indi Azərbaycan qadınının
özünüifadə imkanları daha çoxdur. Sovetlər Birliyi
dağıldıqdan sonra digər toplumun qadınlarından, elə Azərbaycan
kişisindən də fərqli olaraq məhz
Azərbaycan qadını daha çox ayaqda dura bildi. Özünü
daha tez doğrultdu. Yenə də
qadınlığından, "cızığından", ədəb-ərkandan,
mentalitetdən kənara çıxmadan. Son
illərdə qadınların iqtisadi, sosial və ictimai həyatda,
dövlət idarəetməsində fəal iştirakı üçün hər bir
şərait yaranıb. İstədiyi yerdə iş tapmaq da problem deyil,
yetər ki, həvəsi olsun.
Və yetər ki, öz səviyyəsini obyektiv qiymətləndirə
bilsin.
İradə CƏLİL
Ekspress.-2013.-14-16
sentyabr.- S.7.