Əlillər "E-hökumət"dən
yararlanacaqlar
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi
"Elektron hökumət" portalına daxilolmaların statistik uçotunun aparıldığı tarixdən, yəni 2012-ci ilin dekabrından 2013-cü ilin sentyabr ayının 1-nə qədər portala ümumilikdə 325 063 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 194 885 nəfər olub.
Belə ki, 194 885 nəfər ümumən 325 063 dəfə portala baxıb və 422 334 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər
1 125 877 müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 40 saniyə olub.
Qeyd edək ki, bu rəqəmlər kifayət qədər yüksək göstəricilər hesab olunur. Həmçinin sözügedən rəqəmlər portala daxilolma səviyyəsinin, eyni zamanda elektron xidmətlərdən istifadə vəziyyətinin getdikcə yüksəlməsini təsdiqləyir.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 60,2% yeni istifadəçilər, 39,8% isə təkrar müraciət edənlər təşkil edib.
Müqayisə üçün avqust ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 36 210 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 22 549 nəfər olub. Həmin şəxslər 139 064 müxtəlif səhifələrə keçid ediblər, 81 029 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 52 saniyə təşkil edib. Avqust ayı ərzində portala müraciət edənlərin 51% yeni istifadəçilər, 49% isə təkrar müraciət edənlər təşkil edib. Bu rəqəmlər də kifayət qədər yaxşı hesab olunur və bütün istiqamətlərdə dinamik artım müşahidə olunmaqdadır.
Portalda işləmə müddəti artıb, portala 2013-cü ilin avqust ayı ərzində təkrar müraciət edənlərin sayı 49% təşkil edib. Ümumiyyətlə, son statistik məlumatlar bir daha sübut edir ki, hazırkı dönəmdə portalın fəaliyyətinin daha da genişləndirilməsi, o cümlədən müvafq qurumlar tərəfindən yeni elektron xidmətlərin təqdim edilməsi üçün münbit şərait mövcuddur.
Belə ki, bütün elektron xidmətlərin "e-gov"-a inteqrasiya olunub, tam gücü ilə fəaliyyət göstərməsi üçün portalin operatoru tərəfindən müvafiq texniki mühit yaradılıb və bunun üçün bütün lazımi infrastruktur, imkanlar mövcuddur.
Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 19 305-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portalın "Facebook" sosial şəbəkəsində istifadəçilərinin sayı isə 73 510 nəfər təşkil edir.
"E-hökumət" portalına yeni inteqrasıya olunan xidmətlərin sayı da artıq. Mərkəzi Seçki Komissiyasının altı xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. Bu xidmətlərə "Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı", "Dairə və məntəqə ünvanlarının axtarışı", "Dairə və məntəqələrin xəritə üzrə axtarışı","Onlayn müraciət", "Seçici siyahısı üçün məlumatların daxil edilməsi", "Seçici ünvanına görə dairə və məntəqənin axtarışı" daxildir. MSK-nın sözügedən elektron xidmətlərini seçdikdə hər bir portal istifadəçisi tələb olunan məlumatları daxil etməklə ad, soyad, və ata adı üzrə dairə və məntəqələrin, dairə və məntəqələrin ünvanlarının, seçici ünvanına görə dairə və məntəqənin, dairə və məntəqələrin xəritə üzrə axtarışlarını və seçici siyahısı üçün məlumatları əldə etməklə yanaşı, həmçinin onlayn müraciətlərini göndərə bilər.
"Elektron hökumət" portalına inteqrasiya olunan yeni elektron xidmətlər arasında Səhiyyə Nazirliyinin 5 elektron xidmətinin adını çəkmək olar.
Portal vasitəsilə istifadəyə verilən yeni xidmətlərə "Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloci rəyin verilməsi", "Tikinti və yenidənqurma layihələrinə sanitar-epidemioloci rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Rentgen kabinetinin istismarına icazə verən sanitarepidemioloci rəyin verilməsi", "İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloci rəyin verilməsi" və "Tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və qaydalarına və gigiyena normativlərinə uyğunluğuna dair rəyin verilməsi" electron xidmətləri daxildir.
Diasporla iş üzrə Dövlət Komitəsinin də bir xidməti portala inteqrasiya edilib. "Xaricdə yaşayan Azərbaycanlıların elektron müraciəti" adlanan xidmətdən portal vasitəsilə istifadə etmək olar. Bu xidmət xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycanın vətəndaşı olmayan azərbaycanlıların hüquq və azadlıqlarının pozulması halları, habelə diaspor təşkilatları tərəfindən Azərbaycan həqiqətlərinin təbliği, millimədəni irsimizin tanıdılması, diaspor quruculuğu ilə bağlı hazırlanan layihələrin Dövlət Komitəsinə təqdim edilməsi üçün birbaşa elektron müraciət imkanını əhatə edir.
Qeyd edək ki, interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir. Xidmətin icra müddəti 15 gün təşkil edir . Elektron xidmətin digər icraçısı Xarici İşlər Nazirliyidir.
"Müsadirə edilən, sahibsiz qalan, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı" xidməti elektronlaşdırılıb.
Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) məxsus elektron xidmət artıq "Elektron hökumət" portalına daxil edilib. Bu xidmət müsadirə edilən, sahibsiz qalan, vərəsəlik ququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışının həyata keçirilməsi məqsədilə təşkil edilən hərraclarda hüquqi və fiziki şəxslərin iştirakının təmin olunması üçün elektron formada qeydə alınması, sifarişlər verilməsi, seçdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz həcmində behin ödənilməsi ilə bağlı qaydaları müəyyən edir.
Sözügedən e-xidmət ƏMDK-nın yanında Hərraclar Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə "Onlayn növbə" adlı ilk elektron xidmətini təqdim edib. Bu xidmətdən istifadə etməklə vətəndaşlar əlavə vaxt itkisinə yol vermədən "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbə tuta biləcəklər.
Onlayn növbə tutmaq üçün hər bir şəxs portalda tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, xidmətin eçilməsi, "ASAN xidmət" mərkəzinin seçilməsi, növbə tarixinin və vaxtının seçilməsi) xidmətdən rahat yararlana bilər.
"Elektron hökumət" portalına inteqrasiya edilən xidmətlərin sayı, eyni zamanda xidmətlərin keyfiyyətcə yeni mərhələyə keçidi ilə bağlı vətəndaş və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların məlumatlanma səviyyəsi yüksəldikcə, bu xidmətlərə maraq və onların verdiyi üstünlüklərdən yararlanmaq istəyi portala olan müraciətləri də dinamik şəkildə artırmaqdadır. Elektron xidmətlərdən istifadədə bərabərlik prinsipini əsas götürən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) portala müraciət edənlər arasında sağlamlıq imkanları məhdud, fiziki qüsurlu insanların çoxluğunu da nəzərə alaraq, sosial yönümlü yeni aksiyaya başlamaq qərarı verib. Aksiya hələlik Bakı şəhərini əhatə edəcək. Belə ki, əlilliyi olan insanların ictimai həyatın bütün sahələrində iştirak etməsi üçün bərabər imkanlara malik olması, onların öz fərdi əmək qabiliyyətlərinə və maraqlarına uyğun dolğun həyat sürməsi məqsədi ilə elektron xidmətlərdən istifadə edə bilmələri, portal üzərindən aidiyyəti hökumət orqanları ilə onlayn əlaqə yarada bilmələri üçün onlara zəruri şəraitin yaradılması və minimum biliklərin verilməsi cəmiyyətimizin xüsusi diqqət mərkəzində olmalı və bu şəxslər daim qayğı ilə əhatə edilməlidirlər.
Məlum olduğu kimi, "Elektron hökumət" portalından istifadə zamanı təqdim edilən daxilolma vasitələrinin (sadələşdirilmiş kod parol, elektron imza və s.) əldə edilməsi üçün vətəndaşın sosial sığorta kartı, sürücülük vəsiqəsi və ya ümumvətəndaşlıq pasportunun olması şərtdir və ya vətəndaş müvafiq qeydiyyat məntəqələrinə gedərək fiziki surətdə identifikasiya olunmalıdır. Lakin əksər hallarda əlil vətəndaşlarımızın heç də hamısı bu sənədlərə malik deyillər və qeydiyyat məntəqələrinə getmək onlar üçün əlçatan deyil.
Beləliklə, "Elektron hökumət" portalının verdiyi imkanlardan bərabər hüquqla yararlanma imkanlarının yaradılması üçün MHM tərəfindən xüsusi qeydiyyat bölməsi yaradılır. Evində kompüteri və ya mobil planşeti, eyni zamanda internetə çıxışı olan, kompüterlə işləmə bacarıqlarına malik və ya yardımçısı olan əlil vətəndaşlarımız şəxsiyyət vəsiqəsində yer alan məlumatları səhih olaraq müraciət formasında doldurmalıdırlar.
Bundan sonra "Elektron hökumət" portalı vətəndaşın həqiqətən əlil olduğunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin formasiya bazasından dəqiqləşdirəcək.
Dəqiqləşmədən sonra vətəndaşlarımızla əlaqə saxlayan "Elektron hökumət" portalının əməkdaşları uyğun vaxt ərzində evlərə gedərək, vətəndaşları identifikasiya etməklə, onlara portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol və ya mobil İD təqdim edəcəklər.
Eyni zamanda həmin şəxslərə portaldan istifadə qaydaları barədə yerindəcə zəruri biliklər veriləcək.
Qeyd edək ki, təsdiq edilən elektron xidmətlərdən "Elektron hökumət" portalına inteqrasiya edilənlərin sayı 188-ə yüksəlib.
Vasif CƏFƏROV
Ekspress.-2013.-19 sentyabr.- S.9.