İKT sektorunun investisiya cəlbediciliyi

 

 İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Bütün sahələrdə olduğu kimi, informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı da bu sahəyə yatırılan sərmayələrdən çox asılıdır. İnvestisiya qoyuluşunun artması və ya yüksək səviyyədə olması sektorun davamlı inkişafını təmin edən başlıca şərtdir.

   Son illərin göstəricilərinə nəzər yetirdikdə aydın olur ki, İKT sektoru inkişafa daha çox meylli sahədir. Belə olmasaydı, İKT sahəsinə qoyulan sərmayələrin həcmi artmaqda davam etməzdi. Xüsusilə də son 3 ildə İKT sahəsinə investisiya cəlb edilməsində canlanma var.

   Rəsmi məlumatlara əsasən, 2007-ci ildə sektora 195,1 milyon manat sərmayə qoyulub. 2009-cu ildə sərmayə qoyuluşu 173 milyon manata qədər azalıb. Lakin 2010-cu ildən başlayaraq sərmayə qoyuluşunda sıçrayışlı artım baş verib. Həmin ildə 254,2 milyon manat, 2011-ci ildə 525,5 milyon manat, 2012-ci ilin ilk 6 ayında 227 milyon manat investisiya yönəldilib.

   İKT-yə cəlb edilən investisiyaların həcmi mütləq mənada artmaqla bərabər onun iqtisadiyyata qoyulan ümumi sərmayələrdə xüsusi çəkisinin artması da müşahidə olunur. 2007-ci ildə cəmi investisiyaların 1,7%-i İKT sahəsinə qoyulmuşdusa bu göstərici 2010-cu ildə 1,8%-ə, 2011-ci ildə 3%-ə yüksəlib.

   İKT-yə sərmayə qoyuluşlarının artması onun ümumi gəlirinin yüksəlməsinə də imkan verib. 2007-ci ildə 906 milyon manat ümumi gəlir əldə edən sektor gəlirini 2011-ci ildə 1,665 milyard manata, 2012-ci ilin ilk 6 ayında 857 milyon manata çatdırıb.

   Ümumi gəlirlərlə bərabər İKT-nin payına düşən ümumi daxili məhsul istehsalının da həcmi artıb. 2005-ci ildə İKT-də 320 milyon manatlıq ÜDM istehsal edilmişdisə, 2011-ci ildə göstərici 741 milyon manatı ötüb.

   İKT sektorunda baş verən makroiqtisadi dəyişikliklər ona gətirib çıxarıb ki, informasiya texnologiyaları sektoru iqtisadiyyatın ən sürətli inkişaf edən sahəsinə çevrilib. İKT sahəsində yeniliklərə olan tələb olduqca yüksəlib. Buna görə də bu sahədə fəaliyyət göstərin istər dövlət, istərsə də özəl şirkətlər İKT sahəsinə investisiya qoyuluşunu yüksək səviyyədə saxlamağa məcburdur.

   Qeyd etdiklərimizi İKT sektoru üzrə əsas infrastruktur göstəricilərində 2005-ci ildən bəri müşahidə edilən dinamika da təsdiqləyir.

   1992-2005-ci illərdə bu sahəyə ümumi investisiya qoyuluşunun həcmi təxminən 500 milyon ABŞ dolları təşkil edib ki, onun da 70%-i xarici investisiyalar olub. Yəni, 14 il ərzində İKT sahəsinə qoyulan cəmi sərmayə 2011-ci ildə qoyulan sərmayə qədər olmayıb.

   Xüsusi qeyd olunmalıdır ki, daxili investisiyaların həcmi ildən-ilə artmaqdadır. Nəticədə müxtəlif sahələrdə fəaliyyət göstərən yeni birgə müəssisələr yaradılır. İnvestisiyaların həcminin artması İKT sektorunda xidmətlərin ucuzlaşmasına və bunun nəticəsində sektora aid olan ayrı-ayrı göstəricilərin yaxşılaşmasına imkan yaradıb.

   Bunu İKT sektorunun 2005-ci ilə qədər və sonrakı inkişaf dövrlərinin müqayisəsindən də görmək olar. 2005-ci ildə rabitə sahəsinin ÜDM-dəki payı 2,3% olub. Həmin ildə telefon şəbəkəsinin təqribən 50 faizi elektron tipli idi, Bakı şəhərində isə bu göstərici 57,8% təşkil edirdi. Respublikanın bir sıra bölgələrində - Naxçıvan Muxtar Respublikasinda, Mingəçevir şəhərində, Abşeron, Şəki, Zaqatala, Balakən, Xızı, Siyəzən, Yevlax rayonlarında telefon şəbəkələrinin 100%-i elektron tipli olması təmin edilmişdi. Həmin dövrdə hər 100 nəfərə düşən əsas telefon aparatlarının sayı 12,81 ədəd, o cümlədən Bakı şəhərində 28,92 ədəd, respublikanın digər əraziləri üzrə isə 8,2 ədəd təşkil edirdi. Digər sahələrdə 14,6 ədəd, kənd yerlərində isə 3,6 ədəd idi. 2005-ci ilə qədər ən sürətlə inkişaf edən sahə mobil rabitə sahəsi olub. Burada abunəçilərin sayı hər il orta hesabla 2,1 dəfə artıb. 1994-cü ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 2000 nəfər təşkil edirdisə, 2005-ci ildə bu rəqəm 1,7 milyonu ötüb. 2005-ci ildə Azərbaycanda hər 100 nəfərə təxminən 20,03 mobil telefon aparatı düşürdü və bu göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında altıncı yerdə idi. 1997-ci ildən 2005-ci ilə qədər İKT sahəsinin gəlir göstəriciləri özəl sektor üzrə 32%-dən 73,8%-dək artmışdı. Ölkədə hər 100 nəfərə təxminən 1,5 ədəd kompüter düşürdü ki, bu göstərici Azərbaycan üzrə ümumdünya ölkələrinin orta səviyyəsindən aşağı idi. İstifadədə olan bu kompüterlərin çoxu dövlət orqanlarında və özəl qurumlarda cəmləşmişdi və əsasən karküzarlıq işləri ilə bağlı istifadə edilirdi. Əhali tərəfindən fərdi məqsədlər üçün evlərdə istifadə edilən kompüterlər cüzi saydaydı.

   Lakin elə həmin illərdən internetdən istifadə tarifləri aşağı düşməyə başladı. 2005-ci ildə ümumilikdə 400 min nəfər internet istifadəçisi olub. Təqribən hər 100 nəfərə 5 istifadəçi düşürdü ki, bu göstərici də ümumdünya göstəricisindən azdır. Bakı şəhərində və bəzi rayonlarda təxminən 450-dən çox internet-klub açılmışdı. Onlar əsasən özəl sektor tərəfindən yaradılırdı, ancaq dövlət xətti ilə yaradılan internet mərkəzləri şəbəkəsi də mövcud idi. Ölkənin müxtəlif regionlarında yerləşən 20-dək mərkəzdə əhaliyə internetə çıxışla yanaşı, kompüter biliklərinin öyrədilməsi də həyata keçirilirdi.

   2005-ci ildə Azərbaycanda 22 internet provayderi xidmət göstərirdi və bunlardan ikisi dövlət müəssisəsi idi.

   Qeyd edilən dövrdə rəqəmli TV tətbiq olunmurdu. Özəl TV proqramlarına ölkə əhalisinin təqribən 40-50 faizi baxa bilirdi. İstismarda olan mövcud dövlət radio-televiziya yayım verilişlərinin (əsasən, güclü və azgüclü) və orta dalğa radiovericilərinin böyük hissəsi mənəvi və fiziki cəhətdən köhnəldiyindən müasir tələblərə cavab vermir və yeni yayım texnologiyalarından istifadəyə imkan yaratmırdı.

   2005-ci ildən İKT-nin inkişafına dair birinci dövlət proqramının icrasından sonra bu sahədə nəzərəçarpacaq dəyişikliklər baş verdi. Birinci dövlət proqramında rabitə və informasiya texnolociyaları sahəsinə investisiyaların cəlb edilməsinə şərait yaradılmasının vacibliyi vurğulanır. Proqramın icra edildiyi 4 il ərzində görülən tədbirlə İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqladı. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanan "İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat"da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla MDB üzvü olan dövlətlər arasında lider oldu.

   Birinci proqram 2008-ci ilə qədər olan dövrü nəzərdə tutsa da tədbirlər 2009-cu ilin sonuna qədər davam etdirildi. 2005-2009-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər və sektorun inkişafı istiqamətində aparılan ardıcıl dövlət siyasəti nəticəsində İKT və poçt sektoru üzrə gəlirlər mütəmadi artdı və orta illik artım 25% oldu. Bu müddət ərzində sahə üzrə investisiya qoyuluşunun həcmi 850 milyon manatdan çox oldu. Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və çeşidinin genişləndirilməsi məqsədi ilə 5 ildə respublikada elektron Avtomat Telefon Stansiyalarının (ATS) xüsusi çəkisi 55,5%-dən 87,1%-ə, Bakı şəhər telefon şəbəkəsində isə 63,9%-dən 90%-ə çatdırıldı. Hər 100 nəfərə düşən əsas telefon aparatlarının sayı 16 ədəd, o cümlədən Bakı şəhərində 34,4 ədəd, respublikanın digər əraziləri üzrə isə 10,5 ədəd təşkil edirdi. Hər 100 nəfərə 86,2 mobil telefon abunəçisi düşürdü.

   Respublikanın 24 şəhər və rayonunun telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılmışdı. MDB-nin iştirakçısı olan dövlətlər arasında ilk dəfə olaraq Azərbaycanda "Yeni Nəsil Şəbəkələri" (NGN) texnologiyalarının tətbiqinə başlanıldı. Ucqar ərazilərdə yerləşən və coğrafi cəhətdən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan yaşayış məntəqələrində telefon rabitəsi peyk avadanlıqlarının quraşdırılması vasitəsilə təmin edildi. Beləliklə, 2008-ci ildə respublikada bütün yaşayış məntəqələri telefonlaşdırıldı.

   Birinci proqramın icrası dövründə dövlət orqanlarının informasiyalaşdırılması sahəsində müəyyən işlər görüldü. Əksər dövlət orqanlarının internet saytları yaradıldı və gov.az domenində yerləşdirildi. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək məqsədi ilə vahid konfidensial multiservis şəbəkəsinin yaradılmasına və dövlət orqanlarının bu şəbəkəyə qoşulmasına başlanıldı.

   Dövlət orqanları tərəfindən informasiya xidməti ilə yanaşı, ilkin elektron xidmətlər də göstərilməyə başlanıldı. Elektron bəyannamələrin, elektron ərizələrin qəbulu, kommunal xərclər üzrə borcların öyrənilməsi və digər xidmətlər buna misaldır.

   2012-ci ilə gəlindiyində isə vəziyyət bir qədər də yaxşılaşdı. Ay ərzində internetdən 20 saatlıq istifadə üçün orta tarif 2005-ci ildə 5 manat olduğu halda 2011-ci ilin sonunda 1,5 manata, ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 2005-ci ildəki 18 manatdan, 2011-ci ildəki 7,4 manata qədər azaldı. Əhalinin hər 100 nəfərinə düşən əsas telefon aparatlarının sayı 13 ədəddən 16 ədədə, hər 100 ailəyə düşən əsas telefon aparatlarının sayı 61 ədəddən 75 ədədə, ATS-lərin ümumi tutumu 1,258 milyon nömrədən 1,727 milyon nömrəyə, rəqəm-elektron sistemli nömrələrin sayı 823 min ədəddən 1, 72 milyon ədədə, əhalinin hər 100 nəfərinə düşən mobil telefon abunəçilərinin sayı 26-dan 106-ya yüksəldi. Kompüterlərin sayı bu müddətdə 150 min ədəddən 764 min ədədə, kompüteri olan ailələrin ölkə üzrə bütün ailələrdəki payı 7,3%-dən 40%-ə yüksəldi.

   Bir daha qeyd edək ki, sadalanan göstəricilərn yüksəlməsi məhz investisiya qoyuluşları hesabına mümkün oldu. İnternet tarifləri, rabitə tarifləri ucuzlaşmasaydı 2005-ci ildən 2011-ci ilə qədər belə sürətli yüksəlişə nail olunmazdı. Lakin son illərdə görülən iri həcmli işlərə rəğmən, sahənin bəzi inkişaf göstəriciləri hələlik ümumdünya, o cümlədən Avropa üzrə orta səviyyədən aşağıdır. İnkişaf etmiş ölkələrdə İKT-nin ÜDM-də payı təxminən 5-7% təşkil etdiyi halda hazırda Azərbaycanda 2% səviyyəsindədir. Deməli, irəlidə hələ görüləsi işlər var.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.-10 yanvar.-S.-9.