Unudulmaqda olan
qalayçılıq
Qalayçılar
şikayətlənirlər: "Bu sənətə dövlət
qayğısı yoxdur"
"Bizə kömək olsa, əl
işlərimizdən ibarət dükan açıb, ora
turistləri cəlb etsələr, bu həm dövlətə
xeyirli olar, həm də bizə".
Qədim
xalq sənətləri milli-mənəvi irsimizin təməl
daşlarındandır. Misgərlik, papaqçılıq,
qalayçılıq, keramika, sadəcə, bizi
keçmişimizlə bağlamır, milli kimliyimiz, onun
tanıtımı üçün də önəmləri
var. Lakin müasir texnologiyalar fonunda bu sənətlər
yalnız arxa plana sıxışdırılmır, faktiki
olaraq əldən gedir. Bu dəfə sizlərə
qalayçılıqdan və sayları tükənən
qalayçılardan söhbət açacağıq.
Qalayçılıq - mis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsidir. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu - ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər. Qalayçılıq xüsusilə əvvəllər Dağıstanda, həmçinin Azərbaycanın Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı və Lahıc kimi şəhər və rayonlarında dageniş yayılmışdı. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonlarının qalayçı emalatxanaları var.
20 ilə yaxındır ki, qalayçılıq sənəti ilə məşğul olan Mehman Eyvazov bildirir ki, 3 qardaş birlikdə çalışırlar. Dediyinə görə, bu sənəti onlar atalarından öyrəniblər: "Atam bu sahədə artıq 60 ilini tamamlayıb. Qardaşım da qalayçıdır. Təbii olaraq bizim uşaqlarımız da bu sahəyə maraq göstərir. Atamın atası da, ulu babalarımız da bu işlə məşğul olub. Hamımız sənətkarıq. Qalayçılıq nəsildən-nəsilə keçən bir sənətdir. Əslində çox tələbatlı bir işdir. Məişətdə təmirə ehtiyacı olan hər nə varsa - çaynik, samovar, qablar və bu kimi misdən olan əşyalar - hamısı burda bərpa edilir".
Ustanın sözlərinə görə, qalayçılıq uzun illərin sənətidir. Daş dövründən sonra yaranan bu sahə bu günə kimi yaşayır. Son zamanlar qalayçılıq sənətinə o qədər önəm verilməsə də, müasir dövrdə olmağımıza baxmayaraq, indinin özündə də bu sənətə təlabat var: "Hamının evində qab-qacaq var. Dəmir, mis qab-qacaq istər-istəməz təmirə aparılır. Tələbatlı sənətdir, amma getdikcə sənətkarlar azalır. Vaxtı ilə Azərbaycanda 500-600 sənətkar var idisə, indi təəssüf ki, 10-15 nəfər qalmışıq".
M.Eyvazovun dediyinə görə, bu sənəti öyrənmək üçün onlara müraciət edənlər də az deyil. Bütün bilik və bacarıqlarını tələbələrinə öyrədən usta dövlətin bu sənəti yada salmamasından da şikayətlidir.
Mehman ustanın təmir etdiyi qabların ən qədimi XVIII əsrə təsadüf edir. Qalayçılıq nadir sənət olsa da, qalayçıların gəliri dolanışıqlarına ancaq çatır. Hər halda həmsöhbətimiz belə deyir: "İşin gəliri ancaq özümüzü dolandırmağa bəs edir. Artırıb, əlavə pul toplamağa, daha yaxşı yaşamağa bəs etmir. Qazandığımız pulla da material alırıq ki, qabları düzəldə bilək".
Usta deyir ki, bu işin ən çətin tərəfi isə səhhətə çox ziyanlı olmasıdır. M.Eyvazov hesab edir ki, elə bu səbəbdən də bu sənətə meylli olan insanların sayı azalır. Həmsöhbətimizə görə, ağciyərlərin, qan təzyiqinin, tənəffüs orqanlarının sağlamlığının pozulmasına səbəb olan qalayçılıq sənətinə sovet dövründə başqa hörmət varmış: "Sovet dövründə hər bir sənətkara gün ərzində dövlət tərəfindən 1 litr süd ayrılırdı. Ancaq indi belə bir şey yoxdur. Hər bir işin zərərli tərəfləri var. Adi taksi şoferinin də qəza etmə, həyatını itirmə qorxusu var. Bütün sahələrdə əsəb, stress var. Qalayçılıq sənəti artıq yox olmaq üzrədir".
Söhbətə qoşulan
digər qalayçı Yusif Əliyev deyir ki, hər 3 aydan bir onlara
cərimə kağızı gəlir: "Bunu
da hörmətli vergi
ödəyicisi adı ilə bizə göndərirlər. Biz qeydiyyata düşmürdük, bizi
məcbur saldılar. 90-cı illərdən sonra
vergi söhbəti ləğv olunmuşdu, rahat nəfəs
alırdıq. Yenidən bu söhbətlər
baş qaldırıb. Bu
sənəti sevməsən, nə qədər pul qazansan da
dözüb işləmək mümkün deyil. Əsas
sənəti sevməkdir. Həvəsin olmalıdır. İnsanlar müxtəlif səbəblərdən
bu sənətdən imtina
edir. Biri kislata var deyə, biri çox çirkli sənətdir deyə işləməkdən
boyun qaçırır. Bunlar
hamısı bəhanədir".
Yusif ustanın sözlərinə görə, bu sahə nəsillərlə davam etdirilir. Kənardan gələn biri heç vaxt bu sahəyə maraq göstərmir: "Mən bu sahədə yeganə adamam ki, nə əmim, nə dayım, nə də atam bu sənətdə işləyib. Mənim özümün xoşuma gəlib və işləməyə başlamışam".
Y.Əliyev deyir ki, ən uzun müddətli iş 1 ay olur. Təəssüf ki, 1 aylıq işin qazancı olmur. "Onu ancaq maraq üçün işləyirsən ki, görüm mən bu işi edə bilərəm, ya yox. Həm də bu işə vurğun olduğuna görə işləyirsən. 1 aylıq işdən qazanc gözləmirik", - deyir müsahibimiz.
Y.Əliyevin sözlərinə görə, onlara əsasən şəxsi muzeyləri olan insanlar müraciət edir. Dövlət muzeylərindən isə müraciətlər nadir hallarda olur. "Yuxarı vəzifədə işləyən çox adamlar da bizə müraciət edir. Şəxsi, yaxud idarə üçün olan əşyaları düzəldirik. Əksəriyyət şəxsi kolleksiyalarından qablar gətirir. Əvvəllər insanlar xarab olan qabları atırdılar. İndi isə bizə gətirirlər. Azərbaycanda nə qədər sağ-salamat qab-qacaq qalıbsa, hamısı bizim sayəmizdədir. Bütün Azərbaycandan bizə müraciət edən insanlar olub. Ən çox qalayçılıqla məşğul olan sənətkarlar isə Lahıcla Bakıdadır. Şamaxı, Bərdə, Gəncədə də qalayçı tapmaq mümkündür", - deyən usta bildirir ki, sənətkar ola bilmək üçün enerjili olmaq, passivliyi atmaq lazımdır.
Sənətkarlar qablardan daha çox zövq alırlar, nəinki insanlarla danışmaqdan, yaxud başqa işlə məşğul olmaqdan.
Qalayçılıq
emalatxanasında yaşı 200-ə yaxın olan samovarlar da
var. Usta bildirir ki, onlar emalatxanaya sınıq, yamaq vəziyyətdə
gətirilir: "Biz onları təhvil verdikdə isə
samovar tanınmaz dərəcədə dəyişir və
ilk günkü qədər gözəl görünür. Bir samovarı
normal hala salmaq üçün 3 iş günü bizə bəs edir. Bəzən elə qablar gətirilir ki, qabların bir hissəsi sınıq olur, yaxud tamamən
bir tərəfi olmur. Qabı əvvəlki vəziyyətinə
salmaq üçün
vaxt lazım olur. Vaxt, səbir və
fantaziya olduqda, qab yenidən əvvəlki gözəlliyinə
qayıdır. İstifadə olunan materiallara gəlincə, mis, qalay, çəkiclər,
zindanlar, kəlbətinlər
və ən əsası ocaqdır.
Gündəlik bunlardan istifadə
olunur. Ustanı da usta edən
onun alətləridir.
İşlədikcə insanın əli
öyrəşir. Hər biri
ilə ayrı-ayrı
məşğul olmaq
lazımdır. Bu alətlərin hərəsinin
bir funksiyası var. Elə çəkic var ki, o, adi
düz metalı yumru formaya salır.
Elə çəkic də var ki, o, metala
naxış vurur, yaxud zolaq verir.
Çəkiclər metala
elə vurulur və metal elə forma alır ki, sanki
metalı tutub dartırsan. Elə çəkiclər də var ki,
onlar nadir istifadə olunur. Təxmini 15-16 çəkicdən istifadə olunur".
Qalayçı deyir ki, dəmir
döymək üçün
zindanlar da fərqlidir. Kasa döymək üçün
tamam başqa bir zindandan istifadə
olunur.
İnsanların marağı böyükdür. Elə insanlar var ki,
onlar bizə müraciət edirlər:
"Artıq ikinci və üçüncü
dəfə müraciət
etdikdə müştəri
özü də bizim yanımızda oturur. Əli, üstü- başı
toz olur. Artıq onlar da bu
məkana doğma baxmağa başlayırlar.
Və zamanla onlar elə
maraqlanırlar ki, sanki bu işdən
pul alırlar. Sənətkarların arasında olmaq
bu sahəyə marağı artırır.
Hər dəfə nəyisə anladıqca, öyrəndikcə
daha da dərinə
getmək istəyirsən".
Ustaların dediklərinə görə,
emalatxanaları balacadır. Şərait o qədər də yoxdur. Ustalara yaxşı işləmək
üçün şərait
də yaradılmır:
"Bizə kömək
etsələr, bizim əl işlərimizdən
ibarət dükan açıb, ora turistləri cəlb etsələr, bu, həm dövlətə xeyirli olar, həm
də bizə. Biz də itmərik,
maraq da artar. Gənclər də bu işə daha çox meyl edər. Amma biz burda özümüz
özümüzə yaratmağa
çalışırıq. Heç bir yerdən kömək yoxdur. Çörək pulu qazan, yerpulu ver və
bu kimi problemlərə
pul çatdırmağa
çalışırıq. Bu kiçik yerə
aylıq 160 manat ödəyirik. Bundan əlavə
ailə də dolandırmalısan. Burda çox
ustaların evləri yoxdur, kirayə mənzillərdə qalırlar.
Biz çörəyi burdan qazanırıq və əlavə heç nə edə bilmirik. Sənət üçün nəsə
etməyə vaxt qalmır. Mən bilsəm ki,
mənim gəlirim evin problemlərini həll edər, o zaman təmir işləri ilə yox, yaradıcılıqla
məşğul olaram.
Bizim yaratmağa vaxtımız
olmur. Qalayçılıq sənətini pinəçiliklə
müqayisə etsək,
əsas fərqi görərik. Hər hansı
bir ayaqqabını dizayner düşünür,
yaradır və o dizayndan pul alır.
Daha sonra ayaqqabı cırıldıqda pinəçi
onu düzəldir və yararlı hala salır. İndi biz pinəçiyə dönmüşük.
Sadəcə, bizə kömək
edən yoxdur ki, biz o dizaynları düşünək, yaradaq.
Biz ancaq təmirlə
məşğuluq ki,
bu təmirlərdən
pul qazanaq, borc-xərclərimizi qaytaraq
və birtəhər vəziyyətdən çıxaq.
İndi sənətkarlığa çox
cüzi vaxt ayırırıq. 3 il, yaxud 5 ilə bir qab
düzəltmə imkanımız
olur. Qış aylarında iş bir az zəif olur, boşluq yaranır. Onda nəsə düzəldirik".
Həmsöhbətlərimiz bildirirlər ki. əgər onlara emalatxana verilsə, icarə üçün işlədikləri vaxta yaradıcılıq işləri
ilə məşğul
olarlar: "Biz ancaq qədim qablarla məşğuluq, təzə
qablar yarada bilmirik. Elə sənətkarlar var ki, onlar
şəraitsizlikdən bu
işi yarımçıq
saxlayıb, başqa işlə məşğul
olurlar. Biz demirik
ki, dükanı bizə bağışlasınlar,
sadəcə az da olsa
təkan versinlər. Kömək etsinlər".
Köhnə tozlu-paslı emalatxanada yüzlərlə qablar, samovarlar təmir üçün yığılıb. Ustalar isə
şəraitsilik üzündən
tam gücləri ilə
işləyə bilmədiklərini
bildirirlər. Ümidlərinin ancaq Mədəniyyət Nazirliyinə olduğunu deyən Y.Əliyev bu sənətin dövlət qayğısına
ehtiyacı olduğunu
vurğulayır.
İradə Cəlil,
Günay Tağıyeva
Ekspress.-2013.-10 yanvar.-S.-14.