İKT dünyanı kiçiltdi

 

"Kiçilən" dünyada Azərbaycan güclü mövqe sahibi olmağa can atır İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

"Qloballaşma" ifadəsi son onilliklərin kəşfi deyil. XIX əsrin sonlarına yaxın dünyada qloballaşmaya dair fikirlər səsləndirilib, inkişafın növbəti mərhələlərində ölkələrin bir-birinə daha da yaxınlaşacağı, bütövləşmənin baş verəcəyi bildirilib.

   Qloballaşmaya dair fikirlər ilk dəfə ortaya atılanda dünya inkişafının mexanikləşmə dövrünü yaşayırdı.

   Mexanikləşmə dövründə əmək ilk dəfə daha keyfiyyətli texnologiya ilə tanış oldu, onun hesabına məhsuldarlıq artdı, fiziki əmək qüvvəsinə tələb nəzərəçarpacaq dərəcədə azaldı. Avtomatlaşma dövründə isə üstün texnologiyaların tətbiqi bir qədər də genişləndi və insanlar robotlarla tanışdı. İnsan fəzaya ilk dəfə kosmik peyk buraxdı, beynəlxalq rabitə əlaqəsi yarandı, teleyayımlar baş verdi və s. İnformasiyaların, yeniliklərin yayılma sürəti dəfələrlə artdı. Artıq qloballaşma ölkələrin istəyindən asılı olmayaraq müasir texnologiyaların təsiri ilə dünyanın bütün regionlarına nüfuz edirdi. Qloballaşmadan qaçmaq, qlobal dəyişikliklərə uyğunlaşmamaq mümkün deyildi.

   XIX əsrin ikinci yarısından başlayaraq qloballaşma prosesi dünyada 100 ildən artıq müddətə böyük formalaşma mərhələlərini keçsə də onun mövcudluğunu həqiqi mənada yalnız informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir inkişaf formasının əmələ gəlməsindən sonra görə bildik.

   1980-ci illərin ikinci yarısından dünya həqiqi mənada informasiya dövrünü yaşayır və ildən-ilə informasiyalaşmaq səviyyəsi artır. Həmin dövrdən informasiyanın, əqli əməyin keyfiyyəti daha əhəmiyyətli olub. İnsanlar bir-birindən coğrafi baxımdan nə qədər uzaq, nə qədər fərqli cəmiyyətlərdə yaşasalar da onlar eyni qlobal informasiya məkanının sakinlərinə çevriliblər. Artıq dünya kiçilib. Uzaq xarici ölkələrin birində baş verən adi dəyişiklik və ya hadisə ilə bağlı xəbər cəmi bir neçə dəqiqəyə Azərbaycanda eşidilir.

   Lakin informasiya dedikdə sadəcə adi bir xəbər nəzərdə tutulmur. Sürətlə yayılan adi xəbər müasir informasiya cəmiyyətinin kiçik təzahürüdür. İnformasiya dünyası dedikdə daha çox biliklərin yenilənməsi, həyatın bütün sferalarına yüksək texnologiyaların tətbiqi, dəyişikliklərin sürətlə getməsi, iqtisadiyyatda və sosial sahədə informasiya texnologiyalarına əsaslanan avadanlıqlardan istifadənin genişlənməsi, robotlaşmanın artması və s. nəzərdə tutulur.

   Artıq informasiya mütəmadi olaraq yenilənməkdə, çox sürətli bir şəkildə dəyişməkdə, dəyişmənin gerisində qalan cəmiyyətlər isə bunun ağır nəticələrinə qatlanmaqdadır. İKT-nin dünya üzrə dinamik və stabil inkişafı nəticəsində bu gün insan sivilizasiyası əsas elementləri informasiya və bilik iqtisadiyyatı olan yeni cəmiyyət qurur.

   Qeyd edək ki, informasiya cəmiyyətinin üstünlükləri ilə yanaşı özünəməxsus ziddiyyətləri, problemləri var və qloballaşma nəticəsində onlardan ən çox əziyyət çəkən inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələr, onların aztəminatlı hissəsidir. Bu gün yüksək texnologiyalar dünya əhalisinin yalnız 15%-nin yaşadığı ölkələrdə istehsal olunur. Dünya əhalisinin 80%-nin internetə çıxışı yoxdur, üçdə biri ömründə bir dəfə də olsun telefonla zəng etməyib, Afrikaya aid olan informasiyanın 80%-dən çoxu qərbdə saxlanılır.

   Mütəxəssislərin fikrincə, informasiya texnologiyalarının birtərəfli yayılması sosial-iqtisadi inkişafda problemlər yarada bilər. Təcrübə göstərir ki, informasiya və biliyi hansı qrup insanlar və ya dövlətlər daha keyfiyyətlə əldə edirsə, onlar da öz sosial-iqtisadi vəziyyətlərini daha sürətlə yaxşılaşdırır, inkişaf etdirirlər. Nəticədə isə informasiyanın qeyri-bərabər paylanması güclənərək qeyri-normal rəqabət mühiti yaradır ki, bu da insanların hüquqlarının pozulmasına səbəb olur.

   İnformasiya cəmiyyəti qura bilən ölkələrdə isə insan haqlarının qorunması prinsipləri digər cəmiyyətlərdəkindən fərqlidir. Hesab olunur ki, əgər informasiya fərqi üzrə mövcud vəziyyət müsbət tərəfə dəyişməzsə, bir müddətdən sonra insanların informasiya almaq və yaymaq kimi haqlarının qorunmasında və təminatında daha ciddi problemlər yarana bilər. Təhlillər göstərir ki, ölkələrdə demokratiyanı, söz və informasiya azadlığını ifadə edən indeks elektron və şəbəkə hazırlığı indeksi ilə düz mütənasibdir. "E-hökumət" xidmətləri təşkil edilən ölkələrdə insan hüquqları daha az tapdanır, insan öz problemlərini daha asanlıqla həll edə bilir.

   İnformasiya texnologiyalarının təsiri ilə baş verən sürətli qloballaşma mədəni, mənəvi və milli irsin qorunması problemini də yaradır. Yüksək texnologiyaların inkişafının və informasiyalaşdırmanın nəticəsi olaraq, bu gün informasiya mədəniyyəti formalaşır. Artıq musiqi və incəsənət əsərləri rəqəmsal formada yaranır, bu formada da gələcək nəsillərə ötürülür. Belə olan halda, bir qrup insanlar, hətta bir qrup ölkələr bu imkandan məhrum olurlar. Bu isə, keçmişlə gələcək, yaşlı nəsillə gənc nəsil, dünya xalqlarının mədəniyyətləri və adət-ənənələri arasında uçurum yaradır.

   İnformasiya texnologiyaları mühüm infrastruktur kimi iqtisadi inkişafda böyük təsirə malikdir. Bu aspektdə onun əhəmiyyəti 50-60-cı illərin iqtisadiyyatında mühüm infrastruktur sayılan nəqliyyat sektoru ilə müqayisə oluna bilər. Buna görə də, informasiya dünyasının əsas magistral yolları olan info-kommunikasiya infrastrukturunun dağılması qlobal problemləri yarada bilər. Ona görə də gələcəkdə müxtəlif kataklizmlərin baş verməməsi üçün informasiya cəmiyyətinin öyrənilməsi və təhlükəsizliyinin təmin olunması insan sivilizasiyasının əsas məsələlərindən biri sayılır.

   "Beyin gücünə dayanan sənayelər" olaraq adlandırılan İKT məhsullarının rəqabət quruluşundakı bu dəyişmənin inkişaf etməkdə olan ölkələr üçün geniş imkanlar yaradıb. Məsələn, əvvəllər az inkişaf etmiş ölkə olan Çin, Hindistan İKT məhsullarının istehsal prosesini dəstəkləməklə bu sahədə inkişaf etmiş ölkələrlə rəqabət edə bilmə potensialını qazanıb.

   İKT-nin inkişaf istiqamətləri, ümumi əlamətləri göstərir ki, gələcəyin müvəffəqiyyət əldə edən iqtisadiyyatları arasında yer almaq üçün keyfiyyətli insan potensialı yaradılmalı, cəmiyyətin informasiyalaşdırılması gücləndirilməlidir.

   1950-ci illərdən başlayan və 1990-ci illərdə öz inkişafının ən üst mərhələsinə çatan "elektron dövrü" artıq yerini, media, dicital şəbəkə və yeni texnologiyaların istehsalat proseslərində daha aktiv olduğu "yeni iqtisadiyyat" deyilən bir mərhələyə buraxıb. "Yeni iqtisadiyyat" informasiyanın əldə edilməsi, emalı və yayılması proseslərini əhatə edir. Yeni iqtisadiyyatda informasiya əsas istehsal faktoru olaraq ön plana çıxmaqdadır. Yeni iqtisadiyyat sahələrində intellektual sərmayə bəşəri və fiziki sərmayəni tamamlamaqdadır. Yeni texnologiyaların inkişafı informasiya mübadiləsini və informasiyanın paylaşılmasını sürətləndirməkdədir. Getdikcə bu proses daha geniş vüsət almaqdadır. Məsələn, kompüter yaddaşının maya dəyəri ildən-ilə aşağı düşməkdədir. 1993-cü ildə 20 Mb 900 ABŞ dollarına ekvivalent olduğu halda, artıq 1998-ci ildə 4 Gb 300 ABŞ dolları dəyərində idi. Hazırda isə 1000 Gb 100 dollar dəyərinə enib. Bu proses davam etməkdədir. Kompüter yaddaşı artdıqca qiymətlər daha sürətlə aşağı düşməkdədir. Sənaye iqtisadiyyatında investisiyaların əsasını maşın və avadanlıq, fabrik və zavod binası kimi əsaslı fondlar tutarkən, günümüzdə investisiyalar əsasən informasiyanın artırılması, yayılması və insan zəkasının geniş şəkildə istehsal prosesinə cəlb edilməsinə istiqamətlənmişdir. İnformasiyanı daha geniş şəkildə istifadə edən şirkətlər pul və mal dövriyyələrini 2-3 dəfə artırıb, eyni zamanda şirkət işçilərinin sayı 25% azalıb. Bu onu göstərir ki, informasiya və yeni texnologiyaların geniş şəkildə istifadə olunduğu sahələr başqalarına görə daha sürətlə inkişaf etməkdə və getdikcə bu sahələr ölkələrin iqtisadiyyatlarının əsasını təşkil etməkdədir. Statistik göstəricilər informasiya sahələrindəki beynəlxalq ticarətin təbii resurslar beynəlxalq ticarətindən 5 dəfə daha sürətlə inkişaf etdiyini göstərir. İnformasiya əsaslı əmtəə və xidmətlərə artan tələbat qlobal iqtisadiyyatın strukturunu dəyişməkdədir. İnformasiyanın rəqabətdə üstünlüyü təmin etməsi onu bütün sahələrdə əhəmiyyətli idarəetmə vasitəsinə çevirib. İnformasiyanı geniş şəkildə istifadə edən şirkətlərin maliyyə göstəriciləri analiz edildiyində informasiya idarəetməsinin nə qədər vacib olduğu təsdiqlənməkdədir. Kommunikasiya, software, biotexnologiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin əsas fondlarının dəyəri həmin şirkətlərin bazar dəyərinin 5-10%-ni təşkil etməkdədir.

   İKT-nin inkişafının həm iqtisadiyyatda, həm də digər sahələrdə əhəmiyyətini nəzərə alaraq Azərbaycan dövləti bu sahəyə son 10 ildə xüsusi diqqət ayırır. Azərbaycan dövləti sadəcə qlobal çağırışlara cavab vermək xatirinə İKT sahəsinin inkişafına çalışmır. Həm də dövlət hesab edir ki, Azərbaycan məhz bu sahəni inkişaf etdirməklə regionda və dünyada rəqabətə davamlı ölkəyə çevrilə bilər. Yəni, ölkəmiz İKT-nin inkişafı baxımından digərlərini qabaqlamaqla daha əlverişli imkanlar qazana bilər. Bu eyni zamanda ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı olacaq.

   Qısası, İKT sahəsində müşahidə edilən sürətli inkişaf, insanları texnologiyadan tamamən asılı hala salıb. Bu gün elm və texnologiyadakı inkişafı o qədər sürətlə baş verir ki, beş il sonra hansı dəyişikliklərin baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil.

   İKT sektorunun inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq Azərbaycanda da son 10 ildə çoxlu sayda qanun, dövlət proqramları, tədbirlər planı təsdiqlənib. Dövlət qəti şəkildə Azərbaycanda informasiya cəmiyyəti yaratmağa, bütün xidmətlərin maksumum dərəcədə elektronlaşdırlmasına cəhd edir. Hələlik informasiya cəmiyyətinin qurulması sahəsində təkmil vəziyyət yaranmasa da böyük dəyişikliklərin, inkişafın olduğu danılmazdır. Məhz son 10 ildə görülən tədbirlər sayəsində Azərbaycan qloballaşan dünyanın aktiv üzvünə çevrilib.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.-11 yanvar.-S.-9.