Kosmosa
doğru ilk addım
Kosmik
sənayenin yaradılması Azərbaycana nə vəd edir?
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Azərbaycan kiçik ölkə
olsa da, böyük iddialarının olduğunu çoxdan
sübut edib. Ölkəmiz bir sıra regional və qlobal
miqyaslı layihələrin iştirakçısı və təşəbbüsçüsü
olmaqla bir çox iddialarını artıq reallığa
çevirib.
Hazırda Azərbaycan kosmosda mövqe tutmağa, kosmik fəzada öz varlığını təmin etməyə çalışır. Ölkənin ilk telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycan hökumətinin iqtisadi diversifikasiya və yeni sənaye sahələrinin tətbiqi üzrə geniş plan çərçivəsində həyata keçirdiyi strateji layihələrdən biridir. Bütünlükdəsə, kosmik sənaye yalnız kosmosu fəth etməyi və orbitə hansısa süni peyki buraxmağı hədəfləmək deyil, bu, real olaraq qlobal və regional miqyaslı sosial-iqtisadi, elmi-texniki problemlərin həlli yolunda önəmli vasitədir. Yəni Azərbaycan sadəcə kosmik fəzada peyk uçurtmaqla yetərlənmək niyyətində deyil, daha uzaq məqsədləri və strategiyaları hədəfləyən kosmik sənaye yaratmağa girişib. Müasir dünyada kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığında əsas alətlərdən biri sayılır...
Azərbaycan kosmosla bağlı iddiasını 2008-ci ildə qəfildən və bir qədər də sensasion tərzdə ortaya qoydu. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyini vurğuladı və bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün konkret göstərişlər verdi.
2008-ci il noyabrın 4-də isə dövlət başçısı "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" haqqında sərəncam imzaladı.
Sərəncamda deyilirdi ki, son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb: "Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi İQTİSADİ və İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN (seçdirmə bizimdir - A.H.) əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılmasını zəruri edir".
Sərəncamda həmçinin Azərbaycanda yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədilə Nazirlər Kabinetinə Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılmışdı. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə isə Azərbaycanın telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirləri həyata keçirmək həvalə edilirdi.
2009-cu ildə həmin sərəncamın icrası ilə Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiq olundu.
Beləcə, 5 il əvvəl Azərbaycan
kosmosa öz süni peykini buraxmaq qərarına gəldi.
Ölkənin dünya peyk ailəsinin üzvünə
çevrilməsi və ölkədə peyk
texnologiyalarının istehsalı və tətbiqi yolunda ilk
addımlar atıldı.
2010-cu il may ayının 3-də isə
Prezident İlham Əliyevin 885 nömrəli Sərəncamı
ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti
təsis edildi. Dövlət başçısının sərəncamı
ilə həmçinin əvvəllər RİTN-in maliyyə-əmək
şöbəsinin rəisi vəzifəsində
çalışan Rəşad Nəbi oğlu Nəbiyev
"Azərkosmos" ASC-nin sədri təyin edildi.
Qafqazda əsas peyk operatoru olan "Azərkosmos" ASC
peyk rabitəsi əsasında
yayım və genişzolaqlı internet xidmətlərinin
göstərilməsi və hökumət müştərilərinın
yüksək etibarlı rabitə platformaları ilə təmin
edilməsi istiqamətində iş aparır.
Azərbaycan Prezidentinin sərəncamında
həmçinin Azərbaycan Respublikasında kosmik fəaliyyət
sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl
təcrübəni öyrənmək, bu sahədə dövlət
siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin
görülməsində iştirak etmək və həmin sahənin
inkişafı ilə bağlı təklifləri
hazırlamaq məqsədi ilə eyni zamanda Kosmik Məsələlər
üzrə Şuranın yaradılması barədə
tapşırıq verildi və sərəncama uyğun olaraq
müvafiq Şura yaradıldı.
Kosmik Məsələlər
üzrə Şuranın sədri Milli Aviasiya
Akademiyasının rektoru akademik Arif Paşayev, Şuranın
katibliyinin rəhbəri isə Mir Heydər İsmayılovdur.
Qeyd edək ki, sonuncu RİTN-in Dövlət
müəssisələrinin fəaliyyətinin əlaqələndirmə
şöbəsinin müdiridir.
"Azərkosmos" ASC
yaradıldıqdan az sonra Azərbaycanın
telekommunikasiya və müşahidə peyklərinin idarə
edilməsi və istismarının həyata keçirilməsi
məqsədilə Əsas Yerüstü Peyk İdarəetmə
Mərkəzinin (ƏYPİM) inşasına
başlanılıb. Abşeron rayonunun inzibati ərazisində,
Bakı-Şamaxı şosesinin 38-ci km-də yerləşən
və təxminən 10 hektar sahəni əhatə edən Mərkəzdə
əsas işlər artıq başa
çatdırılıb.
ƏYPİM-in tərkibinə
peykin idarə edilməsi və istismarı üçün
tam təchizatlı texniki bina ilə yanaşı,
?Azərkosmos? ASC-nin inzibati binası da
daxildir.
ASC-nin PR üzrə idarəçisi
Nigar Mədətlinin sözlərinə görə,
Mərkəz memar Nəriman
İmaməliyevin müəllifi olduğu layihə əsasında
inşa edilib və sözügedən layihə 2011-ci ildə
Beynəlxalq Memarlıq Festivalında Memarlar
İttifaqının Beynəlxalq Assosiasiyası tərəfindən
təşkil olunan müsabiqədə 1-ci yer üzrə
nominasiyanın qalibi elan edilib və xüsusi mükafatla təltif
olunub.
Qeyd edək ki, kosmik
sənaye ölkədə iqtisadiyyatın diversifikasiyası
istiqamətində açılan yeni sahələrdən biri
olsa da, əslində, kosmos, daha doğrusu kosmik tədqiqatlar
Azərbaycan üçün elə də yad sahə deyildi.
Belə ki, keçmiş SSRİ-də kosmik tədqiqatlar
Moskvanın nəzarətində olsa da, müəyyən
proqramların icrasına bəzi müttəfiq respublikalar da
qoşulmuşdu. 1975-ci ildə Azərbaycanda
ilk kosmik tədqiqatlar mərkəzi (indiki Milli Aerokosmik
Agentliyi) yaradılmışdı və orbital stansiyalarda Azərbaycanda
düzəldilmiş cihazlar da fəaliyyət göstərirdi.
Müdafiə Sənayesi Nazirliyinin
Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun 1-ci müavini
Tofiq Süleymanovun mətbuata bildirdiyinə görə,
"Solyut" orbital kompleksində, "Mir" orbital
stansiyasında Azərbaycanda istehsal olunan cihazlar da işlədilirdi.
Keçmiş SSRİ-də Kərim
Kərimovun ölkənin kosmik infrastrukturunun inkişafında
xüsusi xidmətləri olmuşdu. O, ömrünün son
günlərinə qədər pilotlu kosmik uçuşlar
üzrə SSRİ dövlət komissiyasının sədri vəzifəsində
çalışmışdı. Dünya
şöhrətli alim Tofiq İsmayılov keçmiş
SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin
baş direktoru və baş konstruktoru olmuşdu. Qeyd edək ki, 2006-ci ildə kosmik tədqiqatlar
agentliyi Müdafiə Sənayesi Nazirliyinin tərkibinə
verilib.
Rəsmi Bakı informasiya-kommunikasiya
texnologiyalarının (İKT) ölkə
iqtisadiyyatının neftdən sonra ikinci əsas sahə elan
edib. Azərbaycan hökuməti ölkədə
məhz İKT ilə bağlı inkişaf üçün
real perspektivləri görərək dünya kosmos
iqtisadiyyatının yaratdığı fürsətlərdən
bəhrələnməyi qərara alıb.
Bəzilərinə
görə, bu, neft pullarını "fəzaya səpələmək",
iqtisadi baxımdan qeyri-effektiv addımdır. Lakin opponentlərin arqumentləri ən zəif tənqidə
belə dözmür.
İKT üzrə
ekspert Ziya Bayramlı bildirir ki, kosmik sənayenin yaradılması
özü-özlüyündə çox mütərəqqi
addımdır. Ekspertə görə, ən
başlıcası isə, rabitə peyklərimizin orbitə
çıxarılması strateji məsələ, dövlət
başçısının sərəncamında da
vurğulandığı kimi, iqtisadi və informasiya təhlükəsizliyi
məsələsidir: "Həmçinin peyk məlumatlarının
alınması baxımından başqa ölkələrdən
olan asılılığımızı aradan
qaldırırıq - müstəqil şəkildə istənilən
anda torpaqlarımızın istənilən yerindən məlumat
əldə etmək imkanı qazanırıq".
Məsələnin
iqtisadi tərəfinə gələk. Kosmosda
"imza sahibi" olmaq sadəcə imic məsələsi
deyil, qazanc da gətirir. Dünya kosmos iqtisadiyyatı
2011-ci ildə 12% artıma nail olaraq öz ümumi dövriyyəsini
təxminən 289,77 milyard dollara
çatdırıb. 2011-ci ildə kosmik kommersiya məhsulları
və xidmətləri üzrə ümumi gəlir təxminən
110,53 milyard dollar təşkil etmişdi
ki, bu da 2010-cu ildəki (101,73 milyard dollar) göstəricidən
9% artıqdır. Bu, böyük rəqəmdir.
Marsa aparat göndərmək, kosmosa pilot çıxarmaq
bahalı layihələrdir və daha çox xərc
aparır. Qlobal kosmos bazarının 2011-ci ildə
əldə etdiyi 100 milyard dollardan artıq gəlirsə, məhz
peyk yayımı, rabitə xidmətləri və Yer planetini
müşahidə məhsullarından qazanılıb.
Azərbaycan kosmik
layihələrini yalnız dövlət büdcəsi
hesabına deyil, xarici investisiyalarla da maliyyələşdirir.
Bu ayın sonlarında orbitə çıxarılacaq və dəyəri
230 milyon dollar olan "Azərspace-1" kommersiya layihəsidir
- bütün layihənin yalnız 15%-i dövlət tərəfindən
maliyyələşdirilib. Bundan başqa, ilk
süni peykin 80%-i icarəyə veriləcək.
"Azərkosmos"un məlumatına görə, peykin gəlirlərinin
istismar müddəti ərzində təqribən 650 milyon
dolları təşkil edəcəyi gözlənilir. Onun tutumlarının 40%-nin peyk hələ orbitə
buraxılmamış uzunmüddətli şərtlər əsasında
satılmış olması, o cümlədən peyk
texnologiyalarına əsaslanan xidmətlərə yüksək
yerli və regional tələbat olması, peykin kommersiya dəyərini
yüksəldir, Azərbaycanın gələcək
telekommunikasiya və çoxməqsədli peyklərinin mənfəətliliyini
artırır.
Kosmos sənayesinin
yaradılması eyni zamanda ölkənin intellektual
potensialın inkişaf etdirilməsi, innovasiya
yönümlü iqtisadiyyatın inkişafı
üçün gözəl zəmindir. Bunlar həmçinin
yeni iş yerləri, iqtisadiyyatın digər sektorları
üçün yeni stimul deməkdir.
Məsələnin
imic tərəfini də unutmayaq. "Azərspace-1"də
C və Ku tezlik zolaqlarında fəaliyyət göstərən
36 transponder mövcud olacaq və peyk üzərindən Şərqi
Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri
və Yaxın Şərq regionuna yüksək keyfiyyətli
yayım xidməti göstəriləcək. İlk
milli peyk orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi
də daxil olmaqla Azərbaycanın bütün ərazisində
keyfiyyətli televiziya və radioyayımını təmin edəcək.
Ekspertlərə görə, kosmik
texnologiyalarla teleradio yayımı ilə yanaşı,
telekommunikasiya peykləri ölkəmizə
aşağıdakı qazancları vəd edir:
- Ölkənin informasiya təhlükəsizliyinin
mühafizəsi gücləndiriləcək;
- Yüksəksürətli peyk
internet xidmətinin təşkili (sürətli İP xidmətləri,
VPN və digər data xidmətlərin göstərilməsi)
təmin ediləcək. Ölkənin bütün ərazisində
keyfiyyətli internet təmin etmək mümkün olacaq və
simli rabitənin mümkün olmadığı yerlərdə
peyk rabitəsi ilə internet təmin olunacaq;
- Ötürülən məlumatlara
daha yaxşı nəzarət ediləcək;
- Distant təhsil və "e-səhiyyə"
kimi digər proqramlar üçün ideal platforma
yaradılacaq;
- Yerüstü fiber-optik şəbəkənin
zədələndiyi hallarda fəlakətin aradan
qaldırılması üçün səmərəli və
sürətli həll yolu olacaq;
- Rabitənin təhlükəsizliyinin
təmin edilməsi üçün müasir şifrələmə
texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq. Məsələn,
diplomatik nümayəndəliklərlə birbaşa və
etibarlı rabitə yaradılacaq;
- Kosmik sahə üzrə kadr
hazırlığı intellektual potensialın
artırılması deməkdir. Kosmik texnika yeni elmi-texniki tədqiqatlara
rəvac verməklə innovasiyalara yol açacaq;
- Hər hansı potensial təhlükəyə
qarşı dərhal tədbirlər görülməsi
mümkün olacaq. Ekspertlərə görə,
hərbi və rabitə təyinatlı peyklər arasında fərq
faktiki olaraq yoxdur. Kosmosdan alınan yüksəkdəqiqlikli
informasiyaları müxtəlif təyinatlı məqsədlər
üçün istifadə etmək olar.
Bir sözlə,
telekommunikasiya peykinin hazırlanması prosesi və orbitə
çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə
ediləcək önəmli uğurlar vəd edir ki, bu da bir
çox sahələrin inkişafında təkanverici rolu
oynayacaq.
A.HƏMİD
Ekspress.-2013.-12-14 yanvar.-S.-11.