İlk
milli peyk
"Azərspace-1"in
orbitə çıxışına az
qaldı İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Dünyada ilk süni peyki keçmiş SSRİ orbitə
çıxarıb. Sovetlər birliyinin 4
oktyabr 1957-ci ildə kosmik fəzaya yolladığı peyk
"Sputnik-1" adlanırdı. Hazırda
bir çox dünya dillərində süni peyk adətən
"sputnik" adlanır.
"Eksplorer-1"
adlı ilk ABŞ peyki 1 fevral 1958-ci ildə, ilk Britaniya peyki 26
aprel 1962-ci ildə, ilk Kanada peyki 29 sentyabr 1962-ci ildə, ilk
fransız peyki 26 noyabr 1965-ci ildə və ilk Avstraliya peyki 29
noyabr 1967-ci ildə kosmosa buraxılıb. Türkiyə
ilk süni peykini (Türksat-1 B) 1994-cü ildə orbitə
çıxarıb.
Hazırda orbitə peyk
çıxaran ölkələrin sayı 58-dir. Təxminən
20 ölkə "peyk klubu"na üzv
olmaq ərəfəsindədir.
Yerin ətrafında hərəkət
etmək üçün aparat birinci kosmik sürətdən
bir az artıq sürətə malik
olmalıdır. Onlar 150-160 km-dən bir neçə
min km məsafədə olan hündürlükdə
uçurlar.
Süni peyk yerin ətrafında
pilotsuz uçan kosmik aparatdır.
Uçma
hündürlüyünün aşağı həddi
atmosferdə yarana biləcək dayandırma halından
qaçma ilə təyin olunur. Peykin orbit üzrə hərəkəti
bir neçə saat ilə bir neçə gün arasında
yerləşir. Süni peyklər elmi tədqiqatlar
üçün geniş tətbiq olunur (məsələn, hərbi
peyklər, meteroloji peyklər, naviqasiya peykləri, rabitə
peykləri və s.). Süni peykin ən əsası
insanların kosmosda uzun müddət qalması
üçün tətbiq olunanıdır.
Peyklərin müxtəlif tipləri
var:
- Astronomik peyklər. Onların
vasitəsi ilə planetlər, qlaktikalar və digər kosmik
obyektlər tədqiq edilir;
- Biopeyklər. Bu
peyklərlə kosmik şəraitdə canlı orqanizmlər
üzərində elmi eksperimentlər aparılır.
- Məsafədən
Yeri zondlama peykləri. Müxtəlif
çəkiliş aparatları ilə təchiz edilmiş
aviasiya və kosmik qurğularla Yer səthində
müşahidələr aparır.
- Kosmik gəmilər. Pilotlarla orbitə çıxarılan kosmik
aparatlardır.
- Kosmik stansiyalar. Kosmosda
uzun müddət qalan kosmik gəmilərdir.
- Meteoroloji peyklər. Hava ilə bağlı proqnoz verir və Yer kürəsində
iqlim dəyişikliklərini izləyir.
- Kəşfiyyat peykləri. Kəşfiyyat məqsədi ilə Yerdə
müşahidələr aparır və onları casus-peyklər
də adlandırırlar.
- Naviqasiya peykləri. Dəniz və okeanları izləyir.
- Rabitə və telekommunikasiya
peykləri.
- Eksperimental peyklər və s.
Hazırda Azərbaycan
kosmik sənayenin yaradılmasının ilkin mərhələsindədir.
Mərhələlərdən birincisi ilk
növbədə telekommunikasiya peykinin orbitə
çıxarılmasıdır. Daha sonra
alçaq hündürlükdən uçan və yeri
müşahidə etməyə imkan verən məsafədə
zondlama peyklərinin orbitə çıxarılması
gözlənilir.
Kosmik stansiyalarsa
çox qlobal lahiyələrdir. Yəni hazırda
Azərbaycanın
orbital kompleks niyyəti yoxdur və ya bu, yaxın prespektivdə
nəzərdə tutulan planlara aid deyil.
Azərbaycan ilk
telekommunikasiya peykini - "Azerspace-1"i ötən ilin
sonlarında orbitə çıxarmağı
planlaşdırırdı. 2012-ci ilin əvvəllərində
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
2012-ci ilin Azərbaycanın kosmik həyatında mühüm
bir il olacağını vəd etmişdi:
"Artıq yer səthinin müşahidəsi
üçün nəzərdə tutulmuş əlavə
süni peykin orbitə buraxılması layihəsinin
hazırlıq işlərinə başlanılıb və
yaxın zamanlarda tenderin keçirilməsi gözlənilir. Ola bilsin, işlər bir qədər də sürətləndirilsin
və ikinci peyk əvvəldən nəzərdə
tutulduğu kimi 2013-cü ildə deyil, 2012-ci ildə orbitə
buraxılsın".
Lakin müəyyən
səbəblərdən peykin buraxılışı bu ilin əvvəllərinə
ertələndi. İlk milli peykimiz ABŞ-ın
aparıcı peyk istehsalçısı olan "Orbital
Sciences Corporation" şirkəti tərəfindən
"STAR-2" platforması əsasında hazırlanır. Hazırda bu platforma üzərində
yığılmış 22 peyk böyük müvəffəqiyyətlə
istismar edilir. "Orbital Sciences"
şirkətinin istehsalı olan "Azerspace-1" süni
peyki Böyük Britaniyaya məxsus bir şirkətdə
sığortalanıb.
İlk milli peykin bəzi
texniki göstəriciləri barədə qısaca məlumat
verək. Öncə onu qeyd edək ki, peykin tam adı
belədir:
Azerspace/Africasat-1a.
Peykin əhatə
dairəsinə Orta Asiya və Avropa ölkələri ilə
yanaşı Afrika regionu da daxil olduğu üçün belə
adlanıb.
Tam açılmış halda
peykin ölçüləri 23.6m x 8.9m x
5.6m-dir.
"Azerspace-1"
ekvatorun üzərində Yerdən 36 000 km məsafədə
Geostasionar orbitdə, 46Ğ şərq uzunluğunda yerləşəcək.
Yer səthinə nəzərən peyk Somali
yaxınlığında Hind okeanı üzərində
olacaqdır. "Azerspace-1"in istismar
müddəti 15 ildir.
"Azərkosmos"un məlumatına
görə, "Azerspace-1" xidmətindən istifadə edə
bilmək üçün operatorlar tərəfindən
tövsiyə edilən qebuledici antena seti (Azərbaycan
Respublikasının əksər ərazisində 60 sm
ölçülü antena peykin xidmətindən istifadə
edə bilmək üçün kifayətdir), rəqəmli
peyk qəbuledicisi (digital receiver/decoder) və müvafiq
görüntü kartı (şifrəsiz yayımlanan kanallar
üçün ehtiyac yoxdur) istifadə edilməlidir.
İlk süni peykimiz Cənubi
Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan
Fransanın "Arianespace" şirkətinin öz yüksək
etibarlılığı ilə seçilən
"Ariane-5" raket daşıyıcısı ilə orbitə
çıxarılacaq.
Peyk
Malayziya hökumətinə məxsus, Malayziyanın "Measat
Satellite Systems" şirkəti tərəfindən istifadə
olunan və Azərbaycan hökumətinə icarəyə
verilən 46 dərəcə Şərq uzunluq dairəsində,
geostasionar orbitdə yerləşəcək və Şərqi
Avropa, Şimali Afrika, Mərkəzi Asiya, o cümlədən
Qafqaz və Yaxın Şərq regionuna yüksək keyfiyyətli
yayım xidməti göstərəcəkdir.
Peyk rəqəmli
teleradio yayımı xidmətlərinin göstərilməsi,
sürətli internet şəbəkəsinə
çıxış, məlumatların ötürülməsi,
"VSAT" multiservis şəbəkəsinin, eləcə də
hökumət əlaqələrinin yaradılması
üçün nəzərdə tutulub.
İlk telekommunikasiya
peykinin orbitə çıxarılması kosmik sənayemizin
inkişafında böyük addım olacaq. Bu il orbitə buraxılacaq telekommunikasiya peykinin
ardınca digər peyklərin də istifadəyə verilməsi
planlaşdırılır. 2015-ci ildə Yer
planetinin bir aşağı orbitli peykini, qarşıdan gələn
illərdə isə digər telekommunikasiya peyklərini fəzaya
buraxmaq nəzərdə tutulur.
Rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasovun sözlərinə
görə, Azərbaycanın növbəti kosmik rabitə
peykləri ölkənin özünə məxsus orbital
mövqelərdə fəaliyyət göstərəcək:
"Nəzərə alsaq ki, peykin orbitə
çıxarılması üçün zəruri olan şərtlərdən
biri orbital mövqenin əldə olunmasıdır və
SSRİ dağılarkən, yurisdiksiyasında olan orbital
mövqelərin onun hüquqi varisi olan Rusiyaya keçməsi
səbəbindən digər MDB ölkələri kimi, Azərbaycan
da özünün orbital mövqeyinə malik deyildir. Buna
görə də Azərbaycan orbital mövqenin əldə
edilməsi məqsədilə Beynəlxalq Telekommunikasiya
İttifaqı (BTİ) ilə danışıqlar aparmaqla
paralel, peykin orbitə çıxarılması
üçün region ölkələrinin etdiyi cəhdlərin
üstələnməsi üçün peykin yerləşəcəyi
orbital mövqenin əldə olunması üzrə səylərini
artırıb. BTİ ilə aparılan
danışıqların nəticəsi olaraq, Azərbaycana məxsus
orbital mövqelər müəyyən edilib və təsdiqlənib.
Demək olar ki, növbəti peyklərimiz Azərbaycanın
özünə məxsus orbital mövqelərdə fəaliyyət
göstərəcək".
BTİ 3 orbital sahəni
Azərbaycanın mülkiyyətinə verib. Onlardan ikisi ölkənin daxili tələbləri
üçün, biri isə beynəlxalq istifadə
üçün nəzərdə tutulur.
Qafqazda ilk peyk operatoru olan "Azərkosmos"
şirkətinin məlumatına görə, "Azərspace-1"
telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və
qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan
informasiya və rabitə xidmətlərindən geniş
istifadə edə bilər: "Bizim peykimiz Mərkəzi
Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini
birləşdirən kosmik məkanda əsas rol oynayacaq".
Milli peykin orbitə
çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan
Rusiya akademiki Roald Saqdeyevin təşəbbüsü ilə
yaradılmış "Silk Sat" proqramı dəstək
göstərir. Proqram Böyük İpək
Yolu ölkələrinin ABŞ və Rusiya resurslarının
cəlb etməklə vahid peyk sisteminin yaradılmasını
nəzərdə tutur.
Əsas
Yerüstü Peyk İdarəetme Mərkəzi (ƏYPİM)
Qala qəsəbəsində tikilir, ehtiyat idarəetmə mərkəzi
isə Naxçıvanda olacaq.
İlkin məlumatlarda Azərbaycanın
ilk Geostasionar Kosmik Telekommunikasiya peykinin orbitə
çıxarılması layihəsinin ümumi dəyərinin
təxminən 160 milyon dollar olacağı bildirilirdi: bunun
86-87 milyon dolları birbaşa peykin istehsalına, 16 milyon
dolları əsas və köməkçi idarəedici
sistemin yaradılmasına, 40 milyon dolları
raketdaşıyıcı vasitəsilə orbitə
çıxarılması üzrə işlərə, 18
milyon dolları isə sığorta xidmətlərinə
yönəldiləcəyi bildirilirdi.
Ötən ilin sonlarındasa rabitə
və texnologiyalar naziri jurnalistlərlə söhbətində
bildirdi ki, Azərbaycanın ilk milli peykinin buraxılması
layihəsinin ümumi dəyəri təxminən 230 milyon
dollardır: "Bura yerüstü idaretmə stansiyalarının
tikintisi üzrə xərclər, həmçinin
sığorta xərcləri daxildir".
Əli Abbasovun sözlərinə
görə, peykin sığortalanmasına 17 milyon dollar sərf
olunub: "Bu məbləğdən 16 milyon dollar peykin 100
faizlik sığortalanmasına düşür, bir milyon dollar
isə sığorta məbləğinə verilən zəmanətdir".
Məlumatlara görə,
təkcə peykin istehsalçısı olan "Orbital
Sciences Corporation" şirkəti ilə imzalanan müqavilənin
dəyəri 112 milyon manat təşkil edir. Bu, peykin istehsalı ilə yanaşı,
yerüstü idarəetmə strukturunun yaradılmasına və
kadrların hazırlanmasına xərclənəcək vəsaitin
həcmidir.
Ümumiyyətlə,
Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılma
layihəsi kommersiya xarakteri daşıyır. İlkin məlumata
görə, layihəyə qoyulan vəsaitlərin peykin
istismarına başlanılandan sonrakı 5-7 il
ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20%-dən
istifadə etmək niyyətindədir, qalan hissəsini isə
digər ölkələrin istifadəsinə verəcək.
Əli Abbasovun sözlərinə
görə, ilk süni peykin 80%-i icarəyə veriləcək:
"Riskləri aşağı salmaq məqsədilə 1 Mbit
internetin sürəti 350 dollar nəzərdə tutulub. Halbuki digər ölkələr interneti 450-500 dollara
alır. Rentabellik tam təminatla həyata
keçiriləcək".
Məlumatlara görə,
peykin imkanlarının 40%-i artıq Malayziyaya təqdim edilib,
qalan hissə üzrə isə təkliflər qəbul olunur.
"Azərkosmos" şirkəti
bildirir ki, istehsal, istismaravermə və istehsal
avadanlığını icarəyə götürmə fəaliyyətlərinə
dünyanın hər yerindən, o cümlədən ABŞ,
Fransa, Kanada və Malayziyadan şirkətləri cəlb edərək
"US EXIM" və "French BNP Paribas" kimi yüksək
nüfuzlu banklar və digər vasitəçi banklar tərəfindən
maliyyələşdirmə təmin edilə bilib:
"Bütün layihənin yalnız 15%-i dövlət tərəfindən
maliyyələşdirilmiş, maliyyələşdirilmənin
qalan hissəsi isə yuxarıda qeyd olunan banklarla əməkdaşlıq
çərçivəsində təmin olunmuşdur".
Ən son vədlərə
görə, "Azərspace-1" peyki 2013-cü ilin 23
yanvarından 23 fevralınadək "rəsmi olaraq orbitə
qaldırılacaq". Əli Abbasovun sözlərinə
görə, peyki orbitə çıxaracaq "Arian"
şirkəti artıq rəsmi olaraq öhdəliklərini təsdiqləyib:
"Öhdəliklərə görə, peykin orbitə
çıxarılması bir ay müddətində (23 yanvar -
23 fevral) nəzərdə tutulub. Bu müddət
müxtəlif hava şəraiti ilə əlaqədardır".
E.MİRZƏ
Ekspress.-2013.-12-14 yanvar.-S.-12.